“Parlamenti buraxaq başlı-başına, iki gündən bir dövlət çevrilişi eləsinlər?!”

musahibe
12-10-2015, 17:04 1316
“Parlamenti buraxaq başlı-başına, iki gündən bir dövlət çevrilişi eləsinlər?!” Bu gün dövlət layihələrinə uyğun köçürmələr dayanıb, həyat ümumiyyətlə, demək olar ki, dayanıb
Deputat Adil Əliyev gözləntilərimizin əksinə olaraq, bizi incitmədi, yormadı, get-gələ salmadı. Əlaqə saxladıq, danışdıq, vaxtlaşdıq və görüşdük. Bəzi siyasi partiya sədrlərinin köməkçiləri kimi kimsə bizə hansı sualı verib hansı sualı verməməli olduğumuz haqqında xəbərdarlıq da etmədi. O, ən maraqlı deputatlardan biridir. Parlamentə seçilmə tarixi də var – 2003-cü ilin prezident seçkilərində ən çox səs alan 2-ci adamı udub. Bu seçkilərin nəticələri hələ də danışılır və maraqlıdır ki, onun seçkiləri udduğu haqqında fikirlər də səsləndirilməmiş deyil. Belə bir adamla müsahibə etmək, onunla iqtidaryönlü deputat kimi danışmaq bizə də maraqlı idi.
“Gözlədiyimiz cavabları verdimi?” “Onda təxmin etdiyimiz potensialı gördükmü?” “Həqiqətən parlamentə, millət vəkili olmağa laqiydirmi?” kimi suallara cavab vermədən bircə şeyi deməliyəm ki, Adil Əliyevlə müsahibə maraqlı alınıb. Onu izləməyə və dinləməyə dəyər. O zaman bütün sadaladığım suallara cavab verə biləcək əlahəzrət Oxucu.
Hə, o da maraqlıdır ki, söhbətin sonunda Adil Əliyevdən ən tərs sualların müəlliflərinə bir təklif də gəldi: “”Qaynar Qazan” o sual müəlliflərini bir araya gətirsin, onlarla hansı suallar ətrafında istəyirlərsə, polemikaya davam edək”. İddialı və maraqlı təklifdir. Onunla ən tərs sualların müəlliflərini də bir araya gətirməyə və müzakirəni davam etdirməyə çalışacağıq.
Bu, Adil Əliyevdir. Əli İnsanovdan Məhərrəm Əliyevə, Abdulla Abdullayevdən Hüseyn Abdullayevə – hamısından danışan, ölkədə müəyyən bir təbəqəyə qarşı ədalətsizlik olduğunu deyə bilən, siyasi məhbuslar problemindən bəhs edən deputat.
Baxaq…
Bizim bu ərazidə heç bir problemimiz yoxdur
– Adil müəllim, xoş gördük Sizi “Qaynar Qazan” verilişində…
– Verilişin adı “Qaynar Qazan”dır?
– Bəli.
– Çox gözəl…
– Bu bizim uzun illərdir davam edən layihəmizdir, indi həm də videolayihə olaraq davam edirik. Sorğular keçirdik, bu sorğular nəticəsində tamaşaçıların, oxucuların müsahibəsini ən çox dinləmək, baxmaq istədiyi adamlardan bir də Siz idiniz… Təşəkkür edirik ki, istəyimizi müsbət cavablandırdınız. Biz facebook vasitəsilə də müsahibə götürəcəyimiz adamın kimliyini elan edirik, Sizə də xeyli sual yağışı yağıb. İşləriniz necə gedir?
– Çox şükür Allaha… İşlərimiz Allahın izni ilə gedir, heç bir problemimiz yoxdur. Hazırlaşırıq, təbliğat-təşviqat kampaniyasının start verildiyi günü gözləyirik. İnşallah, elə bilirəm, bizim heç bir problemimiz yoxdur. Yəni eyni ərazidən üçüncü seçkiyə getmək o deməkdir ki, yəni bizim bu ərazidə heç bir problemimiz yoxdur.
– Artıq qeydiyyata da alınmısınız? Yəqin bundan sonra da heç bir problem olmaz…
– Təbii, təbii… Ölkədə birinci üçlüyə düşmüşük qeydiyyata alınmada…
iyə Naxçıvandan namizədliyinizi vermirsiniz?
– Emin Ramiz ilk növbədə Sizi salamlayır və soruşur ki, Adil müəllim niyə dədə-baba yurdu olan Naxçıvandan namizədliyini irəli sürmür, qorxur ki seçilməz? Yaxşı, öz yurdundan seçilməzsə, o zaman Bakıdan necə seçilir?
– Deyim də… Burada çətin sual yoxdur. Dədə-baba yurdumda mən doğulmuşam, orta məktəbi Bakıda bitirmişəm, bu birincisi… İkincisi də ki, namizədliyimi vermək üçün bir yaş həddi vardı, o həddə qədər fəaliyyətimi – Bakıda böyüdüyümü, Bakıda təhsil aldığımı – orta təhsil, ali təhsil 1, ali təhsil 2, Bakıda əhatəmin geniş olduğunu, yəni çalışdığım, yaşadığım ərazi Bakı olduğu üçün mənə daha çox Bakıdan namizədliyimi vermək rahat idi. Ona görə də mən 2005-ci ilə qədər Bakının Nərimanov rayonunda işlədiyim və yaşadığım üçün bu ərazidən öz namizədliyimi vermək qərarına gəldim. Və hesab edirəm ki, mənim namizədliyimi verdiyim ərazi bütün Azərbaycanın idman ictimaiyyətinin, Azərbaycanda elit təbəqənin yaşadığı bir ərazidə tanışlarımın çox olması, mənim buradan namizədliyimi verməyə vadar elədi. Təbii ki, mən Naxçıvanda orta məktəbin bir neçə sinfində oxumuşam. Ona görə də bu dəqiqə deyə bilmərəm, mənim Naxçıvandan namizədliyimi vermək nə qədər çətin olar… Ancaq ora getmək, gəlmək. Elə bilirəm ki, mən burada daha çox təbliğat-təşviqat kampaniyasını yaxşı qura bilərəm…
– Neçə il Nərimanov rayonunda işləmisiniz?
– Mən son 3 ili Nərimanovda işləmişəm. Ancaq 20 ildən çoxdur ki, Nərimanov ərazisində yaşamışam.
– Sizi oxucular, tamaşaçılar üçün maraqlı eləyən – mən belə hiss edirəm, həm də gələn suallardan da onu gördüm – önəmli faktor odur ki, siz 2003-cü ilin prezidentliyinə namizədliyini verən şəxsə – İsa Qəmbərə bu rayondan qalib gəlmisiniz. Bir çox suallar da bunun ətrafındadır ki, necə oldu ki, 2003-cü ilin prezidentliyə əsas namizədlərindən biri – təxminən 20 faizdən çox səs toplamış bir namizədi Adil Əliyev Nərimanov rayonunda məğlub elədi. Bununla bağlı suallar çoxdur, əvvəlcə buna cavab alım, sonra davam edərəm.
– Açığı, buradan namizədliyimi verməyimin əsas səbəblərindən biri də o oldu. Yəni mən güclü rəqiblə mübarizə aparmaq istədim.
sa Qəmbər 2003-cü ildə çox arxayın olduğuna görə az səs topladı
– Əslində bilərək elədiniz?
– Bəli… Bilərək elədim. Mən təbii ki, mübarizəni sevən adamam, mübariz adamam. Yəni bu gün hər hansı bir zəif rəqiblə, təbliğat-təşviqat kampaniyasına qoşulmağa heç həvəsim də olmur. Məncə rəqib güclü olmalıdır ki, burada bir mübarizlik görünsün. Yəni biz yarışlara da güclü rəqiblərlə çıxırıq, onlara qarşı mübarizə aparırıq. Seçki də mübarizənin bir növüdür, bu da bir yarışmadır. O vaxt mən namizədliyimi verəndə, kimsə mənə demədi ki, get filan dairədən, filan rayondan ver. Mən namizədlərə baxdım və tanışlarımın, dostlarımın çoxluğunu nəzərə alıb belə qərara gəldim ki, yaşadığım ərazidən namizədliyimi vermək mənə daha rahat olar. Və güclü rəqiblə mübarizə aparmaq… Mənim 2005-ci ildə 21 rəqibim var idi. Onların hamısı böyük bir təşkilatın, partiyanın rəhbərləri idilər. Yəni – adını lazımdırsa çəkim – İsa Qəmbər 2003-cü ildə çox arxayın olduğuna görə buradan az səs topladı. O, elə bilirdi ki, konkret millət vəkilliyinə namizəd olmaq, prezidentliyə namizəd olmaq kimi bir şeydir. Qəti elə deyil.
Mən 3 ay ərzində 90-100-ə yaxın, İsa Qəmbər isə 2 görüş keçirdi
– Fərqli şeylərdir?..
– Yəni millət vəkilliyinə namizəd çox fərqlidir. İsa Qəmbərin də əsas zəif yeri o oldu ki, mən 3 ay ərzində 90-dan yuxarı – 100-ə yaxın görüş keçirdim, İsa Qəmbər isə iki görüş keçirdi və mən o görüşləri də izlədim. O görüşlərdə Nərimanov rayonu 20 saylı Seçki Dairəsindən əgər 20 nəfər adam var idisə, mən Allaha şükür eləyərdim. Yəni İsa Qəmbərin keçirdiyi o iki görüşdə müxtəlif rayonlarda yaşayan müsavatçılar iştirak edirdi.
– Deyirsiniz ki, yerli seçicilər yox idi?
– Yerli seçicilər yox idi orada. Təbii ki, İsa Qəmbər – mən orada 7 min səs topladım, İsa Qəmbər isə 2500, daha doğrusu, 4 min, – 4 minə yaxın, 3.900 – nə qədərsə səs topladı.
– Amma İsa bəy də burada yaşayır…
– Bu dəqiqə gedək onun yaşadığı binaya – mən o binanı və orada yaşayan insanları da tanıyıram – bir-bir bloklara girək, baxaq. Təbii ki, İsa Qəmbəri indi hamı tanıyır, amma onların kimə səs verməsini Siz özünüz onlardan soruşun, mən heç soruşmayım…
– Adil müəllim, çətin olmadı ki?
– Çox çətin, çox çətin oldu…
2005-ci il həyatımda çox çətin il oldu
– Axı həm də siz burada tanınmırdınız…
– Çox çətin oldu. 2005-ci il mənim həyatımda çox çətinliklərin ən öndə gedəni oldu. Çünki 2005-ci ildən mən 3 ay ərzində, gündə iki, azı bir görüş keçirirdim. Elə gün olurdu 2-3 görüş keçirirdim. Bu məhəllədən o məhəlləyə gəzməkdən yorulurdum– özünüz də şahid olarsınız. 2005-ci ildə mənim şəkillərimə baxsanız görərsiniz ki, həmin illərdə mən kabinet işində çalışdığım üçün, idmanla məşğul olmaq üçün vaxtım olmadığı üçün çəkim 100 kq-a yaxın idi – 10-15 kilo çəki saldım, formaya düşdüm.
– Həm də Sizin xeyrinizə olub…
– Çünki bütün məhəllələri biz piyada gəzirdik, bir-bir evlərin qapılarını döyüb, içəri girirdim və o insanlarla görüşürdüm. Mənim üçün bu, çox maraqlı idi və çox maraqlı da yarışma idi. O yarışma mənim üçün yaddaqalan oldu. Hər günümü xüsusi qeyd edə bilərəm ki, haradan başlayıb, harada qurtarmışam. 2005-ci ildə kimlər olub namizədlər, alternativlərim kimlər olub, onlar harada görüşlər keçiriblər, onlar nə vəd veriblər, mən nə vəd vermişəm? Bunların hamısı bizdə “zapis”lərdə də var, mənim də yadımdadır.
– Bəzi müsavatçılar sizə suallar veriblər. Cavid Hacıbəyli soruşur ki, 2005-ci il parlament seçkiləri öncəsi “Azadlıq” blokunun namizədi İsa Qəmbərlə eyni dairədən namizəd idiniz. Təşviqat kampaniyası zamanı sizin adamlarınız əksər yerlərdə İsa Qəmbərin yapışdırılan plakatlarını cırırdılar. Bunu nə üçün edirdilər? Məqsəd nə idi? Elə faktlar olubmu?
– Suallar təbii ki, həmin zəmanəyə aid olan suallardır. Həmin ərəfədə ola bilsin ki, kiminsə… Mənim də plakatlarımı cırırdılar, indi mən durub deyim ki, bunları İsa Qəmbər… indi mən udmuşam deyə, İsa Qəmbərin plakatlarını mən cırdırmışam? Oradan 21 namizəd var idi. Biz səhər durub gəlirdik ki, bütün plakatları cırıblar.
Mənim də şəkillərimi cırırdılar
– Yəni bu, sizin də başınıza gəlib?
– Bəli… Mənim də başıma gəlib bu cür hadisələr. Mənim də şəkillərimi cırırdılar. Mən işimi-gücümü atıb, konkret olaraq İsa Qəmbərin şəkillərini qorumalı idim?.. İsa Qəmbərin adı var idi də… Onun şəkilləri heç vurulmasaydı da İsa Qəmbərdir. Müxalifət lideridir, Müsavat başqanıdır. Yəni şəkillə adama səs verəcəklərsə, o qədər şəkillə, video ilə çıxanlar var ki…
– Sual verən məşhur musavatçıdır, əgər onun yadında bu qalıbsa, deməli məna kəsb eləyib.
– Həmin ərəfədə mənim də şəkillərimi, plakatlarımı cırdılar. Gördüm ki, şəkillərimi, plakatlarımı cırırlar, xüsusi maşınlar sifariş verdim və böyük plakatlarla məhlələrdə gəzirdilər. Bunu heç kim eləmirdi. Maşınların üstündə mikrafonla gəzirdilər. Konkret mənə aid olan məsələlərlə bağlı camaata qulaq asırdılar. Yəni şəkil, plakat cırma hadisəsi 2005-ci ildə də, 2010-cu ildə də oldu. İndi 2015-ci ildə də inşallah, yəqin ki, şəkil cırma yenə olacaq. Çünki indi heç şəkil vurmaq da modda deyil. O dövr keçdi artıq. O abu-hava keçdi. Bu gün şəkillərlə insana səs vermirlər. Bu gün yeni bir insan çıxsın ortaya dedin ki, mən gəlmişəm, namizədliyimi vermişəm, 1 ay müddətində şəkillərimi yapışdırım, camaat mənə baxıb, desinlər ki, gözəl oğlandır buna səs verək, yəni belə şeylər yoxdur, artıq. O şəkillərlə artıq seçilmək mümkün deyil.
– Əfqan Muxtarlı sual verir ki. Adil müəllimdən soruşun bu dəfə seçicilərə nə qədər pul paylayacaq, neçə məhəlləyə asfalt çəkəcək, neçə məhəllədə xeyir-şər evi tikəcək?
– Deyim də… Mən heç bir vaxt seçkilərlə bağlı məhəllələrdə pul paylamamışam, asfalt çəkdirmişəm. Rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin asfalt işinə baxanları, mən mütəmadi olaraq narahat eləmişəm ki, bizim əraziyə baxsınlar. Əgər rayon ərazisinə 1000 m3 asfalt söz verirdilərsə, hər zaman çalışmışam ki, onun heç olmasa 800 m3-i o dairənin ərazisi olsun. Yəni onun üçün mən mübarizə aparırdım, onun üçün zəng edirdim, gedirdim, xahiş edirdim ki, bizim ərazimiz üçün daha çox iş görülsün. Çünki mən ilk növbədə öz seçicilərimin hüquqlarını qoruyuram, onların rahat yaşayışı üçün məsələlər qaldırıram. Çalşırdım ki, bu işlər mənim ərazimdə görülsün. Xeyir-şər evlərinə gəlincə… Əvvəllər çox asan idi, xeyir-şər evləri tikmət və xeyir-şər evlərini təmin etdirmək… Bu bir günün məsələsi deyil ki… Yəni bu 20 gün ərzində mən xeyir-şər evi tikdirə də bilmərəm. Özü də bu dəqiqə xeyir-şər evləri tikmək mümkün deyil, çünki yer yoxdur. Mənə bir yer göstərsinlər, insanlar gəlib desinlər ki, mənim məhəlləmdə 200 m2 –lik boş yer var…
Burada olan kasıb, heç Qaradağda da yoxdur
– Buralar şəhərin ən bahalı yerlərindən sayılır.
– Bakının bahalı rayonları çoxdur. Nərimanov rayonunda deyirlər, “Milyonerlər Məhəlləsi” var. Əslində burada olan kasıb, heç Qaradağda da yoxdur. Yəni burada da kasıblar var. Mənim qərargahımı görürsünüz və mən daima buarada otururam. İnsanlar ötən 5-10 il ərzində daimi olaraq bura müraciət edirlər. Mən özüm burada olmasam da, əgər gəlib deyirlərsə ki, filan yerdəki xeyir-şər evinin şüşələri yoxdur, illərin xeyir-şər evidir, istifadə olunmur, xahiş edirik, buranı təmir etdirməyə kömək eləyəsiniz və biz orada mərasimimizi edək. İndi “palatka” qurmaq bahadır, adam gətirmək, yer tutmaq bahadır…
– Hər şey həqiqətən də bahadır…
– Bu, bu problemlər var, o zaman təbii ki, mən gedib, öz şəxsi vəsaitimdən, rayon icra hakimiyyətinin hesabına və bu ərazidə yaşayan dostlarımızın hesabına, onların vasitəsilə təmir edə bilərik. Lakin xeyir-şər evləri tikmək mümkün deyil. Çünki o vaxt xeyir-şər evi tikdirdiyim ərazilərdə qarajın biri 10-15 min dollar idisə, bu gün 20-25 min dollara qədər bahalaşıb. Qaraj da 10-20 m2 arasında olur. O zaman 200 m2-lik bir mərasim zalı tikmək üçün heç olmasa 10-15 qaraj öçürməlisən. Bu da filan qədər pul edir. Bu günləri də bunu eləmək çox çətindir, demək olar ki, mümkün deyil. Mən artıq bu ərazi üçün eləmişəm də… Xeyir-şər evlərini bir-birinin üstünə tikməyəcəyik ki… Bəyəm, ölənlərin sayı gündə çoxalır? Bilmirəm, cavabım yoldaşı qane edəcəkmi? Mənim facebook səhifəm də var…
Bu tip sualları mənə çoxdandır ki, vermirlər…
Bir də bu tip sualları mənə çoxdandır ki, vermirlər. Təbii ki, zəmanəmizə, gündəmimizə uyğun suallar olmalıdır. Hansı ki böyük məmnuniyyətlə cavab verərəm.
– Bizim layihə həm də elədir ki, siyasi partiya sədrlərindən də müsahibə götürdük, o zaman da oxucularımız son 20 ili ehtiva edən suallar ünvanladılar.
– Buyursunlar, buyursunlar… Problem deyil…
– Hətta bir forum kimi alındı. Orada sizi müdafiə eləyənlər də var. Məsələn, Vüsal Səid Rzazadə deyir ki, Adil müəllim bəlkə də yeganə millət vəkilidir ki, bu işləri seçkidən-seçkiyə etmir, İsa Qəmbərə də öz gücünə qalib gəlib. Amma yenə də başqaları davam edirlər. Əfqan Muxtarlı soruşur ki, seçkidən seçkiyə etmir, daim pul paylayır, asfalt çəkir, yas mağarı inşa etdirir. Hansı pulla bunu edir, deputat maaşı ilə, yoxsa?
– Təbii ki, deputat maaşı ilə bunu eləmək mümkün deyil. Bu qədər işi görmək üçün gərək 125 deputatın maaşını yığaq ki, zaman-zaman bu işləri görə bilək…
– O zaman necə edirsiniz?
– Bu gün dövlətimizin o qədər güclü iş adamları var ki… Mənim yaşadığım ərazidə, əhatəmdə olan elə insanlar var ki, onlar iş adamıdırlar. Yəni mən millət vəkilliyimdən istifadə edərək, onlardan xahiş edirəm ki, bu ərazidə filan işlər görülməlidir. Bir var, qonşunun biri çıxıb problemini deyir, onun dediklərinə qarşı biganə yanaşırlar. Amma mən deyəndə mənim sözümü eşidirlər.
– Yəni siz iş adamlarını səfərbər edə bilirsiniz?
– Bəli, bəli… Bizim ideyalarımız, müəyyən layihələrimiz var. Bizim çoxlu işlərimiz var. Adi ev satan adamın, əgər bu günləri ev kirayəsilə, ev alqı-satqısı ilə məşğul olan maklerin iki mərtəbəli evi varsa, “Mercedes”-də gəzirsə, o zaman bir millət vəkilinin məgər bu işləri görməyə bir o qədər ağlı çatmadımı? Və yaxud bazarda maşın satan insan da ikimərtəbəli evdə yaşayır, “Mercedes”-də gəzir. Yəni bizim bir o qədər ağlımız çatmadı ki…
– Yəni deyirsiniz ki, normal təşəbbüskarlığı olan insan bütün bunları eləyə bilər?
– Təbii…
Əgər bir nəfər çıxıb desə ki, Adil Əliyev məndən pul alıb…
– Çünki suallar verənlər var ki, mövzunu bu istiqamətə gətirirlər. Məsələn, Rüfət Əliyev, Ruslan Məmmədov soruşurlar ki, əgər bizneslə məşğul ola bilməzsə, o zaman deputat bu pulu haradan alır?
– Biz ideya veririk və adamları bir-birilə üzləşdiririk. Biz insanları bir-birilə əlaqələndiririk. Bu gün mənim əhatəm, mənim tanıdığım insanlar bu işlə məşğul olur. O qədər Azərbaycanda belə insanlar var ki… Biri ölkəyə məhsul gətirmək istəyir, digəri də onun satışı ilə məşğul olur. Mən bu gün açıq bəyan edirəm ki, əhatəmdə olan dostlarımın, qohum-əqrəbalarımın, tanışlarımın biri deyə bilməz ki, Adil Əliyev vaxtında məni işə düşəltdi və yaxud işimi düzəltdi, mən də buna görə Adil Əliyevin cibinə 5 manat pul qoydum.
– Yəni nəyinsə qarşılığında pulla iş görməmisiniz?..
– Azərbaycanda bu gün əgər bir nəfər də olsun belə adam tapılsa və desə ki, Adil Əliyev polisdə çalışdığı vaxt məndən 100 manat pul alıb, çıxsın ortaya…
– Çox ciddi bəyanatdır…
– Mən sizin vasitənizlə bəyan edirəm ki, bir adam da olsun çıxıb bunu mənim haqqımda deyə bilməz. Heç bir vaxt! Adil Əliev birinci ali təhsilini Rusiyada alıb. Həmin ərəfədə, Azərbaycanda bu tikinti bumu başlayanda, dövlətin mənə verdiyi bir evin əvəzində 3 ev aldım özümə… Mən hərbidə xidmət edəndə dövlət mənə ev verdi. O zaman köçürmələr başlayanda o evin əvəzinə özümə 3 ev aldım. Bu məsələdə bir balaca ağıl işlətmək lazımdır. Bir balaca da bəxt də lazımdır insanda. Bir vaxtlar var idi, “Gənclik” ərazisində olan həyət evlərini istəmirdilər, bina evlərini istəyirdilər. Kim idi o vaxtlar bu ərazidə həyət evində yaşayan? 3-cü mərtəbəni istəyirdilər. O zamanlar 3-5-7 minə satılan evlər müəyyən müddətdən sonra 1 milyona qalxdı.
Bəyəm hamı rüşvət alır, hamı korrupsiya ilə məşğul olur?
– Bəli…
– Yəni insanların bəxti də gətirdi. Bu günləri Azərbaycanda bəyəm hamı rüşvət alır, korrupsiya ilə məşğul olur? İnsanların biri evini satır, biri mülkünü satır, biri atasından qalan torpağı satır, yəni bütün bunların hamısı bir-birini bağlayır. Bu gün dövlət layihələrinə uyğun köçürmələr dayanıb, həyat ümumiyyətlə, demək olar ki, dayanıb. Əgər dövlət bir layihəyə görə köçürmələrə başlasın və pulun ağzını açıb buraxsın, bir köçürmə ilə bütün təbəqənin insanları canlanacaq. Biri torpağını satacaq ev alacaq…
– Yəni deyirsiniz ki, zəngin adamların heç də hamısı əliəyriliklə zənginləşməyib də… Bunu təbii yollarla edənlər də var?..
– Bəli… Təbii olaraq. Özü də bu gün Azərbaycanda o dərəcədə zəngin adamlar yoxdur ki, özəl samolyot (təyyarə) minsinlər. Böyük pula ayı kəsdirib yesinlər, ya da tamam başqa işlərlə məşğul olsunlar. Mən tək o dərəcədə də zəngin adamları demirəm.
– Adil müəllim, yəni deyirsiniz ki, böyük pula ayı kəsdirib yeyənlər var?
– (Gülür…) Mətbuatdan oxuyuruq ki, belə şeylər olub da…
– Siz içəridən bilərsiniz, belə bir xəbər varmı?
– Yox, mənim içəridən xəbərim yoxdur. Vallah, görməmişəm. Mən də insanlar kimi mətbuatdan oxuyuram. Mən insanların tərəfindəyəm, mən insanların hüquqlarını qoruyuram. Ancaq bu, o demək deyil ki, mən dövlətə qarşı… Bilirsinizmi, insanlarımızda o paxıllıq, biganəlik bilirsinizmi, nəyədir? Məsələn, elə məmur var ki, mənim də xoşuma gəlmir o adam. Mənim xoşuma gəlmir, bəlkə mən də onun xoşuna gəlmirəm. Ancaq o dövləti təmsil edir. Mən ona şəxsi rəğbətim olmaya bilər, ancaq bir halda ki, o dövlətimizin atributudur, o dövlətimizi müdafiə edir, təmsil eləyir, – biz onun evində xidmət etmirik, amma işinə hörmət eləməliyik. Bu ümumi olaraq xalq üçündür, dövlət üçündür. Biz bu gün yaşayırıq, varıq. Sabah isə yoxuq. 100 ildən sonra da olmayacağıq. Bu millət, bu dövlət, bu xalq, bu bayraq və bu himn qalacaq yerində… Biz onun üçün çalışmalıyıq.
“Milyonçular məhəlləsi”nin 90 faizi simicdir…
– Təbii… Mən bir sual da vermək istəyirəm. Sizin deputat olduğunuz ərazinin sağında, solunda “Milyonerlər Məhəlləsi” deyilən bir ərazi var.
– Bəli…
– O milyonerlərin bu abadlaşdırmada, bu rayonun işlərinin görülməsində rolu olurmu, Adil müəllim? Simicdirlər, yoxsa əliaçıqları da var?
– İnandırım sizi ki, 90 faizi simicdir. 90 faizi. Mən şəxsi dostlarım vasitəsilə, hansılara ki, mən çalışıram başa salam ki, qardaşım, əmimoğlu, dayımoğlu bu gün bu pul elə bir şeydir ki, sən bu gün yatarsan, sabah durmaya bilərsən…
– Təbii ki… Allahın işidir bu…
– Bəli… Bu gün elə hadisələrlə rastlaşa bilərsən ki, onu heç kim öncədən görə bilməz, qabaqcadan deyə bilməz. Yəni o dostlara, insanlara, hansılara ki, biz yavaş-yavaş başa salırıq ki, “ay qardaş, insanlara da yaxşılıq eləmək lazımdır, əl tutmaq lazımdır. Bayramlarda kasıbların evlərinə getmək lazımdır, onları təbrik etmək lazımdır. Gücün neçə nəfərə çatır.” Çoxları var, heç qardaşlarına, qohumlarına kömək eləmirlər, qaldı ki, qonşularına, el-obasının insanlarına, məhəlləsindəki insanlara… Heç xəbərləri də yoxdur. Gecəynən bazarlıq girir evlərinə, gecəynən də, üzr istəyirəm, zibili tullayırlar. Heç qonşunun xəbəri də olmur. Ancaq qonşu görür ki, bu “Mercedes”-də çıxdı, “Mercedes”-də gəldi. Oğlu da filan maşını sürdü. Amma qonşusu acından ölür. Bu, nə yaşayışdır? Mən həmişə belə şeylərə qarşı çıxmışam…
– Peyğəmbər də deyir ki, əgər qonşun acdırsa, sən toxsansa, bu olmaz…
– Başımızın tacı Həzrəti Əli həmişə kasıblara özlərinin də xəbəri olmadan əl tutub. Gecəynən qapılarına çörəyini, ətini aparıb. Həzrəti Əli ölənə qədər heç kim bilməyib ki, bunu kim gətirib qapılarından asır. Həzrəti Əli rəhmətə gedəndən sonra, dünyasını dəyişəndən sonra görüblər ki, daha qapılarına ərzaq gətirib asan yoxdur. Onda biliblər ki, bunu eləyən Həzrəti Əli olub.
“Nəhcül-bəlağə”də nə var?
– Adil müəllim, “Nəhcül-bəlağə”-ni oxuyubsunuzmu? (Həzrəyi Əlinin məşhur kitabı – Red.)
– Oxumuşam, amma düzdür, çoxdan oxumuşam. Onu bir dəfə də oxumağa ehtiyac var.
– Hə… Həzrət Əlidən dediniz, onun çox maraqlı bir əsəri var. Türkel Azərtürk soruşur: “Zəhmət olmasa, Adil müəllimdən soruşun. Dünyanın ən mötəbər qurumlarının saxta adlandırdıqları parlamentin deputatı olmaq necə bir hissdir? Deputat olmaq üçün Qərbi və Əli Kərimlini hədələmək, təhqir etmək şərtdirmi?” Çox maraqlı bir sualdır. Siz Əli Kərimliyə nəsə demisiniz ki? Məncə yoxdur, axı…
– Mənim heç yadıma düşmür, açığı… Mən heç Əli Kərimli ilə… Azərbaycanda bilirsinizmi necədir? Azərbaycanda müxalifət lazımdır, olmalıdır. Ancaq sağlam müxalifət olmalıdır, sağlam insanlar müxalifətdə təmsil olunmalıdır. Əgər bu günləri Qərbin, xarici dövlətlərin əlindəki alətə çevrilmək, dövlətçiliyə qarşı, millətə qarşı, bayrağa qarşı, – şəxs olaraq kiməsə qarşı çıxa bilərsən, o müxalifətdə olan insanlar hansı təkliflərilə, hansı proyektlərilə ilə ortalığa çıxdılar, şəxsən hansı millət vəkillərini çağırdılar ki, bizim belə bir layihəmiz var idi. Gəlin, bunu müzakirə eləyək, gəlin millətimizin gələcək rifahı üçün müəyyən bu işləri görək.
Müxalifət dəvət etsə, toplantılarına qatılar, kömək edərəm…
– Yəni deyirsiniz ki, şəxsən sizə layihələrlə müraciət olunarsa, kömək edə bilərsiniz?
– Mənə nə vaxt təqdim elədilər ki? Mənə seçici müraciət eləyir, mən də seçicimin hüquqlarını qoruyuram. Əgər bu gün ortalığa sağlam layihələr qoysalar, məni də müzakirələrinə çağırsalar, mən böyük məmnuniyyətlə, iştirak edərəm və yollarını göstərərəm, gücüm çatan qədər kömək edərəm. Milli Məclisdə məsələni qaldıraram. Yəni bu günləri kimisə təhqir eləmək, kimisə alçaltmaq… Hamı hər şeyi görür. Hər kəs öz qabiliyyətinə, xasiyyətinə, öz səviyyəsinə uyğun hərəkət edir, addım atır. Müəyyən səviyyəlilər var ki. Mən heç bir zaman özümü o səviyyəyə endirəcək deyiləm. Mən hər zaman öz vicdanımla hərəkət edən adamam. Və təbii ki, öz hüquqlarımı da bilən adamam. Dünyanın bizdən xoşu gəlməyə bilər. O zaman biz bəs nə edək? Parlamenti buraxaq başlı-başına iki gündən bir dövlət çevrilişi eləsinlər, iki gündən bir 5-10 nəfər Avropa qrantları ilə yaşayan insanları bura göndərsinlər, haqqı nahaqqa versinlər? Həmin insanlar bir dəfə də Qarabağ məsələsini qaldırsınlar da… Bir dəfə də Xocalı soyqırımını müzakirə etmək üçün, gündəmə çıxarmaq üçün müraciət eləyəydilər də… Bir dəfə çıxıb deyə bilərlərmi ki, buradan Avropaya gedib, işğal altında olan torpaqlarımızın davasını eləyiblər? Ancaq Azərbaycan müxalifəti Azərbaycana qarşı yığılıb Avropa Parlamentinin qarşısına çıxış edirlər. Azərbaycan qaçqınlarının problemlərini qaldırıblarmı?
– Adil müəllim, deyilir axı…
– Bilirsiniz, mən heç görmürəm, rast gəlmirəm. Çox nadir hallarda… Azərbaycan dövlətçiliyinə qarşı deyilən 10 dəfə çoxdur, nəinki Azərbaycanın işğal altında olan torpaqları haqqında deyilən… Azərbaycan qaçqınları ilə nə vaxt gedib görüş keçiriblər?
Ədalətsizlik, ola bilsin ki, müəyyən bir təbəqə üçün var
– Amma tutulanlar da, haqsız yerə tutulanlar da çoxdur.
– Ədalətsizlik, ola bilsin ki, müəyyən bir təbəqə üçün var, amma biz onun dərinliyini bilmirik, görmürük. Biz onu görməyə-görməyə kiminsə barəsində ədalətsiz qərar çıxarıldığını müzakirə etməməliyik. Yəni elə məsələlər var ki… Bu günləri bütün millət vəkilləri barəsində deyirlər ki, millət vəkilləri seçilmirlər, təyin olunurlar…
– Məsələn, onlardan biri də mənəm. Mən də həmişə elə fikirləşirəm ki…
– Mən hamıya görə cavab vermirəm. Mən də deyirəm ki, ən güclü namizədlər kimlərdir? Müxalifətin sevdiyi, seçdiyi namizəd kimdir? Mən başqa millət vəkilinə görə niyə cavab verməliyəm? Mən özümə görə cavab verirəm. Məsələn, mən şəxsən deyirəm ki, buyursunlar, 20-ci Seçki Dairəsindən namizədliklərini irəli sürsünlər və mübarizə aparsınlar. Əgər burada bir dənə də olsun, haqsızlıq görsələr, burada bir dənə təyin olunma görsələr…
– Adil müəllim, yəni iddia edirsiniz ki, 20-ci dairədə seçki ədalətli və şəffaf keçirilir?
– Bəli, mən bu gün bunu iddia edirəm və təsdiq də edəcəm ki, Azərbaycanda nümunə götürüləsi əgər 10 seçki dairəsi varsa, – hansı ki, mənim onlardan xəbərim yoxdur, tanımıram, bilmirəm, ona görə deyirəm 10 dənə – onun biri də 20-ci seçki dairəsidir. Buyursunlar, buradan namizədliklərini versinlər. 2005-ci ildəkindən güclü rəqib olacaq? Əgər 2005-ci ildə İsa Qəmbər, bütün beynəlxalq müşahidəçilər, dünya ölkələrinin hamısının səfirlərinin kameranı qutulara istiqamətlənib, bax beləcə gözlərini zilləyərək baxdıqları ərazinin qutusundan mən çıxmışamsa, İsa Qəmbərin özünün oradakı müşahidəçilərinin hamısı bizim müşahidəçilərimizi təbrik edib gediblərsə, – bəzi haqsızlıqlar da olub, o zaman, onlar da söz veriblər ki, qutular açılanda axırda kimin namizədi çıxsa, onu təbrik edib gedəcəyik, söz verən adam bir-bir sayandan sonra görüb ki, oradan Adil Əliyev çıxdı, “ruçka”nı atıb, qaçıb gedib. Heç sağ ol da deməyib…
Bütün 20-ci Dairənin millət vəkiliyəm mən
– Amma yəni elə bir “centlemen razılaşması” olub?..
– Bəli, mən də demişəm ki, əgər bu qutudan çıxmasam, qardaş, dava salmaq nə əxlaqdır, nə ədavətdir, nə insansızlıqdır? Buyursunlar. Əgər mən çıxmayandan sonra, əgər insanlar mənə səs verməyəcəklərsə, mənim gücüm o 10 min adama çatmırsa… Elə adamlar var ki, bu gün də problemlərilə yanıma gəlirlər, deyirlər ki, seçkidə mənə səs verməyiblər. İndi mən onlara deyim ki, mən sənin millət vəkilin deyiləm? Onda bu qədər Azərbaycanda müxalifət var. İlham Əliyev desin ki, mən müxalifətin prezidenti deyiləm? Bütün Azərbaycanın prezidentidir. Bütün 20-ci Dairənin millət vəkiliyəm mən. Səs verənin də, verməyənin də… Son 5 ildə bura nə qədər adam gəlib, deyib ki, səhv etmişik, sənə səs verməmişik. Bizə də elə deyiblər, belə deyiblər, biz də səs verməmişik. Mən özüm də soruşmuşam. Yəni kişi kimi deyin görüm, burada nə var ki? Deyirlər ki, “mən sənə səs verməmişəm…” Demişəm, “Allah canını sağ eləsin, indi problemini de…” Problemini həll edəndən sonra da deyiblər ki, “hə, bundan sonra biz sənə səs verəcəyik!”
– Baxmayaraq ki, sizə səs verməyiblər, o adamların da problemlərini həll etmisiniz?
– Bəli.
Hər şeyi müxalifətin əlindən alırsınızsa, o necə güclü ola bilər?
– Orxan Səlimzadə soruşur, həqiqi müxalifət o qədər zəifdirmi ki, parlamentə düşə bilmir?
– Çox zəifdir. Çox zəifdir! Müxalifət elektoratı bu gün Azərbaycanda artıq yox səviyyəsindədir.
– Adil müəllim, razılaşırsınızmı ki, təmsil olunduğunuz, müdafiə etdiyiniz hakimiyyət müxalifəti bu hala saldı? Siz elə fikirləşmirsiniz? Müxalifət necə güclü olmalıdır? Hər şeyi müxalifətin əlindən alırsınızsa, o necə güclü ola bilər, məsələn?
– Siz elə bilirsiniz ki, o qanunlar təkcə müxalifət üçün işləyir? Tək müxalifətə çətindir? İqtidar üçün də qanun qanundur. Qanun hamıya tərbiq olunur. O qanunun aliliyinə hamı hörmət eləməlidir. O qanunlarla biz də yaşayırıq.
– Yəni deyirsiniz ki, qanunun sərtliyi sizin üçündür həm də?
– Hər kəs üçündür. Mən ərkəsöyünəm, müxalifətəm, mənə dəyməməlisiniz, mən burada istədiyimi aparmalıyam, istədiyimi gətirməliyəm, istədiyim adama burada dəstək olmalıyam, hansı ölkədə belə bir şey var?
– Daşqın Ağalarlı soruşur ki, Adil Əliyevin fikrincə, ali qanunverici orqanda təmsil olunmaq nə deməkdir? Millət vəkili parlamentdə bir məhəllənimi təmsil edir? Yaxşı adam olmaq, ancaq siyasətdən heç nə anlamamaq, millət vəkili olmaq haqqını verirmi?
– Təbii ki, yox. Millət vəkili bu gün tək öz seçicisini yox, hamını düşünməlidir. Təbii ki, ilk növbədə Milli Məclisdə bu plenar iclasda tək 20 saylı Seçki Dairəsinin insanları üçün yox, bütün Azərbaycan üçün qəbul olunur. Orada apardığımız bütün müzakirələr Azərbaycan xalqının xeyri naminə aparılır. Mənə 19-cu və yaxud da başqa dairələrdə yaşayan adamlar da yaxınlaşırlar ki, hansısa bir problemləri var. Təbii ki, mən öz dairəmdə yaşayan insanların problemlərini birinci həll etməyə çalışacam. Halbuki mən elə o başqalarının da işlərilə məşğulam. Götürün facebook, sosial şəbəkələr vasitəsilə müraciət edənləri, bura yaxınlaşanları. İnsanlar qıraqdan baxırlar və elə düşünürlər ki, Milli Məclisə elə-belə gedirlər, orada şəkil çəkdirib, populist çıxışlar eləyib gəlirlər. Xəbərləri yoxdur ki. Milli Məclisin deputatlarının hər biri, bu günləri bir beynəlxalq təşkilatın üzvüdür, bu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bir neçə, 3-dən yuxarı ölkə ilə dostluq qruplarında təmsil olunurlar. Rəhbər ölkələr var və üzv ölkələr var. Mən elə oturum burada və Milli Məclisə də getməyim ki, burada ancaq 20-ci dairənin seçicilərinin problemlərilə məşğul olacam, bu da düzgün deyil. Biz beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edirik. Tək 20-ci Seçki Dairəsinin insanları ilə yox. Yəni insanlara elə gəlir. O müxalifət nümayəndələri 2005-ci ildə oturmuşdular da… Nə oldu, biz onların bir dənə də olsun çıxışlarını görmədik? O zaman göstərəydilər ki, biz gəldik və bütün problemləri də həll elədik. Oturmuşdular da!.. (xural.com)