Milli Qəhrəmanlardan ÇAĞIRIŞ: Müharibə qaçılmazdır

musahibe
10-10-2015, 15:00 1078
Milli Qəhrəmanlardan ÇAĞIRIŞ: Müharibə qaçılmazdır Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi daim ölkə gündəmindədir.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları qeyd-şərtsiz azad olunmalıdır. Təbii olaraq Azərbaycan da istəyir ki, ərazi bütövlüyü sülh yolu ilə həll olunsun.
Bəs, torpaqlar dinc yolla azad edilməyəcəyi halda müharibə başlaya bilərmi?
Bu haqda cəmiyyətdə demək olar ki, hər gün müzakirələr aparılır. Azərbaycanın Milli Qəhrəmanlarının məsələyə mövqeyi maraq doğurur.
Danışıqlara getməklə vaxt itiririk...
Milli Qəhrəman Vahid Quliyev bildirir ki, beynəlxalq təşkilatların bu məsələnin sülh yolu ilə həllinə nail olması, Azərbaycan torpaqlarının müharibə olmadan geri qaytarması üçün fürsət var idi:
“Təəssüflər olsun ki, ermənipərəst qüvvələrin aidiyyəti təşkilatlarda təsir imkanlarına malik olması səbəbindən gözləntilər özünü doğrultmadı. Azərbaycanın 20 faiz torpağı işğal altındadır və artıq 20 ildən çoxdur ki, torpaqlarımızın dinc yolla geri qaytarılması üçün danışıqlar gedir. Görünən odur ki, danışıqlara getməklə yalnız vaxt itiririk.
Müharibə yolu ilə torpaqların işğaldan azad edilməsi hər zaman gündəmdə olub. Azərbaycan üçün isə bu məsələ birmənalıdır. Ölkənin ərazi bütövlüyü təmin olunmalı, ədalət qələbə çalmalıdır. Danışıqların da müsbət istiqamətdə nəticə vermədiyini nəzərə alsaq, deyə bilərik ki, artıq Azərbaycan ordusu, Azərbaycan əsgəri öz sözünü deməli, heç bir qarış torpağını da kiməsə güzəştə getməməlidir”.
Müharibədən başqa çıxış yolu yoxdur...
Milli Qəhrəman Sahil Məmmədovun sözlərinə görə, işğal altında olan Azərbaycan torpaqları yalnız müharibə yolu ilə azad edilə bilər: “ Hərbiçi kimi deyə bilərəm ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müharibədən başqa çıxış yolu yoxdur. Düşünürəm ki, danışıqlara getmək vaxt itkisindən başqa bir şey deyil. Heç bir uzlaşmanın olmadığı bir mühitdə yalnız Qarabağla bağlı hansısa razılığa gəlmək mümkün görünmür. İnanıram ki, müharibə başladığı halda Azərbaycan ordusu müqəddəs vəzifəsini yerinə yetirərək, torpaqlarımızı işğaldan azad edəcək”.
Ali Baş Komandan qərar verəcək...
Milli Qəhrəman Fariz Qəhrəmanlı deyir ki, hansı yolla olursa olsun torpaqlarımızı azad etməliyik: “Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu məsələ dinc yolla, qan tökülmədən həll olunsun. Ancaq reallıq başqadır.
Bu, hələ mümkün deyil. Torpaqlarımızın işğal altında uzun müddət qalması bizim üçün mənfi hal kimi qiymətləndirilir. Dağlıq Qarabağın işğal altında olması Azərbaycan xalqının ən ağrılı yeridir və biz mütləq torpaqlarımızı düşmən işğalından azad etməliyik.
Torpaqlarımız hansı üsulla işğaldan azad ediləcək, buna artıq Ali Baş Komandan qərar verəcək. Lazımi vaxt yetişdikdə və torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi üçün gərək olan hər bir şərt ödəndikdə cənab Prezident bu qərarı verəcək.
Hərbçi olaraq söyləyə bilərəm ki, ordumuz hücum siqnalını gözləyir və hərəkətə keçmək üçün hazır vəziyyətdədir. Bu, biz hərbiçilərin üzərinə düşən vəzifədir. Xalqımızın üzərinə düşən isə hər zaman vətənpərvərlik ruhunu yüksək tutmaqdır”.