“XXI əsrin adamı” - “Mircəfər Bağırovun sözləri məni əməlli-başlı silkələdi”

musahibe
8-10-2015, 10:08 1077
“XXI əsrin adamı” - “Mircəfər Bağırovun sözləri məni əməlli-başlı silkələdi” “XXI əsrin adamı” layihəsini davam etdirir. İnsan və cəmiyyət, cəmiyyət və dövlət, eyni zamanda, dövlət və dünya münasibətlərinə həsr olunan layihəsinin budəfəki qonağı Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertlər şurasının üzvü, tanınmış araşdırmaçı Adıgözəl Məmmədovdur. Onun tarixi şəxslər, xüsusən də diktatorlar və Kreml rəhbərləri, Mir Cəfər Bağırov və başqaları barəsindəki maraqlı tarixi-psixoloji araşdırmalarını oxucular rəğbətlə qarşılayıb:
- İnsanlar zaman-zaman tarixə də, siyasətə də fərqli təriflər veriblər. Sizin fikrinizcə, tarix nədir, siyasət nədir?
- Nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq hər bir tarixi hadisəyə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə bizim daxili məntiqimizin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah olunur. Ona görə də mən kitablarımın süjet xətlərində həmişə bir prinsipial şərtə əməl etmişəm - tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaqdır. Ona görə də istənilən siyasətdə tarixi gerçəklik özünü mental yaddaş formasında büruzə verir. Əlbəttə, əgər sən bu mental yaddaşın daşıyıcısısansa. Məsələn, İstanbulda yaşayarkən Osmanlı imperiyasının çöküşündə əsas rol oynayan qüvvələrə türk siyasi elitasının heç də birmənalı olmayan münasibəti diqqətimi çəkdi. Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri bu gün də çox ciddi narahat edir... Həqiqətən də “tarix təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif heç də yanılmayıb. Hazırkı Türkiyədəki real durum bir daha onu göstərdi ki, əgər sən bu mental yaddaşın daşıyıcısı deyilsənsə, bu ibrətamiz sözdən nəticə çıxarmayacaqsan.
Birinci Dünya Müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı imperiyası onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər”lə məskunlaşmış bütün və hətta türklər məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi. Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında V.Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin bir dövlət kimi varlığına son qoyulması da nəzərdə tutulmuşdu.
Bu gün Türkiyənin üzərində oynanılan oyunlar məhz bu məqsədə xidmət edir. Ona görə də qeyd etdiklərimi nəzərə alaraq yeni kitabımı, “Osmanlının çöküşünə Rusiyadan baxış” adlandırdım. Burada mən XVII əsrin sonlarından türklərin azadlıq mübarizəsinə başçılıq edən Mustafa Kamal Atatürkün hakimiyyətə gəlişinədək olan bir tarixi dövrü və müasir Türkiyənin dünyada tutduğu rolu nəzərdən keçirmişəm. Atatürkün qəhrəmanlığı və uzaqgörənliyi onda oldu ki, o, ölkənin problemlərinə emosional deyil, məhz mental yaddaşın gözü ilə baxırdı.
- Bir amerikalı politoloqun belə bir deyimi var: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixidir”. Fikrinizcə, bu günün siyasətini, yəni sabahın tarixini gələcək nəsillər hansı rəngdə görəcək?
- Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur. Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki, dünyada maraqlar ilə bağlı ziddiyyətlər həmişə bu cür qalacaq. Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək. Bizim region əsasən slavyan və türk etnoslarının bir-birilə çulğaşdığı coğrafiyadır. Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar. Rusiya tarixi türk xalqlarının tarixi ilə sıx bağlıdır. Baykal və Qara dəniz arasındakı böyük areal slavyan və türk xalqlarının həyat fəaliyyəti üçün əsas məkan olub və bu gün də belə olaraq qalmaqdadır. Uzun dövr ərzində bu region müxtəlif xalqların tükənməyən beşiyi olub və tumurcuğunda həm döyüşkənlik, həm də sülhsevərlik keyfiyyətləri formalaşıb ki, bu gün də həmin keyfiyyətləri türk və slavyan xalqlarının timsalında görmək mümkündür. Elə bunun özü slavyan və türk etnoslarının bir-birinə nə qədər yaxın olduğunu deyir.
- Bu gün türkün tarixinə nəzər salanda daha çox nəyin səsini eşidirik: alim zəkasının səsini, yoxsa at ayaqlarının tappıltısını?
- Şübhəsiz, türklər ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənib və Altay hüdudlarını da elə bu özəllikləri ilə adlayıblar. Şübhə yoxdur ki, məhz bu qabiliyyətlər türklərin yeni ərazilərdə məskunlaşmağına şərait yaradırdı. Buna müvafiq olaraq nəhəng dövlətlər ərsəyə gəlirdi. Türklər özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunlar həyati davranış normalarına çevirir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənir. Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülür. Türklərin tayfa təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda soy və tayfada hakimiyyətin “mülki” və “hərbi” olaraq bölgüsünə gətirib çıxarmışdı. Ona görə də türk tarixinə baxanda həm alim zəkasının səsini, həm də at ayaqlarının tappıltısını eşitmək olur. Ancaq xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü.
- XXI əsrin əsas siması zəka, intellektdir. Biz əsrin zəkasını bir binaya bənzətsək, Azərbaycan onun neçənci mərtəbəsində qərar tuta bilər?
- Azərbaycanımız istedadlı, zəkalı , müasir düşünən, mütərəqqi sivilizasiyaya öz töhfəsini verən bir çox intellektləri yetişdirib və yetişdirir. Bu baxımdan Azərbaycanda dünya intellektual zirvənin ən üst mərtəbəsindədir!
- Kreml rəhbərlərinin portretləri haqqında yazdığınız kitab böyük maraqla qarşılandı. Sizcə, o vaxtkı Kreml rəhbərlərindən hansı hakimiyyətdə olsa idi, bu dünyanın siyasi proseslərinə müsbət yön verərdi?
- Bu suala cavab vermək çətindir. Müsbət yönün nə ola biləcəyinə baxmaq lazımdır. Yəni bizim bildiyimiz “müsbətlə” “sovet müsbəti” arasında ciddi fərq var.