ADY: “Sumqayıt-Pirşağı istiqamətində qatar reyslərinin sayı azaldılır” - FOTO

sosial
3-04-2024, 13:56 152
ADY: “Sumqayıt-Pirşağı istiqamətində qatar reyslərinin sayı azaldılır” - FOTO Sumqayıt-Pirşağı sahəsində aparılan təmir işləri ilə bağlı qeyri-pik saatlarda qatar reyslərinin sayı azaldılır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.

ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə aprelin 6-dan etibarən Sumqayıt-Pirşağı sahəsində təmir işlərinə başlayır. Görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində dəyişikliklər edilir.
Belə ki, həftəiçi Bakı-Pirşağı-Sumqayıt istiqamətində 09:30, 10:00 və 14:50 saatlarında, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə 10:00, 10:45 və saat 12:00 saatlarında, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı-Pirşağı-Sumqayıt istiqamətində 11:35, 15:30 və 17:40 saatlarında, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə 12:10, 15:25 və 16:35 saatlarında yola düşən qatarların hərəkəti sentyabr ayına kimi müvəqqəti dayandırılır.
Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur.
“İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı-Pirşağı-Sumqayıt-Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə, həmçinin günün pik saatlarında Bakı-Pirşağı-Sumqayıt-Bakı istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.

Yük və sərnişindaşımalarında etibarlı tərəfdaş kimi çıxış edən ADY davamlı olaraq infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Xidmət sahələrində davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.





ADY: “Sumqayıt-Pirşağı istiqamətində qatar reyslərinin sayı azaldılır” - FOTO