TƏLATÜMLÜ DƏNİZİN DOSTLARI

gundem
21-02-2024, 23:31 1045
TƏLATÜMLÜ DƏNİZİN DOSTLARI Biz dənizçilər aylar, illər ötə-ötə öz peşəmizin vurğununa çevrilirik. Elə anlar da olur dənizin “əhvalı” tez dəyişir. İlin dörd fəslində dünya sularında üzən gəmilərdə səfərlərə çıxdıqda hər şey dəyişir.









Bəzən romantik görünən dənizin üzü dönür, küləklər mavi suların kiçik dalğalarını hündür ləpələrə çevirir, bəzən isə dəniz susur və lal olur, bəzən də gözəl bir sabahla rastlaşırsan. Səfər zamanlarında dənizdən bərq vuran qızılısaçlı Günəş, bəzən də gecələr səmada parlayan ulduzlar kəhkəşanı bürüyür. Başqa bir aləmə qərq olursan. Elə anlar da olur ki, dənizdə olduğun gecələr küləklərin uğultulu vahiməsini yaşayırsan. Biz dənizçilər də gəmilərin göyərtəsinə cavankən ayaq atmışıq: - illər ötüb keçdikcə, yaş da ötür. Okeanlarda, gəmilərdə, limanlarda dənizçi ömrü də ötür və yaş üstə yaş gəlir. Ayrı-ayrı gəmilərlə müxtəlif dənizlərə üzürsən, yaxından, uzaqdan əlaqə saxlayırsan. Bəzi vaxtlar da limanlara yol alanda limanlarda görüşürük. Dəniz həyatına güvən yoxdur, hər səfərlər fərqli olur. Mən belə düşünürəm. Keçmiş vaxtlarda əsasən limanlarda gəmilərdən düşərkən görüşürdü dənizçilər. İndi isə müasir zaman internet texnoligiyası baxımından hər an əlaqə yaradıb, hal-əhval tutmaq olur.
Mənim dənizçi dostlarım da matrosluqdan gəmiçilik sənətində kapıtan rütbəsinə yüksələn şəxslərdir. Uzun illər öz sənət və peşəsilə mexanikdən baş mexanikə qədər yüksələn dostlarım vardır.



DƏNİZÇİ DOSTLARIM

Hər birimizin arzusu sevib-seçdiyimiz dənizçi peşəsi və gəmilərin göyərtəsində mavi dənizlərin, dünyanın seyrinə çıxmaq idi. Buna görə də matrosluqdan başlayaraq, gəmilərə qədəm qoyduq və peşəmizə yiyələndik.
Düşünürəm ki, hər bir şəxs arzusunə uyğun peşə seçimi edir. Hər insanda özünə görə həyata və dünyaya fərqli baxış və xarakter olur. Əgər biri dənizi sevirsə, digəri sevmir. Biri peşəsini sevirsə, başqası narazıdır. Bir də matrosluqdan iri gəmilərin göyərtəsinə və bortuna ayaq atanda peşə və sənətinizi sevə-sevə, çalışır.
Sahildən dənizi seyr edəndə adi və rahat görünür. Ancaq dənizin halını dənizçidən soruşsaq, daha xoş və vahiməli dəniz əhvalatlarıyla tanış olarıq.
Mən də dənizçi dostlarım haqqında kiçik fikirlərimi toplayıb qələmə aldım.


Kapitan Muradov Samir
Samir Muradov hələ cavan, gənc yaşlarında kapitan rütbəsinə layiq görülmüşdü. Öz elmi biliyi, bir kapitpn olaraq gözəl təhsilə, elmə və təlatümlü dənizi ram edən bacarığa malikdir.
İş aparmağı, davranışı, heyətlə ünsiyyəti, ümumi anlayışı, gəmiyə nəzarəti, etik yanaşma, dialoq, danışıq qabiliyyəti və həm də dünyaya baxışı, iş aparmağı ilə yanaşı təşkilatçılığı da yüksək səviyyədədir.
Bir dost olaraq səmimidir. Dosta, yoldaşa hörmət və qayğı ilə yanaşır. Yoldaşlarına çətinlikdə əl uzadır. Dostum, qardaşım kapitan Samirə xoş günlər, mənalı, ruzili səfərlər arzu edirəm. Hələ cavandır, gələcəyi qabaqdadır.


Kapitan Sultanov Ruslan

Ruslanla tanışlığım belə olub. Xəzər dənizində üzəndə, Ruslan da bizim gəmiyə kapitanın 3-cü köməkçisi kimi, gəmi bortuna ayaq basmışdı. Tanışlığımız buradan başladı. Ruslanla birlikdə bir kontrakt gəmidə işləyirdik. O, üçüncü köməkçi kimi fəaliyyət göstərirdi. Mən də onun növbə matrosu idim. O vaxtlar gəmi sürücülük kursunda oxuyurdum və gəmilərdə olan iş fəaliyyəti zamanı, sənətimlə əlaqədar gəmi sürücüsü işini də öyrəndim.
Ruslan gözəl xasiyyətə malik insandır, çox təmiz ürəyi var, düşüncələri safdır. Öz bilik-bacarığını yoldaşlarından əsirgəmir. Sözdə düzdür, işini layiqincə yerinə yetirir, sadədir. Yoldaşa-dosta hörmətlə yanaşır… Mərd insandır, dostu darda qoymaz.
Artıq illər ötdü, təlatümlü dənizlərdə gecələr düşdü, sabahlar açıldı. Ruslan gəmilərdə kapitandır.
O, limanlardan ayrılır, mavi sular qoynunu fəth edir. Bir limandan digər ölkə limanlarına yön alır. İndi daha da dərin təcrübəyə malikdir və hər zaman gəmisiylə limanalra yön alanda, limanlar və sahillər sevgiylə qarşılayır Ruslanı.
Ruslana da dənizçi həyatında uğurlar, can sağlığı, gözəl, bərəkətli , salamat səfərlər arzu edirəm.


Kapitan Həşimov Niyazi

Bu ad xalqımıza tanışdır - maestro Niyazi. Xalqın gözəl sənətkarı və drijoru, musiqiçi, Xalq artisti.
Niyaziylə tanışlığım uzaq sahillərdə üzən gəmilərin birində matros kimi gəmidə çalışırdıq, uzaq sahillərdə üzürdük.
Hələ o vaxtlar Niyazi Dənizçilik məktəbində qiyabi şöbədə təhsil alırdı. Öz işini sevir, öz peşəsiylə ürəklə məşğul olurdu.
Gözəl xarakterə malikdir. Yaxşı yoldaşlığı var və dostluğa sədaqətlidir. İş vaxtı ona buyurulan işləri vaxtında yerinə yetirər, özündə məsuliyyət hiss edir. Xoş davranışlı-rəftarlıdır. İllər ötsə də, biz dənizçilər ayrı-ayrı şirkət gəmilərində üzsək də, yaxından-uzaqdan bir-birimizdə sıx əlaqə saxlayırdıq.
Artıq Niyazi kapitan kimi gəmi ilə dənizləri, mavi sular qoynunu fəth edir.
Bir kapitan kimi dünyaya baxışı, təcrübəsi, iş fəaliyyəti, gəmini limanlardan digər limanlara mavi sularda idarə etməsi və heyətlə ünsiyyəti, işçi ilə və yoldaşlığı yüksək səviyyədədir.
Gəmi idarə etməsində, dənizin xoş və çətin anlarında öz köməkçi heyəti ilə müzakirə, məsləhəti xoşlayan şəxsdir. Niyazi kapitan saçlarını dənizdə ağardıb, öz iş bacarığı, təəccrübəsiylə, hər vaxt fərqlənib.
Mən dostuma can sağlığı arzu edir, biri-birindən gözəl səfərlər, sakit dəniz həyatı arzu edirəm.
Mən deyərdim ki, kapitan Niyazi də öz xoş rəftarı ilə dənizimizin maestrosudur. Niyazi həm də poeziya həvəskarıdır, şeir vurğunudur. Öz vətənindən uzaqda çox qala bilmir. Uzaq sahillərdə səfərləri başa çatan kimi, dönüş kursunu Vətənə, Azərbacana çəkir , ana Vətəninə!


Mən düşünürəm…

Bizi hər yerdə - sularda da, quruda da, dünyanın harasında olsaq da, qoruyan O böyük Allahdır!
Gəmi limandan ayrılır. Baxışlar “hələlik, görüşərik”-deyir, əl-əldən üzülür, ayaq torpaqdan. Bizi qoruyan o böyük Allah olur, bir də gəmi kapitanı və heyətin bir-birinə mehriban münasibəti və işgüzar, zəhmətkeş insanların birliyi.

Şahvələd İsmayıl.
Baş mexanik


Akif Abdullayev

Akif hələ gənc vaxtlarından öz seçimini etmişdi. Bir dənizçi kimi gəmilərdə işləməyə hələ kursant olan vaxtlarından, Dənizçilik məktəbidə təhsil alan zamanlar - təhsil ocağından təcrübəyə göndəriləndə, mexanik motoristlərlə çiyin-çiyinə maşınların sirlərinə yiyələnməyi öyrənirdi və gəmilərdə maşın heyyəti də onun gələcəkdə sənətkar kimi öz peşəsinə uyğun görürdülər. Nəhayət, Akif Abdullayev gənc peşəkar kimi gəmilərə göndərildi. İlk öz növbəsinə gəmidə maşın rolunda matorçuluqla başladı və artıq illər ötə-ötə ayrı-arı gəmilərin bortunda mexanik kimi öz bacarığını və fəaliyətini davam etirirdi. İllər ötə-ötə Akif öz peşəsində daha da uğurla addımlayırdı. Akif işini sevə-sevə gəmidə növbəsini çəkirdi. Maşınların baxılmasında, sazlanmasında və iş rejimində növbəni çəkməsi ilə öz peşəsi ilə fəaliyyətini davam etdirirdi. Heyyət də onun xətrini əziz tuturdu.
Artıq Akif Abdullayev bort mexaniki təyin olundu və gəmilərin bortuna gönrdərildi. Mexanik kimi fəaliyyəti ürək açan idi. İş rejimində bacarığıyla, işçilərlə münasibəti və onlarla səmimi davranışı hər vaxt ünsiyyətcil şəxs olub. Gəmilərdə komanda ilə xoşrəftar olsa da, tələbkar xarakterli insan idi. Xoşxasiyyəti, işçilərə ümumi münasibəti və etik normaları gözləyən, öz hörmətini saxlayan bacarıqlı insandır, dostluğu yaxşıdır. Yaxşı rəftarı var yoldaşlıqda. Ömrün illəri ötür, onun isə mavi dalğalar qoynunda saçları ağarıb…
Sənətilə əlaqəli olaraq təqaüdə çıxsa da, bir sənətkar kimi lazımi məqamda peşəsi ilə əlaqədar öz fəaliyyətini göstərir.
Biz dənizçilər Akif Abdullayev dostumuza xoş günlər, can sağlığı, sakit mavi dəniz arzu edirik.




DƏNİZ SİMFONYALARI

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Göy Xəzərin qoynunu
Üzür gəmim, fəth edir.
Dənizləri, çayları
Sürür gəmim, fəth edir.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Göy suların qonunu
Üzür gəmim, fəth edir.
Dənizləri, okeanı sürür
Gəmi tək fəth edir.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Ləpəlidir selləri,
Mehribandı elləri,
Gözəldir sahilləri.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Dənizlərin, çayların
Dostuyam, sirdaşıyam.
Gözəl ana kainatım,
Hər zaman yoldaşıyam.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Gecə-gündüz yüklənir,
Yüklənir mənim gəmim.
Limanlardan limana
Yan alır bizim gəmi.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Həmkarlarım, dostlarım,
Dənizçi yoldaşlarım
Gəmiçi qardaşlarım
Dəniz həyatımızdır.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Mavi, gözəl Xəzərim,
Sənlə vurur ürəyim.
Limana yan alıram,
Xoş açılır sabahım.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.

Azərbaycan adımız,
Bakı şəhərimizdir.
Dağların qoynunda
Bizim səhərimizdir.

Bayrağımız dorumda
Mavi sular qoynunda.
Gəmimiz liman-liman
Üzür dünya suların.
Azərbaycan adınla
Fəxr edirik dünyada.

Dəniz həyatım mənim,
Liman ünvanım mənim.


DƏNIZ KÜLƏYİ

Düzülüb qatara sanki dalğalar,
Sürətlə hücumla gəlir sahilə.
Ötən gün romantik, o sakit dəniz,
Gəmi durub limanda, gəlir üstümə.

Biz indi sahilə yaxınıq deyə,
Dənizdə nə hala düşür gəmilər.
Bəzən mənzil başına çatmamış hələ,
Dənizlə vuruşa girir gəmilər.

Ləpələr çırpınır sahilə sanki,
Sürətin gücündən parçalanırlar.
Sahilin saçını yolan küləklər,
Limanda gəmilər sakit durmayır.

Mən şükür edirəm öz Allahıma,
Mənim də qismətim yəqin beləymiş.
Uzaq sahillərdə üzən dostlara,
Onlara xoş səfər arzu edirəm.

Göyləri, yerləri Yaradan Allah
Hər kəsi hər yerdə qoruyan Odur!
Allah hüzuruna imanla getsən -
Hər anda bəndəsin qoruyan Odur!

Ağ qumaşa bürüyüb dənizin üzün
Uzaqlar özü də təmiz görünmür.
Ürkək baxışların, yaxın düşüncəm
Bu dəniz küləyi məni qorxutmur.


DƏNIZÇİ SƏFƏRİ

Dənizçi sahildə çox dura bilməz,
Ürəkdən sevirsə öz peşəsini.
Əgər vurğundursa, mavi sulara,
Dənizçi dənizsiz heç qala biməz.

Bəzən də sahildə olanda hərdən
Seyrinə çıxarkən mavi Xəzərin.
Dənizin seyrindən geri dönürəm
Yenidən səfərə hazırlaşıram.

Küləklər dəyişir tez-tez dənizdə,
Xoş olan dənizin tez dönür üzü.
Küəyin sürəti artır-azalır,
Ağ qumaş bürüyür dənizin üzü.


Tufanlı dənizə düşmüş gəmimiz,
Bəzən də dənizdə haqlayır bizi.
İkinci evimiz sayılır gəmi,
Allaha şükür olsun qoruyur bizi.


Ömrümüz-günümüz keçir sularda

Dayanmır maşınlar, vurur vaporu,
Kapitan körpüdə öz əmrin verir.
Mühndir motorçu növbəsin çəkir,
Körpüdə köməkçi kursunu çəkir.

Bəzən sakit dəniz xoş gəlir bizə,
Kimin üçün bəlkə romantik olur.
Sübh tezdən dənizdən boylanan Günəş,
Dünyanı bəzəyir, gözəllik odur.

Bəzən də tez dönür dənizin üzü,
Gəmimiz dalğayla vuruşa girir.
Hər kəs diqqət ilə növbəsin çəkir,
Gəmi körpüsündə kapitan durur.

Səxavət İSMAYIL