Naxçıvanda üç şəhərin Baş planları hazırlanır

gundem
30-11-2023, 00:08 481
Naxçıvanda üç şəhərin Baş planları hazırlanır “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını dəyişəcək, inkişafına böyük stimul olacaq. Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin Baş Planı hazırlanır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadiqov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Naxçıvan şəhərinin Baş Planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb:
“Naxçıvan şəhərində ən vacib məsələlərdən biri olan topoqrafik sxemlərin çəkilişi ilə bağlı ciddi bir iş aparılıb. Bu iş Xəritəçəkmə İnstitutu tərəfindən həyata keçirilib və hazırda əlimizdə bu topoqrafik sxemlər mövcuddur. Naxçıvan şəhərinin Baş Planının hazırlanması istiqamətində zəruri addımlardan biri sosial mənzillərin inşasıdır. Dövlət proqramında əhalinin mənzil alışının yaxşılaşdırılması məqsədilə yaşayış kompleksləri inşa olunacaq. Bu məqsədlə şəhər ərazisində müvafiq torpaq sahələrinin ayrılmasına başlanılıb”.
İlqar Sadiqov əlavə edib ki, dövlət proqramının tələbinə uyğun olaraq, bu məsələlərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əsas icraçı olaraq bu funksiyanı yerinə yetirir. Həmin ərazilərə baxılaraq müsbət nəticələr əldə edilib. Bu ərazilərdə qeyd edilən sosial mənzillərin tikintisi ilə bağlı artıq qərar verilib.
“Digər önəmli məqam yeni səhiyyə ocaqlarının inşası ilə bağlıdır. Hazırkı tələbat və əhalinin artım tempi nəzərə alınmaqla bir neçə innovativ və müasir memarlıq üslubunda yeni səhiyyə ocaqlarının tikintisi planlaşdırılır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin sifarişi ilə Ailə Sağlamlıq Mərkəzi, Treninq və Simulyasiya Mərkəzinin tikintisi ilə bağlı ümumi konsepsiya layihələri hazırdır. Layihələr məqbul hesab olunub. Onların seçilmiş əraziləri də məqbul hesab edilib”, - İ.Sadiqov qeyd edib.

Komitə sədri vurğulayıb ki, sözügedən işlər təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad şəhərlərinin də Baş planları hazırlanır. Xüsusilə, qədim Ordubad şəhəri “bir küçə, bir ölkə” prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.