Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - FOTO/VİDEO

siyaset
11-10-2023, 21:56 1367
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - FOTO/VİDEO Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr ümummilli lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.

Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında deyib:
“Bu gün, oktyabrın 10-u, xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib. Heydər Əliyevin ən böyük arzusu isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Azərbaycan bayrağının azad edilmiş Şuşada, bütün Qarabağda dalğalanması idi. 2020-ci il noyabrın 8-də Azərbaycan bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib.
Mixail Qusman filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Film ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.
Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.
Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.
Çəkilişlər Moskva, Bakı və ulu öndərin doğulduğu Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Filmin nümayişindən sonra Azərbaycanın Xalq artisti Elçin Əzizov Xalq artisti Polad Bülbüloğlunun müşayiəti ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rekviyem” mahnısını ifa edib.

Film Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.



Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - FOTO/VİDEO

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - FOTO/VİDEO

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - FOTO/VİDEO