Çavuşoğlu: “İşçi qrupu yaradılmasına qərar verdik”

dunya
15-12-2022, 09:40 674
Çavuşoğlu: “İşçi qrupu yaradılmasına qərar verdik”“Enerji, ticarət və iqtisadiyyat, gömrük, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrində beş sənəd imzaladıq”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov və türkmənistanlı həmkarı Rəşid Meredov ilə üçtərəfli zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.


“Türkmənistanın təbii qazı məsələsində üç ölkənin (Türkiyə-Türkmənistan-Azərbaycan) xeyrinə ortaq addımlar atmağa hazırıq və bu məsələ ilə bağlı işçi qrupu yaradılmasına qərar verdik”, - deyə o bildirib.
Çavuşoğlu dünyada baş verən epidemiya və qeyri-sabitlik səbəbindən fasiləsiz tədarük zəncirləri və nəqliyyat dəhlizləri kimi anlayışların daha qabarıq şəkildə özünü büruzə verdiyini, Şərq-Qərb əlaqəsini inkişaf etdirməyin və regional əlaqələrin gücləndirilməsinin ortaq məqsədləri olduğunu qeyd edib.
Dünyanın ən böyük qitələrarası ticarətinin Asiya ilə Avropa arasında olduğunu deyən Çavuşoğlu vurğulayıb:
“Bu marşrutun onurğa sütunu türk dünyasıdır. Zirvə toplantısında Xəzərdən keçməklə Orta Dəhlizdə ortaq marşrutlarda nələr edə biləcəyimizi də müzakirə etdik. Türkmənbaşı limanı və azərbaycanlı qardaşlarımızın qarşı sahildə tutumunu artırdıqları Bakı-Ələt limanı Orta Dəhlizin mühüm sütunlarıdır. İmzaladığımız Nəqliyyat üzrə Anlaşma Memorandumu da Xəzər vasitəsilə tranziti asanlaşdıracaq daha bir addım olacaq”.

O bildirib ki, üç ölkənin əməkdaşlığı təkcə onların deyil, həm də qonşu dövlətlərin rifahına və sabitliyinə töhfə verəcək.