Azəri-Mərkəzi-Şərqi: Altı milyard dollarlıq layihə üzrə işlərin böyük qismi tamamlanıb - FOTO

iqtisadiyyat
4-11-2021, 18:53 889
Azəri-Mərkəzi-Şərqi: Altı milyard dollarlıq layihə üzrə işlərin böyük qismi tamamlanıb - FOTOHazırda Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin icrası üzrə işlərin ümumilikdə 60 faizi tamamlanıb.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, bu işlərə 5500 nəfər insan cəlb olunub.

Dənizdə “Xankəndi” gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə sualtı quraşdırma işlərinə başlanıb. Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri davam edib. Boru xətlərinin dikəldilməsi və hidrosınaq işləri, habelə kabellərin çəkilməsi irəliləyib, üst göyərtənin son panelinin və qazma buruğunun aşağı hissəsinin quraşdırılması başa çatıb.
Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə quraşdırılıb. Dayaq blokunun tikintisində mərkəzi dayaq çərçivəsinin yana oturdulması başa çatıb, dayaq bloku qüllələrinin quraşdırılmasına başlanıb. Son dörd iri avadanlıq dəstinin gətirilməsi bu ilin dördüncü rübünə planlaşdırılır və bununla da layihə üzrə nəzərdə tutulmuş bütün avadanlıq daşımaları başa çatmış olacaq.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib.


Azəri-Mərkəzi-Şərqi: Altı milyard dollarlıq layihə üzrə işlərin böyük qismi tamamlanıb - FOTOEləcə də, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam edib. Mərkəzi dayaq çərçivəsinin yana oturdulması başa çatmış, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Qeyd edək ki, Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsi 6 milyard dollar dəyərində qiymətləndirilir. Buraya yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir.