“Şahdəniz 2” layihəsilə bağlı işlər tezləşib

iqtisadiyyat
4-11-2021, 16:34 884
“Şahdəniz 2” layihəsilə bağlı işlər tezləşib2021-ci ilin ikinci rübündə “Şahdəniz 2” çərçivəsində hasilata başlayan şərq-cənub cinahı üçüncü rübdə tam hasilat səviyyəsinə çatıb.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb.


Qərb-cənub cinahında “İsrafil Hüseynov” borudüzən gəmisi sualtı boruların quraşdırılmasını üçüncü rübdə uğurla və qrafiki qabaqlayaraq başa çatdırıb. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olub və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan verib. Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir. Rüb ərzində həmçinin şimal cinahında son 5-ci quyudan hasilatın 2021-ci ilin dördüncü rübündə başlanmasına hazırlıq işləri davam edib. Üçüncü rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-u tamamlanıb. Yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb. Qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.