ABŞ müsəlmanları ən zəif yerindən vurur

dunya
6-09-2015, 13:11 869
ABŞ müsəlmanları ən zəif yerindən vurur ABŞ-ın Yaxın Şərq siyasəti region ölkələri arasında məzhəb savaşlarını qızışdırmağa hesablanıb. Bu baxımdan Vaşinqton İslam dünyasının ən zəif yeri sayılan məzhəb ayrı-seçkiliyindən məharətlə istifadə edir. Ağ ev regionda təsir dairəsini genişləndirməyə çalışan 3 ölkə - Türkiyə, İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri də gərginləşdirməklə Yaxın Şərqin yekdil sahibinə çevrilmək niyyətindədir.
Yaxın Şərqdə bir çox qanlı hadisələrin müəllifi olan Vaşinqton indiyədək regionda baş tutan bir sıra savaşların aktiv iştirakçısı kimi çıxış edib. Lakin Barak Obamanın 2009-cu ildə Prezident seçilməsilə ABŞ regionu uzaqdan idarə etməklə xaos yaratmaq yolunu seçib. Ağ evin qoşunlarını 2011-ci ildə İraqdan çıxarması və analoji addımı Əfqanıstanda atacağını planlaşdırması yeni siyasətin tərkib hissədir.
Qoşunlarını regiondan çıxaran ABŞ maliyyə yükündən xilas oldu və dünyada sülhməramlı ölkə görüntüsü yaratdı. Lakin İraqdan çıxan Vaşinqton İŞİD-i özünün “varisi” kimi qoyub getdi. İŞİD-in İraqda yaranması (2006-cı il) məhz ABŞ-ın bu ölkəni işğal etməsindən (2003-cü il) sonraya təsadüf edib. Maraqlıdır ki, qruplaşmanın İraqda şəhərləri ələ keçirməsi isə ABŞ qoşunlarının İraqı tərk etməsindən 3 il sonra baş verib. İŞİD həmin il İraqın ikinci ən böyük şəhəri Mosulu işğal etdi.
İŞİD ABŞ və Misir də daxi olmaqla Fars körfəzi ölkələri tərəfindən terror təşklatı kimi tanınan “Hizbullah”a alternativ kimi yaradılıb. Fəaliyyətini Livanda aparan “Hizbullah” şiə, İraq və Suriyada möhkəmlənən İŞİD isə sünni məzhəbini təmsil edir. İŞİD-in 2014-cü ildə Suriyada Bəşşar Əsədə qarşı cəbhə alması, “Hizbullah”ın isə onun yanında yer alması tərəflərin əks qütbdə olduqlarını göstərir.
Bundan başqa Vaşinqton İranla nüvə razılaşmasına nail olmaqla Tehranın bölgədə əl-qolunu açmağa imkan verdi. Bu isə Tehranın Ankara və Ər-Riyadla daha açıq mübarizəyə girəcəyinə şübhə yaratmır. Təsadüfi deyil ki, razılaşmadan sonra İranda dövlət mətbuatı səviyyəsində Türkiyə əleyhinə təbliğat aparıldı və o, İŞİD-lə əməkdaşlıqda ittiham edildi, hətta bu ölkənin xarici içlər naziri Ankara səfərini təxirə saldı. Bundan başqa, Səudiyyə Ərəbistanında İŞİD-in şiə məscidlərində terror aktları törətməsi də regionun 3 güclü ölkəsi arasında münasibətləri kəskinləşdirməyə xidmət etdi.
ABŞ-ın yeni Yaxın Şərq siyasəti gah bu, gah da digər ölkənin maraqlarına xidmət edir və ya toxunur. Məsələn, Suriyada quru əməliyyata başlamayan ABŞ Ankara və Ər-Riyad əleyhinə, Tehranın isə lehinə addım atdığı halda, başda Səudiyyə Ərəbistanı olmaqla koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı hava zərbələrinə göz yummaqla bu dəfə Tehranın əleyhinə siyasət yürüdür. Vaşinqtonun ikibaşlı siyasəti bu ölkələri özündən uzaqlaşdırmamaqla regionda onları zəiflətməyə hesablanıb.
ABŞ-ın Yaxın Şərqdə demokratiyanı yaymaq istəməsi iddiaları yalandan baqa bir şey deyil. 2010-cu ildə regionu “ərəb baharı” bürüyəndə ABŞ bunu dəstəkləmədi. Əksinə Misirin demokratik yolla seçilmiş Prezidenti Məhəmməd Mursi hərbi çevrilişlə devriləndə Ağ ev müşahidəçi rolunda qaldı.
ABŞ-ın əsas məqsədi regionun zəngin olduğu neft və qaz daxil olmaqla təbii resurslarına nəzarət etməkdir.