Çətin sənət

sosial
21-11-2019, 16:20 1210
Çətin sənət Cəmil Nemətovun 80 yaşına qardaş təbriki

Hər şeyin dadının, duzunun itdiyi bir vaxtda, çox sevdiyim türk şairi Nazim Hikmət demişkən, “qocalığa alışıram, dünyanın ən çətin sənətinə”. Doğrudan da qocalıq bir sənətdir, gərək ona yiyələnəsən, vacibdir ki, bu sənətin incəliklərinə bələd olasan. Yəni, ilk növbədə özün-özünün həkimi olmağı bacarasan. Təbiblər, iynə-dərman sonra gəlir…
Dahilərdən hansısa necə də gözəl deyib: “Hamı çox yaşamaq istəyir, amma kimsə qocalmaq istəmir”. Bunu isə dəqiq bilirəm ki, alman filosofu Artur Şopenhauer deyib: “Gənclərin gözündə həyat – ucu-bucağı olmayan bir gələcəkdirsə, qocalara görə həyat – çox qısa bir keçmişdir”.

Qardaşım Cəmil Nemətovun noyabrın 22-də 80 yaşı tamam olur. Şəxsən indiki zəmanədə, yəni necə və nə cür qidalanmağımızın fərqində olmadığımız, informasiya texnologiyalarının tüğyan etdiyi bir dövrdə 80 yaşa gəlib çatmağın özünü mən az qala qəhrəmanlıq sayıram. Böyük qardaşıma sövq-təbii 100 həddini aşmağı və hər zaman isti ocağının başında olmağı arzulayıram. Ancaq gəlin razılaşaq ki, Cəmil Nemətov bir ziyalı ömrü yaşayır, ətrafda baş verənlərə biganə qalmır, bütün məsələlərə öz şəxsi prizmasından baxmağı var və s.
Qardaşım olduğu üçün demirəm: dönüb keçmiş illərə baxanda Cəmil Nemətovun yekə bir qürrələnmək haqqı var. Özündə yüksək əxlaqi dəyərlər daşımağı bacaran bu adam həmişə elin-obanın içində olub, bir çox masallıların əsl məsləhətçisi rolunda çıxış edib. Bu, vəzifədə olanda da (sovet dövründə) müstəqillik illərində də belə olub. Üstəlik ən ağır vaxtlarda belə təmkinini pozmayıb, müdriklik nümunəsi göstərib. İmkanlı vaxtlarında da, həyatın məşəqqətli günlərində də Cəmil Nemətovda hansısa fərqin olduğunu sezmək mümkünsüz idi.
Bir dəfə görkəmli yazıçı Mir Cəlal barədə yazı oxuyanda, onun belə bir sitatına rast gəldim: “Mənim ən yaxşı əsərim öz ailəmdir” (səhv etmirəmsə, Cəmil Nemətov o vaxtkı Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyanda, Mir Cəlal da ona və digər tələbələrə dərs demişdi). Zənnimcə, yazıçı bu sözü əbəs yerə işlətməmişdi və bunu başa düşmək üçün filosof olmağa da lüzum yoxdur.
Filosof demişkən: İndi iynə atsan, gedib fəlsəfə doktorlarına dəyir (əlbəttə, aralarında əsl elm adamları da var). Az qala yerindən duran filan sahə üzrə fəlsəə doktorudur. Demək istəyirəm ki, fəlsəfə sözü çox uzuclaşıb, az qala əsl mahiyyətini itirib. Hələ futbolda belə bir söz də işlənir: “Filan məşqçinin oyun fəlsəfəsinə görə…”. Heç demə, məşqçilərin hamısı filosof imiş… Bu dəm məni köhnə fikirlilikdə qınayanların olacağını istisna etmirəm.
Deyəsən, mətləbdən uzaqlaşdım. Demək istədiyim o idi ki, Cəmil Nemətov Masallıda bu günə qədər də nümunəvi ailə başçısı sayılır. Çünki bizə yüksək əxlaqi dəyərləri atamız – Masallıda mətbuatın bünövrəsini qoyan və uzun illər ona qüsursuz xidmət edən Nemət Nemətov aşılayıb. Mən qürurla deyə bilərəm ki, keçmiş adamlar Nemət Nemətovun necə prinsipial, doğru-dürüst bir insan olduğunu bu gün də ehtiramla xatırlayırlar.
Cəmil Nemətov gəncliyində çox yaradıcı bir adam olub. Zamanında boksla, fotoqrafiya ilə, rəssamlıqla məşğul olub. Yadımdadır, Leninqradda (indikit Sankt-Peterburq) üç illik hərbi xidməti zamanı onun hansısa əl işi müsabiqədə mükafata layiq yer tutduğu üçün növbədənkənar 10 günlük məzuniyyət almışdı. Onun maraqlı hekayələrini (məsələn, “Baş üstə”ni və s.), yerli qəzetdə dərc olunan publisistik yazılarını yaxşı xatırlayıram. Təsadüfi deyil ki, Azərbaycanın gözəl şairlərindən biri Məmməd Kazım yerli radiodan gedəndən sonra (o vaxt Bakıya köçmüşdü) yerini məhz Cəmil Nemətova təhvil vermişdi. Tərif olmasın, Cəmil həmin radioya sanki ikinci nəfəs gətirdi. Hətta bəzi ilklərə də imza atdı. Zahir Əmənov, Mahir Nuriyev kimi fəal və istedadlı gəncləri işə götürdü, onların gələcək karyeralarının bünövrəsini qoydu. Elə mənim özümün də jurnalist kimi yetişməyimdə qardaşımın dolayısı ilə də olsa, böyük rolu olub.
İndiyə baxmayın, o illərdə senzura Domokl qılıncı kimi hamının başı üzərindən asılmışdı. Cəmil Nemətov isə yerli radionun başına keçəndən sonra dinləyicilər bir çox yeniliklərin şahidi oldu. hər axşam saat 1900-da Masallıda elə bir ailə olmazdı ki, “beş manatlıq radio”da (radio cihazı o vaxt 5 manata idi) Cəmil Nemətovun hazırladığı verilişlərə qulaq asmasın. O illərin adamları yaxşı xatırlayır: Cəmil Nemətov o dövr üçün çox çətin bir proses olan və yerli stadiondan birbaşa canlı olaraq futbol reportajı aparmağa nail olmuşdu. İnanın, respublikada həmin illərin ən yaxşı futbol şərhçisi sayılan Valid Sənani səviyyəsində, bəlkə də daha artıq! Yeri gəlmişkən, mən həmin günü indiyədək xatırlayıram. Səhv etmirəmsə, onda Masallı-İmişli matçı keçirilirdi və çox maraqlı oyunda biz 5:2 hesabı ilə qalib gəldik. Dövrünün yaxşı musiqiçisi və futbolçusu olan Nizami Mirzəyev (o, həm də qonşumuz idi, sonralar uzun illər Azərbaycanın korifey sənətkarı, xalq artisti Zeynəb Xanlarovanın ansamblında çıxış etdi) həmin oyunda əsl istedad sahibi olduğunu bir daha sübut etdi, onu hətta “Neftçi”yə dəvət etdilər, ancaq nəyə görəsə bu alınmadı…
Mən qardaşım haqqında bir kitab səviyyəsində söhbət aça bilərəm. Xatirələr və demək istədiklərim o qədər çoxdur ki, bütün bunları yığıb-yığışdırmaq çox çətin məsələdir. Amma onun prinsipial, sözü yerində deyən bir adam olduğunu hökmən vurğulamalıyam. Görünür, bu cəhət genetik kodun əlamətidir. Kiçik bir misal çəkmək istərdim.
Günlərin bir günü raykomun 1-ci katibi Ələddin Həsənov Cəmil Nemətovu hansı məsələ ilə əlaqədar qəbul edir. Qardaşım onda bir neçə rayonu birləşdirən iri tikinti trestində həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işləyirdi. Və deyim ki, o vaxt anonim məktub yazmaq adi hala çevrilmişdi. Kim kimdən gəldi, haqlı-haqsız döşəyirdi (sonralar anonim məktublara baxılması dayandırıldı).
Xülasə, söhbət zamanı “yoldaş Həsənov” ərz edir ki, Cəmil Nemətov, səndən yaman yazırlar… O isə təmkinini pozmadan belə deyir:
- Yoldaş Həsənov, məndən çox sizdən yazırlar. Əgər məndən yazanlar haqlıdılarsa, o məntiqlə sizdən yazanlar da haqlıdır?
“Yoldaş Həsənov” belə bir məntiqin qarşısında aciz qalır və gülümsünərək deyir:
- Yaxşı, keçək başqa məsələyə…
Mən söhbətimin bu yerində bir daha Cəmil Nemətovun gözəl ailə başçısı olduğunu xüsusi olaraq vurğulamaq istəyirəm. 4 övlad atası (iki oğlan, iki qız) və 4 nəvənin babasıdır. Son söhbətimizdə xüsusi istedada malik və hazırda Bakının 91 saylı tam orta məktəbin 4-cü sinfində təhsil alan Manaf adlı nəvəsindən şövqlə danışdı. Allah hamısını saxlasın və gələcəkləri işıqlı olsun!
Qısaca iki məsələyə də toxunum. Diqqət yetirmişəm: Cəmil Nemətovun həmişə yaxşı dostları olub. Onlardan rəhmətə gedənləri də, sağ qalanları da var. Amma bizlərdən bəzilərimizin dostlarımızdan gileyləndiyimiz hallar da az olmur. Cəmil Nemətov isə dostluqda “stabil münasibətlər” saxlamağı bacarır. Çünki o, “otur-durda” həmişə təmənnasızdır.
İkinci məsələ həyat yoldaşı Mahirə xanımla bağlıdır. Düşünürəm ki, qardaşımın bu yaşa gəlib çatmasında onun böyük rolu olub. Mahirə xanım çoxlarından fərqli olaraq ərinə iddialar irəli sürməyib, nə varsa, ona qane olub. Özünü həmişə təmkinli aparıb.
Təmkinli demişkən: bilmirəm Cəmil Nemətov təmkinli olmağı Mahirə xanımdan öyrənib, yoxsa əksinə?..
Mən hazırda dünyanın ən çətin sənətinə – qocalığa alışıram. Cəmil Nemətov isə artıq qocalıqla çoxdan dostluq edir. Bu, hər kəsə müyəssər olmur axı… Görünür, qardaşım bu dostluğunda da təmənnasız olduğu üçün işləri yoluna qoya bilir. Deməli, Cəmil Nemətovdan çox şeylər öyrənmək olar!
Əziz qardaşım, 80 yaşın mübarək! Əminəm ki, belə “kruqlu data”larla hələ bizləri çox sevindirəcəksən.
P.S. Bu təbrikə ailə üzvlərim, o cümlədən Şirvandan gələn il öz 80 illiyini qeyd etməyə hazırlaşan Hacı Yaşar və səni tanıyan bütün qohumlar, həmçinin Zahir, Hökumə və Sədaqət də öz ailələri ilə qoşulurlar.

Hörmətlə: qocalığa alışmağa çalışan qardaşın Mahir Nemətoğlu

Çətin sənət