HEYDƏR ƏLİYEVİN SİYASİ İRSİNİN METODOLOJİ VƏ NƏZƏRİ PROBLEMLƏRİ – Siyasi inkişaf və inkişafın siyasəti

yazarlar
3-09-2015, 17:42 1407
HEYDƏR ƏLİYEVİN SİYASİ İRSİNİN METODOLOJİ VƏ NƏZƏRİ PROBLEMLƏRİ –   Siyasi inkişaf və inkişafın siyasəti

Siyasi inkişaf və siyasi modernizasiya maddi, həm də ideal obyektlərin fasiləsiz inkişaf edən, irəliyə doğru istiqamət götürən, əsasən tərəqqi ilə səciyyələnən zəmanə və şəraitə uyğun olaraq daimi keyfiyyətcə yeniləşməsidir. Buna həm də siyasi inkişaf amilinə uğurla edilən hərəkətlər və irəliyə doğru yol açan proseslər toplusudur desək, yanılmarıq. Sürətli inkişaf siyasi liderlərin rəhbərliyi ilə həyata keçirilir və hər zaman siyasi qurumların fəaliyyətinin müşayiəti ilə güclənir və formalaşır. Məlumdur ki, siyasi inkişaf dövründə siyasətin özünün də subyektlərinin biri-birinə olan münasibətində və əsasən də forma və məzmununda adi, həm də qanunauyğun hərəkət vəziyyətləri fərqli olaraq dəyişilir və inkişaf edir. Azərbaycan Respublikasının son illərdəki, daha doğrusu, ölkəmizin müstəqillik dövrünə qədəm qoyduğu zamandan üzü bəri müasir milli inkişaf siyasəti və onun əsas istiqamətləri, tələbləri, xarakteristikası məhz siyasi inkişafın tərəqqi reysləri üzərində qurulmuş və hərəkət etməkdədir. Milli inkişaf strategiyası cəmiyyətimizdə ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi kimi xarakterizə olunur. Əsasən 1993 və 2003-cü illər dövründə Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövr milli inkişaf strategiyasının yaranması, və milli özünü təsdiq məqsədilə yaradıilmış milli ideya, yəni milli-mənəvi dəyərlər sisteminin inkişaf etməsi dövrü adlandırmaq olar. Milli inkişafın və başqa strateji vəzifələrin bütün istiqamətlər boyunca elmi tədqiqini və onların əsaslandırılmasının bütün xüsusiyyətlərinin araşdırılması və öyrənilməsi ölkənin milli elmi siyasi inkişaf strategiyasının əsasını təşkil edir. Və bura təhlükəsizlik konsepsiyasını da əlavə etsək, yanılmarıq. Ən baslıcası isə milli təhlükəsizlik sisteminə siyasi, iqtisadi, sosial, hərbi mədəni, bilgi, ekoloji və s. daxil edilməklə milli inkişaf və təhlükəsizlik mühitinin əsasən də siyasi təhlükəsizlik iqliminin əsas xüsusiyyətləri müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik, həm də hərbi strateji sərhəd təhlükəsizliyinin habelə siyasi informasiya, inkişafın əsas tələblərinin öyrənilməsi və həyatda taktikasının genişlənməsinə hesablanmalıdır. Əslində Azərbaycan Respublikasının siyasi təhlükəsizlik muhitinin yaranması və formalaşması Heydər Əliyevin siyasi, dolğun cox istiqamətli dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Siyasi təhlükəsizlik strategiyasının əsasında dövlətin milli maraqlarının təmin edilməsi və daim qorunması durur. Bunun mahiyyətini isə ərazi bütövlüyünün bərqərar olunması və qorunması, onun beynəlxaq səviyyədə tanınmış, qəbul olunmuş sərhədlərinin toxunulmazlığını təmin edilməsi təşkil edir. Beləliklə, “ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin təmin olunması hər bir ölkədə ilk növbədə xüsusi xidmət orqanlarının səmərəli fəaliyyətinin ölçüsü olmaqla yanaşı, həm də bütövlükdə dövlət hakimiyyətinin apardığı daxili və xarici siyasətin ölkə vətəndaşları tərəfindən dəstəklənməsi səviyyəsinin, ölkənin nüfuzlu ictimai-siyasi institutlarının hakimiyyətə münasibətinin göstəricisi hesab olunur”. (Tarix elmləri doktoru, professor Əli Həsənov. “Azərbaycanın geosiyasəti”, “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı-2015, səh.947).
Bu mənali mahiyyətə varsaq və belə ictimai-siyasi-sosial-etnik təhlükəsizlik Azərbaycan cəmiyyətinin siyasi sisteminin, dayanıqlı sabitliyinin və uğurlu inkişafının təmin olunması prosesinə müsbət təsirinin bir daha şahidi olariq.
Heydər Əliyevin ideologiyasında Azərbaycan xalqının mədəni-tarixi irsinin milli-mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərə inteqrasiya etməsi doğma dilin, milli özünüdərkin, vətənpərvərliyin, milli qürur hissinin, bütün bunlarla bərabər intellektual potensialın zənginləşməsi, inkişaf etməsi daxildir. Siyasi təhlükəsizlik Azərbaycan Respublikası milli inkişaf siyasətinin formalaşması, əsas istiqamətləri və xarakterik xüsusiyyətləri müstəqilliyimizdən bəhrələnib gələn milli inkişaf və dövlət quruculuğu prosesi ilə bilavasitə bağlı vacib məsələdir. Ümummilli lider Heydər Əliyevin müstəqillik tariximizin yaradılmasında, siyasi inkişafında və inkişafımızın siyasətində möhtəşəm ideologiyası danılmazdır. Siyasi tədqiqatçıların fikrincə, siyasi inkişafa nail olmaq üçün siyasi hərəkatların sürəti, tələbat və maraqları əsas götürülür. Siyasi subyektlər siyasi inkişaf zamanı bir-birinin münasibətlərində, vəzifə öhdəlikləri və səlahiyyətləri ilə tənzimlənir və müəyyənləşdirilir. Bu münasibətlərin çərçivəsi, tərzi-həqqi bu öhdəliklərin müəyyən olunması ilə inkişaf edir və siyasi subyektlərdən tələb olunur ki, öz vəzifə və üzərinə düşən tapşırıqları operativ şəkildə icra etsinlər və qısa zaman ərzində çoxlu sayda siyasi gedişlərlə siyasi inkişafa nail olsunlar. Yeni-yeni fəaliyyət və hərəkət istiqamətlərinin dövrə, müasir zamana və həm də ən əsası yaranmış və mövcud şəraitə uyğun olaraq dövr etməsini özündə təcəssüm etdirən prosessual bir vəziyyət siyasi inkişafın ana xətti kimi qəbul edilir. Ümumiyyətlə, siyasi inkişaf prosesləri əsasən fəaliyyət, fəallıq və bir də məkan, zaman çərçivəsində bir növ bütövləşir, struktur mahiyyəti ilə yeni məzmun və forma yaradır və bundan da səbəb və nəticə əldə edilir. Müstəqil Azərbaycanın bu sahədə əldə etdiyi ilk nailiyyətlər məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanılmışdır. Həmin dövr üçün millətin vahid milli siyasi ideyasının və möhkəm iradəsinin fəal daşıyıcısı rolunu özündə əks etdirən insanları səfərbər edərək bir məqsəd, bir amal uğrunda birləşdirmək qabiliyyətini həyata keçirən Ümummilli liderimizin həmişəyaşar qələbəsi idi. Siyasətin inkişafı və ümumiyyətlə inkişafın siyasəti demək olar ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin yeni milli inkişafının uzunömürlü mərhələsi başladı. Həm də ilkin uğurlu mərhələsi! Azərbaycanın milli inkişaf mərhələsini qarşıda ilk ilıq, isti ictimai-siyasi şəfəqlərinin dan uzu kimi yarandığı həmin vaxtda, - 1994-1995-ci illərdə sosial-iqtisadi və mədəni-mənəvi inkişafın güclü təməlləri qoyuldu, daxili və xarici siyasətinin aydın məqsədi və ümdə vəzifələri, bundan başqa, prinsip və xüsusiyyətlərinin əsas aparıcı istiqamətləri və prioritetləri aydın şəkildə müəyyən edildi. Müstəqil Azərbaycan dövlətinin siyasi inkişafı təşəkkül tapdığı dövrdən inkişafın siyasəti paralel inkişaf konsepsiyasına doğru irəliləməyə başladı. Heydər Əliyevin milli inkişaf siyasətinin və siyasi inkişafa söykənən sinergetik konsepsiyasının xarakterik əlamətlərindən ən başlıcası onun milli resurslara, maddi və mədəni sərvətlərə ölkənin ümumi iqtisadi inkişafına yönəltmək praktikası idi. Bir fakt olaraq göstərmək olar ki, 1994-cü ildə dünyanın aparıcı və tanınmış ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan bölgəsindəki neft və qaz resurslarının birgə və şərikli işlənməsi və təhlükəsiz, sərbəst yollarla dünya bazarlarına ötürülməsini rəsmiləşdirən əsrin müqaviləsi tarixi reallığa çevrildi. Bu milli inkişaf siyasətinin əsasında siyasi inkişaf proseslərinə qol-qanad verən fəaliyyət proqramı, habelə, məkan və zaman, struktur, mahiyyət və təzahür, məzmun, forma, nəhayət, səbəb və nəticə idi. Siyasi inkişaf başqa sahələr üzrə inkişaf vəziyyətlərindən meydana gələn, ümumiyyətlə, hərtərəfli təsirə malikdir. Siyasi inkişaf həm də təbii şəkildə dövlət hakimiyyətinin güclənməsinə əsaslı zəmin yaradır, əsasən həm daxildə, həm də beynəlxalq münasibətlərdə öz inkişafını genişləndirir və həyat elementlərinə çevirir. Respublikamızda əldə edilən qarşılıqlı siyasi proseslərdən gələn bu siyasi vəziyyət iqtisadi inkişafın təməl daşlarına çevrilmiş, siyasi vəziyyət inkişaf etdikcə ölkənin bütün strukturlarında sosial inkişaf, iqtisadi inkişaf, elmi-mədəni tərəqqi və s. sahələrdə özünü göstərmişdir. Ardıcıllıq naminə onu da qeyd etməliyik ki, siyasi inkişafın təməl daşlarından biri də 1995-ci ildə demokratik normaları özündə bütünlüklə əks etdirən yeni müasir konstitusiyanın qəbul olunması, çoxpartiyalı sistemin bərqərar olunması və bütün bunların möhkəm təməlləri üzərində ilk parlament seçkilərinin keçirilməsi demokratik parlamentin yaranmasına səbəb oldu.
1995-ci ildə ölkədə hüquqi dövlətin bütün göstəriciləri, nişanları, atributları müəyyən edilməklə demokratik hüquqi, dünyəvi unitar respublika elan etməklə mətbuat və informasiya üzərindən bütün dövlət nəzarətinin götürülməsi, senzuranın bütünlüklə ləğvi, milli-siyasi inkişafı bir daha yeni üfüqlərə qaldırdı, bununla bərabər, ölkəmizin dünyadakı demokratik imici formalaşmağa başladı. Siyasi tədqiqatçıların fikrincə, siyasi fəaliyyət bir şəxsin, bir qrupun, habelə, mövcud bir sistemin hakimiyyət və tabeçilik münasibətlərinə şüurlu, mənalı, dərin müdaxiləsi sayılır. Həmin fəaliyyət siyasi sistemi müxtəlif qrupların mövcud maraqlarını ifadə edən və nəzərdə tutulan müəyyən məqsədlərə nail olmaq üçün bir vasitə sayılır. Siyasətin bu və ya digər istiqamətə yön almasında gərəkli, əhəmiyyətli yenilik ruhunda yoğrulmuş ideyalar mövcud olsa da, siyasət hər şeydən əvvəl bir fəaliyyət, daha dəqiq desək, hərəkat olaraq mövcud olur. Bu hərəkat siyasətdə birinci növbədə kollektiv hərəkat da adlanır. Yeni Azərbaycan Partiyası (YAP) Ümummilli lider Heydər Əliyevin yaratdığı bir siyasi hərəkat kimi bu illərdə daha da güclənərək müasir Azərbaycan dövlətinin qurucusu kimi Heydər Əliyevin nəzəri-siyasi irsi müstəqil Azərbaycan dövlətinin əsasları və milli inkişaf haqqında zəngin mənbəşünaslıq bazası kimi bitkin mütəşəkkil siyasi qurum olaraq cəmiyyətin bütün təbəqələrində özünə möhkəm yer tutdu. Bu təlimin əsas və uzaqgörən tezisləri hələ 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in ünvanına göndərilmiş müraciətdə deyilirdi: “Azərbaycan artıq beş ildir ki, Ermənistanla müharibə edir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağıdılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Azərbaycana misli görünməmiş, hədsiz maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin sonu hələ də görünmür. Bir il bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi strategiyası yoxdur”. (Heydər Əliyev. “Yeni Müstəqil Azərbaycan uğrunda”. Yeni Azərbaycan Partiyası. 3 saylı Bakı kitab mətbəəsi, Bakı, 1992. səh.20).
Hələ o zaman uzaqgörən siyasət xadimi Qarabağ probleminin həlli üçün o vaxtkı respublika rəhbərini səfərbər olmağa çağırır, həyəcan təbili çalırdı. Sonra isə Ümummilli lider Heydər Əliyev Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşdə (3 iyul 1997-ci ildə) demişdir: “Təəssüf ki, erməni tərəfi Dağlıq Qarabağa göz dikib və ona müstəqillik statusu verilməsini təklif edir. Bu, Azərbaycan üçün mümkün deyildir. Yeri gəlmişkən, bu, Rusiya üçün də, dünya birliyi üçün də mümkün deyildir. Dünyada belə problemlər çoxdur. Bu, 1975-ci il Helsinki aktına ziddir. Bu, BMT nizamnaməsinin prinsiplərinə ziddir”. (Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir” Bakı, “Azərnəşr” 2002. səh.269).
Ümumilli liderin çoxmillətli dövlətimizdə və onun ərazisində yaşayan millətlərə, xalqlara, tayfalara münasibətini tənzimləyən milli siyasətində torpağımızın və ərazimizin bütövlüyü, toxunulmazlığı həmişə birinci yerlərdən birini tuturdu. Məlumdur ki, Heydər Əliyevin bu siyasəti bütün insan birliklərinin həyatının təkamül yolu ilə inkişafını, onlara bərabər şəraitin yaradılmasını və ən əsası da millətlərarası problemlərin demokratik sülh yolu ilə həlli mexanizmlərinin formalaşmasından irəli gəlirdi. Və həm də bu milli siyasətdə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, əsasən də, insanın, cəmiyyətin və mənafelərin daxili və xarici təhdidlərindən qorunmasının təmin edilməsində milli təhlükəsizlik prinsipləri irəli çəkilirdi. Siyasi inkişaf proseslərində milli təhlükəsizliyin obyektləri əsasən insan, vətən və onların hüquq və azadlıqları demokratik cəmiyyətin isə maddi və mənəvi dəyərləri, dövlətin isə müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü həmişə fəal gündəmdə idi. Beləliklə, siyasi hərəkatları, siyasi fəaliyyəti ümumi və konkret vəziyyətlərə ayırmaq, habelə, siyasi fəaliyyətin təşkil edilməsi, eləcə də, dövlət hakimiyyəti təchizatlarının ümdə siyasəti, həm də ümumi fəaliyyəti əslində ümumi siyasi hərəkat fəaliyyət kimi önə çəkilir. Əslində ümumi siyasi fəaliyyətin tərkibi, eləcə də, tədqiqi siyasi dairələrin və ictimai və siyasi obyektlərin, konkret hadisələrin, faktların obyektlərindən onların sahələrindən qaynaqlandığı məlumdur. Və buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, konkret siyasi hadisələrin obyekt və subyektlərin siyasi fəaliyyət vəziyyətində olaraq ümumi siyasi fəaliyyətləri formalaşdırır, dövlətin ümumi siyasi qanunvericilik siyasətilə ayrı-ayrı sahələrdə hüquq normalarının təşəkkülünü zəruriləşdirir. Məhz bu baxımdan siyasi inkişaf və inkişafın siyasəti fəaliyyət tərkibinə və istiqamətlərə görə konkret tərkib və ideyalar toplusundan ibarətdir. Heydər Əliyev məhz bu sahədə və o zamankı mövcud şəraitdə etnik mənsubiyyəti xüsusi qabartmaqdan birləşdirici Azərbaycançılıq ideyasının – ümumvətəndaşlıq, Azərbaycana mənsubluq, başlıcası isə vətənə bağlılıq, doğma dilə və doğma mədəniyyətə məhəbbətin dövlətin sevinci və kədəri, milli-mənəvi dəyərləri ilə yaşamaq konsepsiyasında milli inkişaf siyasətimizin yenilməz ideoloji dayaqlarını ortaya qoydu. Bu mənada beynəlxaq dünyada baş verən hadisələr müasir aləmin hərəkətdə olan siyasəti qloballaşan transmilliləşən dünyanın inkişaf və tərəqqi meyllərini əsas tutulurdu. Heydər Əliyev əsasən bu muasir, həm də tarixi reallıqları araşdıraraq həm azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər səviyyəsində inkişaf etdirir, həm də milli dövlət quruculuğu sahəsində xarici təsirləri də milli ideologiya filtirindən kecirməklə gündəmə gətirirdi. Məhz Heydər Əliyev azərbaycançılıq ideologiyası etnogenezmin personalist konsepsiyasının siyasi üfüqlərində pərvazlanaraq mustəqim mənada yeni Azərbaycan cəmiyyətinin ziyalılıq və siyasi kubarlılıq meydana gətirdi. Etnogenezliyə böyük şəxsiyyətin – Heydər Əliyevin personalizm mövqeyindən nəzər salması bu cərəyanın Azərbaycan siyasətsunaslıq elmində özünə möhkəm mövqe və daimi təqqiq eliləcək bir elmi mənbə kimi yer tutmasına munbit şərait yaratdı. Siyasi tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, Heydər Əiyev Azərbaycançılıq idelogiyasını gündəmə gətirərək reallaşdırdı və ölkəmizin siyasi inkişaf mərhələsində yeni siyasi fəlsəfənin ilk bünovrəsini qurdu. Yeniləşən siyasi inkisaf səraitində siyasi fəallığı zəruriləşdirən və şərtləndirən əsas amilləri Azərbaycan xalqı və Azərbaycanlı anlayışlarını qüdrətləndirdi, xalqımıizin heç bir xalqa əlavə olmadığını özü özlüyündə bütöv bir xalq olduğunu ən əsası isə dilinin müstəqilliyinin heç bir xalqın dilinə şivə olmadığını bir daha gerçəkləşdirdi!! Millət və dövlət anlayışları möhkəmləndi. “Heydər Əliyev daxili siyasətində vətəndaşların vahid amal və məqsəd ətrafında birləşdirilməsi istiqamətində addımlarını etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə ustalıqla və mükəmməl formada keçirərək respublikanın əsas vətəndaşları olan türk kökənli çoxluqla digər milli azlıqların, etnik qrupların birliyinə nail ola bildi”. ( Tarix elmləri doktoru, professor Əli Həsənov. “Azərbaycanın geosiyasəti”, “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı-2015, səh.103.).
Bu nailiyyətin əsasında Azərbaycanda yaşayan bütün vətəndaşların milli birlik platforması əsas götürülür. Bu milli birlik platformasının əsasında isə milli ideologiyanın tezisləri və reallıqları dayanır. Professor Əli Həsənovun təbirincə desək, “Heydər Əliyevin milli inkişaf siyasətinin əsas xarakterik xüsusiyyətlərindən biri Azərbaycanda daxili inkişafın təkamül yolunun seçilməsi, bütün sahələrdə - hüquqi dövlət quruculuğu bazar iqtisadiyyatına, çox mülkiyyətçiliyə və azad rəqabətə keçid, demokratiya və siyasi prüalizmin yaradılmasında inqilabi yaranışdan qaçması və təkamül prinspini tədqiq etməsi idi” (Əli Həsənov. “Azərbaycanın geosiyasəti”, “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı, 2015. səh.106).
Milli siyasi inkişaf və milli siyasətin inkişafı fonunda dövlətin milli varlığını – dilini, tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini, ən əsası milli-mənəvi özünəməxsusluğunu yaşadan, elmi səviyyədə araşdıran, tədqiqat və təhlil obyektinə çevirən dövrün tələbləri səviyyəsində inkişafına təkamül verən Azərbaycan dövlətçilik ideologiyası öz obyektiv və düzgün məcrasında inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan Respublikasının konstitusiya baza hüquq norması olaraq əsasən bu sahələr üzrə qanunvericilik normalarının daimi fəaliyyətdə olması bir növ təkanvericilik funksiyasını yerinə yetirir və əsasən siyasi inkişaf zamanı bir-birini əvəzləyən, bir-birinin ardınca həyata keçirilən şəraitləri təmin etmək üçün həmin normaların işlənməsi, zəruri əsas amil kimi siyasi inkişaf platformasında gündən-günə fəallaşması zamanın tələbi kimi meydana çıxır və siyasi yeniliklər meydanına doğru irəliləyir. Müsbət siyasi yeniliklər siyasi inkişafin əsasi kimi konkret olaraq qarşılıqlı siyasi munasibətləri yoluna qoyur, hadisələrin forma və məzmununu fəaliyyətini yekunlayir nəticəsini açıqlayır. Bu baxımdan Heydər Əliyevin siyasi irsini tədqiq edərkən zəngin daxili siyasətinin uğurlu davamı olaraq onun xarici siyasəti də önəmli yerlərdən birini tutur.
Beynəlxalq münasibətlərin qurulması və tənzimlənməsində vacib və önəmli rol oynayan, demokratik fəaliyyətin aparıcı istiqamətlərindən biri sayılan ikitərəfli danışıqlar xətti ilə diplomatik bir sistem halında təzahür edən və müasir dövrdə daha geniş vüsət almalı olan beynəlxalq münasibətlərin siyasi inkişafında Heydər Əliyevin diplomatik gedişləri bu proseslərə təkan verən əsas amil kimi qeyd olunmalıdır. Bundan başqa, beynəlxalq həyatın qlobal ümumbəşəri problemlərlə zənginləşməsi ərazi və digər iddialar ucbatından patent halında olan münaqişələrin baş qaldırması, habelə, sosial-iqtisadi sahələrdə əməkdaşlıq etmək kimi məsələlərin həlli, tənzimlənməsi, müntəzəm uğurlu əməkdaşlıq etmək kimi diplomatik fəaliyyətdə Heydər Əliyevin fəaliyyəti beynəlxalq münasibətlərin mahiyyətində mühüm rol oynadı. Ümummilli lider hakimiyyətdə olduğu on il ərzində həyata keçirdiyi xarici ölkələrə çoxsaylı həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə başlıca olaraq aşağıda qeyd etdiyimiz məqsədləri əsas iş fəaliyyəti kimi həyata keçirib. Səfər etdiyi ölkələrin dövlət başçıları ilə şəxsi əlaqələr yaradır, hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına nail olur, əsasən ölkələr və xalqlar arasında mehriban dostluq münasibətlərinin formalaşmasına normativ hüquqi bazanın yaranmasına, ən önəmlisi isə məqsədli müxtəlif diplomatik sənədlərin imzalanmasına nail olurdu. Və çox zaman əlaqələrin inkişafına və formalaşmasına mane ola biləcək maneələri aradan qaldırır, rəsmi səfərlərdə olduğu ölkələrin ictimaiyyətinə dolğun və obyektiv məlumat verərək Ermənistanın ölkəmizə hərbi təcavüzünü və onların işğalçılıq məqsəd və niyyətlərini işfa edirdi. Heydər Əliyevin diplomatik məharəti görkəmli şəxsiyyətin rəsmi və qeyri-rəsmi görüşlərdə yüksək səviyyədə gördüyü işlər və onun möhtəşəm nitq qabiliyyəti danışıq zamanı məntiqi ardıcıllıqla təmkin və insanları ələ almaq məharətilə etdiyi danışıqlar həmişə hamının diqqət mərkəzində olub. Bu görüşlərdə əsasən “Heydər Əliyev milli vətəndaşlıq birliyini hərtərəfli inkişaf etmiş iradəli və əzmkar vətəndaş idealı çox bacarıqla və ustalıqla ümumazərbaycançılıq ideyası ilə başlayaraq həmişə vahid amala doğru yönəltməyi bacarırdı”. ( Tarix elmləri doktoru, professor Əli Həsənov. “Azərbaycanın geosiyasəti”, “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı-2015, səh.119.).
Mövzumuzun sərlövhəsinə və yarımbaşlığına sadiq qalaraq Azərbaycan Respublikasında siyasi inkişafın və inkişafın siyasətinə rəğmən ölkəmizdə həyata keçirilən balanslı xarici siyasət və tarazlı daxili inkişaf siyasətində Heydər Əliyevin milli inkişaf siyasətində yaratdığı dövlət quruculuğunun əsas istiqamətlərindən biri olan xarici siyasətin inkişafı haqqında yazımızı davam etdiririk. Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinin uğurlu təməli məhz Heydər Əliyevin Azərbaycan diplomatiyasının formalaşdığı dövrə təsadüf edir. XX əsrin sonu XXI əsrin əvvəllərində beynəlxalq ictimai-siyasi həyatda ciddi və tarixi əhəmiyyətə malik olan hadisələrin baş verdiyi hamıya məlumdur. Bütün bunların fonunda dövlətimizin də dünya birliyinə inteqrasiya olması bu məsələlərin həlli və nizama salınmasında milli diplomatiyamızın praktik fəaliyyətində baş verən uğurlu hadisələrlə şərtlənir. Zəmanəmizin görkəmli dövlət xadimi, diplomatiya sahəsində zəngin təcrübəyə malik Heydər Əliyev dövlət müstəqilliyini hər hansı bir xarici təcavüzdən və daxili katalizmdən qorumaq, erməni təcavüzünə son qoymaqla ölkənin bütün ərazisi üzərində Azərbaycan Respublikasının yuristikasını bərpa etmək, qarşılıqlı faydalanma prinsipləri yolunda beynəlxalq ictimai-siyasi, iqtisadi əməkdaşlıq sisteminə bərabər hüquqlu bir üzv qismində qoşulmaq vəzifələrini qarşıya qoymuşdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın əsas təhlükəsizlik problemi kimi beynəlxalq, regional, yerli maraqlar və Azərbaycanın ərazi bütövlüyü məsələsi Ümummilli liderin xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Bütün bunların fonunda siyasi inkişaf zamanı siyasi fəaliyyətləri sürətləndirən və şərtləndirən əsas amillərin bazasında ilkin olaraq təlabat və maraq ünsürlərini qeyd etməliyik. Yeni siyasi vasitələrin yaranması və yaxud da mövcud sənədlərdə zəruri dəyişikliklər meydana gəlməsi inkişafın siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Bu mənada siyasi inkişaf zamanı subyektlər də öz rolunu oynayır. Hər bir siyasi şərait siyasi subyektlərdə geniş və uğurlu maraq doğurarsa, siyasi subyektlərdə yaranmış münbit şəraitlə siyasi əks-səda doğurur. Bu baxımdan siyasi inkişafın və inkişafın siyasətinin müstəqil Azərbaycanın siyasi arenasında demokratik xətlər boyunca daxili və xarici siyasətində toxunduğumuz bəzi amillərlə bağlı elmi şərhimizi beləcə yekunlaşdırmaq istəyirik.

HEYDƏR ƏLİYEVİN SİYASİ İRSİNİN METODOLOJİ VƏ NƏZƏRİ PROBLEMLƏRİ –   Siyasi inkişaf və inkişafın siyasəti






Tahir Məmmədov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
YAP “91-lər” hərəkatının üzvü,
Respublikanın əməkdar jurnalisti