Mayisə ƏSƏDULLAQIZI

yazarlar
7-05-2019, 16:47 8503
Mayisə ƏSƏDULLAQIZI
GƏTİRƏRMİ KÜLƏKLƏR

Çəmənlərin gülləri,
Bəlkə, verə ətrimi.
Daşdı payız selləri,
Danışımmı dərdimi?
O əlçatmaz yuxunu,
Yozmağa söz qalmayıb.
Aldadılmış duyğunu,
Deməyə üz qalmayıb.
Səni izləmiş kimi,
Dayanım yolun üstə,
Bir gecə mürgüləyim,
Oyanım qolun üstə.
Bilmirəm, bu həsrəti,
Yetirərmi küləklər?
Ayrılığa nifrəti,
İtirərmi küləklər?
Baxıb üfüqə sarı,
Səni səsləsəm əgər,
Sənsizlikdən bezməyib,
Yenə gözləsəm əgər,
Bu həsrətin yükünü,
Götürərmi küləklər?
Görəsən, səni mənə,
Gətirərmi küləklər?!


DÜŞÜNCƏLƏR
Tellərimi sevirəm,
Çünki bu tellərmə,
Əllərin sığal çəkib.
Gözlərimi sevirəm,
Çünki dərinliyinə,
Nakam həsrətin çöküb.
Baxışımı sevirəm,
Çünki, o gözlərinə,
Oğrun-oğrun baxmışam,
Alov kimi çaxmışam.
Aşiqlərin ürəyi,
Sevər, sevər, yorulmaz.
Toy-büsatdı diləyi,
Özgə qəlbə vurulmaz.
İllər pusquda durub,
Bəlkə, səni sınayar.
Məni unutsan, əgər,
Ürək sınar, qanayar....