VAHİD BƏŞƏRİYYƏTİN PEYĞƏMBƏRİ – RABİNDRANAT TAQOR

medeniyyet
7-05-2019, 11:31 1692
Mən həqiqi hind mədəniyyətinə müraciət edirəm... Bizim əjdadlar böyük ağ xalça sərərək təmiz ürəklə onun üzərində bütün xalqları dostluq və sülh içində yanaşı əyləşməyə dəvət etmişdilər”.
R.Taqor VAHİD   BƏŞƏRİYYƏTİN  PEYĞƏMBƏRİ – RABİNDRANAT TAQOR

Müasiri olduğumuz tarixi dönəmdə tənqidi düşünən insanlar məcburi populyarlaşdırılan Qərb dəyərlərinin mütləq şərt daşımadığını vurğulayaraq diqqətlərini Şərq mədəniyyətinə və müdrikliyinə yönəldiblər. Bu baxımdan Hindistanın sistemli şəkilə salınan mənəvi dəyərlərinə maraq xüsusilə artıb. Hindistanda iki əsr ərzində Qərb təhsili alan, qərb dillərini bilən, dini-fəlsəfi ənənələri Qərb düşüncəsinə adaptasiya edən filosof və din xadimlərinin pleyadası yetişmişdir. XX əsrin əvvəlində bu qəbildən Hind mədəniyyətinin görkəmli nümayəndəsi şair, yazıçı, filosof Rabindranat Taqor idi. Dünya mədəniyyəti tarixində Taqor fenomeni modernizasiya proseslərinə cəlb olunan Hindistanda dövrün mürəkkəb və qeyri-trivial, başqa sözlə hind və qərb mənşəlli olanın universal və milli, dini və sekulyar, ənənəvi və innovasion başlanğıclarının sintezi kimi dərk oluna bilər.
XX əsrin əvvəlində Qərb dünyasına mənsub olmayan ədəbiyyat üzrə ilk Nobel mükafatçısı Rabindranat Taqor Hindistanın digər xalqlara yaxınlaşmasında və mədəniyyətlərin qarşılıqlı inkişafında əvəzsiz rol oynamışdır. Taqor vahid bəşəriyyətin peyğəmbəri missiyasını öz üzərinə götürmüşdür. Sivilizasiyalararası münasibətlərdə Hindistanın layiqli yerinin müəyyən edilməsi Taqorun həyat fəaliyyətinin əsas məqsədi kimi təyin edilmişdir. XX əsr Hindistan üçün Taqorun xidmətləri sahəsində ingilis dilində “modernity” kimi səslənən modernizasiya proseslərinə qoşulması ilə əlamətdar oldu.
Rabindranat Taqorun kulturoloji fikirləri müəyyən Qərb ideyaları ilə ənənəvi Hind mədəniyyətindən ilhamlanan özünəməxsus dünyagörüşün sintezidir. Onun fəlsəfi irsinin mərkəzi mövzusunu dünyagörüşləri prinsipial şəkildə fərqlənən ənənəvi Şərq və Qərb texnogen paradiqmaların sintez imkanlarının aşkarlanması təşkil edir.
Dj. Neru “Hindistanın kəşfi” əsərində yazırdı: “Taqor hindlilər içərisində hamıdan çox Şərq və Qərb ideallarının ahəngdar birləşdirilməsinə nail olan və hind millətçiliyinin əsaslarını genişləndirən şəxs idi... O, digər ölkələrə Hindistanın onlara verə biləcəyi hər nə varsa yaya bildi və Hindistana isə dünyanın onun öz xalqına verə biləcəyini gətirə bildi.” (1, 366)
Məlumdur ki, hər bir mədəniyyət, o cümlədən də hind mədəniyyəti, bütöv sosio-mədəni fenomendir. Mədəniyyətin digər bir funksiyası da bu bütövlüyü qoruyub saxlamaqdır. Taqor haqlı olaraq yazırdı: “Millət öz əqlinin çırağında yanan odu qorumalıdır ki, digər millətlərlə birgə dünyanı nurlandıra bilsin. Çırağı sınan xalq dünya şənliyində haqqı olan yerindən məhkum olur. Ağıl çırağı olmayan insan bədbəxtdir, lakin ağıl işığına sahib olub, lakin əlindən çırağı alınan və ya onu unudan insan min qat bədbəxtdir”.(2)
Həmin funksiyanın reallaşdırılması birinci növbədə ənənə və təcrübənin ötürülməsini ehtiva edir. Bu isə konkret mədəniyyətə yad mədəni modelin aşılanması şəraitində mümkün deyil. Müasiri olduğu siyasi-tarixi şəaitdə mədəni müstəqilliyə çağırış edən Taqor yad və qərb mənşəlli təsirlər qarşısında boyun əyənlərə tənqidi münasibət bəsləyirdi. Yad mədəniyyətə qibtə edib öz mədəniyyətinə dəyər verməyənləri Taqor “xalhın zibil səbətindən cır-cındır yığanlar”a bənzədirdi. (3,176) Milli mədəniyyətə etinadsız yanaşmanın və ya bu yöndə “mədəniyyətlərin qarşılıqlı təsirinin” qorxunc fəsadlarını proqnozlaşdıran R.Taqor bunu “mədəni süiqəsdə aparan yol” hesab edirdi.(4)
Taqor nə avropasentrizmin, nə də ki asiyasentrizmin, qızğın tərəfdarı deyildi. O, azad Hindistana Şərqin və Qərbin ən uğurlu ideyalarının gətirilməsi fikrini müdafiə edirdi. Mədəniyyətlərin sintezini tərəqqi yolu ilə inkişafın başlıca göstəricisi hesab edən Taqorun “birlik fəlsəfəsinin” mərkəzi ideyasına görə, “özünütəcrid edən mədəniyyət zamanın ruhu ilə barışa bilməyərək konfliktə girmiş olacaq. Bu inkişafa can atdığı yeni epoxanın qacılmaz şərtidir... müasirliyin maksimal tələbidir.”. (5, 150) Taqor hesab edirdi ki, Hindistan digər Şərq ölkələri kimi Qərblə təmasdan qacmamalı. O, etiraf edirdi ki, Hindistanın Qərbin maddi və mənəvi mədəniyyətindən öyrənəcəkləri vardır. (6,52) O, “Hind mədəniyyətinin mərkəzi” adlı məqaləsində yazırdı: “Unutmayaq ki, yaradıcı fəaliyyətin məhsulunun müstəsnalılığı barədə təlimlər artıq köhnəlib, seçilmiş bir millətin xüsusi təyinatı haqqında isə fikirlər artıq barbarlardan miras qalan ideyadı. Nəhayət biz gərək dərk edək ki, hazırda ətraf dünyadan təcrid olan hər hansı bir nəzəriyyə və ya mədəniyyət heç vaxt həqiqi ola bilməz... Və kim ki, Hindistanın əbədi intellektual tənhalığa məhkum olduğunu bəyan edirsə ölkəsinə ziyan vurmuş olur... Hindistan bütün dünya xalqlarını zənginləşdirməyə qadir mədəniyyətə malikdir”.(7) Eyni zamanda da, Taqor Qərb sivilizasiyası dəyərlərinin Hindistana ziyan gətirə biləceyi barədə ehtiyyatlı fikirlərə qarşı çıxır və bu mövqeyi “intellektual qorxaqlıq” adlandırırdı. Taqorun Qərb mədəniyyətinə açıq münasibəti onun öz mədəniyyətinə, öz ölkəsinin milli mədəni irsinin dayanaqlığına və möhkəm əsaslara malik olmasına inamdan irəli gəlirdi. Eyni zamanda, Taqor milli həyat tərzinin ruhuna uyğun olan yad mədəni dəyərlər və biliklərin bilincli assimilyasiyası təcrübəsinin tətbiqini xüsusilə vurğulayırdı. O, qeyd edirdi ki, bu təcrübə Hindistan üçün yeni deyildir. Hindistan tarix boyu müxtəlif etnik qruplar arasında ziddiyyətləri barışdıraraq harmonik vahidliyin əldə olunması təcrübəsinə sahib olmuşdur. Taqor ölümündən iki ay öncə yazdığı və bir növ siyasi vəsiəti olan “Sivilizasiyanın böhranı”(1941) adlı məqaləsində kapitalist Qərb dünyası ilə bütün əlaqələri qırmağa çağırış etsə də Hindistanı hər zaman dünya ictimaiyyətinə, ümumbəşəri dəyərlərə açıq olmağa dəvət edir: “Bəşəriyyətə inamı itirmək böyük günahdı... Mən inanıram ki, dağıdıcı tufandan sonra göy üzündən qara buludlar çəkiləcək, yeni işıq saçacaq: insana fədakarcasına xidmət işığı. Tarixin yeni ləkəsiz səhifəsi açılacaq. Ola bilsin ki, şəfəqdə qəflət yuxusundan birinci Şərq ayılacaq”. (8)
Taqor dərk edir ki, dünya tarixinin keçid dövründə yaşayıb yaradır. Onun fikrincə, həmin keçid dövrünün mündəricəsini müxtəlif xalqların yaxınlaşması və vahid ümumbəşəri mədəniyyətin formlaşması ideyası təşkil edirdi. Bu işdə Hindistan öz sözünü deməli idi. Lakin həmin dönəmdə Hindistan qarşısında mədəni identikliyini qoruyaraq onu müasirləşdirmək məsələsi dururdu. Hindu cəmiyyətinin daxili pərakəndəliliyi, ayrı-ayrı kasta və dini qruplara bölünməsi, hindlilərin dünya ictimaiyyətindən qapalı durumu, dini fanatizm və ənənəviçilik müasir inkişaf tendensiyaların axarına düşməyə imkan vermirdi.
Taqor Avropa mədəniyyətinin əsas dəyərlərini dini fanatizmə rəğmən əqlin hökmüranlığında və insanlararası bərabərhüquqlu münasibətlərdə görür və Hindistana Qərbin bu dəyərlərini mənimsəməyə tövsiyə edir. O, Hindistan qarşısında müxtəlif mədəniyyətlərin sintezindən ibarət yeni mədəniyyətin formalaşdırılması məqsədini təyin edirdi.
Taqor Hindistanın müasir proseslərdə yerini onun zəngin tarixi inkişafının özəlliyində görür: “... onun (Hindistanın) tarixi boyu... müxtəliflikdə vahidlik yaratmaq, həqiqətə müxtəlif yollarla yaxınlaşmaq və Müxtəliflikdə - Vahidliyin mümkünlüyünü dərk etmək...; o (Hindistan), xarici fərqli cəhətləri aradan götürmür, lakin onların daxili əlaqəsini aşkarlayır”.(9)
Taqorun kulturoloji fikir irsində iki əsas problemə toxunulur: 1) “dövranın dəyişməsi” və 2) müasir dövrdə mədəni inkişaf. 1933-cü ildə yazılan məqalədə R.Taqor Hindistanın qatıldığı sosio-mədəni transformasiyaların bütün kompleksini “dövranın dəyişməsi” söz birləşməsi vasitəsində əks etdirir. O, Avropadan gələn yeni dəyərlərin Hindistanda necə assimilyasiya olduğunu, bu proseslər fonunda cəmiyyətdə və insanların daxili aləmində baş verən transformasiyaları, sosial münasibətlərdə ənənəvi mədəniyyətlə modernizasiya olan həyat tərzi arasında baş verən konfliktləri “Ev və dünya”, “Fəlakət”, “Dağ”, “Ünsiyyət” romanlarında bədii formada göstərir. Kulturoloji görüşlərində “bəşəri harmoniya” konsepsiyasını inkişaf etdirən Taqor bədii əsərlərində milli ənənələri və bəşər mədəniyyətinin ən parlaq nümunələrini birləşdirə bilir.
Taqora görə, hər bir xalq və ya konvensiya ümumbəşəri sivilizasiyanın irsinə öz tövhəsini verməyə qadirdi. Millətlərarası dialoq mədəniyyətlərin qarşılıqlı zənginləşməsinin mütləq şərtidir. Taqor sivilizasiyanın təşəkkülünü sanskrit sivilizasiyasından götürdüyünü qeyd edir. Daha sonra onun djaynlar, buddistlər, müsəlmanlar, sikxlər, daha sonra isə avropalılar tərəfindən inkişaf etdirilməsini göstərir. “Mən həqiqi hind mədəniyyətinə müraciət edirəm... Bizim əjdadlar böyük ağ xalça sərərək təmiz ürəklə onun üzərində bütün xalqları dostluq və sülh içində yanaşı əyləşməyə dəvət etmişdilər”. Elə oradaca Taqor davam edir: “...müxtəlif mədəniyyətlərin toqquşması bizim intellektin yaşaması üçün çox vacibdir”. (10) Mütəfəkkir XX əsrin inkişaf tendeniyası kimi müqayisəli araşdırmalar vasitəsilə bilikləri təkmilləşdirməsini və bu kimi intellektual əməkdaşlığın daha da genişlənməsini görürdü. O, Avropa mədəniyyətinin biliklərə yanaşı Hindistana birdən-birə dərk və qəbul edə bilmədikləri dinamizmi gətirdiyini vurğulayır. Qərb mədəniyyətinin ənənəvi təsəvvürlərlə üst-üstə gəlmədiyindən Avropa sanki Hindistanı intellektual qəflət yuxusundan ayıltmış olur.
Taqoru düşündürən əsas məsələlərdən biri elə bir Universitet açmaq idi ki, burada təhsil alan tələbələr “Hindistanın, Asiyanın başqa xalqlarının, birinci növbədə Çinin və müsəlman Şərqinin zəngin mədəniyyətini öyrənə bilsinlər. Taqor hesab edirdi ki, “Hindistandakı Universitetlər Qərb Universitetlərini təqlid edir və hind mədəniyyətinin ruhuna uyğun deyildir”.
Bu gün “qlobal biliklər mərkəzi statusu”nu əldə etmək iddiasında olan Hindistana hələ XX əsrin əvvəllərində Taqor istiqamət verərək qeyd edirdi: “Biz buna görə bütün dünya mədəniyyətlərinin əməkdaşlığı üçün geniş meydan hazırlamalıyıq... Biz təhlükəsiz hesab etdiyimiz komamızda müqəddəs tənhalığımızla fəhr edə bilərik, lakin dünya bizim komamızdan daha güclü olub axır-əvvəl onu dağıtmağa nail olacaqdır.”
Şərq və Qərb mədəniyyətlərarasındakı dialoqda Taqorun kulturoloji fikirlərinin yerinin müəyyən edilməsinə həsr etdiyimiz məqaləmizin sonunda onu qeyd edə bilərik ki, qloballaşma ideyaları, qlobal ideyalar dialoqu Hindistan təfəkkürü üçün yeni hadisə deyildir. Məlumdur ki, bu gün Hindistan dünya ictimaiyyətinə alternativ inkişaf yolunu təklif edən üçüncü nəhəng Asiya ölkəsidir. “Üçüncü dünya” ölkəsi olan Hindistan əhalisi qloballaşmanı adi hadisə kimi qəbul edir. Bu gün “Qərb həyat tərzinin” tənqidi ilə müqayisədə qloballaşmanın mənfi və müsbət təzadları Hindistanın düşünən insanlarını çox az mübahisəyə sövq edən problemdir. Belə ki, Hindistan qeyri-texnogen qlobal dünyagörüşə sahib olaraq bəşəriyyətə qlokalizasiya inkişaf strategiyası çərçivəsində ənənəvi mənaların və sosiomədəni dəyərlərin ixracını təklif edir. Şübhəsiz ki, Hindistan alternativ qloballaşmaya yeterli potensiala malik olan bir ölkədir. Lakin təşəkkül tapan mədəni kosmopolitizm şəraitində Hindistan mədəni özünəməxsusluğunu qorumaq üçün bütün səyləri səfərbər etməlidir. Məhz buna görə də, hazırda Hindistan intellektuallarının XX əsrin əvvəlində hind milli azadlıq hərəkatının görkəmli ideoloqları olan Maxatma Qandi, Rabindranat Taqor, Dj.Nerunun irsinə müraciət etmələri də təsadüfi deyildir. XXI əsr intellektuallarının adı çəkilən filosofların yaşadıqları tarixi dövrün qanunauyğunluqlarını əks etdirən təlimlərinə müraciət etməsinin başlıca səbəbi də günün reallıqlarına cavab verəcək qlobal ideyaların “qızıl məxrəci”ni müəyyən etmək və təcrübədə tətbiq etməkdir.
VAHİD   BƏŞƏRİYYƏTİN  PEYĞƏMBƏRİ – RABİNDRANAT TAQOR Yeganə Əliyeva
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Elmlər doktoru hazırlığı üzrə disertant
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti