Azerbaycanın dahi alimlərindən biri olan LUTFIZADƏ haqqında

yazarlar
31-08-2015, 12:08 1792
Azerbaycanın dahi alimlərindən biri olan LUTFIZADƏ haqqında Lütfi Zadə (ing. Lotfi Zadeh, fars. əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) - Azərbaycan əsilli alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq (ing. fuzzy logic) nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professorudur. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır (ing. Zadeh Institute for Information Technology, ZIFIT).
Lüfti Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan anası Fanya Koriman Ələsgərzadənin ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. I Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Rəhim burada ticarətlə məşğul olmaq qərarına gəlir. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib burada satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldir. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alır və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışır. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olan Rəhim Ələsgərzadə valideynlərinin razılığı ilə evlənir.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayır. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığın qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlirlər. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçür. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirir. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edir. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşır və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayırlar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Soft kompyutinq" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.
Lütfi Zadə Nyuton, Eynşteyn səviyyəli bir dahi hesab olunur. Onun verdiyi nəzəriyyə bütün elmləri dəyişdi. İlk başda məntiq həndəsə üçün yaranmışdı. Amma Lütfi Zadənin nəzəriyyəsindən sonra məntiqin özü də yeniləşdi. Bu elm həndəsəni, riyaziyyatı və digər elmləri daha dəqiqliyə səfərbər etdi. "Qeyri-səlis məntiq" nəzəriyyəsi elmə yeni baxış, yeni bir yanaşma tərzi gətirdi. Mən deyərdim ki, bu nəzəriyyə hər hadisəyə, hər qəti fikrə bir müqayisə açıqlığı gətirdi. Bu isə elmdə ehtiyac duyulan ağıl, idrak əlaməti oldu. Sinifdə hamı "5" qiymət ala bilər. Yalnız müqayisə aparılarsa kimin nə dərəcədə "5"-ə sahibləndiyi aşkarlanar. Lütfi Zadənin xidməti həmin aşkarlığı sübut etməkdən ibarət oldu. İndi biz müqayisələr hesabına hədlərin kənar sərhədlərini daha şəffaf və daha aşkar görə, onların aldığı qiyməti daha dəqiqliklə ifadə edə bilirik. Dünya əhəmiyyətli nəzəriyyəsi səbəbinə Lütfi Zadəyə sağlığında ABŞ-ın Kaliforniya Universitetinin ömürlük fəxri professoru adı verilib. Sağlığında bu cür fəxri ada sahib olmaq dünya alimlərindən yalnız bir-ikisinə nəsib olmuşdur. Lütfi Zadə ona dünya şöhrəti qazandıran 5 kəşfin müəllifidir.
...Dünən Xəzər-TV-də Lütfi Zadə haqqında çəkilmiş sənədli film göstərilirdi. Film alimin ad gününə həsr olunmuşdu. Filmdə böyük alimin keçdiyi zəngin həyat yolu vərəqləndi, onun 2008-ci ildə Bakıda olarkən Prezident İlham Əliyevlə görüşü, Bakıdakı yaxın dostları, xüsusən də professor Rafiq Əliyevlə həm ABŞ-da, həm də Bakıda olan ünsiyyətləri və s. təqdim olundu.
Sonda onun "Mən inanıram ki, mənim ən yaxın dostum Rafiq Əliyev tezliklə Nobel mükafatını alacaq", kimi qənaəti üzərində dayanmaq istərdim. Böyük alim ötən il professor Rafiq Əliyevi özünün elmi varisi elan etdi və bütün elmi külliyatını R.Əliyevə bağışladı. Bu, professor Rafiq Əliyevə böyük bir etimad və etibar idi. Deməli, Azərbaycanı dünyaya tanıdan Lütfi Zadənin davamçısı var və bununla qürur duymaq gərəkdir. Biz də inanırıq ki, Rafiq Əliyev tezliklə Nobel mükafatını alacaq və Azərbaycanın adı dünya düzənində daha bir səhifəyə yazılacaq.