İNFORMASİYA VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

yazarlar
24-12-2017, 21:28 1060
İNFORMASİYA  VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

İNFORMASİYA VƏ
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

"Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər,
Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa
qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim
köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki,
siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada
hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz,
cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
İLHAM ƏLIYEV
“XXI əsrin başlanğıcında informasiya texnologiyalarının inkişafı ilə paralel təyinatını dəyişən informasiya bu gün təhlükə baxımından nüvə silahından da qat-qat üstündür” – desək, yanılmarıq. Maneə tanımadan sərhədləri aşan, təsir dairəsinə düşənin bilavasitə fiziki məhvinə səbəb olmasa da, beyninə nüfuz edib şüurunu yönləndirən, cəmiyyətdə ictimai rəyi formalaşdıran başlıca vasitə kimi təşəkkül tapmış informasiya tək bu, yaxud digər ölkəni yox, həm də bütövlükdə regionu çalxalamağa qadirdir. Təsir dairəsi digər silah növləri ilə müqayisədə daha geniş olan informasiyanın ayımlanması üçün mürəkkəb texnologiyaların işlənilməsi, nüvə və s. silah növlərinin işlək vəziyyətə gətirilməsi üçün tələb olunan qədər maliyyə vəsaiti, material sərfi, yüksək texniki hazırlıq görmüş müxtəlif profilli çoxsaylı işçi qüvvəsi yox, sadəcə yayımlayacağı informasiyanın cəmiyyətə təsirini əvvəlcədən ölçüb-biçib müəyyənləşdirə bilən peşəkarlar və bu peşəkarların düzgün istiqamətləndirilməsi tələb olunur. Bir sözlə, ideoloji sahədə işi düzgün qurub təhsilin səviyyəsini yüksəltməklə mütəşəkkil bir ordunun görə bilməyəcəyi işi görmək mümkündür.
“İnformasiyanın digər kütləvi qırğın silahları ilə müqayisədə bir üstünlüyü də, ondan istifadə edənlərin təbiətin zəngin bitki və heyvan örtüyünə zərər verməməsi, bizi bilavasitə ümumi evimiz olan Yer planetinin fauna və florasının dəyişməsi ilə yarana biləcək katakalizmlərlə üzləşmək risqi ilə üz-üzə qoymamasıdır. Bu silahdan istifadə nəticəsində günahsız canlılar, azyaşlılar, qocalar dəhşətli fiziki ağrılara məruz qalıb şikəst olmur, həyatlarını itirmir, insanlıq gendəyişmə təhlükəsi ilə üz-üzə qalmır”- deyə bilərdik. Amma, demirik. Çünki, bu yalnız ilk baxışdan belə görünür. Həqiqətdə isə, onun məqsədyönlü istifadəsi sayəsində təhsil və informasiya yayımı sahələrinə nəzarətin zəifləməsi digər silah növlərinin də istifadəsini stimullaşdırıb ağlasığmaz dərəcədə gücləndirə, bütöv bölgələri (məs.: ərəb dünyası və s.) məhvə sürükləyə, istənilən ölkədə hakimiyyəti çökdürüb dövlətçiliyə təhlükə yarada (məs.: Türkiyədə olduğu kimi) bilər. Belə ki, real vəziyyəti düzgün dəyərləndirə bilməyən məhdud təfəkkürlü insanların qəbul etdikləri informasiyanın təsiri altında bu, yaxud digər vəziyyətdə edə biləcəkləri hərəkətin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil. Təkcə, 2016-cı ildə Azərbaycanda intihar edənlərin sayının (327 nəfər) ermənilərlə döyüşlərdə həyatını itirənlərin sayından (aprel döyüşləri də daxil olmaqla 147 nəfər) 2 dəfə çox olmasında, informasiya yayanların da payı var desək, yanılmarıq. Ömrünün bahar çağında düşdüyü vəziyyətdən çıxış yolu tapmayıb özünü diri-diri yandıran, asan, övladları ilə birgə qatar altına atılmaqdan, zəhər qəbul etməkdən çəkinməyən, ömrünün axırına kimi şikəst qala biləcəyini, onu axirətdə “gözləyən” və yaxınlarının da onun həyatdan bu yolla getməsilə bu dünyada düçar olacaqları cəhənnəm əzabını da gözə alıb həyatına son verən insanları nə ilə və necə dayandırmaq olar? Cavab birdir: yalnız təhsilin səviyyəsini qaldırıb maarifləndirməni gücləndirmək, informasiya yayımı sahələrini nəzarətə almaqla (bura səhiyyəni də əlavə etmək olardı, amma, özünə qəsd edənlərin əksəriyyəti fiziki cəhətdən sağlam olsalar da, düşdükləri vəziyyəti düzgün təhlil edib çıxış yolu tapa bilməyən məhdud dünyagörüşlü gənclərdir).
Məsələyə aydınlıq gətirmək məqsədilə tədrisin səviyyəsini yüksəltmək üçün xüsusi əhəmiyyət kəsb edən dərslik çapı ilə bağlı bir faktı gözdən keçirək: - “Azərbaycan müəllimi” qəzetinin 29 fevral 2008-ci il tarixli sayında tenderlə bağlı “Bildiriş”, ondan 5 ay sonra isə (01.08.2008) tenderin (satınalma müsabiqəsinin) açıq elan edilməsi ilə bağlı məlumat dərc olunur. Deməli, mövcud təhsil sisteminin dağıdılmasına gətirib çıxaran islahatların başlanğıcında nəşriyyatlara təcrübəli müəllifləri müəyyənləşdirib onlara dərslik sifariş edib yazdırmaq, nəşrə hazırlayıb 2 nüsxədə çap etdirib hazır vəziyyətdə məzmun qiymətləndirilməsinə təqdim etmək üçün cəmi 5 ay vaxt verilmişdi. Belə olan halda dərsliyin, tədrisin keyfiyyətinin yüksəldilməsindən danışmaq nə dərəcədə real idi? Düzdür, 2008-ci ildən bu yana keçən müddət ərzində dərsliklərin nəşri, məzmun, tərtibat nöqteyi-nəzərindən təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb, hələ, yəqin ki, görüləcək də. Amma, islahatların başlanğıcında buraxılmış səhvlərin ağrısı bizi, hələ bir müddət də təqib edəcək. Belə ki, qəzet səhifələrində orfoqrafik səhvləri, cümlələrdəki uyğunsuzluğu, fikir ardıcıllığındakı pozuntuları və s. görəndə təəccüblənməyin.
Bu məsələ ilə bağlı daha bir fakta müraciət etmək də, yerinə düşər: bu gün ölkəmizdə ali məktəb dərslikləri və dərs vəsaitlərini yazanlar, onları öz hesablarına da çap etdirməli olurlar. Üstəlik, müəllifə dərslikləri tələbələrə satış məqsədilə təklif etmək də yasaqdır. Razıyam: müəllimin, yazdığı dərsliyi tələbəyə təklif etməsi, nə ona, nə də dövlətə başucalığı gətirmir. Amma, ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi və son nəticədə elmin, iqtisadiyyatın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən bu nəşrləri yazan yüksək səviyyəli mütəxəssislərin əməyinin dəyərləndirilməsi mexanizminin olmaması da, normal deyil. Dərsliyin çapına çəkilən xərcin onsuz da maddi vəziyyəti o qədər də yüksək olmayan müəllimin (və ya bu sətirlərin müəllifi kimi 1978-ci ildən nəşriyyat-poliqrafiya sistemində çalışıb istehsalata rəhbərlik etsə də, son 12 ildə ayda cəmi 190 man. məvacib alan, s,/h. müəllim işlədiyinə görə elmi dərəcəyə görə almalı olduğu simvolik 60 man. əlavəni də ala bilməyənin) boynuna qoyulması, düzgündürmü? Bu, təbii ki, nə tədrisin səviyyəsinin yüksəldilməsinə, nə də elmin, iqtisadiyyatın inkişafına xidmət etmir.
Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin 2-ci bəndinə görə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Fikrimcə,“Əmək pensiyaları haqqında” qanunun bu bəndinə də dəyişiklik edilməsinə ehtiyac var. Məs.: kitabşünaslıq sintetik və spesifik elm sahəsidir. Bu sahə üzrə elmi-tədqiqat institutu yoxdur, təhsil müəssisəsində 25 il çalışmaqla bu elm sahəsini inkişaf etdirmək olmaz. Bu sahə, yalnız nəzəri biliklərin təcrübədə sınaqdan keçirilib təhlil edilməsi, nəşriyyat, poliqrafiya və informasiya texnologiyaları, qrafika, təsviri sənət, kitab tərtibatı, psixofiziologiya və s. sahələrdə qazanılmış biliklərin uzlaşdırılması yolu ilə inkişaf etdirilə bilər. Qanunda dəyişiklik edilməlidir ki, elmi dərəcəyə görə verilən əlavəni digər elmi dərəcəsi olanlar da alsın. Onda, həm gənclər arasında bu sahəyə gələnlərin sayı azalmaz, həm də ömrünü elmin inkişafına sərf edənlər ahıl yaşlarında dövlət qayğısından kənarda qalmazlar.
Bəli, bu gün ölkəmizdə söz azadlığı təmin olunub, senzura yoxdur. Amma, bu o demək deyil ki, əli qələm tutan ağlına gələni yazıb tirajlaya bilər: çapdan çıxan mətnlərin əksəriyyətində redaktə prinsipləri (ideyalılıq, xəlqilik, dövlətçilik, kütləvilik, inandırıcılıq və s.) pozulur. Oxucu yazarın mövqeyini anlamaqda çətinlik çəkir, qarmaqarışıq, ziddiyyətli fikirlərlə baş-başa buraxılır. Faktların dəqiqləşdirilməməsi, arqumentlərin tutarsızlığı, fikir ardıcıllığının təmin edilməməsi, orfoqrafiya səhvləri kimi qüsurlar tək müəllifləri hörmətdən salmır, həm də əsərin dərc olunduğu informasiya mənbəyinin oxucular arasında populyarlığını itirib etibarlı oxu vasitəsi tanınmasına mane olur. Düşünürəm ki, ideologiyanın vacib sahəsi sayılan jurnalistikanın nəzəri əsaslarını mənimsəməmiş şəxslərin qəzet və ya domen qeydiyyatdan keçirib kollektivi yalnız özündən və ailə üzvlərindən ibarət redaksiya və ya sayt yaratması, yolverilməzdir. Yaddan çıxarmayaq ki, istənilən əsəri yazıb yaymaqda başlıca məqsəd cəmiyyətə bu və ya digər ideyanı çatdırmaq, onu qoyulmuş məsələnin bu və ya digər şəkildə həllinə kökləməkdir. Bu işin diletantlara etibar edilməsi ölkədaxili sabitliyi zərbə altına qoymaqdır! Bu yanlışlıq baş ağrımıza çevrilməsin, problem öz həllini tapsın deyə müvafiq təhsil almasalar da (təbii ki, bu, yaxud digər sahə üzrə ali məktəb ocaqlarında aldığı bilgiləri təcrübədə mənimsəyən peşəkarın qəzet səhifələrinə çıxardığı məsələ daha aktual, araşdırma daha dəyərli, təhlil daha dərin, arqumentlər daha tutarlı, problemlərin həlli yolları daha effektli olacaq) ömrünü bu işə bağlayanlar gördükləri işin məsuliyyətini anlasınlar deyə jurnalist birlikləri onlar üçün kurslar, seminarlar təşkil etməlidir. Bakı Dövlət Universitetində “Redaktənin əsasları”, “Redaktəetmə”, “Redaksiya-nəşriyyat işinin texnologiyası”, “Bədii və texniki tərtibat”, “Texniki redaktə” və s. fənnlərinin tədrisi sahəsində 10 illik təcrübəsi olan şəxs kimi mən də bu işə öz töhfəmi verməyə hazıram.
Dünya yaranandan tarix nəfsinə əsir olan ambisioz insanların hökmürünlıq iddiasına düşüb kəndləri, şəhərləri yerlə-yeksan edərək bütöv ölkələri qan çanağına döndərməsinə, həmcinslərinə qənim kəsilməsinə şahidlik edir. Bu gün də, bu iddiaya düşüb yuxusunu qarışdıranlar, var-dövlət yığmaqdan gözü doymayanlar az deyil. Sadəcə, bu hökmüranlığı təmin etməyin yolları, üsulları dəyişib: keçən əsrlərdə belələri qonşu ölkələrə qoşun yeridib “qarət-talan”la məqsədlərinə çatmağa çalışırdılarsa, artıq buna ehtiyac qalmayıb. Bölgədə müharibə ocağı alovlansın deyə, sadəcə KİV və internetin köməyilə əhalinin beynini dumanlandırıb fikir və düşüncələrini məqsədə yönlətmək kifayətdir. Məqsədyönlü şəkildə yayımlanıb şüurları iflic edən informasiyanın təsiri altına alınanlar öz dövlətlərini elə özləri, əlavə vəsait sərf edilmədən də dağıdacaq. Bizim də, bir dövlət kimi ölkədaxili sabitliyə təhlükə yarada biləcək kənar müdaxilələrdən sığortalanmaq haqqımızdır. Bunun üçün informasiya məkanı mənəvi dəyərləri maddiyyətə qurban verən, nəfsinin əsirinə çevrilib rəhbərlik etdiyi kollektiv və cəmiyyət qarşısında məsuliyyətini dərk edə bilməyən təsadüfi şəxslərdən təmizlənməli, mətnin dərkedilmə səviyyəsinə təsir edən amillər araşdırılmalı, qeyri-peşəkarların bu strateji sahəyə axını dayandırılmalı, informasiya yayımının təşkilinə diqqət artırılmalıdır. Peşəkarların ictimai rəyə təsir imkanlarının artırılması, xoşagəlməz sürprizlərlə üzləşməyimizi əngəlləyər.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş dövlətlərə ayrılan maliyyə yardımları və bu yardımların qarşılığında onların qarşısında beynəlxalq təşkilatların tövsiyyələrinə qeyd-şərtsiz əməl edilməsi tələbinin qoyulması, müstəqillik qazandıqdan sonra dünyada baş verənlərin (ərəb inqilabları və s. kimi) təhlili, supergücləri dünya hökmüranlığına aparan yolun astanasında olduğumuzu göstərir. Dünyanı hörümçək toru kimi sarmış beynəlxalq təşkilatlar şəbəkəsi hər keçən gün bizi sərhədlərin silinməsinə aparan yolun sonuna bir az daha yaxınlaşdırır, dövlətdaxili idarəetmə sisteminin zəifləməsinə, hakimiyyət mənsublarının vəzifə başında olduqları ölkədə baş verənlərə müdaxiləetmə imkanlarının məhdudlaşmasına aparıb çıxarır. Təhsil, səhiyyə, bank sistemi və s. kimi strateji sahələrdə bu təşkilatların təkidilə həyata keçirilən islahatlar (Boloniya sistemi və s.), QHT-lərə maliyyə dəstəyi və s. əslində vahid məqsədə - dünya hegemonluğuna, ingilis dilinin daha geniş ərazidə yayılması üçün ayrılan qrantlar və bu dilin daşıyıcılarının verdiyi dəstək supergücləri bu məqsədə mümkün qədər tez çatdırmağa xidmət edir.
İlk baxışdan müsbət addım kimi dəyərləndirilən bu islahatların başlanğıcında qeyri-peşəkarlar tərəfindən buraxılmış səhvlər bizi bu gün də addım-addım təqib edib ölkədaxili sabitliyin dayanıqlılığını zərbə altında qoyur, müdafiəni zəiflədib kənar müdaxilələrə yol açır. Dövlətin müdafiə qüdrətinin yüksəlməsini arzulayırıqsa, dövlət başçımızın jurnalistlər üçün tikilmiş binanın açılışında bizə ünvanladığı mesajı unutmamalı, çatışmazlıqların dövlətçiliyimizin möhkəmliyinə əngəl olmasına yol verməməliyik. Bu mənada, gələcəkdə xoşagəlməz süprizlərlə üzləşmək istəmiriksə, tolerantlıq ruhunun hökm sürdüyü, müxtəlif dinlərə tapınan xalqların birgə yaşadığı ölkədə Nəşriyyat işi haqqında” AR qanununda xaricdən idarə oluna biləcək təxribatlara yol açan boşluqlar (bax: “Respublika” qəz. 19-21 may 2017, “Nəşriyyat işi haqqinda” Azərbaycan Respublikasının qanununa günün reallığı prizmasından baxış”) qapanmalıdır:
-5-ci maddədə fikrimcə, “- Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında “ yerinə “- “Nəşriyyat subyektlərinin nəşrə hazırlayaraq istehsal edib yaydıqları nəşrlərdə” yazılması, elə bu maddədə nəşriyyatlar qarşısında ixtisaslaşma tələbinin qoyulması, ictimai rəyin formalaşmasında müstəsna rolu olan bu müəssisələrə kitab nəşri sahəsində təhsil alıb təcrübə məktəbi keçmiş peşəkarların rəhbərlik etməsinə nəzarət edilməsi kimi məsələlərin də əksini tapması, vacibdir. Xarici dillərdə (ölkəmizdə məskunlaşmış milli azlıqların dilləri də daxil olmaqla) nəşrə hazırlanıb tirajlanan əsərlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yerləşən Tərcümə Mərkəzində rəy verilməsi də, mümkün təxribatların qarşısının alınması nöqteyi-nəzərindən faydalı olardı;
-8-ci maddədə “-Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola bilərlər. Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir. Təsisçi eyni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər” yerinə “-xarici hüquqi və fiziki şəxslər nəşriyyatların yalnız həmtəsisçi ola, müəssisənin ixtisaslaşdığı sahənin, nəşrlərin tematikasının müəyyənləşdirilməsində, nizamnamənin təsdiq edilməsində iştirak edə bilər, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak edə, nəşrin istehsal və yayımını təşkil edə bilər. Əsərin nəşrə yararlı olub-olmamasını isə, yalnız azərbaycan vətəndaşlığı olan təsisçi və ya nəşriyyat rəhbəri müəyyənləşdirə bilər” yazılmalısı daha düzgündür Çünki, nəşrə hazırlanan əsər, ictimai rəyə birbaşa təsir göstərib cəmiyyəti bu və ya digər səmtə yönəltmək gücündə ola bilər. Xarici vətəndaşın ictimai rəyi milli maraqlarımıza uyğun formalaşdıracağına ümid etmək isə, sadəlövhlük olardı.
Hesab edirəm ki, bütövlükdə informasiya məkanına nəzarət mexanizminin işlənilib ərsəyə gətirilməsi üçün Dövlət Proqramı hazırlanmalı, proqramda uşaq ədəbiyyatı, orta məktəb dərslikləri də daxil olmaqla nəşrlərin məzmun, bədii və texniki tərtibat cəhətdən qiymətləndirilməsi, ali məktəb dərsliklərinin dövlət tərəfindən maliyyələşdirilməsi, onları yazan yüksəkixtisaslı mütəxəssislərin əməyinin dəyərləndirilməsi mexanizmləri, nəşriyyatların lisenziyalaşdırılması, ixtisaslaşdırılması, kitab və s. nəşri, istehsalı, reklam və yayımını təşkil edib tənzimləyən, nəşriyyat, mətbəə və kitab satışı obyektlərinin fəaliyyətinə, eləcə də, bütöblükdə informasiya məkanına nəzarət mexanizmini işləyib hazırlayan, bütün bu subyektlərin işini bir-biri ilə əlaqələndirib onların fəaliyyətinə nəzarəti həyata keçirən, həmçinin poliqrafiya materialları istehsalını və nəşriyyat-poliqrafiya işi sahəsində kadr hazırlığının günün tələbləri səviyyəsində təşkilini təmin edə biləcək müstəqil bir qurumun yaradılması, ya da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (ya da Təhsil Nazirliyi) nəzdində fəaliyyət göstərən nəşriyyat şöbəsinə (təsir dairəsini genişləndirmək şərtilə) müstəqil idarə statusunun verilməsi məsələsi gündəmə gətirilməli və bu sahədə mövcud olan çoxsaylı problemlər öz həllini tapmalıdır.
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru
("Ədalət" qəzeti ¹144 (5133), 12.08.2017, səh.6 və 10)