Yazılı abidələrimizdə multikultural dəyərlər

yazarlar
19-12-2016, 12:02 4402
Yazılı abidələrimizdə multikultural dəyərlər
Adil Abdullayev
ADMİU-nun baş müəllimi

Yazılı abidələrimizdə multikultural dəyərlər


Açar sözlər: multikulturalizim, yazılı ədəbiyyat, tolerantlıq, dinlərarası münasibət, Azərbaycan ədəbiyyatı
The key words: multikulturalizim, written literature, tolerance, intrareligion attitude, Azerbaijani literature
Ключевые слова: мультикультурализм, письменной литературы толерантности, межрелигиозные отношения, Азербайджанская литература

Yüksək milli-mənəvi dəyərlər malik olan xalqımız tarix boyu digər etnik nümayəndələrlə qarşılıqlı anlaşma şəraitində yaşamışdır. Qədim və zəngin tarixə malik olan ölkəmiz əzəl gündən humanizmin, tolerantlığın, multikulturalizmin və vətən kimi tanınmışdır. Buna əyani sübut kimi qədim yazılı abilərimizi göstərə bilərik. Azərbaycan yazılı ədəbiyyatında multikultural dəyərlərə aid bir çox nümunələr gətirə bilərik. Xalqımız malik olduğu multikultural dəyərləri yazılı ədəbiyyatımızda da əks etdirmiş və bu gün də yazılı abidələrimizdə bu prosesə rast gəlmək mümkündür.
Ümumiyyətlə, multikulturalizm anlayışı XX əsrdə meydana gəlsə də multikultural dəyərlərin tarixi olduqca əskilərə istinad edir. İlk dəfə Kanadada meydana gələn multikulturalizm siyasətindən artıq bir sıra dövlətlər çoxdan imtina etmişdir. Lakin ölkəmizdə multikulturalizm siyasəti kütləvi şəkildə təbliğ olunur, bu sahədə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil olunur. Regional və beynəlxalq əhəmiyyət kəsb edən bu tədbirlərdə ölkəmizdə mövcud olan multikulturalizm və tolerant dəyərlər təbliğ olunur.
Artıq bu danılmaz bir faktdır ki, dünyada multikulturalizmin Azərbaycan modeli yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı və düzgün olaraq multikulturalizm bizim həyat tərzimiz olduğunu qeyd edirdi. “Mulltikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar.
Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq.” (1)
2011-ci ildən başlayaraq ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu multilkuturalizmə həsr olunmuş ən mötəbər və nüfuzlu tədbirlər içərisində önəmli bir mövqeyə malikdir. Qeyd edək ki, bu yaxınlarda, yəni Forumu 29-30 sentyabr 2016-ci ildə yüksək səviyyədə təşkil olunan Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda da ölkəmizdə mövcud olan multikultural dəyərlər beynəlxalq aləmdə təbliğ olundu.
Müasir dövrdə dövlətimizin aparıcı siyasətlərindən biri olan multikulturalizm siyasətinin tarixi haqqında araşdırma aparıldığı zaman qədim tarixə malik olan yazılı abidələrimiz mühüm bir əhəmiyyət kəsb edir. Biz hətta ən qədim yazılı abilərimizdən olan, türk xalqlarının müştərək dastanı “Kitabi – Dədə Qorqud”da da multikultural dəyərlərə rast gələ bilərik. “Son dövrlərdə, bir çox Avropa ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya) multikul-turalizm siyasətinin iflasa uğradığı bir vaxtda Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Çünki, bu ifadə dilimizdə yeni yaransa da, onun ənənələri əsrlər boyu mövcud olub. Məhz Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi dini azadfikirliyin və tolerantlığın olmasına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir. Bu torpaqda əsrlər boyu dünyanın müxtəlif mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermiş, əzəldən dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər qovuşmuş, bunun sayəsində də müxtəlif inkişaf modelləri yaranmışdır. Bu baxımdan multikulturalizm dəyərlərini ədəbi-bədii aspektdə araşdırmaq maraqlıdır və bunu milli-mədəni irsimizin ilk məşhur nümunəsi, ən qədim yazılı olan “Kitabi – Dədə Qorqud” dastanında aydın görürük. Dastanın “Qanlı Qoca oğlu Qanturalı” boyunda qəhrəman evlənmək üçün Trabzonun xristian başçısının qızı - sarı donlu Selcan xatunu seçir. Oğuz bəyləri üçün bu dini mənsubiyyət heç bir mənada mənfi qarşılanmır. Dastan boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik nümayiş etdirilmir. Əksinə, onun müsəlman olan sevgilisi Qanturalı ilə təkur döyuşçülərini dəf etməsi kimi qəhrəmanlığın təsvirində şəxsinə mərhəm bir münasibət ifadə olunur. Selcan obrazı timsalında ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq nümunəsi sərgilənir.” (2, səh.300-301)
Azərbaycan xalqının mənsub olduğu milli-mənəvi dəyərlər orta əsrlərdə fəaliyyət göstərən Azərbaycan ədiblərinin yaradıcılığında da geniş bir yer tutmuşdur. Bu baxımdan 1141-1209-cu illərdə yaşamış məşhur və müdrik Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında da multikultural dəyərlər öz əksini tapmışdır. Dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin bütün yaradıcılığı humanist ideyalar üzərində bərqərar olmuş, multikultual dəyərlər, tolerantlıq, dini dözümlülük kimi dəyərlər müstəsna əhəmiyyət kəsb etmişdir. Şairin xüsusilə “Yeddi gözəl” poemasında bu dəyərlər geniş bir spektrdə əks olunmuşdur. “Yeddi gözəl” poemasında verilən Hindistan gözəli, Türküstan (Çin) gözəli, Xarəzm gözəli, Slavyan gözəli, Məğrib gözəli, Rum (Bizans) gözəli və İran gözəli obrazları göründüyü kimi müxtəlif millətləri təmsil edir. Və həmçinin mütəfəkkir bu obrazların heç birini digərlərindən üstün tutmur. Türk ədəbiyyatının, Azərbaycan və dünya ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvi dini, etnik və irqi zəmində baş verən ayrı-seçkiliyi heç cür qəbul etmirdi. Şairin “Yeddi gözəl” poemasında canlandırdığı Bəhram obrazı multikultural bir mühitdə yaşayır və bu həyat tərzi də Bəhramın şəxsiyyət kimi kamilləşməsində önəmli bir əhəmiyyət kəsb edir. “Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.
Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayri-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır.
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara , parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır.” (3, s. 5)
Həmçinin mütəfəkkirin digər poemalarında da bu ideyalara rəst gəkmək mümkündür. Şairin qələmə aldığı “Sirlər xəzinəsi” poemasında da çoxmədəniyyətlilik mənzərəsinə, tolerantlığa, multikultural dəyərlərə rast gəlmək mümkündür. Bu baxımdan şair “Sirlər xəzinəsi” poemasında dini zəmində ayrı-seçkilik aparmır, ataşpərəstlik, xristianlıq və islam dininə obyektiv bir münasibət bildirir. Xristian dinin peyğəmbəri ilə islam dininin peyğəmbərinə eyni gözlə baxır, yalnız dinindən asılı olmayaraq ədalətli və ağıllı hökmdar axtarır. Nizaminin ədalətli və ağıllı hökmdar axtarışı “İsgəndərnamə” əsərində də özünü qabarıq bir şəkildə biruzə vermişdir.
Ümumiyyətlə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün yaradıcılığında, digər poemalarında da multikultural dəyər öz əksini tapmışdır. “Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır, fşrqli fikir və mədəniyyətlərə göstərilən hörmətlə yanaşır. Nizami vahid din ideyasını irşli sürməklə xalqlar, millətlər, milli etnik qruplar, tayfalar arasında mövcud olan münaqişələrə son qoymaq istəyir. Nizami xalqların adını çəkərək də onların mənsubiyyətinə hörmətlə yanasır. O qara dərili zəncini açıq qəlbə və möhkəm xüsusiyyətə malik oldugunu qeyd edərək irqi mənsubiyyəti əsasında insana qiymət verməkdən çəkindirir”. (4, səh.26)
Məşhur Azərbaycan şairi və sufi alim Şəms Təbrizi (1185-1248) də insanların dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayararaq azad və bərabər olması qənaətində idi. Və bu nöqteyi-nəzərdən də insanların bir-birindən yalnız kamilləşmə sayəsində fəzilətlə üstün olması ideyasını önə sürürdü. Şəms Təbrizinin qələmə aldığı “Yusif və Züleyxa” poemasının qəhrəmanları da müxtəlif millətlərin nümayəndəsidir.
Hürufilər də yəhudi, xristian və islam dininə eyni bir möveydən yanaşır və hər üç dinin peyğəmbərinin müqəddəs olmasını dəstəkləyirdilər. Hürufizmin təriqətinin banisi Fəzlullah Nəimi Təbrizi (1339-1394) insana olduqca humanist bir münasibət bəsləyirdi. Bu təriqtin nümayəndəsi, məşhur hurufi şairi İmaddədin Nəsimi (1369-1417) “Söz” rədifli qəzəlində deyir:
Kafi nundan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır Söz.
İsiyi-pak, Adəmü-Əhməd,
Mehdiyi-sahibüz-zəmandır Söz.
“Cavidannamə”yi gətirgil ələ,
Ta biləsən ki, nəsnəcandır Söz.
Sözə bu izzü cah yetməzmi,
Kaydalar Fəzlü-qeybdandır Söz. (5, səh.10).
Ümumiyyətlə, biz Azərbaycan yazılı ədəbiyyatına diqqətlə nəzər yetirdiyimiz zaman multikultural dəyərlərin geniş bir çərçivədə yayıldığının şahidi olarıq. Dahi şairimiz Məhəmməd Füzuli qələmə aldığı məşhur “Leyli və Məcnun” poemasında da multikultural dəyərlər özünü büruzə verir. Bu baxımdan mütəfəkkir əsərin baş qəhrəmanı olan Qeysi xristianların peyğəmbəri İsa Məsihə bənzədir, Qeysin kamiliyini və gözəlliyini İsa Məsihlə müqayisə edirdi.
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tifillikdə kamil. (6, səh. 45)
Mutikultural dəyərlə XX əsr Azərbaycan romantizminin banisi Hüseyn Cavidin (1882-1941) də yaradıcılığında özünü biruzə verir. Hüseyn Cavidin “Şeyx Sənan” əsərində sufi şeyxi Sənanın xristian gürcü qızı Xumara (Tamar) olan saf və ülvi sevgidən bəhs edir. Xristian din xadimlərinin şeyx Sənana qarşı göstərdiyi xoşagəlməz münasibətlərə baxmayaraq mütərəqqi düşüncəyə malik olan müsəlman gənci xristianlara qarşı tolerant münasibət göstərir. Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilə sanki ölkəmizdə tarix boyu mövcud olan tolerant ənənələri dünya oxucusuna nümayiş etdirir.
Müasir dövrdə böyük müzakirə obyektinə çevrilən və 30-dan çox dillərə tərcümə edilmiş “Əli və Nino” romanı da multikulturalizm nöqteyi nəzərindən mühüm əhəmiyyət kəs edən bir əsərdir. Qurban Səidin qələmə aldığı bu əsər müsəlman oğlu Əli ilə gürcü qızı Ninonun məhəbbət macərasından bəhs edir. Müxtəlif mədəniyyətlərin qovşağında yerləşmiş ölkəmizdə real şəkildə mövcud olan multikultural dəyərlər, dini azadfikirlik, tolerantlıq kimi ənənələrə bu əsərdə də rast gəlmək mümkündür.
Ümumiyyətlə, yazılı abidələrimizdə multikultural dəyərlər, tolerantlıq kimi mühüm və ülvi mənəvi dəyərlər özünəməxsus və mühüm bir yer tutur. “Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehirli və füsunkar çağlarında uyğun təşbeh və bənzətmələrlə yazılması, istər müqayisəli, istərsə də müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özülüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir.” (7, səh. 5)
Göründüyü kimi ölkəmizdə multikultural dəyərlərin, tolerantlığın, dini dözümlülüyün tarixi olduqca qədimdir və müasir dövrdə multikulturalizmə aid çoxsaylı tədbirlərin keçirilməsi heç də təsadüfi bir mahiyyət kəsb etmir. Biz ümid edirik ki, tariximizin uzaq səhifələrindən süzülüb gələn multikultural dəyərlər, tolerantlıq kimi mühüm mənəvi dəyərlər bu gün olduğu kimi sabah da xalqımızın həyat tərzinə çevriləcək və hər zaman olduğu kimi sabah da yazılı ədəbiyyatımızda da öz əksini tapacaqdır.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. http://www.president.az/articles/6390/print
2. S. Əliyeva. Dünya və Azərbaycan ədəbiyyatında multikultural dəyərlər. “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” Beynəlxalq elmi konfransının materialları /ADMİU, Azərbaycan Milli Kitabxanası; Tərt. N. Abdullayeva -B.: ADMİU mətbəəsi, 2016.
3. S. Ələkbərzadə. Multikulturalizm dəyərləri: Azərbaycandan dünyaya. 525-ci qəzet. 2015, 20 oktyabr.
4. Multikulturalizmə giriş. pdf.http://unec.edu.az/application/uploads/2015/07/.
5. İ. Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lidеr nəşriyyat”, 2004
6. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
7. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı, 2016.