Xalq tamaşalarında milli idman növlərinin bədii və fiziki təcəssüm formaları

yazarlar
29-11-2016, 16:37 1565
Xalq tamaşalarında milli idman növlərinin bədii və fiziki təcəssüm formaları
Xalq tamaşalarında milli idman növlərinin bədii və fiziki təcəssüm formaları
Bəllidir ki, Azərbaycan xalq dramları, oyun və tamaşaları xalqımızın maddi-mənəvi həyatında , mədəniyyətin formalaşmasında müstəsna rol oynamışdır. Kökü qədim minilliklərə gedib çıxan xalq teatrı bütün dövürlərdə böyük içtimai-tərbiyəvi əhəmiyyətə malik olmuş, maarifçi funksiya daşımışdır.

XIX əsrin 70-ci illərindən etibarən cəmiyyətdə ictimai münasibətlərin intensivləşməsi, başlıca isə, peşəkar teatr sənətinin yaranmağa başlaması ilə əlaqədar xalq teatrı nisbətən məhdudlaşmış, tamaşaçı kütləsini itirmiş, mənəvi böhran keçirmiş, lakin tamamilə itməmişdir. Bundan sonra oniliklər boyu xalq dramları kənd və şəhərlərdə müəyyən dərəcədə öz mövqelerini saxlamış, əvvələrdə olduğu kimi əsasən yaz-tarla işlərinin başladığı dövürdə mövsüm xarakterli (buraya maldar təsərrüfat ilə bağlı oyunları da əlavə etmək olar), yaxud dini xarakterli (məhərrəmlik mövsümündə icra olunan şəbihlər) mədəni-kütləvi tədbir formasında icra edilmişdir. Zəngin etnoqrafizim, rəngarəng məişət lövhələri ilə seçilən, canlı dialoqlar formasında qurulan, sərrast mühakiməyə, incə yumor hissinə malik olan xalq oyunları bu gün də öz mövcudluğunu qoruyub saxlayır və onlardan əsasən el şənliklərində epizod, yaxud səhnəciklər formasında istifadə olunur. Xalq tamaşalarını yaşatmaq, onlardan bəhrələnmək, bayramlarda, el şənliklərində istifadə etmək, gələcək nəsillər üşün qoruyub saxlamaq bu gün dövlətçiliyimizin mədəni siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Xalq tamaşaları haqqında çox deyilmiş və yazılmışdır. XIX əsrin 20-30-cu illərindən etibarən inkişaf etməyə başlayan teatrşünaslıq elmimizdə xalq teatrının mənşəyi, təşəkkülü, mövzuları, xarakterinin ictimai, maarifçi mədəni, bədii və s. Xüsusiyyətləri barədə kifayət qədər material toplanmışdır. Vaxtilə Ə. Abid, Ə. Nəzmi, M.Hacinski, Ə.B.Haqverdiyev, sonralar C. Cəfərov, C.Xəndan, Ə.Sultanlı, Ə.Əliyeva, M.Allahverdiyev və başqaları xalq teatrını bu və ya digər formada tədqiq etmiş, haqqında maraqlı fikirlər söyləmişlər. Müasir mərhələdə xalq teatrının ayrı-ayrı problemləri ilə İ. Kərimov, İ. Rəhimli, A. Talıbov, M. Əlizadə və başqaları məşğul olular. Bununla belə, tükənməz mənəvi xəzinəmiz olan xalq teatrında hələ də kifayət qədər öyrənilməmiş, lakin ciddi maraq doğuran məqamlar qalmaqdadır. Onların araşdırılması xalq teatrı tarixinin, onun xarakterinin daha dərindən, dolğun surətdə öyrənilməsinə, yeni-yeni cəhətlərin üzə çıxmasına kömək edə bilər.

Xalq teatrmızda az öyrənilmiş, lakin aktual və maraqlı olan mövzular var. Onlardan tamaşalarda qadın obrazı, xalq rejissurası, oyunlarında qrim-kosmetologiya işi, rəssamlıq-dekor ünsirləri, bədən tərbiyəsi və idman motivləri, sirk elementləri–akrobat nömrələri, gözbağlayıcı, estrada, heyvan təlimi, rəssamlarımızın, o cümlədən klassik dövr miniatürçülərimizin əsərlərində xalq tamaşaları görüntüləri, xalq tamaşalarının ideologiyasında hərbi- vətənpərvərlik mövzusu və bir çox digərlərini göstərmək olar. Bu mövzulardan bir qisminə tədqiqatçılarmız az da olsa toxunmuş (estrada, akrobatika, rəssamlıq ünsürləri), lakin əksəryətinə demək olar ki, diqqət yetirməmişlər.

Zənnimcə, xalq tamaşa və şənliklərdə idman motivlərini iki əsas qrupa ayırmaq mümkündür:

1.Tamaşalarda idman, yaxud bədən tərbiyəsi elementləri;

2.El şənliklərində, bayram və mərasimlərdə icra olunan idman növləri;

Biz birincidə “element” ikincidə isə “növ”sözünü işlətdik. Çünki konkret olaraq götrülmüş tamaşada idman yox, klassik, ənənəvi süjet vardır. Lakin bu sujeti canlandırmaq məqsədilə ayrı-ayrı idman elementlərindən istifadə etmək olar və edilmişdir. Şənlik, bayram və mərasimlərdə isə tamaşadan başqa, həm də geniş çeşiddə qarşılaşmalar olur, idman müxtəlif milli növləri üzrə idaman yarışları keçirilir. Burada artıq “növ” sözündən, yaxud “tam idman qarşılaşması” ifadəsindən istifadə etmək olar. Xalq tamaşaları mahiyyətcə milli xarakter daşıdığından, burada təsadüf olunan idman növləri də sırf milli xarakter daşıyır. Onların içərisində şübhəsiz ki, Azərbaycan güləşinin və milli akrobatik sənət olan kəndirbazlığın xüsusi əhəmiyyəti vardır. Demək olar ki, əksər xalq bayramlarında, el şənlklərində, meydan tamaşalarında bu iki idman növünə mütləq təsadüf edilir. Əsas bayramlarmızdan olan Novruz bayramı da onlarsız keçmir.

Maraq doğuran cəhət budur ki, sırf yarış məqsədləri ilə keçirilən qarşılaşmadan əlavə, güləşin həm də məzhəkə xarakterli variantları da olmuşdur. İdmanın məzhəkə variantının əsas məqsədi mərasimin bayram əhvali-ruhiyyəsinin qüvvətləndirmək, insanları şənləndirmək, coşdurmaq, sağlam güləş ab–havası yatarmaqdadır. Adətən həqiqi pəhləvanlardan sonra meydana çıxan məzhəkəçi güləşçiləri məzəli hərəkətlər edir, yalandan yıxılır, mayallaq aşır, bir-birinə hərbə-zorba gəlir ( bu element ilk növbədə həqiqi xalq meydan güləşinə aiddir), bəzən ciddi hazırılıq tələb edən mürəkkəb akrobatik hərəkətlər edir, toplaşanların gülüşünə səbəb olurdular. Bu hərəkətlər kifayət qədər mürəkkəb olduğundan, hazırlıq tələb etdiyindən, məzhəkə güləşə bəzən hətta həqiqi güləşçilər tərəfindən də icra edilirdi. Novruz şənliklərində məzhəkə güləşinə komik xarakter ənəvi obrazlar Kosa, Keçəl, Gombul və başqaları da qoşulurdular ki, bu da tamaşının komikliyini xeyli artırırdı. Misal üçün, yöndəmsiz Gombulun “rəqib”in sərrast fənd nəticəsində yumbalanaraq yerə sərələnmiş, Keçəlin yerə yıxılaraq papağının düşüb keçəlinin görünməsi, sevdiyi qızın qarşısında “biabır” olması, “əzidmiş” keçəl başını narazı ifadə ilə qaşıması, ah-uf etməsi şiddətli, saf gülüşə səbəb olurdu.

Novruz və başqa el şənliklərində geniş yayılmış digər milli idman növü kəndirbazlıq sənətidir. Yüngül atletika, akrobatika və sirk estradası kimi müasir sahələrin ümumiləşdirilmiş timsalı olan milli kəndirbazlıq sənətmizin kökü qədim minilliklərə gedib çıxır. İştirakçılardan xalq idmançılarında yüksək məharət, dözümlülük, çeviklik, vərdiş, qocalıq tələb edən bu idman növü güləş və digər “döyüş” növləri ilə yanaşı el mərasimlərində geniş yayılmışdır. Mahir kəndirbazlıq kəndir üzərində (bəzən gözübağlı) hərəkət edir, oynayır, atılıb düşür, mayallaq vurur, bir-birlərinin çiyninə çıxaraq iki-üç “mərtəbə” əmələ gətirirdilər. Müasir sirk akrobatikasından fərqli olaraq kəndirbazlarmız əsasən qoruyucumuz, kifayət qədər yüksək hündürlükdə sığortalanmadan öz məharətlərini nümayiş etdirirdilər.

Xalq bayramlarında geniş yayılmış başqa milli idman növü-atçapma sənəti də xarakter və təyinatına görə güləş və kəndirbazlıqdan fərqlənərək oxatmaya yaxın olmuşdur. Atçapma sənəti tamaşalarda deyil (Şəbihlər istisna olmaqla), bayramlarda, şənliklərdə gerçəkləşdirilirdi (əlbətdə, bayram tədbirinin tərkib hissəsi kimi tamaşa da oynanıla bilərdi; lakin bu zaman atçapma sənəti ondan kənarda qalırdı). Tamaşalardakı idman motivləri əsasən fərdi xarakter daşıyıb əyləncə məqsədi, bayram və şənliklərindəki bədən tərbiyəsi və idman hərəkətləri isə daha çox kütləvi xarakter daşıyıb maarifçi- tərbiyəvi məqsədlər güdürdü.

Sevinc Vəliyeva - Xoreoqrafiya Akademiyasının müəllimi