Şairin ilk kitabı haqqında düşüncələr...

yazarlar
18-10-2016, 17:24 2300
Şairin ilk kitabı haqqında düşüncələr...

Şairin ilk kitabı haqqında düşüncələr...
7 dekabr 1978-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində dünyaya gəlmiş şair Taleh Ağsulu Furqaninin ilk kitabı “Mən şeir yazmıram” mənimlə üz-üzədir. Yəqin ki, bu şairi çoxunuz tanıyırsınız. Talehin özünə Furqani təxəllüsü götürməsi ilk öncə məni Qurani-Kərimin 25-ci surəsinə apardı. Bu surə Əl-furqan adlanır. Əl-furqan surəsini oxumuşdum, bir daha dönə-dönə oxudum. Oxudum ona görə ki, bu surənin qısa məzmununu tapım və şairin niyə görə bu surəni özünə təxəllüs götürdüyünü, onun şeirlərini şair oxumazdan əvvəl haqqında ürəyimdə fikir yürütdüm, fikir formalaşdırım. Əl-furqan surəsinin mənası yəqin ki, siz oxucular üçün də maraqlı olar.
Bu surəni əslində “haqq-ədalət tərəzisi”də adlandırmaq olar. Mən çox düşündüm: - görən şair bu təxəllüsü götürməklə nə demək istəmişdir. Yalnız bundan sonra onun kitabını, oradakı şeirləri sətir-sətir oxumağa başladım.
Kitaba ön sözü tanınmış şair Maarif Soltan yazmışdı. O yazırdı ki, şairin şeirlər toplusunu mənə təqdim edib oxumağımı xahiş etdilər. Şeirlərin üstündə müəllifin adı yazılmışdı. Onun kimliyini bilmədən şeirləri oxumağa başladım və şeirləri oxuduqca tam əmin oldum ki, şeirlərin arxasında təmiz ürəkli bir insan dayanır. Hiss etdim ki, saf, səmimi duyğular onun qəlbdən süzülüb gəlir və kağıza tökülür.
Onun yazdıqları üstündə çox dayanmaq istəmirəm. Talehin yazdıqlarından məlum oldu ki, şair özünə “Furqani” təxəllüsü götürməkdə yanılmayıb. Dünyada haqq-ədalət, düzlük axtaran bu şairin deyimləri qarşısında mən dərindən-dərinə düşünməli olmaqla yanaşı sevindim ki, ədəbiyyatımıza yeni-yeni qüvvələr gəlir və bunlardan biri də Taleh Ağsulu Furqanidir. Eşq olsun sənə Furqani, “Mən şeir yazmıram” deyə-deyə yazan əllərin var olsun. Səndən çox şey gözləyir doğulduğun Ağsu rayonunun Ləngəbiz kəndi. Mən inanıram ki, şair həyatda haqqı, ədaləti tapmasa da, doğma yurdu Ləngbizi heç vaxt itirməyəcək. Sənin yazdıqların çoxlarına örnək olacaq.
İndi də gəlin Furqaninin yazdıqları şeirlər üzərində dayanaq. Onda görəcəyik ki, o, “haqq-ədalət tərəzisi”ni niyə özünə təxəllüs seçib. Eyni zamanda o düşünür ki, haqq, ədaləti tapmaq o qədər də asan iş deyil.

Kimi şərin pisindən,
Kimi vicdan səsindən,
Kimi də kölgəsindən,
Hürkür, izindən qorxur.

Şir olsa da biləyi,
Çoxunun yox ürəyi.
Cəhənnəm haqq deməyi,
O “haqq” sözündən qorxur.

Ağsulu gəzmə haqqı,
Həyat olub nahaqqın.
Haqqı tapanlar haqqın,
Sınıq dizindən qorxur.

“Qorxur” səh. 10, 2014-cü il

Bütün dövrlərdə haqqı, ədaləti axtarıblar, lakin onu tapa bilməyiblər. Bu gündə haqqı, ədaləti çoxları axtarır. Eyni zamanda Taleh də axtarır və özü də bu qənaətə gəlir ki, haqqı, ədaləti tapmaq çox çətindir.
Taleh, sən ruhdan düşmə, yaz. Haqq, ədalət haqqında mən də sözümü demişəm, mən də yazmışam, Sən də sözünü deyirsən, sən də yazırsan. Bu bizim poetik duyğularımızın məhsuludur. Bu deyimlərin fərqli və oxşar tərəfləri var. Fərqli cəhət ondadır ki, haqq, ədalət haqqında, sən öz fikrini daha geniş, daha dərindən söyləyirsən, sənin təbincə desək sən doğrudan da haqqın və ədalətin şəklini çəkirsən, Haqqa, ədalətə belə yanaşma tərzi daha ədalətlidir, daha diqqətə layiqdir. Qoy belə də olsun. Bu sənin hisslərindən qidalanır, haqqı, ədaləti tapmasaq da onların haqqında sənin düşünməyin çox önəmlidir. Bu şeirləri oxuyan oxucular haqqı, ədaləti sənin dediyin kimi qəbul etsələr bu da böyük qənimətdir.
Onu da qeyd etmək istəyirəm ki, Talehin Ana, Ata, Övlad, Vətən, Torpaq, Sevgi və s. yazdığı şeirlərin daxilində bir haqq, bir ədalət yaşayır. Hiss edirsən ki, bu şeirləri oxuduqca haqq, ədalət qarabaqara sənin ardınca boylanır.
Talehi narahat edən insan övladının bu günüdür. Şair bəşər övladının uçuruma getdiyini görür və onu bu uçurumdan qaytarmağa çalışır.

İnsan insanlığı tapdayar, əzər,
Gedir uçuruma bu yolla bəşər.
Ağsuluyam, sözüm budur, müxtəsər,
İtirib sərini insan övladı.

“İnsan övladı” səh. 13, 2014-cü il

Taleh bəşər övladının dərdini “özününküləşdirməyi” bir şair kimi bacarır. Primitivlikdən qaçır, yazdıqlarının poetik ruhda səslənməsinə nail olur. Həyatı gördüyü kimi qələmə alaraq oxucularına çatdırır.

Talehəm, bəxtimin şərbəti-ağı,
Ömür yollarımın sönüb çırağı.
Mənimçün yox daha həyat marağı,
Ölürəm götürün məzara məni.

“Taleyim” səh. 7, 2000-ci il

“Əl-Furqan” surəsinin 1-ci ayəsində deyilir: “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər Uludur!” (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
Bu ayəni gözü qarşısına gətirən Taleh Allahın ucalığından söz açır. Allaha özü də dualar edir. Özünü Allahsız bir insan saymaqdan çox-çox uzaq görür.

Dünyada heç dərdim, qəmim olmazdı,
Olsaydım layiqli bəndə Allaha,
Mənim günahımı bağışlar deyə,
Əl açıb yalvarıram gündə Allaha.

Onu aləmlərin tək rəbbi bildim,
Qarşısında səcdə edib əyildim.
Onun izni ilə dünyaya gəldim,
Yenə dönəcəyəm sonda Allaha.

Ağsulu Talehəm, üz tutub göyə,
Tanrı dərgahına edirəm dua.
Məni insan kimi yaradıb deyə,
Min-min şükr edirəm mən də Allaha.

“İnsan kimi” səh. 16, 2011-ci il

Allah təkdir, şəriksizdir, hər şeyi görəndir. Haqqın, ədalətin qorunması yolunda “Zabur”u, “Tövrat”ı, “İncil”i, “Quran”ı öz peyğəmbərlərinə nazil etdi. Bu kitablar milyon-milyon insanları düz yola sövq etdisə də haqsızlıq, ədalətsizlik hələ də qalmaqdadır.
Eramızdan əvvəl 451-450-ci illərdə qədim Romada “on iki cədvəl” qanunu hazırlandı. Bu qanun mühakimə, cinayət, mülki, ailə, polis və s. münasibətlərdə haqqın ədalətin qorunmasına yönəlmişdi. Həmin qanun 12 taxta üzərində yerləşdirilərək şəhər meydanlarında nümayiş etdirilirdi. İndi bu qanunun əsl mətni qalmamışdır. Lakin Roma yazıçıları, hüquqşünasları M.T.Siseron, A.N.Qay və s. şairlərin əsərləri əsasında bu qanun bərpa edilmişdir. Bu qanun da haqqın, ədalətin qorunmasında öz rolunu tam oynaya bilməmişdir.
Eramızdan əvvəl 470/469-cu illərdə Yunan filosofu Sokrat, onun şagirdləri Ksenofont və Platon bu məsələyə biganə qalmamışlar. Sokrat və onun şagirdləri ədalət nümunələri yaratmışlar. Sokrata görə yaramaz hərəkətlər, yalnız bilməməzlikdən törəyir və heç kəs bilərəkdən qəddar olmur. Taleh oğluna həsr etdiyi şeirlərinin birində belə deyir:

Nəyi bilməyirsən axtar, bil öyrən,
Bir vaxt gərək olar bacar dil öyrən,
Nəyi öyrənirsən mükəmməl öyrən,
Fərq etməz alim ol, ya xarrat oğlum.

“Oğlum” səh. 46

və yaxud:

Nəyisə öyrənmək heç vaxt gec deyil,
Əsası odur ki, cəhd eləyəsən.
Düz yola yetməkçün təmiz qəlb ilə,
Tanrı dərgahında, əhd eləyəsən.

“Tanrı dərgahında” səh. 127, 2014-cü il

Bəli, haqqın, ədalətin yerini bilmək üçün bilməməzlikdən uzaq olmalısan, nəyi bilmirsənsə öyrətməlisən. Yadda saxlamaq lazımdır ki, öyrənmək heç vaxt gec olmayıb. Çox təəssüf ki, Sokratın dediyi kimi yaramaz hərəkətlər yalnız bilməməzlikdən doğur. Bəzən isə Talehin dediyi kimi bəziləri haqdan danışa-danışa haqsızlıq, ədalətsizlik edir, haqqın, ədalətin qarşısnda susmağa üstünlük verir.
Yer kürəsində mövcud olan dövlətlərin hamısının konstitusiyası var. Bu konstitusiyalarda haqqın, ədalətin qorunmasına geniş yer verilir. Buna baxmayaraq, həmin dövlətlərdə haqqın, ədalətin tapdalanması halı mövcuddur.
Fransız maarifçilik məktəbinin görkəmli xadimi filosof, yazıçı, dramaturq, bəstəkar Jan Jak Russo eramızın 18-ci əsrində, öz baxışlarında həmişə haqqı, ədaləti Taleh kimi insan sivilizasiyasında ön plana çəkir. J.J.Russo din ilə əlaqəli hüquq normalarının nüfuzunu gücləndirmək məqsədi ilə onlar arasında yeni əlaqə forması yaratmağa çalışır.
J.J.Russo ədəbi baxışlarında insanların mənəvi və ictimai borcu tərənnüm edir və qeyd edir ki, belə yanaşma haqqın, ədalətin bərqərar olmasına gətirib çıxarır. A.N.Radişev, A.S.Puşkin, A.İ.Gertsen, N.Q.Çernişevski, L.N.Tolstoy və bu kimiləri J.J.Russonun yaradıcılığını yüksək qiymətləndirir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Ə.Xəqani, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, C.Cabbarlı, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir və başqaları da haqq ədalət problemlərinə öz yaradıcılıqlarında geniş yer vermişlər. Talehin şeirləri də onu göstərir ki, o həm klassik, həm də müasir ədəbiyyatımızın qarşısında dayanan çətinlikləri yaxşı görür və öz yaradıcılığında bu məsələlərə geniş yer verir. Qarşımda yuxarıda qeyd etdiyim kimi şairin ilk kitabıdır. Şairdən kainatda baş verən bütün məsələlərə bir kitabla yanaşmağı tələb etmək düzgün olmazdı. Bu kitabda oxuduğum şeirlər məndə inam hissi yaradır ki, Taleh gələcəkdə daha gözəl, daha məzmunlu şeirlər yazacaq. Telefonla söhbətlərimizdə tamamilə düzgün yolda olduğunu mən bir daha oxucuların nəzərinə çatdırmaq istəyirəm. Mən hələ onunla görüşməmişəm və yəqin ki, görsəm də tanımaram . Ancaq onunla görüşmək və ədəbiyyatımızın qarşısında duran məsələlərdən geniş danışmaq, fikir söyləmək arzusundayam.
Bir daha deyirəm Taleh özünə Furqani təxəllüsü seçməkdə səhv etməyib. Qurani-Kərimdə Əl-Furqan surəsini bəzən “fərqləndirmə” surəsi də adlandırırlar. Mən inanıram ki, Taleh öz yaradıcılığında ədəbi məsələlərin həllində “fərqləndirmə” üsulundan səmərəli istifadə edərək, özündən əvvəlki yazarlardan fərqli olaraq fərdi yanaşma üsuluna üstünlük verəcək. Mən onun şeirlərini oxuyarkən Talehin haqqa və ədalətə fərdi yanaşma üsulunu sezməyə bilmərəm. Bəlkə elə buna görə də Taleh özünə Furqani təxəllüsünü götürmüşdür. Bu yolda sənə uğurlar diləyirəm, Furqani!
Bir qədər də Talehin doğma yurda, valideynlərinə, övladlarına bağlılığından söhbət açmaq istəyirəm. O, yuxarıda dediyim kimi Ağsu rayonunun Ləngəbiz kəndində dünyaya göz açmışdır. “Ləngəbizim” şeirində o, poetik duyğularını belə ifadə etmişdir.

Elim qədim Şirvan eli,
Əziz adım, Ləngəbizim.
Səndə dünyaya göz açdım,
Yuva qurdum, Ləngəbizim.

Səndə keçib uşaqlığım,
Dəcəlliyim, şıltaqlığım.
Sənə vardır bağlılığım,
Doğma yurdum, Ləngəbizim.

Harda oluramsa olum,
Yenə sənə dönür yolum,
Yaşayışım, ömür yolum,
Ocaq, odum Ləngəbizim.

Ömür keçir aram-aram,
Ağsulu, nə qədər varam.
Onu heç vaxt unutmaram,
Doğma yurdum Ləngəbizim!

“Ləngəbizim” səh. 64-65, 2013-cü ildə

Şeirdəki misralar necə də axarlı, ürəkdən gələn, poetik səslənir. Onun dediklərini hər bir Ləngəbizli dərk etsə də, ancaq bu fikirləri şair olan şəxs deyə bilər. O da Talehə nəsib olmuşdur.
Talehin qələmə aldığı “Şirvanımdır”, “El həsrəti” “Vətən oğlu” “Bilmirəm” “Dönüm vətənə” “Yurduma” və s. bu qəbildən olan şeirlərdir.
Şairin valideynlərinə məhəbbəti Yerə, Göyə sığmır. Qəlbindən süzülüb gələn misralar ataların, anaların övlad üçün əzizliyindən, müqəddəsliyindən doğur. O, bəzi övladların atasız, anasız yaşamalarını böyük bir ürək ağrısı ilə qələmə alır.
Eyni zamanda üzünü oxuculara tutub deyir ki, ataların, anaların övlad tərəfindən yalnız və yalnız diqqətə ehtiyacı var. Talehin atalar və analar haqqında yazdığı şeirdən bir parça demək Talehin layiqli bir övlad kimi nələr düşündüyünə böyük bir işarədir.

Atalar, övlada dirək olurlar,
Analar xeyirxah mələk olurlar,
İnsana hər yaşda gərək olurlar,
Sevin ataları, anaları siz.

Qoymayın dərd çəkib, edələr qubar,
Deyil gərəkləri nə dövlət, nə var.
Onların diqqətə ehtiyacı var,
Sevin ataları, anaları siz.

“Ataları, anaları” səh.43, 2014-cü il

Mən uşaq olanda O, cavan idi...
Görəsən bəs niyə qocaldı Anam?

“Qocaldı anam” səh. 44, 2014-cü il
Elə buradaca o, cavan anasının yanında öz uşaqlıq şəklini kitabda oxuculara göstərir. Bu da Talehin Ana sevgisindən, onun özünün müqəddəsliyindən irəli gəlir.
Anası haqqında başqa bir şeirində şair deyir:

Anamdır ömrümün ümid çırağı,
Anam mənim üçün hər şey deməkdir.
Anam həyatımın ən xoşbəxt çağı,
Anam varlığımda ürək deməkdir,
Anam mənim üçün hər şey deməkdir.

Anamdır könlümə verən ilhamı,
Anamdır ağzımın ləzzəti, tamı,
Anamdır sevdirən mənə dünyanı,
Ana müqəddəs bir dilək deməkdir,
Anam mənim üçün hər şey deməkdir.

“Anam mənim üçün” səh. 42, 1999-cu il.

Ana haqqında çox şeirlər yazılmışdır. Elə bir şair yoxdur ki, öz anası haqqında şeir yazmasın. Taleh də başqaları kimi anası haqqında ürək çırpıntısı ilə yazır.
Digərlərini təkrar etmir. Təkcə bu misra “Anam mənim üçün hər şey deməkdir” övlad-Ana münasibətlərinin ən uca zirvəsindən xəbər verir. Bu şeiri oxuyanda mənə belə gəldi ki, Taleh üçün anası üfüqdən boylanan günəşdir. O, öz övladlarına yazdığı şeirlərin birini belə tamamlayır:

Nə yaxşı ki, siz varsınız,
Ömrüm-günüm balalarım.

“Balalarım” səh. 46, 2010-cu il

Mənim düşüncələrimi alt-üst edən Talehin “Ağ olma” şeirinn üzərində xüsusilə dayanmaq istəyirəm. O, oğluna xitabən deyir:

Min bir əziyyətlə böyüdüb səni,
Atanın üzünə ağ olma, oğul.
Baxma qəzəb ilə, hirs ilə ona,
Atanın üzünə ağ olma oğul!

Qeydinə qalarıq hər addımbaşı,
Çalış qazanasan ondan alqışı.
Övladı tez tutur Ata qarğışı,
Atanın üzünə ağ olma oğul!

“Ağ olma”, səh. 50, 2014-cü il

Burada söhbət təkcə Talehin oğluna dediklərindən getmir. O, bütün oğulları belə olmağa çağırır. Bax bu gün poeziyanın qarşısında duran başlığa məsələlərdən biri budur. Çünki çox oğullar müqəddəs ataların yolu ilə getmir. Öz istəkləri ilə yaşayır. Bu da bəzən onları uçurumlara gətirib çıxarır.
Bir qədər də Talehin sevgi şeirləri ilə bağlı düşüncələrimi oxucularla bölüşmək istəyirəm. Onun qələmə aldığı sevgi şeirləri kimi ülvidir, pakdır, təmizdir. Onun bu şeirlərini oxuyanda tanıdığım ləyaqətli insanların həyatı nağıla bənzər bir kino kimi gözlərimin önündən keçir.
“Küsübdü könlüm”, “Nə üçün”, “Nə idi dərdin”, “Saxta sevgi”, “Bu sevgini”, “Yalan məhəbbət”, “Unut məni”, “Dönərdi”, “Dönsən də”, “Geri dönməyin”, “Bilirəm onu”, “Səninçün”, “Unut”, “Yaşadıram”, “Bu ayrılıq”, “Səni sevməyəcəm”, ”Axtar”, “Vəfasız qıza”, “Gülüm bağışla”, “Mən”, “Oldu”, “Bu eşqin,” “Həsrət”, “Sənsiz”, “Nakam sevgi”, “Gedirəm” və sair sevgi şeirlərini oxuyanda hər biri böyük bir romanı xatırladan dünyaya düşürsən. Əlbəttə bu qədər rəngarəng, sevgiləri Taleh yaşıya bilməzdi. Yəqin ki, o, gördükləri, eşitdikləri cazibədar sevgi məqamlarını şair kimi “özününküləşdirərək” qələmə almışdır. Başqa cür düşünmək də olmaz. Bu anları Taleh yaşasa da heç kim ona – niyə? sualını verə bilməz. O, bu şeirləri yazıbsa, deməli aktyor kimi bu obrazları yaşayıb. Axı hər şeiri yazanda şair onun odunda yanır və yaradır.
“Ömür-gün yoldaşıma...” şeiri məni öz cazibə qüvvəsində sanki yenidən gəncliyimə qaytardı. O şeiri bütövlükdə oxuculara çatdırmaq istəyirəm:

Ay mənim sevgilim, ömür yoldaşım,
Ömrümün ən şirin dəmisən mənə.
Mən öz istəyimi səndə tapmışam,
Sən arzularımın cəmisən mənə.

Hərdən qısqanc kimi tutub özünü,
Sanki bulud alıb o ay üzünü,
Mənalı baxışla dikib gözünü,
Sözünü qəlbində demisən mənə.

İstər xoş günümdə, yazda, baharda,
İstərsə tufanda, boranda, qarda,
Bir coşqun dənizin dalğalarında,
Sahilə çatdıran gəmimsən mənim.

Allah verib Eldar ilə Cavadı,
Bizə şərəf versin onların adı,
Layiqli böyüdək iki övladı,
Bu yolda sən mayak kimisən mənə.

“Ömür gün yoldaşıma”... səh. 156, 2010-cu il

Şeir uğurlu bir sonluqla bitir. Şair övladlarının yetişməsində, layiqli övlad olmalarında ömür-gün yoldaşını bir mayak kimi görür. Bu da onun səmimi sevgisinin Dan ulduzuna çevrilir.

Nəhayət sonda kitabın ad ilə bağlı düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Kitab “Mən şeir yazmıram” adlanır. Bəs onda bu yazılan şeirlər nədir? Bu suala şair özü “Mən şeir yazmıram” şeirində cavab verir.
Taleh qeyd edir ki, o şeir yazmır, yalnız öz duyğularının şəklini çəkir. Bu əslində belədir. Hər bir şair şeir yazarkən öz duyduqlarının şəklini çəkir. Çox düz deyirsən Taleh, sən şeir yazmırsan. İlhamının sənə diktə etdiyi obrazların şəklini çəkirsən. Belə də olmalıdır. Mən ilk dəfədir ki, şairin şeir yox, şəkil çəkdiyi anlayışa rast gəlirəm. Əgər şair yazdığı şeirlərin şəklini çəkmirsə, ona necə şair demək olar? Əgər şair başqa cür düşünüb, başqa cür yazırsa onu nə adlandırmaq olar?
Burada Talehə haqq qazandırıram ki, o qələmə aldığı hər bir mövzunun şəklini müxtəlif boyalarla çəkib bizə çatdırır. Taleh yaxşı ki, belə düşünürsən. Sən doğrudan da şəkil çəkirsən. Mən sənin şeirlərini oxuyanda saysız-hesabsız şəkillərin önündə baş əyirəm. Sağ ol, Taleh! Əgər sən belə deməsəydin Ləngəbiz sıra dağlarının ətəklərində yerləşən doğulduğun Ləngəbiz kəndini necə görə bilərdim? Əgər sən bu şəkilləri çəkməsəydin mən haqqı nahaqdan, ədaləti ədalətsizlikdən necə seçə bilərdim? Uğurlar olsun sənə, Taleh! Sənin yeni-yeni şəkillərini gözləyirik. Bizim gözümüzü yollarda qoyma, haqsızlıqdan, ədalətsizlikdən uzaq ol!
Şairin ilk kitabı haqqında düşüncələr...
Şahməmməd Şahməmmədov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Şair, hüquqşünas.