Yalnız Azərbaycanda - FOTO

medeniyyet
15-07-2016, 12:12 1235
Yalnız Azərbaycanda - FOTO
Qədim zamanlardan başlayaraq bu günə kimi insanlar incəsənəti yüksək tuturlar. İqtisadiyyat, adət-ənənə və moda - bütün bunlar vaxt keçdikcə dəyişikliyə məruz qalır. Məhz təbii, əsl incəsənət əsərləri zamanın süzgəcindən keçərək, müxtəlif nəsillərin ürəklərində əsrlərlə taxt qurur. İncəsənətə qiymət verən, onu dəyərləndirən insanlar ustad rəssamların, sənətkarların rəsm əsərlərinə saatlarla tamaşa edir, bir-birini inkar edən məqamlara rast gəldikdə öz aralarında qızğın mübahisələr edirlər. Bu və ya digər əsəri öz şəxsi kolleksiyalarına daxil etmək məqsədilə külli miqdarda vəsait sərf edirlər.
Yaxın günlərdə, öz vəzifə borcumla əlaqədar olaraq Bakının ən dəbdəbəli otellərindən biri olan "Boulevard Hotel"də olduğum zaman "Glassi" cəmiyyətinin mütəxəssisləri tərəfindən kiçik şüşə parçalarından yığılıb hazırlanmış "Kainatın sirləri" əsəri diqqətimi cəlb etdi. Çünki onun yanından laqeyd ötmək mümkün deyil. Bu unikal incəsənət əsəri bu vaxta qədər gördüyüm digər əl işlərindən tam fərqlənir. Bu əsərin digərlərindən fərqli cəhəti təkcə onun dərin mövzuya malik olması deyil, həm də hazırlanmasında 1-3,5 mm ölçülü rəngli şüşə qırıntılarından istifadə olunmasıdır. Bununla yanaşı, bu şedevrin yaradılmasında hər hansı ənənəvi yığım üsulundan istifadə edilməyib. Əsər yalnız müasir texnologiya vasitəsilə ərsəyə gətirilib.
Əsər haqqındakı informasiya ilə ətraflı tanış olduqdan sonra onun məhz Azərbaycan mütəxəssisləri tərəfindən hazırlandığını bildikdə yaxşı mənada təəccübləndim. Əlbəttə, bizim cəmiyyətdə kimisə nə iləsə təəccübləndirmək çox çətindir. Lakin bizim cəmiyyətimizdə də eksklüziv əsərlər yaradaraq, insan idrakını heyran edəcək kifayət qədər istedadlı simalar var. Şüşədən hazırlanmış bu rəsmlərin birbaşa yaradıcısı-müəllifi "Glassi" MMC-nin təsisçisi Namiq Səfixanovdur. "Glassi" şirkəti rəsmi olaraq 2014-cü ilin mart ayında yaradılmışdır. Onun bütün işləri eksklüzivdir və dünyanın heç bir yerində bunun bənzərinə rast gəlmək qeyri-mümkündür.
"Boulevard Hotel"də nümayiş olunan bu əsər, müəllifin digər əsərlərindən onunla fərqlənir ki, burada rəsmin süjetinə baxarkən həm süjeti, həm də onun arxasında yerləşən predmetləri görürsən. Rəsmin bütün tərəfləri eyni olduğundan, əsərin süjeti onu həm saatın hərəkət istiqaməti, həm də əks istiqamətində çevirməyə imkan verir. Hər dəfə gözümüzün önündə biri digərindən fərqlənən süjet canlanır.
İlk işi - şüşədən hazırlanmış "Allah təkdir və dünyada bütün insanlar bacı-qardaşdır" əsərinin ilk təqdimatından sonra (14.10.2014-cü ildə) müasir incəsənətdə yeni üslubun hüquqi əsaslarını təsdiq etmək üçün bütün lazımi instansiyalardan keçilmişdir - Azərbaycan Müəlliflik Hüquqları Agentliyi, Azərbaycan Rəssamlar İttifaqı və Xalça muzeyinin mütəxəssisləri, Avstriyadan olan görkəmli tərtibatçı-dizayner, dünya şöhrətli Qerxard Veydjelin bu barədə yekdil qərar qəbul etdilər.
Bu qəbildən olan əsərlərin yaradılması mürəkkəb proses olub, çox zəhmət tələb edir. Onların ərsəyə gətirilməsi üçün aylar sərf edilir. Müqayisə üçün bildirək ki, "Allah təkdir və dünyada bütün insanlar bacı-qardaşdır" əsərinin hazırlanmasında 500.000-ə qədər şüşə qırıntısı istifadə olunmuşdur. İş zamanı hər hansı yapışdıran və ya möhkəmlədən kimyəvi materialdan istifadə edilməmişdir. 8 ay ərzində əl əməyi nəticəsində hazırlanmışdır. Əsərin hazırlanmasında çətinlik törədən məqamlardan biri fraqmentin hər bir kompozisiyasına lazım olan ilkin materialların dəqiq hesablanmasıdır. Sözügedən material texnologiyasına görə ikinci dəfə istifadəyə yararsızdır. Ona görə də bütün dəqiqliyi və incəlikləri nəzərə alaraq, gün ərzində fasiləsiz 15-17 saat ərzində fiziki əmək və yüksək diqqət tələb olunur. Bütün bunları nəzərə alaraq, gün ərzində ancaq minimal kv. sm fraqment hazırlamaq mümkündür.
Çox qısa müddət ərzində - yəni 2014-cü ilin sonlarından onun "Allah təkdir və dünyada bütün insanlar bacı-qardaşdır" əsəri ən müasir yerdə, Azərbaycan Xalça muzeyində nümayiş etdirilir, "Xeyir və Şər" əsəri şəxsi kolleksiyaçı tərəfindən alınmışdır, üçüncü əsəri olan "Kainatın sirləri", Bakının ən dəbdəbəli və müasir otellərindən biri olan "Boulevard Hotel"də sərgilənir.
Sözügedən əsərin hazırlanmasında istifadə edilən əsas material rəngbərəng incə şüşə parçaları və qırıntılarıdır. Onlar maqqaşla seçilib şəklə uyğun olaraq, xüsusi şəffaf təbəqə üzərində təbəqəni zədələmədən yığılır. Nəticədə, şüşə bütöv olub və hər iki tərəfi eyni süjetə malikdir. Onların yaradılmasında rəssam, dizayner, mühəndis və memarlardan ibarət peşəkar komanda işləyir. İş prosesində müasir texnologiyanın tətbiqilə ancaq əl əməyindən istifadə edilir. Bizim günümüzə qədər gəlib çıxmış heç bir sənət əsəri, bu şəkillərdəki kimi Günəş şüalarını əks etmək iqtidarında deyil.
Xırda şüşə parça və qırıntılarından hazırlanan bu unikal sənət əsərləri öz təravətini saxlayaraq, hətta bir çox min illərdən sonra gələcək nəsilləri sevindirəcək. Onlar həm qapalı, həm də müxtəlif iqlim şəraitinə məxsus açıq məkanlarda saxlansa belə, ilkin görkəmlərini itirməyəcəklər.
Bu əsərlərə diqqət verdikdə insan ürək rahatlığı tapır, ruhu dincəlir, müsbət enerji ilə qidalanır. Rəsm əsərlərindən alınan müsbət aura insan ömrünün uzadılmasına səbəb olan unudulmaz emosiyalar bəxş edir. Baxdıqca, sanki kainatın enerjsini alırsan.
"Glassi" cəmiyyətin direktoru Elxan Əsədova müraciətimdə bu əsərlərin dəyərilə maraqlandım. "Məsələn, VİP-şəxslər üçün avtomobilin qiyməti haradasa 300.000 ABŞ dollarından başlayır və bu məbləğ bizim incəsənət əsərlərimizin start qiymətidir. Lakin avtomobillərin dəyəri alınan andan, demək olar, 50% qədər enirsə, bizim əsərlərin qiyməti onların eksklüzivliyi, daimiliyi və unikallığı sayəsində illər ötdükcə artır", - deyə E. Əsədov bildirdi.
Şirkətin direktoru həm də gələcək planları ilə bölüşdü: "Qısa zaman kəsiyində biz hər hansı reklam, informasiya və sponsor dəstəyi olmadan Azərbaycan bazarında öz yerimizi möhkəmlətdik və yaxın beş ildə ölkəmizin hüdudlarından kənara çıxmağı, xüsusilə, YUNESKO, Avroparlament, Vatikan, ABŞ Konqresi, BMT kimi nüfuzlu strukturların tərkibinə daxil olmağı planlaşdırırıq.
Müasir texnologiyanın inkişafı süni yolla əldə edilmiş sintetik tərkibin rəngkarlıqda istifadəsi nəzərdə tutulmuş rəng və kətanın tətbiqinə gətirib çıxarıb. Bununla əlaqədar olaraq, bu materialdan hazırlanmış rəsmlər, təbii komponentlər ilə işləyən keçən nəslin yaratdıqları əsərlərdən əhəmiyyətli dərəcədə fərqlənir. "Glassi" MMC-nin hazırladığı rəsmlər təbii materiallardan hazırlanır ki, bu da onların ömrünü uzadır, ətrafdakıların sağlamlığına təhlükə törətmir".
Mən isə öz növbəmdə, bu sahə üzrə jurnalist araşdırması apararaq, incəsənətin bu yeni istiqamətindəki incəlikləri öyrəndikdə, gözlənilmədən belə nəticəyə gəldim ki, özlərinin unikallığı, daimiliyi və eksklüzivliyinə görə fərqlənən "Glassi" MMC-nin şüşə parçalarından hazırladığı rəsm əsərləri, tanınmış müasir rəssamların əsərlərinin qiymət statusundan xeyli yüksəkdədir.