Kreditlərin dayanması hansı problemi yaradacaq?

iqtisadiyyat
8-04-2016, 15:04 1124
Kreditlərin dayanması hansı problemi yaradacaq?
Azərbaycanda ötən il baş vermiş iki böyük devalvasiya nəticəsində əksər banklar müştərilərinə dollarla kredit təklif edirdilər.
Qafqazinfo-ya istinadən, yalnız bir neçə bank isə həm dollar, həm də manatla kredit verirdi. Banklar isə öz növbəsində bunu dollar ehtiyatlarının manat ehtiyatlarından çox olması ilə əlaqələndirirdilər. Çünki məlum devalvasiyalar fonunda əmanətçilərin əksəriyyəti manat əmanətlərini dollara çevirmişdilər. Bundan əlavə, kommersiya strukturları müştəriləri cəlb etmək məqsədilə dollar kreditlərini manat kreditlərinə nisbətən daha aşağı faizlə də təklif edirdilər.

Bir neçə gün əvvəl isə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının verdiyi qərara əsasən, aprel ayının birindən etibarən banklara dollarla kredit vermək qadağan edildi. Palatanın bu qərarının hansısa iqtisadi parametrlərə əsaslandığını söyləmək olar, ancaq məsələ bundan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi bankların əksəriyyətinin manatla kredit vermək imkanları yoxdur.

Bununla yanaşı məlum qərardan əvvəl də, onsuz da, kreditləşmə səviyyəsi aşağı düşmüşdü. Bu da ölkə iqtisadiyyatı və istehlakçılar üçün ümumilikdə problem yaradan məsələdir. Bankların iqtisadiyyatı kreditləşdirməkdən imtina etməsi iqtisadi zəifliyə gətirib çıxarır, həm də müştərilərin banklardan kredit götürmək imkanlarından məhrum edir.



"Qafqazinfo" bir aylıq iqtisadi durğunluğun bank sisteminə, iqtisadiyyata və istehlakçılara necə təsir edəcəyini araşdırmaq üçün iqtisadçı ekspert Azər Mehtiyevə müraciət edib. A.Mehtiyev bildirib ki, bankların dollarla kredit verməsinin müvəqqəti dayandırılması məsələsi heç də mövcud problemin həlli deyil: "İndiki halda sanki Maliyyə Bazarlarına Nəzarət Palatası problemin həlli üçün yollar axtarışındadır. Buna görə də banklara dollarla kredit verməyi məhdudlaşdırıb. Banklar isə ona görə dollarla kredit verir ki, resursları bundan ibarətdir. İkincisi isə, manatın taleyi ilə bağlı ölkə iqtisadiyyatında baş verən proseslərdən o qədər də inamlı deyillər. Özlərini risklərdən sığortalamaq üçün dollarla kredit verməyə meyillidirlər. İndiki halda qeyri- müəyyənlik yaranıb".

Onun sözlərinə görə, məsələnin həlli yolu dollarla kredit verməyi qadağan etməkdən keçmir: "Mərkəzi Bank bankları manat resursları təmin etməlidir. Əgər Mərkəzi Bank kommersiya banklarını manatla təmin edə bilməsə, təbii ki, onlar da manatla kredit verməkdə çətinlik çəkəcəklər. İkincisi isə, əhali öz vəsaitlərini manatla saxlamaqda maraqlı olmalıdır. Banklar və əhali manatın gələcək taleyi ilə bağlı məsələdə əmin olmalıdır".

Ekspert əlavə edib ki, son vaxtlar ölkə iqtisadiyyatında iqtisadi zəiflik müşahidə olunur: "Dollarla kreditin ləğvi də iqtisadi fəallığın daha da aşağı düşməsinə səbəb olacaq. Bu, ilk növbədə, sahibkarlar üçün problem yaradır. İqtisadi fəallığın əsas hərəkətverici qüvvəsi sahibkarlardır. Onun krediti ehtiyacı var, iş qurmaq istəyir. Beləliklə də ölkədə ən böyük zərbə sahibkara dəyəcək, bu da dolayısilə ölkə iqtisadiyyatı vasitəsilə əhalinin rifah halına mənfi təsir edəcək".