Bakı dünyanın möhtəşəm şəhərlərindən biri seçilib

maraqli
28-03-2016, 10:49 1169
Bakı dünyanın möhtəşəm şəhərlərindən biri seçilib Siyahıda London, Paris, İstanbul, Moskva, Nyu-York da yer alıb.
Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer verilib.
Nəşrin müəllifləri olan britaniyalı səyahət yazıçıları xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.
Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir edilib. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.
“Skylines” kitabında Bakının təsvir olunması
“Skylines” kitabında Bakının təsvir olunması
Kitab “Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilib.
Kitabda Bakı şəhəri ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və s. şəhərlər yer alıb.
Kitabda paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınıb. Şəhərin Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşdiyi, ərazinin qədim zamanlardan palçıq vulkanları ilə məşhur olduğu qeyd olunur. “Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin “Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.
Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib.
Paytaxtda İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu diqqətə çatdırılıb.
Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.
“Skylines” kitabında Bakının təsvir olunması
“Skylines” kitabında Bakının təsvir olunması
Həmçinin diqqətə çatdırılıb ki, paytaxt Bakıda müstəqilliyimizin bərpasından sonra da yenidənqurma, quruculuq işləri və memarlıq abidələrinin tikintisi davam etdirilib. “Alov qüllələri” Bakı şəhərinin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.
Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.