Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan yazıçı - II yazı

yazarlar
1-02-2016, 08:50 1540
Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan yazıçı - II yazı Mixail Şoloxov “Sakit Don” əsəri ilə Sovet ədəbiyyatında roman janrını yeni bir müstəviyə qaldırdı. Romançılığı irihəcmli epopeya kimi təqdim etdi. O vaxt Mixail Şoloxov müzakirələrin, dedi-qoduların, ətrafında baş verən şayiələrin yaranması ilə üzləşir. Dedi-qoduların, şayiələrin mərkəzidə o dayanır ki, ali təhsili olmayan bir adam belə bir əsər yaza bilməz. Həm də iyirmi yaşında olan bir adamın “Sakit Don” əsərini yazmağa başlaması çoxlarına inandırıcı görünmürdü. Təcrübəsi olmayan insanın belə bir əsər yazması da çoxlarına şübhəli görünürdü. Mixail Şoloxovun “Sakit Don” əsərinin1928-ci ildə iki cildi çapdan çıxır. “Sakit Don” əsərinin müəllifi kimi bəziləri Fyodor Kryukovun adını hallandırırdılar. Guya ki, bu əsəri Mixail Şoloxov Fyodor Kryukovdan oğurlamışdır. Ancaq “Sakit Don” əsərinin 1932-ci ildə üçüncü cildi çapdan çıxdıqdan sonra Sovet İttifaqının siyasi rəhbərliyi onu müdafiə etmişdir. Buna baxmayaraq, Mixail Şoloxova qarşı suçlamalar davam edirdi. Və 1940-cı ildə əsərin dördüncü cildi çap olundu, “Sakit Don”un əlyazması isə itdi. Belə bir məsələ “Sakit Don”un Mixail Şoloxov yazmadığı fikrini yenidən gündəmə gətirdi. “Sakit Don”u Mixail Şoloxov yazmamışdır iddiasında olanlar bir növ imkan əldə etdilər. Bu da bir faktdır ki, 1970-ci ildə Nobel mükafatına layiq görülən Soljenitsın ilə Şoloxov arasında bir-birini ittiham edən söhbətlər olmuşdur. Məsələn, Mixail Şoloxov Soljenitsın barədə qeyd edirdi ki, o, sovet həqiqətlərini təhrif edir və qeyri-peşəkardır. Soljenitsın Nobel mükafatını siyasi konyunkturaya baş əymədiyinə görə almışdı. Bununla belə, Mixail Şoloxov sovet ədəbiyyatının görkəmli nümayəndəsi kimi “Sakit Don” əsərində hər bir şeyi real boyalarla əks etdirirdi. “Sakit Don” əsərində siyasi kataklizmlər öz əksini tapırdı. Müəllif bu zaman (siyasi kataklizmlər zamanı) baş verənləri real boyalarla qələmə almışdı.
Mixail Şoloxov ömrü boyu “ədəbi oğurluq” ittihamı ilə üzləşmişdir. Ancaq 1987-ci ildə “Sakit Don”un əlyazmasının böyük bir hissəsinin tapılması ittihamlara, şübhələrə birdəfəlik son qoymuşdur. Fin slavyanşünası və riyaziyyatçısı Qyer Xetsun kompüter müqayisələri və təhlilləri əsasında Mixail Şoloxova olan ittihamlara son qoydu. Sübut etdi ki, “Sakit Don” əsəri Miaxil Şoloxovun qələmindən çıxıb, onun qələminin məhsuludur.
Mixail Şoloxov bütün yaradıcılığı boyu üç böyük epopeyanı işləyibdir. “Sakit Don”u 1926-1940-cı illərdə, “Oyanmış torpağ”ı 1932-1959-cu illərdə, “Onlar vətən uğrunda vuruşurdular” əsərini – sonuncu trilogiyanı isə tamamlaya bilməmişdir. Bunu tamamlamaq ona qismət olmamışdır.
Mixail Şoloxov Nobel mükafatını alarkən İsveç kralı VI Adolf Qustava baş əyməmiş, təzim etməmişdir. Nobel mükafatını alarkən belə söyləmişdir: “Biz kazaklar heç kimin qarşısında təzim etmirik, yalnız xalqdan başqa”.
Bu da faktdır ki, Mixail Şoloxov SSRİ-nin razılığı ilə Nobel mükafatı alan yeganə sovet yazıçısıdır.
Mixail Şoloxovun Nobel nitqi
Mixail Şoloxov Nobel nitqində peşəkarlığını və yazıçıya xas olan keyfiyyətlərini məmnunluq doğuran bir hiss kimi qeyd etmişdir. O demişdir: “Məni Nobel mükafatına layiq görmüş İsveç Kral Akademiyasına bu təntənəli mərasimdə bir daha təşəkkür etməyi özümə xoş bir borc bilirəm.
Mixail Şoloxovu məmnun edən cəhətlərdən biri də roman janrına verilən qiymət olmuşdur. Bəzən roman janrının vaxtının keçdiyini, onun problemləri həll etmək imkanlarının azaldığını söyləyənlərlə bağlı o, Nobel nitqində deyirdi: “Bu mükafatın özümün peşəkar xidmətlərimin və bir yazıçıya xas olan keyfiyyətlərimin beynəlxalq təsdiqi olaraq məndə məmnunluq doğurduğunu ifadə etmək imkanım da oldu. Mən bir rus, bir sovet yazıçısının bu mükafata layiq görülməsi ilə fəxr edirəm. Mən burada öz vətənimdə yaşayıb yaradan bir sıra böyük yazıçıları təmsil edirəm”.
Bu mükafatı roman janrının daha bir təsdiqi hesab etməklə yanaşı, məmnun qaldığımı da artıq demişəm. Son zamanlar roman janrının köhnəldiyi, müasir həyatın tələblərinə uyğun gəlmədiyi barədə çox oxumuş, çox çıxışlar eşitmişəm və açığını deyim ki, bu, məni xeyli təəccübləndirib. Bununla belə, razılaşaq ki, məhz roman həqiqət dünyasını tam ələ almağa, bu dünyaya, onun qaynar problemlərinə özünün, həmfikirlərinin münasibətini təsvirlərdə ifadə etməyə imkana verir”.
Mixail Şoloxova görə, roman janrı dünyanın mənzərəsini təqdim etmək baxımından geniş imkanı olan bir janrdır. Onun fikrincə, roman janrı realist sənətkarın imkanlarını (yaradıcılıq imkanlarını) açmaqda mühüm rol oynayır. Bu mənada o, Nobel nitqində deyirdi: “Belə deyək, roman yazıçının özünün balaca mənini dünyanın mərkəzi kimi təqdim etmək cəhdinə deyil, bizi əhatə edən nəhəng dünyanın dərin dərkinə yönləndirir. Təbiət etibarilə bu janr realist-sənətkar üçün ən geniş mənzərəni təqdim edir. İncəsənətdəki yeni cərəyanların bir çoxu realizm dövrünün, guya, artıq geridə qaldığını deyərək onu inkar edir. Geridəqalmışlıqla ittiham olunmaqdan qorxmadan bəyan edirəm ki, realist sənətin tərəfdarı kimi bunun tamamilə əksini düşünürəm”.
Mixail Şoloxova görə, roman janrı avanqardçılar üçün həyatın əsas xüsusiyyətlərini bədii şəkildə əks etdirməkdə əsaslı rol oynayır. Həm də keçmişdəki romanlar bədii təcrübəyə, indiki romanlar isə müasir həyata, müasir cizgiləri əks etdirməyə əsaslanır. O deyirdi: “İndi ədəbi avanqarddan çox danışırlar və bunu forma məsələsində dəbdə olan təcrübələr kimi başa düşürlər. Mənə qalsa, əsl avanqardçılar – öz əsərlərində əsrimizdəki həyatın əsas xüsusiyyətlərini müəyyənləşdirib yeni mətn təqdim edən sənətkarlardır. Həm bütünlükdə realizm, həm də realist roman keçmişdəki böyük ustadların bədii təcrübələrinə əsaslanır. Amma inkişaf zamanı bu əsərlər mahiyyətcə yeni və çox müasir cizgilər əldə elədi.
Mən özündə həyatın yenilənməsi, onun insanın xeyrinə dəyişməsi ideyasını daşıyan realizmdən danışıram. Təbii ki, bu, bizim indi sosialist relizmi adlandırdığımız realizmdir. Bu realizmin özünəməxsusluğu onun gerçəklikdən qaçmayan, insanlığı inkişafa istiqamətləndirmək uğrunda aparılan, bəşəriyyətə milyonlarca insanın ortaq məqsədlərinə çatmaqda kömək edəcək mübarizəyə çağıran, onların mübarizəsinin yolunu işıqlandıran dünyagörüşünü ifadə etməsidir”.
Mixail Şoloxov bəşəriyyətə bütöv bir tam halında yanaşmaqla, Yer üzərində yaşayanların problemlərini, qayğılarını və tələblərini anladığını bildirirdi. Həm də Yer üzərində yaşayan insanların maraq və məqsədlərini bir-birindən ayırmırdı. O, Nobel nitqində deyirdi: “Bəşəriyyət özlərini Yerin cazibə qüvvəsinin sərhədlərindən kənar çıxan kosmonavtlar sayağı çəkisizlik vəziyyətində hiss edən təklərə, fərdlərə bölünməyib. Biz Yer üzündə yaşayır, Yerin qanunlarına tabe oluruq. İncildə deyildiyi kimi, günümüz bu dünyanın şəri, qayğıları və tələbləri, sabahın daha yaxşı olacağına ümidləri ilə doludur. Yer əhalisinin nəhəng təbəqələri eyni məqsədlərlə hərəkət edir, eyni maraqlarla yaşayır və bu məqsədlər, maraqlar onları ayırmaqdan daha çox, yaxınlaşdırmağa xidmət göstərir.
Bunlar – hər şeyi öz əllərinin və beyinlərinin əməyi ilə yaradan zəhmətkeş insanlardır. Mən özünün ən yüksək şərəfini qələmi ilə zəhmətkeş xalqa xidmət etmək imkanının heç nə ilə məhdudlaşmayan azadlığında görən yazıçılardanam”.
Mixail Şoloxov Yer üzərində qurub-yaradan insanları zəhmətkeş insanlar kimi dəyərləndirirdi. Və belə insanlara xidmət edən sənətkar olduğunu qeyd edirdi: “Hər şey buradan başlanır. Mənim, sovet yazıçısının fikrinə görə, sənətkarın müasir dünyadakı yeri barədə gəldiyi qənaətlər də buradan qaynaqlanır”.
Mixail Şoloxov deyirdi: “Biz çaxnaşma illərini yaşayırıq. Amma dünyada müharibə istəyən heç bir xalq yoxdur. Sadəcə, xalqları bütünlüklə müharibə alovlarına atan güclər var. İkinci Dünya müharibəsinin nəhəng tonqallarının külü yazıçı ürəyində qalaqlanmaya bilərmi? Şərəfli yazıçı bəşəriyyəti özünüməhvə məhkum etmək istəyənlərə qarşı etiraz etməyə bilərmi?”
Mixail Şoloxov Nobel nitqində “yazıçının işi nədən ibarətdir?” sualına da cavab verirdi: “Bəs özünü Olimp dağlarına qaldırılmış, insanların iztirablarına laqeyd ilahi varlıq deyil, öz xalqının oğlu, bəşəriyyətin bir zərrəsi hesab edən yazıçının işi nədən ibarətdir?
Oxucu ilə səmimi olmaq, insanlara bəzən acı, heç də həmişə ləyaqətli olmayan həqiqəti demək, onların ürəyində gələcəyə, bu gələcəyi qurmağa qadir olan güclərinə inamı möhkəmləndirmək. Bütün dünyada sülhün bərqərar olması uğrunda mübarizə aparmaq və öz sözünün gücü ilə bu mübarizəyə qoşulacaq insanlar yetişdirmək. İnsanları inkişafa canatma adlanan təbii və ləyaqətli bir məqsəd ətrafında birləşdirmək.
İncəsənət insan beyni və ürəyinə böyük təsir gücünə malikdir. Məncə, sənətkar bu gücü insanların ürəyində, insanlığın xeyrinə işləyəcək gözəlliklərə yönəldən bir insan adına layiqdir”.
Mixail Şoloxov yazıçı kimi fəaliyyətini xalqına xidmətdə görürdü. O xalq ki, o, zəhmətkeş, qurucu, azadlığı uğrunda mübarizə aparandır: “Mənim doğma xalqım tarix boyu irəliyə heç də həmişə asan yollarla getməyib. Bu yollarda öndərlər, həyat pionerləri addımlayıb. Mən bir yazıçı kimi öz borcumu indiyə qədər yazdıqlarımda və bundan sonra yazacaqlarımda bu zəhmətkeş, qurucu, heç vaxt heç kimə hücum etməyən, amma öz qurduğu ölkəni, öz azadlığı və şərəfini, öz gələcəyini öz seçimi ilə qurmaq hüququnu ləyaqətlə müdafiə etməyi bacaran qəhrəman xalqa təzim etməkdə görürəm”.
Hər bir istedadlı yazıçı bəşəriyyətə və onun bir parçası olan insana xidmət edir. Bu işə yalnız və yalnız istedadlı yazıçılar nail ola bilir. Mixail Şoloxov kimi. O deyirdi: “Mən istəyərdim ki, kitablarım insanlara özlərinin daha yaxşı adam olmasına, mənəviyyatlarının daha da təmizlənməsinə xidmət etsin, insanı sevdirsin, bəşəriyyətin inkişafı və humanizm idealları uğrunda fəal mübarizə aparmağa səsləsin. Əgər buna azacıq da olsa nail ola bilmişəmsə, mən xoşbəxt yazıçıyam.
Bu zalda oturanlara, Nobel mükafatına layiq görülməyim münasibətilə mənə təbrik göndərən bütün insanlara təşəkkür edirəm”.
Bu gün dünyanın mənzərəsi, məhz siyasi mənzərəsi dəyişsə də, Mixail Şoloxovun əsərlərinin ədəbi-bədii dəyəri dəyişməmişdir. Başqa sözlə, azalmamışdır. Çünki, onun ədəbi istedadı hər şeyi üstələmişdir.
Hətta “Oyanmış torpaq” epopeyasını ikinci nəşrə hazırlayarkən o, əsərin üzərində xeyli redaktə işinin aparmasına baxmayaraq, bu da onun istedadına kölgə sala bilməmişdir. Baxmayaraq ki, ona irad tutulmuşdur ki, “Oyanmış torpaq” epopeyasının ikinci nəşrini ona görə redaktə yolu ilə nəşr etdirmişdir ki, guya M.Şoloxova siyasi təzyiq olmuşdur. Guya siyasi təzyiq əsəri sovet ideologiyasının tələblərinə tam şəkildə uyğunlaşdırmışdır. Ancaq bu irad da onun ədəbiyyatdakı nüfuzuna qətiyyən xələl gətirməmiş, onun nüfuzunu qətiyyən azlatmamışdır.
Mixail Şoloxov kazakların həyat tərzini bütün təfərrüatı ilə bilən yazıçıdır. Kaş hər bir yazıçı mənsub olduğu xalqı Mixail Şoloxov qədər dərindən tanıyaydı. Mənsub olduğu xalqı dərindən tanıyan yazıçı mənsub olduğu xalqdan yazarkən dərindən yazır. Həm mənsub olduğu xalqı, həm də özünü oxucuya sevdirə bilir.
Mixail Şoloxov yaradıcılığında zəngin bir məişəti, daha doğrusu, məişəti əks etdirmək qabiliyyəti var. Onun yaradıcılığındakı bu ifadələr xalqa və onun məişətinə dərindən bələd olmasından xəbər verir: qatranın məstedici tünd qoxusu, tənbəki, alaqotu, tufanda qovaq yırğalanan kimi, kəkilli ağot, madyan, təzək, daş mağara, qırmanc, dayça, tövlə, Pəhriz bayramı, taya və s. Bu sözlərin və belə yüzlərlə, minlərlə sözün Mixail Şoloxovun yaradıcılığında öz kodu, məqamında və yerində işlənmə kodu var. Bu da yazıçını real həyat hadisələrinin təqdimatçısı kimi oxucuya sevdirir.