İham Əliyev Nəvaz Şəriflə görüşdü

sosial
22-01-2016, 06:15 916
İham Əliyev Nəvaz Şəriflə görüşdü Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının baş naziri ilə görüşü olub.
Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
“Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.
Dövlətimizin başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə və dost ölkənin xalqına başsağlığı verib.
Baş nazir Məhəmməd Nəvaz Şərif başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlıq edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Nəvaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin Pakistanda böyük hörmətlə xatırlandığını, Ulu Öndərin İslamabada səfəri zamanı onunla görüşünü ehtiramla xatırladığını, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini diqqətə çatdırıb.
Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Məhəmməd Nəvaz Şərifin ümummilli lider Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirib, Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin əsasını qoyduğunu deyib, Azərbaycan xalqının Pakistana böyük rəğbət hissi bəslədiyini vurğulayıb.
Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edilib. Dövlətimizin başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirib.
Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.