» » “Xaricdəki tələbə” - Musa Yaqubun nəvəsi: “Babamın kitabını alman dili müəllimimə hədiyyə etdim”


“Xaricdəki tələbə” - Musa Yaqubun nəvəsi: “Babamın kitabını alman dili müəllimimə hədiyyə etdim”

30-11-2015, 13:34
Oxunub: 807
Çap et
“Xaricdəki tələbə” - Musa Yaqubun nəvəsi: “Babamın kitabını alman dili müəllimimə hədiyyə etdim” Modern.az saytı “Xaricdəki tələbəmiz” rubrikasını davam etdirir. Bu dəfə Avstriyanın Leopold Franzens Universitetinin siyasət fakültəsində təhsil alan Nərgiz Gəray oxuduğu ali məktəb və yaşadığı ölkə haqqında danışacaq. Nərgiz Gəray Azərbaycanın tanınmış şairlərindən biri Musa Yaqubun nəvəsidir.
- Əvvəlcə oxuduğunuz universitet və ixtisasınız barəsində danışardınız...
- Hazırda Avstriyanın İnnsbruk şəhərində Leopold Franzens Universitetində siyasət fakültəsində təhsil alıram. Bu il bakalavr təhsilimi bitirib, magistraturaya davam etmək fikrim var. Artıq öyrəndiklərimin təcrübəyə yönəltmək vaxtı gəldiyini düşünürəm. Çalışacağam ki, magistratura ilə bərabər, həm də işləyim.
İşin insana verdiyi təcrübə başqa olur. Əslində elə indi də təhsilimlə yanaşı, tərcüməçi kimi işləyirəm. İşimin mənə çox köməyi olub. Həm dilimi zamanla daha çox təkmilləşdirmişəm, həm də müxtəlif insan taleləri ilə tanış olub, ətrafımı genişləndirmişəm.
- Bu qərarını ailəniz necə qarşıladı?
- Xaricə təhsil almaq üçün gələn uşaqlar qədər şanslı olmadım. Müəyyən səbəblərdən artıq 11 ildir Avstriyada yaşayıram. Deyirlər, hər toxum öz torpağında bitər.
Amma mən Azərbaycanda doğulub, Avstriyada göyərdim. Bəlkə elə bu da bir şansdır. Mənim üçün vətənim orda yaşadığım 13 il, burda da evimiz qədərdir. Orxan Pamukun yerinə düşən bir sözü var: “Əgər sənə başqaları qiymət verirsə, sən də başqalaşmalısan”. Evdən çıxan kimi dönüb oluram avstriyalılardan biri. İki il orta məktəbdə oxudum. Sonra gimnaziyaya daxil olub, 4 il də orada təhsil aldıqdan sonra universitetə qəbul oldum. Çox çətin oldu, amma bacardım.
- Babanız Musa Yaqub təhsilinizlə bağlı sizə nə kimi məsləhətlər verir?
- Babam məndən uzaqda olsa da, tez-tez görüşməsək də, həmişə onun dəstəyini hiss edirəm. Hər dəfə telefonla danışanda mənə verdiyi ilk sual belə olur: “Dərslərin necə gedir?” İki dəfə Avstriyada olub. Burada olduğu zaman kitablarımla yaxından tanış olub, alman ədəbiyyatı haqqında fikirlərini mənimlə bölüşüb.
- Azərbaycanın təhsil sistemindən xəbəriniz var. Sizcə, buradakı tələbə həyatı ilə vstriyadakı tələbə həyatı arasında hansı fərqlər var?
- Azərbaycanda tələbəlik həyatı yaşamamışam. Burada isə deyə bilərəm ki, tələbəlik bəlkə də azərbaycanlı gənclər üçün o qədər də maraqlı olmaz. Ümumiyyətlə, tələbəlik illəri hamı üçün eyni olmur, insana görə dəyişir. Universitetdə həm türk, həm də alman dostlarım var.
Onlarla dərs vaxtında görüşürük. Söhbətlərimiz də elə dərslə bağlı olur. İki ay Ankarada Hacettepe Universitetində təcrübə keçdim. Oradakı tələbə həyatı ilə buradakı tələbə həyatındakı fərqi elə orda gördüm. Mənə yaxın olan o rənglər burda yoxdur. Avstriyada azad cəmiyyətdir, amma bu azadlığın içində bir qərib rəsmilik var, o illəri bizim kimi yaşamağa qoymur.
Hərdən elə bilirəm, burda oxuyub- öyrənirəm ki, gedib orda tələbəlik ömrümü yaşayım. Siyasət oxuyuram, çox şey öyrənmişəm. Vətənimə onun vətəndaşından çox, vətənimlə qürbət arasındakı məsafənin tərbiyə etdiyi insan kimi baxıram və narahatam. Təpədən-dırnağa kimi dolmuşam, vətənimdə boşalmaq istəyirəm.
- Oradakı təhsil sistemi ilə bizim təhsil sistemimiz arasındakı hansı fərqlər var?
- Azərbaycanda 8 il təhsil almışam. Sistemimizi bilirəm. Desəm ki, təhsil sistemimizlə razıyam, yalan olar. Geriyə baxdığımda görürəm ki, biz məktəbdə daha çox əzbərçiliklə məşğul olmuşuq, bizi sərbəst yetişdirməyiblər. Müəllimlərimiz dərsliklərdə olan materiallardan kənara çıxmırdılar. Burda isə məktəblərdəki abu-hava tamamilə başqadır. Ən əsası, məktəbin içinə girəndə həm müəllimlərdə, həm də uşaqlarda qəribə səmimilik hiss edirsən. Onlar bizdən fərqli olaraq özgüvənli və rahatdırlar. Yəqin bu rahatlıqlarını, istər yaxşı, istər zəif oxusalar belə, cəmiyyətlərinin onlara verdiyi dəstəyə borcludurlar. Bir sözlə, burda cəmiyyət özü məktəbdir. Orta məktəbdə 8 il təhsil alırsan.
Əgər qiymətlərin yaxşıdırsa, gimnasiuma daxil olub, təhsilinə davam edə bilirsən. Gimnasiumu bitirdikdən sonra 7 imtahan verib universitetə daxil olursan. Azərbaycanda imtahanların test üsulu ilə keçirilməsindən fərqli olaraq, Avropada belə bir üsul yoxdur. İmtahanlar bilet sistemi şəklində keçir. Yadımdadır, alman dili imtahanına hazırlaşdığım zaman dərsliklərdən əlavə xeyli kitab oxumuşdum.
Alman dili müəllimimin mənə bu yolda çox köməyi oldu. Mücadiləmi görüb dəstək oldu. Hətta imtahanda, yuxarıdan etiraz eşidəcəyini bilə-bilə mənə heç bir gəlmənin ala bilmədiyi “əla” qiymətini vermişdi. Onu deyim ki, dünya ədəbiyyatını çox gözəl bilir və mənimlə Azərbaycan ədəbiyyatı haqqında tez-tez söhbət edirdi. Babamın “Bu dünyanın qara daşı göyərməz” kitabını ona hədiyyə etmişdim. Kitabı əlinə alan kimi, dedi: “Sənə heç deyiblərmi, sənin baban dağa bənzəyir?” Hərdən yeri gələndə onun şeirlərini dili bilməsə də, ruhən tərcümə edirdi.
- Orada nə kimi çətinlikləriniz olur?
- Kənardan baxanda tolerant görünürlər. Amma içlərinə girəndə gördüm ki, bu tolerantlıqda nə boyda eqoizm varmış. Nə olur- olsun, gəlmələri özlərindən üstün görmək istəmirlər. Buna məktəb illərindən başlayırlar. Qarşına min cür maneə qoyurlar ki, təhsildən uzaqlaşasan. Onlara ancaq səbrin və duruşunla qalib gələ bilərsən. Çətin də olsa, mən bunu bacardım.
-Təhsil aldığınız ölkədə Azərbaycanı necə tanıyırlar?
- Azərbaycanı daha çox neytral bir ölkə kimi tanıyırlar. Burda təhsil alan azərbaycanlı tələbələrə görə də fikirləri dəyişə bilər.
- Oradakı yerli tələbələrimiz ölkəni tanıtmaq üçün hansı işləri görürlər?
- Mənim gördüyüm qədəri ilə bura təhsil almağa gələn tələbələrimiz əllərindən gələni edirlər ki, təhsillərini bitirdikdən sonra burada qalib işləsinlər. Bunu başa düşə bilmirəm, bu Azərbaycanla bağlıdır, yoxsa Avropa ilə.
- Tələbə həyatı necə keçir? Dərsdən sonra nə ilə məşğul olursunuz?
- Bakalavr təhsilimi bu il bitirirəm. Bakalavr üzrə son yazı işimi işləyirəm. Bununla yanaşı, tərcüməçi kimi işimə davam edirəm. Əslində boş vaxtlarım çox az olur. Vaxt tapan kimi alman ədəbiyyatından özümə yaxın bildiyim kitabları Azərbaycan dilinə tərcümə edirəm. Bu mənim üçün ən yaxşı istirahətdir.
- Öz yeməklərimizi bişirirsiniz, yoxsa oranın mətbəxindən istifadə edirsiniz?
- Ailəmlə yaşayıram. Anam evdə həmişə Azərbaycan yeməkləri bişirir. Demək olar ki, gün ərzində dərslərim və işlərimlə bağlı evdə çox az oluram. Avstriya yeməklərini də sevirəm. Fərqlilik olsun deyə həftə sonları ailəliklə restorana, Avstriya yeməkləri yeməyə gedirik.


Reytinq: