Rusiya dərmanları Azərbaycanda istehsal oluna bilər

sehiyye
20-09-2015, 09:33 993
Rusiya dərmanları Azərbaycanda istehsal oluna bilər Rusiya Azərbaycanda dərman idxalında ikinci yerdədir.
Azərbaycan və Rusiya arasında əczaçılıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin qanunverici və icraedici hakimiyyətləri səviyyələrində fəal müzakirə olunur.
Bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Sergey Tsıb XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində təşkil edilmiş “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumunda deyib.
Onun sözlərinə görə, əczaçılıq sahəsində əlaqələrin inkişafında birinci aspekt Rusiya dərman preparatlarının Azərbaycana ixracının artırılmasıdır: "Rusiya Azərbaycanda dərman idxalında ikinci yerdədir. Biz Azərbaycanın dərman bazarının təqribən 15 faizini tuturuq".
S.Tsıb qeyd edib ki, iki ölkə birgə müəssisələrin, daha doğrusu, Azərbaycanda Rusiya dərmanlarının istehsalı üzrə müəssisələrin yaradılmasını qarşıya məqsəd qoyub: "Azərbaycanın dərman preparatlarından idxalının asılılığını nəzərə alsaq, bu sahədə uğurlu layihələr ola bilər".
2013-cü ildən Rusiyada “Əczaçılıq və tibb sənayesinin inkişafı” Dövlət Proqramı həyata keçirilir. Proqram əczaçılıq sənayesinin elmi-texniki potensialının inkişafı, onun innovativ potensialı, modernləşdirilməsi və həm Rusiyanın, həm də xarici ölkələrin şirkətləri ilə yeni istehsalın qurulması istiqamətlərini əhatə edir. “Hər istiqamət üzrə artıq konkret nəticələr var: imzalanmış investisiya müqavilələri, yeni istehsal sahələri”, - deyə S.Tsıb əlavə edib.
Tədbirdə həmçinin Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Səhiyyə Nazirliyi nəzdində Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev, RF Səhiyyə Nazirliyinin dərman təchizatı və tibbi məmulatların dövriyyəsinin tənzimlənməsi departamentinin direktoru Yelena Maksimkina və başqaları iştirak ediblər.
Plenar iclasın moderatoru, Peşəkar Əczaçılar Təşkilatları İttifaqının icraçı direktoru Liliya Titova Azərbaycan qanunvericiliyində dərman vasitələri və tibbi məmulatlar sahəsinin tənzimlənməsi, Rusiya məhsullarının Azərbaycana ixracı, birgə istehsalın təşkili və digər məsələlərin müzakirə olunması təşəbbüsü ilə çıxış edib.
Niyazi Səfərov qeyd edib ki, əczaçılıq istehsalının inkişafı Azərbaycanda da prioritet sahələrdən biridir. “Biz investisiyaların inkişafının müxtəlif mexanizmlərini hazırlamaqla, infrastruktur inkişafını və istehsalçılara imtiyazlar nəzərdə tutan sənaye parklarında istehsalın yaradılması üçün şirkətləri cəlb etməklə əlverişli investisiya mühiti yaradırıq. Ona görə də Rusiya tərəfi İqtisadiyyat və Sənaye Nazirliyinin simasında Rusiya şirkətlərinin Azərbaycan bazarında olması məsələləri üzrə etibarlı tərəfdaş qazanacaq”, - deyə N.Səfərov vurğulayıb.