Ali Məhkəmə sədri: “Seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir”

gundem
8-01-2024, 12:43 797
Ali Məhkəmə sədri: “Seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir” “2024-cü ildə ölkəmizdə xalqımız üçün taleyüklü və dövlətimiz üçün əhəmiyyətli bir hadisə - növbədənkənar prezident seçkisi keçiriləcək. Sevindirici və eyni zamanda, qürurverici haldır ki, builki seçki ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair həsr olunan tədbirdə deyib.




O bildirib ki, Azərbaycanda seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
“Bu cür müraciətlərin birbaşa apellyasiya instansiyası məhkəmələrində araşdırılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarəolunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr, həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar prezident seçkisində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır”, - deyə İnam Kərimov əlavə edib.
O bildirib ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır:
“Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına qiymət verilir.
Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun qurmaları gözlənilir. Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin edilməlidir”.
“Xüsusilə vurğulamaq istərdim ki, seçki komissiyaları tərəfindən prosedurların inzibati icraat qaydalarına uyğun aparılması, nəticədə məhkəmələrə olunan müraciətlərin də azalmasına səbəb olur. Bu baxımdan, qeyd etmək istəyirəm ki, ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin, vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir. Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur”, - deyə o əlavə edib.