Azərbaycan - BƏƏ KOB Forumu keçirilib - FOTO

iqtisadiyyat
29-03-2022, 08:34 1128
Azərbaycan - BƏƏ KOB Forumu keçirilib - FOTOSabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində işə başlayacaq “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Konfransı (Annual İvestment Meeting – AİM) çərçivəsində Azərbaycan - BƏƏ kiçik və orta biznes (KOB) forumu keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.


Məlumatda deyilir ki, forum “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda təşkil olunub. KOBİA-nın təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsidir.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial islahatlar, özünüməşğulluq proqramı, DOST mərkəzlərinin fəaliyyəti, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələri, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstək barədə danışıb.
Dubay Ticarət və Sənaye Palatasının Xarici əlaqələr idarəsinin rəhbəri Omar Xan çıxışında Azərbaycan və BƏƏ arasında KOB sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb, bu istiqamətdə palatanın birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, “AzerTelecom” MMC-nin İdarə Heyətinin sədri Stuart Evers, eləcə də biznes assosiasiyaların nümayəndələri və müxtəlif ölkələrdən olan iş adamları çıxışlarında birgə biznes təşəbbüslərinə, rəqəmsallaşmanın iqtisadi inkişafda roluna dair fikirlərini bölüşüblər.
Sonra tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda olublar.

Həmin gün həmçinin, KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar keçirilib.

Azərbaycan - BƏƏ KOB Forumu keçirilib - FOTO

Azərbaycan - BƏƏ KOB Forumu keçirilib - FOTO