Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü - YENİLƏNİB + TƏFƏRRÜAT

hadise
23-02-2022, 11:34 875
Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü - YENİLƏNİB + TƏFƏRRÜATÖtən gün axşam saat 22 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunun güllələnərək qətlə yetirilməsinin təfərrüatları üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilmiş şəxs biznesmen olub və onun həmyerlisi, Göyçayda “Vicay” ləqəbi ilə tanınan 1985-ci il təvəllüdlü Nicat Əliyevlə biznes münasibəti olub. Belə ki, hər iki şəxs Rusiyaya meyvə satışı biznesi ilə məşğul olub və aralarındakı mübadiləyə görə pul mübahisəsi yaranıb.
Bir-birlərinə olan borca görə məsələni aydınlaşdırmaq istəyən həmkarlar Göyçay şəhərindəki kafedə görüşüblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və “Vicay” ləqəbli şəxs iş adamı Cavanşir Şükürova odlu silahdan atəş açaraq onu qətlə yetirib.
Bildirilir ki, qətlə yetirilən şəxs ziyalı ailəsindəndir və onun qardaşı Göyçayda tanınmış həkimlərdən olan Taleh Şükürovdur. T.Şükürov hazırda rayon xəstəxanalarından birində rəhbər vəzifədə çalışır.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

09:26

Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürov qətlə yetirilib.
Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb. Aparılan araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, hər iki şəxs iş adamı olub.