Banklar dolların alış və satış qiymətini rəsmi məzənnəyə yaxınlaşdırıb

iqtisadiyyat
18-02-2022, 22:35 345
Banklar dolların alış və satış qiymətini rəsmi məzənnəyə yaxınlaşdırıb2021-ci ildə Mərkəzi Bankda ümumilikdə 99 valyuta hərracı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”ında məlumat verilib

Bildirilib ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub.
Neftin dünya qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 245 milyon ABŞ dolları təşkil edib.
İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilib. 2021-ci ildə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,70 manat təşkil edib.
Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1,6993 manat, satış məzənnəsi isə 1,7024 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,0007 manat, satış məzənnəsi arasında fərq isə 0,0024 manat olub.

Qeyd edək ki, 2020-ci ilin yekun icmalına görə isə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6991, orta satış məzənnəsi isə 1,7025 manat idi. İlin sonuna rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,009 manat və satış məzənnəsi arasında fərq isə 0,0025 manat olub. Bu o deməkdir ki, 2021-ci ilin yekununda banklar dolların alış və satış məzənnəsini rəsmi məzənnəyə daha da yaxınlaşdırıb.