SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib - FOTO/VİDEO

iqtisadiyyat
31-01-2022, 14:16 931
SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib - FOTO/VİDEOSOCAR-ın Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində üçüncü səviyyəli təlim-məşq toplanışı keçirilib.
Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata əsasən, Mərkəzin yaradılmasından sonra keçirilən ilk bu tipli təlim-məşq toplanışında “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə yüksək təzyiqli qaz xəttində ehtimali qəza vəziyyəti simulyasiya olunub.

“Qəza” ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra SOCAR rəhbərliyi Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində toplanıb, 15 dəqiqə ərzində situasiya şirkət rəhbərliyinin tam nəzarəti altına alınıb. Təlimdə simulyasiya olunmuş qəzanın fəsadlarının aradan qaldırılması şirkət rəhbərliyinin nəzarəti və rəhbərliyi altında məşq olunub.
SOCAR-ın neft-qazçıxarma əməliyyatlarının böyük hissəsinin dənizdə həyata keçirildiyi, dəniz şəraitində isə insanların təxliyəsinin təşkil olunmasının və qəzanın lokallaşdırılmasının mürəkkəbliyi nəzərə alınaraq təlimin məhz dəniz platforması əməliyyatçıları ilə koordinasiyalı şəkildə keçirilməsi məqsədəmüvafiq hesab edilib. Ssenarisi bir neçə istiqamətdə mürəkkəbləşmiş formatda icra olunan təlim-məşqlərin məqsədi baş verə biləcək real hadisələr zamanı daha hazırlıqlı olmaq, çatışmazlıqları müəyyən etmək və idarəetmə prosesini təkmilləşdirməkdir. Analoji təlimlərin devizi bundan ibarətdir ki, qəza baş verəndə, əsas prioritet insan həyatının qorunmasına, sonra isə ətraf mühit, reputasiya və aktivlərin itirilməməsi ilə bağlı risklərin idarə olunmasına yönəldilməlidir. Bu kimi tədbirlərin keçirilməsi SƏTƏMM sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addımdır. Təlimin hava, dəniz və qurudan müdaxiləni özündə ehtiva etməsi də dəniz əməliyyatlarının spesifikasına uyğun seçilib.
SOCAR-ın kəşfiyyat, hasilat, nəql və emal sahələri də daxil olmaqla, bütün biznes seqmentləri üzrə yüksək təhlükə potensiallı quru və dəniz obyektlərində bu cür təlim-məşqlərin illik qrafik-plan üzrə keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışlarının mütəmadi keçirilməsi SOCAR üzrə SƏTƏMM sahəsində aparılan islahatların vacib tərkib hissəsidir. Bu sahədə dayanıqlığı təmin etmək, beynəlxalq standartlara uyğunlaşmaq, transmilli şirkətlərin təcrübəsini öyrənmək və tətbiq etmək məqsədilə yeni layihələr işlənilir, sənəd və prosedurlar hazırlanır və müasir sənayedəki tələblərlə uzlaşdırılır. Şirkətin strukturuna daxil olan qurumlarda baş verə biləcək fövqəladə hadisələrin idarə edilməsi, fövqəladə hallara strateji cavab tədbirlərinin təşkili məqsədilə SOCAR-da “Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarə Olunması Planı” işlənib hazırlanıb. Eyni zamanda SƏTƏMM sisteminin rəqəmsallaşdırlması üzrə işlər davam etdirilir.
Xüsusi qeyd olunmalıdır ki, SOCAR-ın biznes vahidlərində əməliyyatlar zamanı təhlükəsizliyin artırılması, işçilərin sağlamlığının təmin edilməsi, ətraf mühitə mənfi təsirlərin minimallaşdırılması, SƏTƏMM mədəniyyətinin yüksəldilməsi və işçilərin sosial rifahının inkişaf etdirilməsinin təmin olunması məqsədilə SOCAR-da “Hədəf Sıfır” proqramı işlənib hazırlanıb. “Hədəf Sıfır” işin bütün səviyyələrində təhlükəsizlik, sağlamlıq, ətraf mühit və rifahın dörd ölçüsünü birləşdirən preventiv yanaşma nümayiş etdirən çevik yanaşma konseptidir və istənilən kontekstdə mənfi təsirlərin qarşısının alınması üçün xüsusi təhlükəsizlik, sağlamlıq və ya rifah prioritetlərinə uyğunlaşdırıla bilir.

Qeyd edək ki, Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilib, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində burada vaxtaşırı olaraq SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlər keçirilir.





SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib - FOTO/VİDEO