Azərbaycanda ehtiyyatda olan hərbçilər geri çağırılır

gundem
8-09-2015, 16:35 1039
Azərbaycanda ehtiyyatda olan hərbçilər geri çağırılır Məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aydınlıq gətirdi.
Hərbi Xidməti bitirib ehtiyyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılırlar.
ANS PRESS-in verdiyi məlumata bunlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininTovuz rayon şöbəsindən hərbi xidmətə göndərilən və hərbi xidmətini uzun müddət əvvəl başa vuran İsmixan Zeynalovdur. Onun sözlərinə görə, bir neçə gün əvvəl ailəsinə İsmixanın hərbi bileti ilə birgə xidmətə göndərildiyi komissarlığa gəlməsi bərədə məktub göndərilib.
Məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininTovuz rayon şöbəsindən təsdiqlədilər və bildirdilər ki, İsmixan kimi xidməti başa vuran gənclərin bir hissəsinə belə məktublar göndərilib.
"Bəzi xidmət keçən gənclərə məktub göndərmişik. Onlar hərbi biletləri ilə şöbəmizə gəldikdən sonra biz onları qeydiyyata alıb xidmət etdikləri hərbi hissələrə göndərəcəyik. Onlar orada hərbi təlim keçəcəklər. Lakin hərbi hissələrdə neçə müddət təlim keçəcəklərini biz deyə bilmərik",- deyə Tovuz rayon şöbəsindən əlavə etdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, gənclərin yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.
"Narahatçılığa heç bir ehtiyac yoxdur. Bu sadəcə hərbi təlimlərlə əlaqədardır. İnsanların həyacana qapılmasınlar. Ancaq onu deyə bilərik ki, oyunlarla əlaqədar olaraq çağırılacaq gənclərin sayı kifayət qədər çoxdur",- deyə mətbuat xidmətindən əlavə etdilər.
Avqusutun 6-si Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.