“Azneft”in baş direktoru: “Biz insan həyatını təhlükədə qoyub, neft hasil edə bilmərik” - MÜSAHİBƏ

musahibe
4-03-2020, 10:53 8194

Ötən ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru təyin olunan Şahmar Hüseynov Oxu.Az-ın suallarını cavablandırıb:

- Şahmar müəllim, ötən il “Azneft” İstehsalat Birliyi üzrə hasilat planı nə qədər yerinə yetirilib?

- 2019-cu ildə “Azneft” İstehsalat Birliyi üzrə neft hasilatı planı 100 faizdən artıq yerinə yetirilib və 6.4 milyon tona yaxın neft hasil edilib. Qaz hasilatı üzrə göstəricilər də qənaətbəxşdir. Belə ki, il ərzində yataqlardan 5,7 milyard kubmetrə yaxın qaz çıxarılıb. Növbəti illərdə bu həcm daha da artacaq.

Hazırkı dövrdə hasilatı nəinki artırmaq, hətta stabil saxlamaq da böyük çağırışdır. Yaddan çıxarmayaq ki, Azərbaycan neft sənayesinin beşiyidir – deməli, biz dünyanın ən qədim yataqlarını istismar edirik. Hər bir yataq işləndikcə istehsal gücünü təbii olaraq itirir. İşlədiyimiz bir çox yataqların yaşı artıq 100-150 ilə çatmasına baxmayaraq, biz müxtəlif texnoloji üsulları tətbiq etməklə, Azərbaycan neftçilərinin zəngin təcrübəsindən istifadə etməklə hasilatı stabilləşdirməyə nail olmuşuq.

Yataqlarımız dünyanın ən mürəkkəb geoloji strukturlarında yerləşir. Həm də buna görə burada hasilatı stabil saxlamaq və hətta bir qədər artırılmasına nail olmaq kifayət qədər mürəkkəb işdir.



- Bu il üçün hasilat proqnozları necədir?

- Bu il neft hasilatı üzrə dövlət tapşırığı 6.3 milyon tona yaxın, qaz hasilatı isə təxminən 6 milyard kubmetr həcmindədir. Lakin dövlət tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsi, xüsusilə neft hasilatı üzrə əvvəlki ilin göstəricilərinin bu il üçün daha da yüksəldilməsi məqsədilə yataqlarda işlənmə proseslərinin optimallaşdırılması, aparılacaq geoloji-texniki tədbirlərin effektivliyinin artırılması, yeni texnologiyaların tətbiqi istiqamətində tədbirlər proqramı hazırlanıb və tətbiq ediləcək.

- Son illər hasilat azalmaya doğru gedir. Ümumiyyətlə, orta və uzunmüddətli proqnozlar necədir?

- Hasilatın azalması bilavasitə əksər yataqların işlənməsinin son mərhələlərə daxil olması ilə əlaqədardır. SOCAR-ın “Azneft” İstehsalat Birliyi olaraq, işimizin xüsusiyyəti dünyanın ən qədim neft yataqlarında işləməkdir. Bu yataqlarda hasilatın təbii azalmasının qarşısını almaq, mürəkkəb geoloji strukturlarda, böyük dərinliklərdə məhsul çıxarmağa nail olmaq əsas çağırışlardır. Əlbəttə, gələcəkdə bu çağırışlar daha da böyüyəcək, lakin neftçilərin təcrübəsi də artacaq, rəqəmsal texnologiyalar daha geniş tətbiq olunacaq.

Respublika üzrə beynəlxalq şirkətlərlə birgə perspektiv strukturlarda axtarış-kəşfiyyat quyularının qazılması və ya perspektivli strukturların qazmağa hazırlanması işləri aparılır.

“Azneft” İstehsalat Birliyi üzrə isə hasilatın sabit saxlanılması və mümkün qədər artırılması ilə əlaqədar işlənmə proseslərinin optimallaşdırılması, kəsiliş və sahə üzrə qalıq neftli-qazlı zonaların öyrənilməsi-quyu fondlarının təkrar araşdırılması-istismara verilməsi əməliyyatları yerinə yetirilir. Bundan başqa, bir çox yataqlarda neft verməni artıran əlavə təsir üsullarının tətbiqi və ya genişləndirilməsi işlərini aparırıq.

Həmçinin, perspektivli strukturların öyrənilməsi, gələcəkdə potensialının aşkar edilib, işlənməyə verilməsi üçün çöl geoloji-geofiziki tədqiqat işləri davam etdirilir ki, bu da orta və uzunmüddətli proqnozlar barədə nikbin danışmağa imkan verir.



- “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqlarda bu tendensiya davamlı olacaq, yoxsa müəyyən işlənmədə olan yataqlarda dönüş yaradılması perspektivləri var?

- Aparılan təhlillər göstərir ki, “Azneft” İstehsalat Birliyi üzrə növbəti illərdə hasilatın düşmə tendensiyası deyil, artımı barədə danışa bilərik.

- Bəs yeni yataqların işlənilməsi üzrə hansı işlər görülür?

- Bu sahə üzrə işlər aparılır. “Bulla dəniz”, “Qərbi Abşeron” və bu tipli digər az işlənmiş, bəzi məhsuldar layları istismar edilməmiş yataqların tam işlənməyə cəlb edilməsi üçün yeni özüllərin tikintisi, qazma işləri davam etdirilir.

- Hər bir sahədə inkişaf olduğu kimi, çatışmazlıqlar da olur. Bu sahədə hansı çatışmazlıqlar var?

- Əlbəttə, inkişaf üçün hər zaman imkan və zərurət olacaq. İnkişaf yalnız çatışmazlıqların aradan qaldırılması ilə mümkündür. Bu gün təkcə SOCAR deyil, bütün neft-qaz şirkətləri qarşısında duran əsas çağırışlardan biri istehsalatın rəqəmsallaşdırılmasıdır. Maşın öyrənilməsi, süni zəka, böyük verilənlər kimi texnologiyalar artıq neft sənayesində də geniş yayılır.

Bu gün bu texnologiyaları tətbiq etməyən istehsalat, yəqin ki, qarşıdakı 10-15 il ərzində rəqabətə tab gətirə bilməyəcək. Texnoloji tərəqqi ilə gündəmə gələn belə çağırışlar qəflətən yaranır və bu çağırışlar qarşısında bütün oyunçular bərabər şanslara malikdir.

Rəqəmsallaşmaya başqa bir bucaqdan da baxmaq lazımdır: Neft sənayesi üçün bu, yalnız tələb deyil, həm də imkandır. Rəqəmsallaşma sənaye ilə bağlı bir çox risklərin aradan qaldırılması və ya daha səmərəli idarə olunması üçün şərait yaradacaq, o cümlədən, əməyin mühafizəsinin gücləndirilməsinə, ətraf mühitin daha effektli qorunmasına şərait yaradacaq, ümumi iqtisadi effektivliyi artıracaq.



- Sizcə, daha yaxşı nəticə üçün nə qədər vaxt lazımdır?

- Mən Birliyə rəhbər yeni təyin olunsam da, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi vəzifəsində çalışan zaman “Azneft” İstehsalat Birliyinin digər idarələri ilə maraqlanmışam və onların perspektivləri həmişə bizi düşündürüb. İndi burada rəhbərəm və perspektivləri daha yaxşı görürük. Yaxın zamanlarda hasilatın artırılması planlaşdırılır.

Təxminən üç aydan sonra ilkin proqnozlar görünəcək. Altı aydan və bir ildən sonra daha yaxşı nəticələr olacaq. Neft elə bir şey deyil ki, düyməni basdın və axmağa başlayır. Nefti yığım parkına gətirmək üçün işlər görülməlidir. Bunun üçün proqramlar tərtib edilir və işlər mərhələli şəkildə aparılır.

- Hazırda kəşfiyyat işləri aparılırmı?

- 2019-cu ildə “8 Mart”, “Gürgan dəniz-Çilov adası”, “Lökbatan-Buta-Quşxana”, Abşeron yarımadası sahələrində 2D və 3D seysmik kəşfiyyat və interpretasiya işləri aparılıb. 2020-ci ildə “Həzi Aslanov”, “Palçıq-Pilpiləsi” və “Çilov adası” yatağında 3D seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılıb.

Bundan başqa, “Bulla-dəniz” yatağında ilk dəfə olaraq QA lay dəstəsində karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi üçün yeni tikilən özüldən axtarış quyusu qazılacaq. Həmçinin, “Lökbatan-Puta-Quşxana” yatağında məhsuldar qatdan aşağıda yatan Miosen yaşlı layların neft-qazlılığını təsdiq etmək üçün bir quyunun qazılmasına hazırlaşırıq.



- Hansı yataqlarda nə kimi perspektivlər var?

- Ölkəmizin ən məhsuldar neft və qaz yataqları hazırda dənizdə yerləşir və hasilat həcminin əsas hissəsi məhz dəniz yataqlarının üzərinə düşür. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansında olan dəniz yataqları arasında ən çox məhsul verən yataq kimi Dayazsulu Günəşli yatağını göstərmək olar. “Bulla-dəniz” və “Qərbi Abşeron”un perspektivliyini nəzərə alaraq, bu yataqlarda yeni platformalar tikiləcək və əlavə quyular qazılacaq.

“Bulla-dəniz” yatağından qazılan quyulardan orta hesabla gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz, “Qərbi Abşeron” yatağından qazılacaq quyulardan isə orta hesabla gündəlik 10 ton neft gözlənilir. Quruda yerləşən yataqlarda perspektivi nəzərə alaraq, Siyəzən monoklininin “Zağlı-Zeyvə” sahəsində quyuların qazılması nəzərdə tutulub. Hər bir quyudan gözlənilən gündəlik neft hasilatı 10 tondur.

“Qala”, “Buzovna-Maştağa”, “Neft-Daşları” və başqa yataqlarda qalıq ehtiyatların çıxarılması, işlənilməsinin optimallaşdırılması, hasilatın artırılması üçün yeni quyuların qazılması işləri aparılır.

Ümumiyyətlə, “Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilən 28 yatağın 70-80 faizində hasilatın artırılması üçün kifayət qədər potensial mövcuddur ki, onların realizəsi üçün işlər maliyyə mənbələrindən effektiv istifadə etməklə mərhələli şəkildə həyata keçiriləcək.

- Hazırda “Azneft” İstehsalat Birliyinin balansında (işlənilmədə olan) nə qədər neft-qaz yatağı var?

- “Azneft” İstehsalat Birliyi bu gün 28 neft-qaz yatağının işlənilməsini həyata keçirir. Bu yataqlardan 13-ü dənizdə, 15-i isə quruda yerləşir.



- Bu il üçün əsas hədəflər hansılardır?

- Bu il üçün əsas hədəflərimiz hasilatın artırılması, yeni perspektivlərin aşkarlanması, maya dəyərinin aşağı salınması, maliyyə dayanıqlılığının təmin edilməsi, təhlükəsiz iş, kadr potensialının inkişaf etdirilməsi, yeni perspektivli strukturların - yataqların aşkar edilməsidir.

- Siz “Abşeronneft” Neft və Qaz Çıxarma İdarəsinə (NQÇİ) rəhbərlik etdiyiniz dövrdə idarənin hasilatı dəfələrlə artdı, hətta son illərin rekord hasilat göstəricinə nail olundu. Bunun arxasındakı səbəb nə idi? Kollektiv, rəhbər, yoxsa idarəetmənin düzgün qurulması?!

- Düzgün vurğuladınız. Mən “Abşeronneft” NQÇİ-yə rəhbərlik etdiyim dövrdə hasilat göstəriciləri dəfələrlə artdı, hətta rekord səviyyəyə yüksəldi. Mən də inana bilməzdim ki, bu rekord göstərici ola bilər. Monitorinqlər, analizlər aparıldı. Daha sonra bununla bağlı proqram hazırlandı və icra olundu.

İlkin mərhələdə yanaşmamız düzgün oldu. Hər bir sahədə bir məchul var və onu tapandan sonra lazım olan nəticəni əldə etmək mümkün olur. Biz də “Abşeronneft” NQÇİ-də onu tapdıq. Həm SOCAR-ın, həm də “Azneft” İstehsalat Birliyinin dəstəyi ilə az vaxtda yaxşı nəticələr əldə edə bildik.

Təbii ki, istehsalat sahəsində istənilən bir uğuru qazanmaq üçün səmimi, eyni zamanda, tələbkar münasibət, məsuliyyət, kollektivlə birgə iş, düzgün idarəetmə formasının qurulması mühüm şərtdir. Hesab edirəm ki, biz bütün bu şərtləri təmin etdikdən sonra qarşımıza qoyduğumuz hədəfə çata bildik.



- Eyni uğuru “Azneft” İstehsalat Birliyində də təkrarlaya biləcəksinizmi? Çünki ora nisbətən kiçik idarədir. Bura daha böyükdür və quyu sayı daha çoxdur...

- “Azneft” İstehsalat Birliyi SOCAR-ın ən böyük struktur bölməsi kimi neft-qaz hasilatında mühüm paya sahibdir. Obrazlı dildə desək, şirkətin vuran ürəyidir. Birliyimiz daim uğurlu fəaliyyəti ilə SOCAR-ın, ümumilikdə neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verib. Şübhəsiz ki, bu tendensiya bundan sonra da davam edəcək.

Qeyd etdiyiniz kimi, “Azneft” İstehsalat Birliyinin balansında daha çox quyu var və bu, bizə hasilatı artırmağa imkan verir. Biz bu quyular üzərində analizlər, texniki-geoloji və sair tədbirlər apararaq, daha yüksək nəticələr əldə edə bilərik. Əlimizdən gələni edəcəyik ki, qarşımıza qoyduğumuz hədəflərə çataq, dövlət tapşırıqlarını artıqlaması ilə yerinə yetirək.

Mən “Balaxanıneft”, “Siyəzənneft” və H.Z.Tağıyev adına NQÇİ-lərdə çalışmışam. Onlarda da rekord hasilat göstəricilərinə nail olmuşuq. Düşünürəm ki, bunlar təsadüfi nəticə olsaydı, bu idarələrin birində bu rekord qeydə alınardı (gülür).

Bu təsadüfi nəticə deyil, sınanılmış praktikadır. Şübhəsiz ki, “Abşeronnneft” NQÇİ-də olduğu kimi, gələcəkdə “Azneft” İstehsalat Birliyində də neft-qaz hasilatı üzrə nəzərəçarpacaq dərəcədə artım tempini görəcəyik.

- Dəniz və hava şəraitindən danışdınız. Bəzən sosial şəbəkələrdə yazılır ki, təhlükəli hava şəraiti olsa da, işçilər dənizdə işləyirlər.

- Bu, düzgün deyil. Biz məlumat alan kimi dərhal işçilərin təxliyyəsi ilə bağlı tədbirlər görürük. İşi dayandırırıq və təhlükəsizlik təmin olunur. Bu gün biz insan həyatını təhlükədə qoyub, neft hasil edə bilmərik. Maksimum dərəcədə çalışırıq ki, təhlükəsizliyi təmin edək.

- Sizin baş direktorluğa qədər gəlib çıxdığınız yolun uzun olduğu bizə məlumdur. Təyinatınız haqqında nə demək istərdiniz?



- 29 ilə yaxındır ki, neft-qaz sənayesində çalışıram. Peşəmi sevirəm və işimi həvəslə görürəm. Əgər öz işində uğur qazanmaq istəyirsənsə, məncə bu, əsas şərtdir. Mən bu sahədə müxtəlif vəzifələrdə çalışmışam. Çilingər, operator, qazmaçı, qazmaçı köməkçisi, usta, mədən müdirinin müavini, mədən müdiri, baş mühəndis və rəis vəzifələrində işləmişəm.

Hesab edirəm ki, insan təkbaşına uğur əldə edə bilməz. Mən də iş yoldaşlarımla, kollektivlə birlikdə yaxşı nəticələr əldə etmişəm və rəhbərlik tərəfindən daha məsuliyyətli vəzifəyə irəli çəkilməyim bütövlükdə çalışdığım kollektivə göstərilən dəyərdir.

Neftçi peşəsi çətin olduğu kimi, bir o qədər də şərəflidir. Bizim qazandığımız uğurlar hər bir Azərbaycan ailəsində hiss olunur. Neftçilər daim xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, eyni zamanda, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi siyasətinə öz layiqli töhfələrini veriblər və bundan sonra da verəcəklər. Ona görə də biz neftçilərin üzərində daha böyük məsuliyyət var. Bu mənada şübhəsiz ki, mənə göstərilən bu yüksək etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

- Adətən, yeni gələn rəhbər özü ilə birlikdə “komandasını” gətirir. Siz bu metoda müraciət edəcəksinizmi? “Azneft” İstehsalat Birliyində hansı yeniliklər gözlənilir?



- “Azneft” İstehsalat Birliyinin mükəmməl komandası var. Bu komanda illərdir birgə çalışır və böyük uğurlara imza atır. Mən özüm də “Azneft” ailəsinin bir üzvüyəm. Həyat davam edir, ona görə də yeniliklər və dəyişikliklərin baş verməsi qaçılmazdır.

Təbii ki, SOCAR-ın strategiyasına uyğun olaraq bilikli, təcrübəli gənclər irəli çəkiləcək, indiyə qədər olduğu kimi bundan sonra da onların əməyinə yüksək qiymət veriləcək. Yeniliklərə gəldikdə, qarşımızda duran əsas hədəf neft-qaz hasilatını stabilləşdirmək və mümkün qədər artırmaqdır. Bunun üçün var gücümüzlə çalışırıq.

Hesab edirəm ki, həyata keçirəcəyimiz layihələr nəticəsində “Azneft” İstehsalat Birliyi beynəlxalq standartlara cavab verən, daha çevik, müasir idarəetmə metodlarının, rəqəmsal texnologiyaların tətbiq edildiyi bir istehsalat mərkəzinə çevriləcək.