Eldar Quliyev: “Tətili nəvələrimlə birlikdə Xəzər sahilində keçirdim”

musahibe
4-09-2015, 12:48 1089
Eldar Quliyev: “Tətili nəvələrimlə birlikdə Xəzər sahilində keçirdim” Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisadçı professor Eldar Quliyev maraqlı müsahibə verib.
- Eldar müəllim, Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb. Həmkarlarınız tətili müxtəlif ölkələrdə keçiriblər. Siz tətili hansı ölkədə və kimlə keçirdiniz?
- Onu deyə bilərəm ki, bizim üçün ayrılan tətil müddəti necə keçdi bilmədim. Bir də gördüm ki, sentyabr gəldi. Mən tətili ailə üzvlərimlə birlikdə Novxanıda keçirdim. Nəsə mənə tətili Bakıda, dəniz kənarında keçirmək daha xoşdu.
Bu il tətili nəvələrinlə birgə keçirdim. Tale elə gətirib ki, övladlarım ildə bir dəfə Azərbaycana gəlirlər. Mən bu tətil müddətində ürəyim istəyən qədər dincələ bildim. Nəvələrimlə birlikdə çox gözəl istirahət etdim. Onlara baxdıqca öz uşaqlığımı yaşadım.
Bilirsiniz, mən əslən Bakılıyam. Bəlkə də Xəzər sahilində istirahət mənə buna görə xoş gəlir. Bunun əvəzini başqa yer verə bilmir...
Dediyim kimi çox gözəl istirahət etdik və bir də gözümü açdım ki, övladlar işləri ilə əlaqədar xaricə getdilər...
...Necə deyərlər, burada “Payız gəldi, uçdu getdi quşlar...” mahnısını xatırlamalı oldum...
Hamı getdi, sən tək qaldın...
Deyəsən çox romantikaya qapıldım, hə... Çünki nəvələrlə bir yerdə istirahət edib sonra onlardan ayrılmaq bir az çətin olur.
- Bizim üçün maraqlıdır, tez-tez görə bilmədiyiniz övladlarınızla istirahət vaxtı nədən danışdınız?
- Sizə deyim, övladlarım xaricdə yaşayır. Onlar Birinci Avropa Oyunlarını kənardan izləyiblər. Bu oyunun möhtəşəmliyindən, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən, ölkəmizin dünyanın ən sabit ölkələrindən biri olmasından, Bakıda və rayonlarımızda aparılan böyük quruculuq işlərindən xeyli söhbətlər etdik. Belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur hissi keçirdik.
Təbii ki, başqa söhbətlərimiz də oldu. Bir daha qeyd etməliyəm ki, bu tətil müddətində yaxşı dincələ bildik.
- Eldar müəllim, siz həm də yaradıcı insansınız. Elm sahəsində yenilikləriniz varmı? Yoxsa tətil müddətində bu kimi məsələlər bir az arxa plana keçdi?
- Mən bir işi önə çəkib, digərini arxa plana keçirmirəm. Allahın insana verdiyi ömürdən hərtərəfli, faydalı şəkildə istifadə etmək çox vacibdir. Bu mənada təxminən 15 gün öncə universitetlər üçün 3-cü, yeni dərslik, “Aqrar iqtisadiyyat” kitabı işıq üzü gördü. Hesab edirəm ki, kril əlifbasından latına keçid zamanı xeyli ədəbiyyat itirdik. O mənada ki, bəzi dərs vəsaitləri latına çevrilmədi və s.
Odur ki, hər bir azərbaycanlı alim universitet dərsliklərinin zənginləşməsi üçün əlindən gələni etməlidir. Bu, həm yeni alimlərimizin yetişməsi üçün vacibdir, həm də tələbələrimizin biliyinin artırılması üçün.
Bu il Azərbaycan Prezidenti tərəfindən bizdə “Kənd təsərrüfatı ili” elan edilib. Son satatistikalar göstərir ki, bizdə bu il qeyd edilən sahədə inkişaf müşahidə olunur. Bu sahəyə diqqət verilməsi çox vacibdir. İnanıram ki, Heydər Əsədovun rəhbərliyi ilə bu sahədə xeyli dinamika olacaq. Bu, həm də Prezidentimzin tapşırığıdır.
Bundan başqa, ABŞ-ın Çikaqo şəhərində bu ilin 24-25 iyununda Elmi-Praktik Konfrans keçirildi. Oraya məni də dəvət etmişdilər. Sadəcə, həmin vaxt Bakıda möhtəşəm Birinci Avropa Oyunları keçirildiyindən mən o konfransa qatıla bilmədim. “Azərbaycan iqtisadiyyatında bəzi problemlər və ərzaq təhlükəsizliyi” adlı məqaləmi ora göndərdim və artıq məqalə orada dərc olunub.
Eyni zamanda, mən hazırda dünya üzrə ərzaq təhlükəsizliyi ilə bağlı kitab üzərində işləyirəm. Kitab xaricdə çap olunacaq.
Blirsiniz, bu sahədə xeyli narahatedici məqamlar var. Hiss olunur ki, dünyada baş verən maliyyə problemləri bir müddətdən sonra ərzaq problemləri ilə əvəzlənəcək. O zaman pulla ərzaq almaq mümkün olmayacaq. Bu məsələ bütün dünyanı təhdid edir. 20 olkədə belə problem olacaqsa, bu, bütün dünyaya, o cümlədən Azərbaycana da təsir edəcək. Artıq dünyada neftin, qazın birinciliyini ərzaq əvəz etməyə başlayır. Bu kimi məqamlar, ayrı-ayrı ölkələrin ərzaq təhlükəsizliyi məsələsi kitabda yer alacaq.
- Yeri gəlmişkən, Sizin xeyli şeirinizə mahnılar yazılıb, kliplər çəkilib. Yəqin tətil müddətində bu sahəyə vaxt ayıra bilmədiniz. Çünki bir yenilik görünmür...
- Şeir yazmaq mənim hobbimdir. Şeirlərim çoxdur. Onların hamısına mahnı yazılmayıb. Sonuncu şeirimə mahnını bizim tanınmış bəstəkarımız, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Novruz Aslan yazmışdı. Bu şeiri Milli Mıclisin Aqrar siyasət komitəsinin sədri, çox hörmət etdiyim ziyalı, ağsaqqal Eldar İbrahimovun 70 illiyinə həsr etmişdim. Hörmətli Novruz Aslan isə həmin şeirə mahnı bəstələdi. Sadəcə, bu məsələni ictimailəşdirmədik. Hesab etdik ki, şəxsi məsələdir. Ancaq onu da qeyd etməliyəm ki, Eldar İbrahimov bildirdi ki, Prezident tərəfindən ona verilən “Şərəf” ordenindən sonra qiymətli hədiyyə kimi bu mahnını qəbul edir.
Başqa bir məsələni də deyim. Bir müddət öncə Azərbaycanın məhşur bəstəkarı Eldar Mansurovla görüşdük. O məndən yeni şeir istədi. Bilirsiniz, Eldar Mansurov böyük bir musiqi bilicisi olan ailənin davamçısıdır. Yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da böyük nüfuz sahibidir.
Hələ tələbə ikən “İstanbulun qızları” mahnısı barədə eşitmişdik. Ancaq o zaman Türkiyə ilə heç bir gediş-gəliş olmadığından bu mahnını dinləmək bizə qismət olmamışdı. O zamandan beynimdə “Bakının qızları” şeirini dolaşdırır, buna mahnı bəstələnməsini canlandırırdım.
Və o şeiri yazdım:
Bakının qızları

Bakının qızları, şirin sözləri,
Bakıya gözəllik verir qızları.
Göydə ulduzları, yerdə qızları,
Öncə bir çiçəkdir Bakı qızları.

Xəzər sahilində gəzər qızları,
Ona bir yaraşıq verər özləri.
Durna qatarı tək süzər qızları,
Sular pərisidir Bakı qızları.

Baxan heyran olar qara gözlərə,
Qəlbi odlandırar Bakı qızları.
İncə dodaqları, al yanaqları,
Sevib-seviləndi Bakı qızları.

Anadan tərbiyə alar qızları,
Ata zəhmətini bilər özləri.
Bir evdən bir evə köçdüyü zaman,
Ocağın yandırar Bakı qızları.

Bu gün bir gəlindir, sabah bir ana,
Qucağında tutar körpə bir bala.
Ailə qayğısın çəkər özləri,
Evin dirəyidir Bakı qızları.

Gördüm bu dünyada çox gözəlləri,
Amma əvəzsizdir Bakı qızları.
Gəlin səsləyək subay oğlanları,
Hər başa bir tacdır Bakı qızları.
Nəqarət
Sevgi çələngidir Bakı qızları,
Eşqi-məhbbətdir Bakı qızları.
Əhdə sədaqətli Bakı qızları,
Çoxuna örnəkdir Bakı qızları.
Eldar Mansurov bu şeirə mahnı bəstələdi. Ədalət Şükürov isə “Bakının qızları” mahnısın gözəl ifa etdi. Deyilənə görə, pis alınmayıb.
Fuad Əlişov mahnıya gözəl klip çəkdi. Bu da bizdən Bakının qızlarına bir hədiyyə olsun. Doğrudan da mənim nəzərimdə dünyanın ən gözəl, səmimi, sədaqətli qızları Bakının qızlarıdır.
- Eldar müəllim, söhbətin bu yerində Sizə fərqli bir sual verəmək istərdik. Parlament seçkilərinə çox az zaman qalır. Namizədliyinizi yenidən irəli sürəcəksiniz?
- Mən öncə onu deyim ki, deputat olmaq istəyən, deputat olan şəxs hər zaman özünü seçicinin yanında hiss etməlidir. Hər zaman seçicinin yanında olmalıdır. Qəribədir, bəzi deputatlar inciməsin, bir də baxırsan xəbər yayılır, filan deputat seçicilərlə görüşdü. Mənə görə bu kimi xəbərlər yaymaq doğru deyil. Deputatın işi elə seçici ilə görüşməkdir də. Bu, onun borcudur. Mən bu günə qədər hər həftənin bazar günü seçicilərlə görüşürəm. Qalan 6 gün isə köməkçim onlarla görüşür, problemləri mənə çatdırır. Hər zaman seçicilərimin rəğbətini görmüşəm. Bu yaxınlarda Nardaran ağsaqqalları yenidən namizəd olmamı istəyiblər.
Bəzən kənardan Bakının kəndləri ilə işləmək çətin görünür. Ancaq bu, mənim üçün çox xoş bir işdir. Özüm Bakılıyam. Babalarım Maştağalıdır. Bilirsiniz, Bakı kəndləri ilə onların istədikləri kimi danışmaq lazımıdr.
Görünür, onların bütün istəklərinə əməl etdiyim üçün məni yenidən deputat görmək istəyirlər. Artıq mən namizədliyimi irəli sürmüşəm. Birinci dəfə seçkilərdə 51 faiz, ikinci dəfə 80 faiz səs toplamışdım. Əminəm ki, bu dəfə daha yüksək göstərici əldə edəcəm.
Bütün rəqib olacaq şəxsləri dəvət edirəm, şəffaf, açıq, qərəzsiz şəkildə mübarizə aparaq. Seçkini udanın halalı olsun.
Ötən seçkilərdə xarici müşahidəçilər daha çox Bakı kəndlərində oldular. Onlar buranı narahat dairə hesab edirdilər. Ancaq bir dənə olsun nöqsan tapa bilmədilər. Əminəm ki, bu dəfə də elə olacaq.