Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçiriləcək

sehiyye
2-09-2015, 15:06 1012
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçiriləcək 18-20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan 2015”) sərgisi keçiriləcək. Trend-in məlumatına görə, hər il “Beauty Azerbaijan” sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçıları və distribyutorlarını, habelə ətriyyat və kosmetika məhsullarının son istifadəçilərini öz meydançasında bir araya gətirir.
Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) tərəfindən dəstəklənir.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Builki sərgidə Azərbaycan, Bəhreyn, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlərin iştirak edəcəklər. Ənənəvi olaraq, sərginin bütün ziyarətçilərini yeni şirkətlər, yeni sənaye məhsulları, peşəkar mütəxəssislər və gözəllik salonları üçün maraqlı təkliflərlə tanışlıq gözləyir. Sənayenin yeni məhsullarını təkcə xarici istehsalçılar deyil, həm də Azərbaycan üçün yeni olan kosmetologiya və ətriyyat məhsullarını anons etmək məqsədi ilə bu sərgidən platforma kimi istifadə edən yerli distribyutorlar təqdim edəcəklər. Onların arasında “BTL”, “ZNK”, “Vitta Estetik” və s. şirkətlər var.
Ümumilikdə, “Beauty Azerbaijan 2015” sərgisində peşəkar kosmetika, habelə dəriyə, bədənə və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar təqdim ediləcək. Son illər ətriyyat xarici istehsalçıları tərəfindən bu sərgiyə marağın artması müşahidə olunur. Ölkədə SPA xidmətləri təklif edən otellər və çoxsaylı salonların fəaliyyətə başlaması ilə əlaqədar olaraq, sərgidə bu sahəyə aid təkliflərin də sayı artıb. İstehsalçılar və distribyutorlar gözəllik salonları, idman klubları, SPA mərkəzləri və bərbərxanalar üçün onları öz rəqiblərindən müsbət cəhətdən fərqləndirən və yalnız onlara məxsus eksklüziv təkliflərin verilməsinə kömək edəcək unikal həll variantlarını
təklif etməyə çalışırlar.
Şirkətlər öz stendlərində eksklüziv məhsulların nümayişinə həsr olunan təqdimatlarla yanaşı, həm saçlara, həm də bədənə qulluq mövzusunda ustad dərsləri (“master class”) keçirəcəklər. Bütün ustad dərslərinin proqramı sərginin veb-saytında (http://beauty.iteca.az/2015/) yerləşdiriləcək.