Yalçın Rzazadə: “Mahnılarımı oxuyanda məndən icazə alsınlar”

musahibe
2-09-2015, 15:04 1222
 Yalçın Rzazadə: “Mahnılarımı oxuyanda məndən icazə alsınlar”
“Şou müğənnilərini televizorda görən kimi kanalı dəyişirəm”
Xalq artisti Yalçın Rzazadə Lent.az-a müsahibə verib
- Əvvəlcə yaradıcılığınızdakı yeniliklərdən danışaq...
- Yalnız yerli telekanallarımızın say-seçmə bir-iki verilişinə. Elə indi çəkilişdən gəlirəm.
- İstirahət mövsümü bitdi. Dincələ bildiniz?
- Yox, dincəlməmişəm. İndi-indi istirahət etmək istəyirəm.
- Səhhətinizlə bağlı problem yaşadığınızı söyləmişdiniz.
- Hə, problemlər indi də var. Səhhətimdə yaranan problemlərə görə, tez-tez müayinə olunuram.
Şou-biznesin hazırkı durumu sizi qane edirmi?
- Mən şou-biznesdə deyiləm. Heç yeni çıxan müğənniləri də tanımıram. Düzünü deyim ki, heç onlara qulaq da asmıram. Efirə də baxmıram. Ancaq AzTV-nin “Xəbərlər” proqramını izləyirəm. Hərdən bəzi müğənnilərin televiziyada ifasını eşidən kimi kanalı dəyişirəm. Çünki xaric oxuyurlar.
- Pedaqoq kimi də fəaliyyətiniz davam etdirirsinizmi? Tələbələrinizdən şou-biznesə can atanı varmı?
- Mən professoram, kafedra müdiriyəm. Çox tələbəm var. Pedaqoqluğumu davam etdirirəm. Tələblərimdən şou aləminə gələni yoxdur. Heç bu aləmə can da atmırlar.
- Oğlunuz da sizin yolunuzu davam etdirmək qərarına gəldi...
- Oğlum ali təhsillidir. Klassik mahnıları da gözəl ifa edə bilir. Onun ifaçılığına şübhəm yoxdur. Çox xoşuma gəlir. Bir çox müğənnilərin oxuya bilmədiyi mahnıları ifa edə bilir. O, bu sənətdə indi-indi addım atır. Düzdür, çətinlik çəkir. Çünki sənətə gəlmək və bu sahədə qalmaq xüsusi bacarıq tələb edir.
- Oğlunuz da sizin kimi sənətkar ola biləcəkmi?
- Bu sualı mənə çox verirlər. Ola bilsin ki, başqası bu sənətə gəlsin. Amma hamı Yalçın Rzazadə ola bilməyəcək. Bu gün Şövkət Ələkbərovanı, Vaqif Mustafazadəni əvəz edəcək kimsə varmı? Azərbaycan mədəniyyətində bir çox yeniliklərə ilk dəfə mən imza atmışam. İlk dəfə gitara ilə səhnəyə çıxan və gitara ilə klassik mahnıları ifa edən mən Yalçın Rzazadə olmuşam. Geyim və səhnə mədəniyyətində də mən nümunə olmuşam. Sovet vaxtında azad və sərbəst geyinmək çətin məsələ idi. Bu günləri də mənim mahnılarım yaşayır və şedevr sayılır. Filmlərdə səsləndirdiyim mahnılar bu gün də sevilir.
- Şou-biznesdə bir çox müğənnilər sizin repertuarınızda sevilən mahnılara müraciət ediblər. Bəyəndikləriniz olub?
- Yox, heç birini bəyənməmişəm. Əgər mənim ifa etdiyim mahnıları babat oxusalar, çox sağ ol deyərəm. Amma bu günə qədər heç bir şou-biznes nümayəndəsi mənim repertuarımdan olan mahnını gözəl oxumayıb. “Dədə Qorqud” filmindən və “Əlvida” kimi bir çox mahnılarımı oxuyublar. Amma mənim ürəyim istədiyi kimi oxuya bilməyiblər.
- Müğənnilər repertuarınızdan mahnı oxuyan zaman sizə müraciət edirlərmi?
- Bilirsiniz, bütün dünyada belə bir qanun var ki, mahnını oxumadan öncə xatırlatma olur. Məsələn, ifa etdiyim mahnı Zəki Mürenin repertuarındandır. İndi də mənim mahnımı oxuyan zaman icazə almırlar. Onlar gərək məndən icazə alsınlar. Çünki ifa etdiyim bütün mahnılar sırf mənim üçün yazılıb. Şairlər mənə həsr ediblər, mənim diapazonuma uğun yazıblar.
- Şou-biznesdə illərin sənətkarları onların mahnılarını icazəsiz oxuyanlara etirazlarını açıq şəkildə bildirirlər. Hətta qadağa qoyub, məhkəməyə qədər gedib çıxanlar var. Bəs siz necə, eyni addım atmaq fikriniz varmı?
- Əslində qadağa edib, yaxşı edirlər. Çünki xalqın qəbul etdiyi bəstələri yenidən oxuyub, mahnının qol-qanadlarını sındırırlar. Mahnının sözlərini dəyişirlər. Şəxsən mənim klassik əsərlərimin sözlərini dəyişib, öz istədikləri kimi oxuyurlar. Elə efirə də belə biabırçı vəziyyətdə çıxırlar. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Oqtay Rəcəbov kimi dahilərlə çalışmışam. Onlar mənim səsimə uyğun olan mahnılar yazıblar. Mahnılarımı oxuyanlar halallıq alsalar yaxşı olar. Məsələn bir müddət öncə İTV telekanalına getmişdim. Gördüm ki, işçilər bəstəkar Elza İbrahimovanın “Gəl barışaq” mahnısına qulaq asırlar. Deyirlər ki, bunu filankəsin təzə mahnısıdır. Mən də dedim ki, yox, səhv deyirsiniz, təzə mahnı deyil. Açın interneti baxın. 1979-1980-ci ilin mahnısıdır. İnanmadılar. Açdılar interneti gördülər ki, estrada orkestr ansamblının qarşısında oxuyuram. Özü də bu mahnını Elza İbrahimova mənim üçün yazıb. Yəni mənim mahnılarımı götürüb oxuyurlar, amma adımı vurğulamırlar. Gənc nəsil də xəbərsiz olur. Elə bilir ki, elə yeni mahnıdır. Hazırkı dövrdə ən çox mənim ifa etdiyim mahnılara müraciət olunur. Çünki Azərbaycan estradasına yenilik gətirən mən olmuşam.
- Bir müddət öncə əməkdar artist Teymur Əmrahla aranızda kiçik anlaşılmazlıq yaşanmışdı. Hazırda münasibətlər normaldırmı?
- Mənim heç kimlə incikliyim ola bilməz. Çünki mənim keçdiyim sənət yolu başqadır. Görün mən hansı ölkələrdə konsert vermişəm. Mənim keçdiyim sənət yolunun yüz min kilometrinin heç olmasa on kilometrini keçə bilsinlər ki, onlarla oturub söhbət edim. Mən heç ad çəkmək də istəmirəm. Mənim öz sənətim, öz hörmətim bəsimdir. AzTV-də gözəl çıxışım, proqramım var. Hər zaman demişəm ki, dahi olmaq olar, amma şəxsiyyət olmaq çətindir. Mən indi durum deyim ki, filankəs nə bilim nə. Desəm, olaram şoudur, nədir ondan. Heç kimlə problemim yoxdur. Bu həyata Yalçın kimi gəlmişəm, Yalçın kimi də köçəcəm.