gənc yazar Müşfiq Şükürlünün “Faytona bənzər teatr” hekayəsini təqdim edir.

yazarlar
2-09-2015, 15:02 911
gənc yazar Müşfiq Şükürlünün “Faytona bənzər teatr” hekayəsini təqdim edir.  Onların evinin qabağında böyük bir meydan var. Meydanın sağ küncünə daş pilləkənli, bir mərtəbəli uşaq bağçası sığışdırılıb. Açıq meydanın sol tərəfində isə faytona bənzər, klassik dəbdəbəli oyuncaq otaq durur. Əslində, “oyuncaq otaq” yanlış ifadədir. Bunu necə ifadə edəcəyimi bilmirəm, çünki dəqiq xatırlamıram. Ancaq bildiyim qədəriylə uşaqlar tərəfindən hazırlanmış (bağçaya aidiyyatı yoxdur), meydana yaxın məhəllələrdəki sayı bəlli olan qəhrəmanlarımıza aid, onların hələ dərk eləməyib oyun marağıyla yaratdıqları teatr qutusudur. Bax, bu klassik üslublu, faytona bənzər, qəhrəmanlarımız üçün kifayət qədər böyük görünən otaqcığın materialı, nədən hazırlandığı yaddaşımdan silinib. İçəriyə qapını əvəz edən palıd, yaxud ağ rəngli parçaya toxunaraq keçməlisən.
Teatr başlayır.
Həmin evdən iki qız (bacılar) meydandadır. Yaxın məhəllədən iki oğlan və əlavə bir qız da var. Oğlanların biri varlı zadəgandır, digəri isə kasıb proletar. Bu üç qız isə sarayın sakinləridir: çirkin, qarayanız qız hərəmxananın unudulmuş, sevincək xanımıdır; bacılardan uzunu kralın qızı, alçaqboy olanı isə hərəmxananın ən seçilən qadınıdır.
Meydan boz asfalt kimi görünür. Amma üzərində bir müddət yeriyib ayağınla yeri qurcalayanda anlayırsan ki, nəinki asfalt, heç daş da deyil, tez parçalanan qara, kövrək, daş süxurdur. Bağçanın arxası boşdur. Bura meydanın dar, geniş hissələrindəndir. Bəlkə də, gizlənmək, ya da elə gizlənqaç üçün əlverişlidir. Meydanın mərkəzi isə axşamtərəfi badminton oynamaq, ümumiyyətlə, topun və çoxluğun mümkün olduğu bütün oyunlar üçün rahat ərazidir. Bizim qəhrəmanlarımızın olduğu hissə isə kralın kraliçanı öpməsi üçün ən uyğun yerdir. Yəni, meydanın sol sığınacağı uşaqların hələ tam yetkinləşməmiş cinsi arzularının, yaratmaqda gecikmədikləri ilk həyati konstruksiyanın və şüurun dərk etmədiyi sinfi ayırdetmənin dünyanın hansısa gələcək bir hissəsini silkələməyə meyllənmiş, möcüzəsindən gizlənmiş müqəddəs “oyuncaq otağı”dır.
Bu, ciddi, əsl teatrdır. Heç bir qondarma həqiqəti xatırlatmır. Çünki, yamsılamaq və şüuraltı adlandırdığınız hər şey bu sadaladığım məfhumlara əsaslanır: müqəddəslik, paklıq, sadəlövhlük, hadisəsizlik, pafoslu hərəkətlər, kiçik, kövrək müqavimətlər və şüurun hökm edə bilmədiyi qeyri-ibtidai məhsul. Teatrımız bunların cəmindən ibarətdir.
Kraliça sadə qız geyimindədir və üzünün gözəlliyindən başqa heç bir özəlliyi yoxdur. Varlı zadəgan kral seçilib və o da alçaqboyludur. Kral və kraliçanın bənizi ağdır. Onlar bir-birinə yaraşır. Kraliçadan fərqli olaraq onun çiyinlərindən qılçalarına sallanan qırmızı xalatı və başında qızılı tacı var. Hündürboy, kasıb, proletar oğlan isə cəngavərdir və o, nədənsə krala düşmən kəsilib. Kövrək müqavimət dediyimiz, deyəsən, budur. Bunu onun hərəkətlərindən çox, daxili gərginliyindən anlamaq olar. Digər iki qız isə oyunda istifadəsiz obrazlar kimi görünür. Onların nə işlə məşğul olduğunu söyləmək çətindir. Elə kraliçanın özü də belədir. O, yerə çöküb və əlindəki gəlinciyin üzərində laqeyd, ancaq ciddi bir iş görürmüş kimi işləyir. Bundan əlavə iki funksiyası var: yaxınlıqdakı hərəmlərin üstünə çığırmaq və yastı, şirin başını qaldırıb cəngavərə təbəssüm etmək. Bəli, deyəsən, krala da laqeyddir.
u plansız ssenari beş qəhrəmanın beşinin də arzularıyla müəyyənləşə bilər. Və bu arzular bizi heç bir ilkin hazırlığın olmadığı mistik tamaşaya səsləyir.
Kral dinib-danışmır hələ ki. Ancaq səsində kal, yaxud batıq, xırıltılı anlaşılmazlıq var. Bu, uydurma deyil. Onun səsində pulun, qızılın, var-dövlətin və qədim sarayların minillik çöküntüsü sezilir. Həm də ki lovğadır, çiyinlərini dik saxlayıb üzünü yana çevirə, bir müddət hissiyyatsız dayana bilir. Və cəngavərə heç baxmaq da istəmir. Ancaq hiss olunur ki, cəngavərdən qorxur və bu saymazyana, ya da lap dəqiqləşdirsək kütləşmiş üz ifadələri lovğalığından bəslənmir. Cəngavər isə qətiyyətli, susqun və zəhmlidir. Və bu susqunluq ancaq onun dilinə, sözünə hopmayıb. Onun bütün yüksək keyfiyyətləri bu susqunluğu dadıb. Misal üçün, indi onun qarşısında taxtına dirsəklənən (bu ifadə tamamilə yanlışdır, çünki bu “oyuncaq otaq” üçün gerçək taxt tapıb gətirmək uşaqlara olduqca çətindir və heç ehtiyacları da yoxdur, kral isə balaca, xırda oturacaqda əyləşib, əlləriylə diz qapaqlarından yapışıb, qoltuqlarını qabartmaq üçün isə dirsəklərini havaya qaldırıb) kral nə hərəmlərinin, nə ona qulluq edib-etmədiyi bəlli olmayan cəngavərin, nə də bu hekayətin keçdiyi bəkarətli yazın salxımından hərarətlə tutduğu günəşin üfüqdən uzaqlaşmış mehriban şüalarının qeydinə qalır. Ancaq kralın duruşuna, hərəkətlərinə yayılmış bu vurdumduymazlıq və qorxuyla lovğalığın tələb etdiyi pəjmürdə qarışıqlığa yaxından baxdıqda, aydınca hiss olunur ki, cəngavərin susqun, məlahətli və qəribə gözləri kralı gerçək ölçülərinin fərqinə varmadığı nəhəng taxtına mıxlayıb. Cəngavər ayaqda olduğundan və həm də hündür olduğundan kralın taxtına kölgə salırdı. Və kral bu kölgənin altında qalıb əzilmək istəmirdi. Deyəsən, qorxusu elə bu idi.
İndi xatırlayıram ki, bizim “oyuncaq otaq” niyə məhz faytonu andırır. Çünki, ilk əvvəl o, həqiqətən, fayton quruluşundadır, boşluqdan hər şeyi içinə çəkə bilən yüksək qaldırımlı girəcəyi var. Dəyirmi qaldırmı isə kənardan şəstlə seçilir. İkincisi isə girəcəkdəki palıd rəngli parçadan başqa bəyaz, qalın tent gözə dəyirdi. Hər şey – bütün tamaşa bu palıdı girəcəkli, bəyaz tentli dar, ancaq uşaqlar üçün yetərincə böyük olan teatr zalında baş tutmuşdu.
Cəngavər kraliçanı öpmək istəyirdi, deyəsən. Ancaq bu heç bəlli də deyildi. Çünki, onların arzuları ehtiras və sərhədsiz tamahkarlığın doğuşundan öncə baş qaldırmışdı. O, heç də kraliçanı söz oyununa meylləndirib hiyləgər tülkü kimi vəhşiliyin qarmağına keçirməyəcəkdi. Bunu edə də bilməzdi. Hər şey ixtiyarsız olacaqdı və bu ixtiyarsızlıq oyunun mistik itaətkarlığını qoruyan müqəddəs təranə kimi səslənirdi.
Kraliça yerə sinmişdi. Nazik, qara zolaqları boz donunun ətəyi qısa idi. Sinəsini dizlərinə söykəyib əlindəki gəlinciyə aşağıda yemək hazırlayırdı (onun xidmətçiləri yoxuydu, digər qızlar da belə edirdi). Bu vaxt onun qısa donunun altından ağappaq uşaq budları və elə balaca, bəyaz tumançası göründü. Bizim etinasız, axmaq kralımız necə oldusa bu məyusedici səhnəni izləməyə qərar verdi. Bu isə cəngavərin gözündən yayınmadı.
Maraqlı idi ki, onların nə atı, nə də qılıncları varıydı. Mən bunu məsuliyyətsizlik kimi səciyyələndirmək istəmirəm. Çünki, onlar gördükləri işin gerçəkliyindən məst olmayacaq qədər ayıq-sayıq idilər. Və hər şeydən xəbərləri var idi. Bunun oyun olduğunu da bilirdilər. Ancaq bundan artığını anlamaq onlara maraqlı gəlmirdi.
Gözlənilən öpüş baş tutmadı. Çünki, kral əvvəlki etinasızlığına qayıtdı. Nifrin sezilən həvəssiz baxışlarını cəngavərə çevirdi. Cəngavər isə sakitliyini qoruyurdu.
Bax, bu vaxt kraliça əlindəki oyuncaqlarını bir kənara qoyub ayağa qalxdı. Bayaqdan hər şeyi izləyirmiş, hər şeydən xəbərdar imiş kimi saray ədəbazlığı ilə yerindən durub qabağa gəldi və dilləndi: “Gəlin, indi gecə olsun, hamı yatsın dincəlsin.”
Bu, əlbəttə, dəhşətli idi. Həm kral, həm də cəngavər üçün. Kral qorxusundan yatağa getməyəcəkdi. Cəngavər isə oyunun qaydalarını pozub ədalətsizlik edə, ya da öz hisslərini büruzə verə bilməzdi. O, susqun, əzmkar, ağıllı, dürüst və vicdanlıdır. Bu xüsusiyyətlər, əlbəttə, onun arzularıyla müəyyənləşmişdi, ancaq indi kraliça yeni və ssenarini kulminasiyaya qaldıracaq güclü bir fikir ortaya atmışdı. Bu, ya tamaşaya dağıdıcı təsir edib oyunun ən maraqlı səhnəsinə çevriləcəkdi, ya da pərakəndə sönüklüklə nəticələnəcəkdi.
Cəngavər qəzəbləndi. Qaralmış qanı təpəsinə yığıldı. Əl atıb kralın qolundan yapışmaq istədi. Kral qolunu büdrətdi və cəngavərin əlinə kralın qırmızı xalatı keçdi. Çiyinlərinə yapışmış xalatı dartıb bədənindən qopartdı. Kralın susqun nitqi həyəcanlanmış ifadəsindən süzülüb yuxarı dikilmiş boğazına keçdi. Bayaqkı qorxulu kölgə onun taxtını büsbütün haqladı. O, hıqqına da bilmirdi, bir kəlmə də demədən daxili hakimiyyəti cəngavərə vermişdi.
Onlar, sadəcə, oyun oynuyurdular. Bunu qəhrəmanlarımıza kimsə xatırlatmalıydı. Ancaq buna ehtiyac var idimi? Bu ki gerçək teatrdır. Mən, açığı, heyvanlardan bəhs edən filmləri xatırladım. Axı, bu da gerçək teatrdır. Onlardan bələd olduğumuz qalın, qabarıq boyun tükləri ilə əzəmətli görünən amansız bir şirin nəcibliyinə biganə qala bilmədiyim gözəl, zərif ceyranı onun susqun naləsinə göz yumub qüsursuz vəhşiliklə yaxaladığı və təslimiyyət üzərində çalınmış qələbənin arxayınlığıyla parçaladığı səhnələrə necə münasibət bəsləyəcəyimi də bilmirəm. Buna elmi, coğrafi, bəşəri biliklərə əsaslanıb necə qətiyyətli möhür vura bilərəm? Mən ki gücə yox, gözəlliyə aşinayam. Mənə ki tamaşanın hüdudlarını lərzəyə gətirən vəhşi ürək yox, qələbəsi nəcib səssizlik olan gözəllik lazımdır. Ancaq bizim “oyuncaq otağımızda” məsələ bir az da qəlizdir. Daha doğrusu, sadə. Qızıllarına, tacına, hərəmlərinə və sarayına arxalanan lovğa kralın rəhm diləməsi elə də acınacaqlı deyil. Əksinə, bu, cəngavərin qəzəbini yatızdırmağa kömək etməməlidir.
Ancaq budur, kraliça onu səsləyir, “Çəkil, oyunu pozma!” - deyir. Və cəngavər qılınc kimi kəskin, qaranlıq kölgəsini taxtın üzərindən çəkir. Bununla da axşam düşür.
Yazın ağacların, yarpaqların ətrini səpələyən mehriban şüaları səmada hələ də bərq vurur. Ancaq faytona bənzər teatrda hamı gecə yuxusuna hazırlaşır...
Hərə bir küncə qısılmışdı. Hərəmlər arxada kələ-kötür bir küncə layiq görülmüşdü. Onlardan sağ tərəfdə cəngavər tək idi. Kraliça və kral isə bu yerə yapışıq, atları çoxdan qaçıb getmiş bəyaz tentli faytonun girəcəyindən içəri doğru uzanmışdılar. Başları bir-birinə yaxın idi. Onları heç kim görmürdü. Hamını artıq öz dinc ərazisi maraqlandırırdı. Kralın üz cizgiləri yenə də bayaqkı kimi keyimiş etinasızlığa bürünmüşdü. Ancaq indi bu gözəl üzlü kraliçasının gözlərinə baxıb özündənrazı uşaq axtarışıyla parıldayan üzünə təəccüb də qarışmışdı. Öpüş ona qismət oldu. Və bu artıq qalan qəhrəmanlarımızın eyninə də deyildi. Onlar, guya, mışıl-mışıl yatırdı. Kraliça gözlərini yumub şirin dodaqlarını kralın gözləməkdə olan qəşəng, qırmızı dodaqlarına yapışdırdı. Daha doğrusu, astaca toxundurdu, sonra dodaqlar yerini rahatladı. Bax, indi ətir qoxusu kralın burnuna gəlib çatdı və o, taxtının məstliyindən daha zövqlü mükafata qovuşdu. Güc öz yerində uyuyurdu, gözəllik və etinasızlıq isə öz.
Bu vaxt meydanın yaxınlığındakı evdən qadın səsi eşidildi. Pəncərədən boylanan qadın kralın hərəmlərini və öz qızlarını çağırırdı:
- Gəlin! Günorta yeməyinin vaxtıdır.