“İsrafil İsrafilov ölkənin baş teatrını çökdürdü"-

musahibe
2-09-2015, 14:17 969
“İsrafil İsrafilov ölkənin baş teatrını çökdürdü"- İlham Əsgərov: “Buranın əxlaqı, siması pozulub”
“Ad üçün bu teatra gələnlər var. Ayıbdı. Milli Akademik Dram Teatrını belə hörmətdən salmağa kimsənin haqqı yoxdu”
Akademik Milli Dram Teatrında baş verənlər deyəsən, sözün həqiqi mənasında pik nöqtəsini yaşayır. Ölkənin baş teatrının bir çox tanınmış aktyorlarının ölkə başçısına rəsmi müraciəti bir daha teatrda gərginliyin olduğundan xəbər verir. Teatrın direktoru İsrafil İsrafilovun yenidən teatrda direktor vəzifəsində qalması, hələ üstəlik teatra yeni bədii rəhbərin təyinatı Akademik Milli Dram Teatrının bir çox aktyorlarının narazılığı ilə qarşılanıb.
Yeri gəlmişkən xatırladaq ki, Azərpaşa Nemətov Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə uyğun olaraq Akademik Milli Dram Teatrının yeni təsis olunmuş bədii rəhbəri-baş rejissor vəzifəsinə təyin edilib.
Nazirlikdən daxil olan məlumata görə, avqustun 31-də Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərpaşa Nemətovu teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edib.
Teatrın bir qrup aktyorları isə iddia edirlər ki, teatra bədii rəhbər və baş rejissor təyin edildikdə onların fikrini nəzərə alan olmayıb və teatrın kollektivi ilə heç bir görüş, iclas keçirilməyib.
Milli Dram Teatrında artıq iki ildir ki, yaşanan gərginliklər sonda bir qrup aktyorun dövlət başçısına müraciət etməsinə qədər gəlib çatdı.
Belə ki, müraciətdə bildirilib ki, teatrda baş verən problemlər, kollektiv arasında yaşanan xoşagəlməz olaylar teatra İsrafil İsrafilovun direktor təyin olunmasından sonra başlayıb. Böyük sənət ocağının çökdüyü, kollektivin ümidsizliyə qapılması, teatrdaxili münaqişələr də məhz teatrın direktorunun "əməyi nəticəsində” yaranmağa başlayıb.
Teatrın nə az, nə çox, üzdə olan 29 aktyoru ölkə başçısına müraciət ünvanlayıb. Onlar arasında Xalq artistləri Ramiz Məlik, Rəfael Dadaşov, Firəngiz Mütəllimova, İlham Əsgərovun da adlarına rast gəldik.
Xalq artisti İlham Əsgərov "Şərq”ə açıqlamasında müraciətlə bağlı fikirlərini dilə gətirdi.
- İlham müəllim, Milli Dram Teatrında nə baş verir?
- Teatrda baş verənlər əslində göz qabağındadır. Əvvəla onu deyim ki, çox səbr etdik. Artıq səbr kasamız da doldu. Onu qeyd edim ki, teatrın bədii rəhbəri, baş rejissoru təyin olunanda heç kimin fikri ilə maraqlanmayıblar. Bədii rəhbər də gələndə yığıncaq olmalıydı, kollektivlə tanış etməliydilər baş rejissoru. Bunlar da olmadı. Mən hələ də teatrın bir aktyoru kimi rəsmi yığıncağa dəvət almamışam. Bilmirik həqiqətənmi baş rejissor təyin olunub, kimdi bu insan?
Yəni Azərpaşa Nemətovu tanıyırıq. Allah işini avand etsin. Amma bizimlə heç kim yığıncaq edib kollektivin fikrini soruşmayıb. Yəni bizi sayan yoxdu. Biz illərini teatra həsr edən insanlarıq. Bu qədər saymamazlıq düzdümü sizcə?
- Azərpaşa müəllimlə sizin yığıncağınız olmayıb hələ?
- Yox, olmayıb. Biz gözlədik ki, bəlkə dəvət edərlər, yığıncaq edərlər ki, bizim də fikrimiz nəzərə alınsın. Amma olmadı.
- Siz Azərpaşa Nemətovun gəlməsini istəmirdiniz?
- Söhbət kollektivə verilən dəyərdən gedir. Koolektivin fikrini soruşmalıydılar. Bizi adam yerinə qoymadılar. Bilmədik kimdi teatra gələn, nəçidi. Yenə deyirəm, Azərpaşa müəllimi tanıyırıq. Amma bizimlə rəsmi bir tanışlıq olmadı.
- İsrafil müəllimlə münasibət həqiqətən gərgindi?
- Biz yaratmırıq o gərginliyi. Bu insan teatra rəhbər təyin olunan gündən heç bir vədini yerinə yetirməyib. Heç biri olmadı. Maaş düzələr, teatrda hər şey yaxşı olacaq. Amma yalan vədlərdən başqa heç nə görmədik. Ay biletləri əldən tapacaqlar, ya teatrın repertuarı fərqli olacaq. Hanı? Niyə bu günə qədər bir dənə ortaya qoyulası tamaşa yoxdu? Niyə ortalıqda heç nə yoxdu. İsrafil İsrafilov Milli Dram Teatrına zərbə vurdu. Çökdürdü teatrı.
- Teatrda qruplaşma da hiss olunur.
- Bəli, bu gün Akademik Milli Dram Teatrında qruplaşma da var, yaltaqlıq da, gözə girənlər də.
- Əvvəllər teatrda belə qalmaqallara çox rast gəlinmirdi?
- Elə qalmaqallar olmurdu teatrda. Aramızda nəsə olurdusa, onu da elə teatrın daxilində həll edirdik. Bu qədər çirkin hadisələr baş vermirdi, mətbuata çıxmırdı. İndi teatrda vəziyyət o qədər gərgindi ki, mətbuat səhifələrində müzakirəyə çıxmışıq. Bunun da bir səbəbkarı var. O da teatrın başında durub, teatrı çökdürən İsrafil İsrafilovdu. Bu insan millətin düşmənidi elə bil. Bu qədər teatra qarşı laqeydlik olarmı? Teatra onun gəlişi ilə dedi-qodu gəldi.
- Yəni teatrın rəhbəridi günahkar?
- Bəli. Teatrda ayrı-seçkilik yaratdı. Teatr bu günə qədər belə rəzillik yaşamayıb. Burada baş verənlər heç kimə sirr deyil. Kimi teatra ad almaq üçün gəlib, kimini bu teatra başqa teatrdan dəvət ediblər. Bura olub eksperimentlərin məskəni. Yuğ Teatrının öz yolu var. Artıq onların da yolu bizdən keçir nədənsə. Nə bilim e, hansından danışaq? Bu qədər susduq. Bəsdi artıq. Teatrın repertuarı bərbad vəziyyətdədir. Teatra vurulan zərbəni qəbul edə bilmirəm.
- Yəni təkcə sizin incikliyinizdən söhbət getmir?
- Təbii ki, teatra vurulan zərbədən söhbət gedir. İsrafilov Akademik Milli Teatrına zərbə vurdu. Teatrın əxlaqı, siması pozulub. Əvvəlki nüfuzu itib. Söhbət Akademik Milli Dram Teatrından gedir. Ölkənin baş teatrının nüfuzu qalmayıb. Tamaşalarda qeyri-etik səhnələr, milli dəyərlərə zidd səhnələr o qədər çoxdu ki, Akademik Milli Dram Teatrını xatırlatmır. Mən xalqımın ruhuna xidmət etmişəm illərdi. İndi teatrın səhnəsində olanlar milli əxlaqımıza uyğun deyil. Quruluşlar bərbad vəziyyətdədir. Mən necə susum axı? Bu, eksperiment teatrı deyil. Ölkənin baş teatrıdır.
Deyir ki, 27 teatrın hamısı pis gündədi də. Bircə Dram Teatrı pis gündə deyil ki? Bununla etiraf edir ki, hazırda teatr pis gündədi. Niyə pis gündə olmalıdı? O biri teatrlar pis gündə ola bilər. Akademik Milli Dram Teatrı pis gündə ola bilməz. Buna imkan verə bilmərik. Mən illərimi bu teatra verən bir sənətkar kimi deyirəm ki, teatrın mənəviyyatına zərbə vurulur və mən susmaq niyyətində deyiləm. Ona görə də ölkə başçısına müraciət ünvanlamışıq. Əminik ki, bu məsələ də həllini tapacaq. Bu teatr qüsurlu ola bilməz. Teatrın əvvəlki nüfuzu, çəkisi qalmadı. Teatrda elə rejissor, aktyorlar var ki, onların işi bəyənilmədi, onlara töhmət verildi, amma ardınca da mükafatı mükafat ardıyca aldılar. Bunların də məqsədi göz qabağındadır. Yəni bu o deməkdir ki, ad üçün bu teatra gələnlər var. Ayıbdı. Milli Akademik Dram Teatrını belə hörmətdən salmağa kimsənin haqqı yoxdu.