Bəsti Cəfərova: “Gedərəm girərəm İsrafil müəllimin otağına, deyərəm ki...”

musahibe
1-09-2015, 13:18 1476
Bəsti Cəfərova: “Gedərəm girərəm İsrafil müəllimin otağına, deyərəm ki...”
“Onun aktrisa olmasının əleyhinəyəm”
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın Lent.az-a müsahibəsi
Keçən mövsüm Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı tamaşa səhnələşdirdiniz. Bu mövsüm də özünüzü rejissor kimi sınayacaqsınız?
- Xeyr. Hər şeydən əvvəl mən aktrisayam. Bu il Çingiz Aytmatovun “Ana tarlası” adlı əsərinin səhnələşdirilməsi planlaşdırılır. Orada əsas rollardan birini ifa edəcəm. Gələcəkdə rejissorluq işim olacaq. Bir neçə tamaşa qurmağı planlaşdırıram. Amma bu mövsüm aktrisa fəaliyyətimi davam etdirəcəm. Gələcəkdə quracağım tamaşa artıq gənclərdən ibarət uşaq tamaşası yox, həm yaşlı, həm orta, həm də mənim tamaşamda oynayan istedadlı aktyorlardan ibarət nəsillərin müştərək işi olacaq.
- Rejissor kimi niyə özünüzü əvvəlcə uşaq tamaşası ilə sınadınız?
- Nağılları çox sevirəm. Hər insanın qəlbində bir uşaqlıq var. Yaradıcı insanın qəlbində uşaqlıq olmalıdır ki, hər şeyə inansın. Bu qədər yaşım olmasına baxmayaraq, nağılları çox sevirəm. Nağıllara müraciət etməyimin səbəbi də var. Üç tələbəm universiteti bitirib, hazırda teatrımızda fəaliyyət göstərir. Ayrı-ayrı tamaşalarda rollar oynayırlar. Qızım Fidan da onların arasındadır. İstədim onların imkanlarını daha çox göstərim. Çünki 12 ildir Mədəniyyət və İncəsənət Universitetində müəllimə kimi çalışıram. Bu həm müəllim kimi işimin davamı, həm də dövlətimizin gənclərin məşğulluğu ilə bağlı gənclər proqramı və siyasətinin yerinə yetirilməsidir. Gənc nəsil professional baxımdan inkişaf etməlidir. Mən də bir sənətkar kimi bu işə öz töhfəmi vermək istədim. Ona görə də 10 gəncdən ibarət heyət yığdım və 15 ildir birgə işlədiyimiz yeganə aktyorumuz Rəşad Bəxtiyarovla bu tamaşanı hazırladıq. Məncə, pis alınmayıb. İyunun 11-də nümayiş etdirildi. Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva baxmadığı üçün iyulun 2-də bir da təqdim etdik. Fərəh xanım tələbələri tamaşada rol aldığı üçün onun da baxmasını istədik. Tamaşaya baxanların hamısı çox bəyəndi.
- Qızınız da yolunuzu davam etdirir?
- Əvvəldən onun aktrisa olmasının əleyhinəyəm. Qızım rejissorluqda oxuyur. Rejissor kimi bir çox festivallara qatılıb. Hazırda qısametrajlı filmlər üzərində çalışır, kliplər çəkir. Onun fəaliyyəti genişdir. Bizim teatrın direktoru İsrafil müəllim məsləhət gördü ki, Fidan səhnəyə çıxsın, bu, ona rejissorluq fəaliyyətində kömək ola bilər. Ona görə də etiraz etmədim. Mənim tamaşamın ayağı düşərli oldu. Orada oynayan gənc aktyorlardan Adil Dəmirov, Murad İsmayılov və qızım Fidan Cəfərova teatrın orta nəsil aktyorları ilə birgə yeni tamaşada rol alıblar. Sentyabrın 29-da premyera olacaq. Çox şadam ki, gənc aktyor və aktrisaların üzə çıxmasında mənim də qatqım oldu.
- Qızınızın Akademik Milli Dram Teatrında işə götürülməsi gözlənilirmi?
- Xeyr. Onun ixtisası rejissordur. Bizim teatrda rejissor ştatı yoxdur. Eyni zamanda, o, kino rejissorluğunda oxuyurdu. İndi isə kino-televiziya rejissorluğu üzrə təhsil alır. Çox güman ki, televiziyalardan birində rejissor kimi işə başlayacaq. Qızımın işləri, müsahibələri məndən çox oxunur, çox baxılır.
- Son vaxtlar Akademik Milli Dram Teatrında bir çox hadisələr və qalmaqallar baş verir. Teatrın aparıcı aktrisası, xalq artisti kimi bu barədə nə deyə bilərsiniz?
- Bu barədə o qədər şişirdilmiş məlumatlar yayıldı ki... Bizi olmayan yerdən davaya çəkdilər. Mən bu barədə söz deməkdən bezmişəm. Aktyor odur ki, rol oynasın, qalmaqallarla məşğul olmasın. Mən istər universitetdə, istər teatrda həmişə başımı aşağı salıb rolumu oynamışam, işimi görmüşəm. Bir adam da deyə bilməz ki, mən nəyisə ala-yarımçıq etmişəm. Çalışmışam əlimdən gələni artıqlaması ilə edim. Bəzən gözləyirsən ki, yaxşı işinə insanlar sevinəcək, dostların baxıb deyəcək ki, nə yaxşı, demək, sən bunu da bacarırsan. Amma əksinə, əvəzində elə bir qalmaqal qopur ki... İşimin başlanğıcında - “Nağıllar aləmində” tamaşasının əmri veriləndən bir həftə sonra mənim haqqımda elə bir informasiya çıxdı ki, özüm çaşıb qaldım. Belə bir şey olmaya-olmaya o informasiyanı kimlərsə verdilər. O insan haqqında ki, işlə, öz sənəti ilə məşğuldur başını aşağı salıb işini görür. Ona görə yox ki, hamıdan öndə olduğunu sübut etmək istəyir. Şəxsən mən özüm bunu sübut etməyə çalışmıram. Mən aktyor həyatı yaşayıram. Nə etməliyəm? Rol oynamalıyam. Əgər mənim başqa bir fəaliyyətim olsa, gedib onunla məşğul olaram. Əgər püxtələşmişəmsə, istedadım buna çatırsa, tamaşa da qoya bilərəm. Hər halda, mənə etimad ediblər. Hər adam tamaşa qoya bilməz ki. Bunu müdiriyyət danışır nazirliklə razılaşdırılır. Durduğu yerdə adama tamaşa vermirlər. Əgər mənim tamaşam alınmayıbsa müdiriyyət, ya da bədii şura desin ki, yox, bu tamaşa alınmayıb, Akademik Milli Dram Teatrının səhnəsinə layiq deyil, onu çıxartsınlar. Amma bu tamaşa geyim estetikasından, səhnə tərtibatından tutmuş orada oynayan gənc tələbə-aktyorların ifasınadək çox parlaqdır. Heç kimə ögey-doğmalıq etməmişəm. Bir ifaçının üstünə yükü yığıb o birini arxa planda qoymamışam.
- Sirr deyil ki, hazırda Akademik Milli Dram Teatrında qruplaşma var. Sizin də İsrafil müəllimin qruplaşmasında olduğunuzu deyirlər.
- Mən haqqın tərəfindəyəm. İş gedirsə, qarayaxmalar olacaq. Misal üçün, mənə o qədər qara yaxdılar ki. Üç dəfə adım istedadsız aktrisa kimi hallanıb. Başqa bir yazıda elə şeylər yazdılar ki... Ən yaxşı oynadığım tamaşalar da qaralama missiyası daşıdı. Guya bunu sənətdən uzaq tamaşaçı edib. Əgər bu tamaşaçı məni sevmirsə niyə haqqımda qalın-qalın dosye yığır? Məni görəndə, biləndə ki, bu tamaşada mən oynayıram həmin tamaşaya gəlməsin. Ya da efirdə görəndə çevirib başqa yerə baxsın. Amma o dırnaqarası tamaşaçının verdiyi informasiyalar teatrın içindən idi. O tamaşaçı hardan bilir ki, mənim qızım teatrdadır? Tamaşaçı hardan bilir ki, mən hansı ildə, hansı tamaşanı oynamışam və ya nə vaxtsa mən kimin haqqında nə demişəm? Bu informasiyaları da İsrafil müəllimin əleyhinə olanlar edib. Teatrımızda hər dövrdə iş gedib. Bizim uğurlu tamaşalarımız da olub, uğursuz da. Qruplaşma da indinin işi deyil. Teatrda qruplaşma hər dövrdə olub. Biri var sənətdə yaşayan aktyorlar, biri də var uğursuz aktyorlar. Hansı ki, rol alırlar, amma rol oynamaq istəmirlər. Rol alıb rol oynamaq istəməyən aktyorlarımız da var. Aktyor rol oynamalıdır. Aktyor nəyinsə davasını etməməlidir.
- Demək istəyirsiniz ki, sizin haqqınızda dosyeləri həmkarlarınız, sənət dostlarınız yığır?
- Əlbəttə. Məni sənət dostlarımdan yaxşı kim tanıya bilər? Mənim nə dediyim, rolu necə oynamağım, səsimin oturması, səsimin batması, səsimin çıxmamasını teatrın içində olan adam bilir. Hər halda mənim hər gün səsim tutulmur. Guya mən aşırı dərəcədə naturadan çıxmışam. Mən gənc vaxtlarımda çox arıq idim. İndi o yaşımdır ki, aşırı dərəcədə arıqlamaq lazım deyil. Bunu yazmaq, özü də kişinin dilində yazmaq çox iyrəncdir.
- Keçən mövsümün sizin tamaşanızla bağlanması da birmənalı qarşılanmadı.
- 37 ildir bu teatrın aktrisasıyam. Lap tutaq ki, mövsüm mənim tamaşamla bağlandı. Yəni mən Bəsti Cəfərova buna layiq deyiləm? Amma mövsüm mənim tamaşamla bağlanmadı. Həqiqətdə mövsümün iyunun 30-da İlyas Əfəndiyevin “Mənim günahım” tamaşası ilə bağlanması ilə bağlı informasiya da getdi. Bizim də məzuniyyətə getməyimizə hələ vaxt vardı. Fərəh xanım da tamaşaya baxmamışdı. Qərara gəldik ki, iyulun 2-də tamaşa salınsın. Uşaqlarla bərabər valideynlər də baxdılar, məni ürəkdən təbrik etdilər. Mən iş görəndə ona görə etmirəm ki, kimsə gəlib bayılsın. Mən xalq artistiyəm, aktrisayam. Mən bunu yaxşı oynamalıyam, bu, mənim borcumdur. Kimin içi götürmürsə, tamaşama gəlməsin, mənimlə bir tamaşada oynamasın. Onsuz da mənimlə bir tamaşada oynamaqdan imtina edən o qədər aktyor və aktrisalar var ki... Mən heç kimə o teatrda düşmən kəsilməmişəm. Mən işimi görürəm. İsrafil İsrafilovun işində bir qəbahət görsəm, xoşuma gəlməyən bir iş olsa, gedərəm açaram otağının qapısını deyərəm ki, İsrafil müəllim, bu belədir, bu elədir. O da mənə izah edər ki, bu belədir, ya belə deyil. Mən uşaq deyiləm. İsrafil müəllimlə də aramızda 9-10 yaş fərq var. Aramızda çox böyük subordinasiya, çox böyük hörmət var. Amma ki, mən gedim ona qarşı nəsə edim, yox. Axı mən bu insandan pislik görməmişəm. Niyə ona qarşı olmalıyam? Vaxt var idi kimlərsə nədənsə narazı idilər, qol çəkdik, nə bilim nələrsə oldu... O əvvəl idi. Artıq 5 il keçib. Bütün tamaşaları da qara siyahıya salmaq olmaz. Çünki uğurlu tamaşalarımız da olub. Uğuru görmək istəmirlərsə buna mən nə edə bilərəm? Mən onlarla dava edim?
- Deyirsiniz ki, sizinlə eyni səhnəni paylaşmaq istəməyən sənət dostlarınız var. Olubmu ki, siz də kiminləsə səhnəni bölüşmək istəməmisiniz?
- Yox. Rejissorlar tamaşanı səhnələşdirəndə bilirlər ki, kimlər mənimlə oynamaq istəyər, kimlər yox. Mən heç vaxt deməmişəm ki, filankəslə oynamaq istəmirəm. Bəli, arzu olub, demişəm ki, istərdim filankəslə tərəf müqabili olum. Əgər rolda həmin aktyorun da funksiyası böyükdürsə, hə, demişəm. Teatrda tək oynamaq mümkün deyil. “Bəxtiyar” filmindəki kimi – “mən tək kontrabasda?” Biz tərəf müqabilindən asılıyıq. Yaxşı tərəf müqabili olanda yaxşı da oyun alınır. Hər zaman istəmişəm ki, mənimlə teatrın ən yaxşı aktyorları oynasın. Ona görə ki, mənim əmək, vaxt sərf etdiyim iş gözəl alınsın.
- Sonda sənət dostlarınıza sözünüz nədir?
- İstədim ki, yeni mövsümdə heç kim qruplaşma yaratmasın. Hamı yaxşı işlər göstərsin. Qəzet səhifələri, saytlardan ancaq xoş xəbərlərimiz gəlsin, gözəl tamaşalarımız haqqında informasiyalar getsin. Böyük aktyorlarımızın bir-biri ilə dava etməsi diqqət mərkəzində olmasın. Diqqət mərkəzində bizim sənətimiz olsun. Çünki biz aktyoruq və rol oynamalıyıq. Bizim səsimiz səhnədən gəlməlidir, biz sözümüzü rolumuzla səhnədən deməliyik, qəzetlərdən, saytlardan yox.