Arif Musa

yazarlar
14-06-2017, 16:44 2262
Arif Musa


Bu necə sevgidir?

Bilmirəm, bu sevgi necə yarandı,
Deyirəm gecikən bahardı bəlkə.
İlahi qüvvənin bəxş eylədiyi
Ömrümə açılan səhərdi bəlkə.

Bu dərdli ürəyi sənə vermərəm,
Sənin də həyatın qəm ola bilər.
Məni ovsunlayan qara gözlərin,
Qorxuram ömürlük nəm ola bilər.

Mən sənin yoluna çıxa bilmərəm,
Sanaram bu sənə xəyanətimdir.
Səni arzularda yaşatmaq üçün,
Mənsiz, xoş günün də səadətimdir.



Kimdi?

Dünyaya gəlməyim günahımdımı?!
Tale, qismətimi yazanım, kimdi?
Sevincə qəmlənib, kədərə gülən,
Doğrumu yalana yozanım, kimdi?

Tanımaq olmayır, üzlər dəyişib,
Baxışlar gileyli, gözlər dəyişib.
Vədələr pozulub, sözlər dəyişib,
Ayağım altını qazanım, kimdi?

Könül duyğulanır ruhda, canda,
Cəsarət bilinir, nəsildə, qanda.
Doğmalar bir yanda, dostlar bir yanda
Bəs mənim yanımda qalanım, kimdi?

Gedirəm xəyalda çox uzaqlara,
Əlvida deyirəm ötən çağlara.
Çıxıram zirvəyə, uca dağlara,
Bilmirəm yollarda azanım, kimdi?

Bahar ömrü

Gözünü Baharda açdın dünyaya,
Bəs niyə qismətin bahar olmadı?!
Baharla bir gündə doğulan gözəl,
Niyə gözlədiyin səhər olmadı?

Tələsmə, hər ilin öz baharı var,
Borandan keçsə də, çəndən keçsə də
Tale qismətidir ağrı-acılar,
Sənə yaxın gəlib, səndən keçsə də.

Mən səni vəsf edib, tərifləmirəm,
Əks olub, ay gözəl, gözündə bahar.
Mənim misralarım dil açıb deyir,
Qəlbin də bahardı, özün də bahar.

Bəzən kədərlənib bənövşə kimi,
Gözünü torpağa dikirsən, gözəl.
Bilmirəm qəlbində nə danışırsan?
Dərdini içində çəkirsən, gözəl.

Səni bu dünyaya gətirən bahar,
Qəlbini kədərlə dağlada bilməz.
İstəyi, ürəyi təmiz olanı
Həyat ömür boyu, ağlada bilməz.