Mayisə Əsədullaqızı şeirlər

yazarlar
30-05-2017, 14:24 7265
Mayisə Əsədullaqızı şeirlər

BƏLKƏ ELƏ...

Səmanın dibsiz dərinliyi,
Sənin ürəyinin dərinliyilə
Eynidir.
Bəzən orda itib-batanın,
Daha, bu dünyaya dönüşü yox.
Ürəyində ucalığa qalxanın,
Bir daha enişi yox...
Bəlkə sən elə,
Bir qılmansan, xəbərim yox?!
Sənsizlik, elə sənsizlikdi,
Sükutdu, səssizlikdi,
Yəni,çarəsizlikdi...




DÖZMƏYƏ SİRDAŞ GÖTÜR

Ağrı təkcə çəkilməz,
Gəl məni yoldaş götür.
Qəlbini ovutmağa,
Dözməyə sirdaş götür.

Bilirəm, çoxdur qəmin,
Tanrı verdi sitəmin,
Bitsə gözündə nəmin,
Gözlərimdən yaş götür.

Dərdini ovutmağa,
Ağrını unutmağa,
Qəlbinə bağlamağa,
Ürəyimdən daş götür.

Ağrı təkcə çəkilməz,
Gəl məni yoldaş götür.
Qəlbini ovutmağa,
Dözməyə sirdaş götür.

BU GECƏNİN HƏNİRTİSİ

Bu gecənin hənirtisi,
Məni yaman üşüdür.
Yadıma körpə vaxtı eşitdiyim,
Qorxunc nağıllar düşür.
Sanki, tənha oturduğum,
Bəzəksiz-düzəksiz otağımda.
Ocağımın odu sönüb,
Közüm qurtarıb,
Dilimdə, gizlətdiyim
Sözüm qorxudan buz tutub.
Yüyürürük, yıxılırıq, əzilirik,
Tutub qalxmağa bir
İmdad yox.
Yavanca çörəkdə,
Dad yox.
Sabaha balalarımızın
Körpəcə gözləriylə baxırıq.
Dünya necə bəxtəvər görünür,
Sabahlarımız sanki, öyünür.
Kaş ki, nahaq qanlar kəsilə
Yer üzündə.
İnsanlığın bəxti var ola,
Dünya bəxtəvər ola!
Kaş ki, Yer üzündə,
İnsanlara elə bir
Qanun qoyula,
Bütün vicdanlar ayıla!
... Bu gecənin hənirtisi,
Məni yaman üşüdür.
Yadıma körpə vaxtı eşitdiyim,
Qorxunc nağıllar düşür.

Mayisə Əsədullaqızı