Azərbaycan tibbində daha bir ilk

sehiyye
27-08-2015, 11:35 790
Azərbaycan tibbində daha bir ilk Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.
Azərbaycan Tibb Universitetindən AzVision.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Belə ki, övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. Hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir.
Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak ediblər. İstanbul Bilim Universitetinin professoru Barış Akın da ATU-da icra edilən ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək, həkimlərə dəstək olub.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub.
Qeyd edək ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunub və burada yüksək ixtisaslı mütəxəssislər çalışır.