QLOBAL DÜNYA İDEYASININ ÇİN MODELİ

yazarlar
21-02-2017, 15:09 1753
QLOBAL DÜNYA İDEYASININ ÇİN MODELİ



Çoxəsrlik inkişaf tarixinə malik olan Çin ölkənin həyat sferalarının bütün sahələrinin inkişafında, o cümlədən dövlətin güc baxımından rəqabətliliyinin artmasında mədəniyyətin yeri və roluna böyük önəm verir. Müasir Çinin hökümət liderləri, ideoloq və intellektualları dərk edirlər ki, hazırda dünya çoxqütblü dünyadüzəmin formalaşması, iqtisadi inkişafın dərinləşməsi, elm və texnikanın surətlə dəyişməsi, müxtəlif mədəniyyətlərin və ideologiyaların qarşılıqlı təsiri və zənginləşməsi fonunda yeni inkişaf mərhələsini yaşayır. Bu tarixi şəraitdə ölkənin mədəni təhlükəsizliyinin qorunması və ölkənin mədəni “yumşaq gücü”nün artırılması gündəmdə duran birinci dərəcəli məsələlərdi. Digər tərəfdən Çinin dünya mədəniyyətinə artan təsiri də nəzərə alınmalıdır.
Çində “yumşaq güc” strategiyasının amerikan versiyası
Çin kommunist partiyası rəhbərlərinin amerikan mənşəlli “yumşaq güc” konsepsiyasının dövlətin müxtəlif fəaliyyət proqramlarına strateji xətt kimi daxil etməsi Çin rəsmilərinin səmərəli qabaqcıl ideyaların mənimsənilməsinə açıq olduğunu görsədir.
2002-ci ildə Çin Kommunist partiyasının lideri Xu Tzintaonun gəlişilə milli mədəniyyət kontekstində “yumşaq güc” strategiyasının reallaşdırılması sahəsində fəaliyyət aktivləşdi. İlkin mərhələdə çin islahatlarının uğursuzluğunu vəd edən və “çin təhlükəsi” ideyalarını yayan xarici konsepsiyaların inkarına yönəlmiş fəaliyyət nəzərə çarpdı.
2011-ci ilin oktyabr ayında qəbul olunan “Qüdrətli mədəni dövlət” kompleks strategiyada Çin Xalq Respublikasının mədəniyyətinin inkişafı sahəsində tədbirləri beynəlxalq arenada ölkənin imicinin formalaşdırılmasına yönəldilməsini qərara aldı. Xu Tzintao çıxışlarında qeyd edir ki, Çin mədəniyyətinin ümumi gücü və beynəlxalq təsiri ölkənin beynəlxalq statusuna uyğun gəlmir. Onun “Qərb güclüdür, biz isə zəif” tezisi beynəlxalq səviyyədə mədəniyyət və ictimai fikir sferasında köklü dəyişikliklərə məruz qalmayıb. Xu Tzintaonun qənaətinə görə, Çinin vesternləşməsi, Qərbin Çinin mədəniyyət və ideologiya sferalarına müdahilə etməsinə yönəlmiş uzunmüddətli planlarının reallaşdırılmasına mane olmaq gündəmdə olan məsələlərdən biridir. Dünya standartlarına cavab verən KİV-in yaradılması, xarici təbliğat mexanizmlərinin innovasiya metodları vasitələri ilə təkmilləşdirilməsi, beynəlxalq arenada “səs hüququ”nu qorumaq prinsipləri sırasındadır.
Maraqlıdır ki, “yumşaq güc” nəzəriyyəsinin müəllifi Cozef Nay Çində görünməyən populyarlıq qazanmış amerika politoloqudur. Lakin C.Nayın “yumşaq güc” nəzəriyyəsi Çində nə qədər geniş tətbiq olunursa, bir o qədər də nəzəriyyənin müəllifi bu ölkənin “yumşaq güc” strategiyasına şübhə ilə yanaşaraq aşağı qiymət verirdi. 2000-ci illərdə politoloq alarmist nöqteyi-nəzərdən çıxış edərək ABŞ-ın hökümət dairələrinə Çinin dünyada gündən-günə artan roluna vaxtında diqqət verməyə dəvət etdi. O, bildirirdi ki, Çinin “nailiyyətlərini görməmək ağılsızlıq olardı”, buna görə də “ABŞ Asiyada “yumşaq güc”ün balansına diqqəti xüsusilə artırlmalıdır”. Çin öz növbəsində başa düşür ki, müasir durumda “yumşaq güc” strategiyasının amerikan versiyasının tətbiqi ölkənin milli mədəniyyət kontekstindən zənginləşməsinə və mədəni məhsulun industriyasının artırılmasına xidmət etməlidir. Ölkənin intellektualları dərk edir ki, çin dəyərləri və həyat tərzi çinlilərin özünə maraqlı olmayınca dünya ictimaiyyətinin diqqətini cəlb edərək müsbət təsir göstərə bilməz. Bu gün Çinin mədəniyyət siyasətinin prioritet istiqamətləri ölkədə aparılan islahatları yeni obrazda təqdim etmək, xalqın yüksək mənəvi aləmini, milli mədəni spesifikanı, dəyər görüşlərinin dünya ictimaiyyəti tərəfindən dərk olunan və anlaşıqlı, qərb təfəkkürünə adaptasiya edilərək təqdim olunmasıdır.
Çin Qərblə daim dialoqda olaraq ümumi maraqlar xəttinin müəyyən edilməsinin zəruriliyini, siyasi və sosial elita ilə mübadilə, ictimai və xalq diplomatiyası yolu ilə müsbət dünya ictimai rəyinin qazanılmasını, beynəlxalq nüfuzun möhkəmləndirilməsini vurğulayır.
Çinin mədəni dəyərləri və onların dünya inkişafına təsiri
Tarixən Qərb sivilizasiyasının məqsədi qərb anlamında olan ümumbəşəri dəyərlərin dünya miqyasında qələbəsi ideyasının reallaşdırılması olmuşdur. Çin sivilizasiyasının isə məqsədi «Datun» - «Böyük birləşmə» ideyasının reallaşdırılması idi. 14 yanvar 2013-cü ildə Çinin qabaqcıl «Jenmin jibao» qəzetində dərc olunan «Çin modeli «ümumbəşəri dəyərlərin» hegemonluğuna zərbə vurur» (1) adlı məqalədə müasir dönəmdə çin mədəni dəyərlərinə dünyanın kəskin ehtiyacı olduğu iddiası irəli sürülür. Çin mədəni dəyərlərinin dünya miqyaslı inkişafda əhəmiyyətini müəyyən edən məqalə müəlliflərinə görə, məhz Çin mədəni dəyərlərində ümumbəşəri dəyərlər öz tam ifadəsini tapmışdır. Onların qənaətinə görə, «ümumbəşəri dəyərlər», «sivillik» dedikdə ictimai fikirdə məhz «qərb dəyərləri» canlanır. Sözügedən qəzet məqaləsinin rus dilinə tərcüməsi ilə tanış olduqda, Çinin mövqeyi açıq-aydın müəyyən olunur. Belə ki, burada Qərb mədəniyyət sahəsində əldə etdiyi monopoliyada günahlandırılır. Çin ictimaiyyəti Qərb dedikdə Roma sivilizasiyasına barbarların hücumunu göz önünə almasını dəvət edir. «Müasir» və ya «ümumi dəyərə malik» olan ifadələrin avropalılar üçün artıq sinonimə çevrilməsini vurğulayır. Həqiqətən də, sivilliyin nüfuz mərkəzi Avropadan Amerikaya keçdikdə qərb dəyərləri dünyada mütləq dəyərlər sisteminə çevrildi. «Avropa» və ya «amerikan» sözləri bir-birlərini əvəz edən sözlərə çevrilərək, amerikanlıların təqdim etdiyi liberal-kapitalist inkişaf modelini inkarolunmaz hadisəyə çevirdi.
Yaxın keçmişdə universal qərb dəyərlərinə böyük zərbə vuran yeni iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin, o cümlədən Çinin ön plana çıxması müxtəlif «sarı təhlükə nəzəriyyələri»nin təşəkkülünə səbəb oldu. Çin analitikləri «sarı təhlükə nəzəriyyəsi»ni təhlil edərək qərb nəzəri fikrində onun üç aspektini təyin edirlər.
«Sarı təhlükə nəzəriyyəsi»nin birinci yanaşmasına görə, Çinin inkişaf modelində insan hüquqları və demokratiya kimi qərb dəyərlərinə yer verilməməsi bu modelin uzunömürlü olmasına mane törədir. Məhz sivil ölkələrlə təmaslar nəticəsində Çinə ümumbəşəri dəyərlərinin rüşeymləri ixrac olunacaq ki, tədricən onlar nizamlı sistem xarakteri alacaqdır. Həmin nəzəriyyənin ikinci aspektinə görə, Çinin özünəməxsus mədəni dəyərlər sistemi ümumbəşəri xarakter ala bilməz. Çin universal dəyərləri inkar edir, deməli Çin – ümumbəşəri əxlaqın düşmənidir. Üçüncü yanaşmaya görə, Çinin Qərbdən geri qalmayan və özünəməxsusluğu ilə fərqlənən ümumbəşəri dəyərlərə öz münasibəti vardır. Bu özünü «çin inkişaf modeli»ndə təzahürünü tapır. Çin inkişaf modeli Avropa ideyalarına bir təhlükədir. Çin inkişaf modeli ideyası, o cümlədən Çinin ümümbəşəri dəyərlərə dair təsəvvürləri böyük sürətlə dünyaya təbliğ olunur ki, bu da qərb aləmini həyacan təbili çalmağa məcbur edir.
Çin intellektualları inkar etmirlər ki, qədim çin mütəfəkkirləri «Səmavi dünya» haqqında ideyalarını irəli sürərkən yalnız Şərqi Asiya məkanına aid dəyərlər sistemini nəzərdə tuturdular. Çinin mövqeyinə görə, Qərbin «ümumbəşəri dəyərləri» əslində qərb mədəniyyəti prizmasından universal dəyərlərə olan münasibətin ifadəsidir. Qərb sivilizasiyasının kulturoloji təfəkkürünün məhsulu olan «ümumbəşəri dəyərlər» üstünlük təşkil edərək Çinin əxlaqi-etik inkişafını ləngidir.
Müasir Çinin düşünən insanları «sarı təhlükə»nin aradan qaldırılmasının yeganə yolunu «reqloballaşma»da görür. Belə ki, müasir qloballaşma əslində Qərb mədəni dəyərlərin, düşüncə və həyat tərzinin geniş yayılması prosesini nəzərədə tutursa, bu gün Çin digər fərqli məzmunda qloballaşmaya ehtiyac bildiyini aşkar elan edir. Qloballaşmanın çin modeli müxtəlif sivilizasiyaların zənginliyini və müxtəlifliyini tam əks etdirməyə hazır olaraq dünyada mövcud mədəniyyətlərə, yanaşma və inkişaf modellərinə hörmət münasibətinin ifadəsini ehtimal edir.
«Çin modeli «ümumbəşəri dəyərlərin» hegemonluğuna zərbə vurur» adlı məqalənin müəllifləri çin inkişaf modelinə müasir dünyanın həqiqətən ehtiyacı olduğunu görünməyən cəsarətlə vurğulayırlar. «Bu isə bizim üçün tükənməyən qüvvə və inam mənbəsidir, bizim seçdiyimiz nəzərəyyə və quruluş düzgündür, və biz düzgün təyin edilmiş yolla irəliləyirik» (1, 38).
Yeni sivilizasiyanın və qlobal təfəkkürün təşəkkülü
Müasir Çinin sülhməramlı inkişaf siyasətinin əsasını dövlətin gücləndirilməsi, millətin dirçəldilməsi, sivilizasiyaının yeni inkişaf mərhələsinə qədəm qoyması ideya üçlüyü təşkil edir. Yeni sivilizasiyanın təşəkkülü ideyasının özülündə bütün dünya ictimaiyyətinə uyğun ola biləcək çin dəyərləri əsasında yaranan və inkişaf edən yeni sivilizasiya modeli durur. Çinin yeni sivilizasiya ideyasına görə, «dünyanın xeyrinə xidmət edəcək elə bir quruluş yaratmaqdır ki, əsasında Çindən başlanğıc götürən maddi və mənəvi mədəniyyət bütün ölkələrə xidmət edəcək, bütün dövlət və xalqların birgə zəhmətinin məhsulu olacaqdır».(2)
Bu gün təfəkkür səviyyəsində yeni sivilizasiyaya doğru hərəkət «özünü dəyişdirərək, dünyanı dəyişdirmiş olursan» Çin ideyasına əsaslanaraq «lokal təfəkkürdən qlobal təfəkkürə» keçid ilə müşahidə olunur.
Ölkənin bütün rəsmi sənədlərində Müasir Çinin inkişaf modelinin ümumbəşəri dəyərlər sisteminə arxalandığı vurğulanır. Bu modelin əsasında ənənəvi Çin, müasir Çin və ümumdünya Çin triadası durur. Çin inkişaf modelində ümumbəşəri dəyər kimi planetar xarakter daşıyan «Səma altında sülh» ideyası elan olunur.
Çinin inkişaf modelinə dair mövcud ədəbiyyatın ümumi təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, çin millətinin dirçəlişi sadəcə mədəni köklərə qayıdış ilə kifayətlənmir. Digər tərəfdən də Çin Qərb və Şərq sivilizasiya ənənələrini sadəcə «calaq etmək»lə də kifayətlənmir. O, milli özündə ən yaxşı dəyərlərə qayıdış, mövcud olan qabaqcıl dünya dəyərlərinin mənimsənilməsini və ən nəhayət yeni dəyərlərin yaradılmasını ehtiva edir. Bu addımlar vasitəsilə Çin bütün dünyaya açıq olduğunu bəyan edərək Qərbin müəllifi olduğu «ümumbəşəri dəyərlər» mifinə son qoymaq iddiasındadır. Bü gun bütün dünya ictimaiyyətinə yaxın olan həqiqi dəyərlər sisteminin tətbiqini düşünən Çin yeni ümumbəşəri sivilizasiya yaratmağa cəhd edir. Müasir Çin özünü Qərbdən sonrakı yeni epoxanın bayraqdarı elan edərək bəşəriyyətin davamlı inkişafı üçün bütün imkanları səfərbər edərək və «hər bir kəsə yardımçı və müəllim» olmağa iddialıdır.
Bu gün Çin mədəniyyəti dünya ictimaiyyətinə «harmonik dünya» ideyasını təqdim edir. Həmin ideyanın təhlilinə keçməmişdən əvvəl çin dilində «harmoniya» sözünün məna yükünə nəzər salmaq gərəkdir. Çin dilindən ingilis, rus, o cümlədən azərbaycan dilində tərcümədə «harmoniya» sözü məna çalarlarını dəyişir. Çin dilində «harmoniya» - 和谐 (hé xié) – «əsaslandırılmış», «həqiqət və obyektiv qanunlar əsasında fəaliyyət göstərən» mənasını daşıyır.(3) Maraqlıdır ki, çin dilində harmoniya anlayışı münaqişəsiz və ziddiyyətsiz mütləq sülh şəraitini və ya fəaliyyətsiz neytrallığını nəzərdə tutmur.
Çində və Qərbdə «harmonik cəmiyyət» ideyası müxtəlif cür interpretasiya olunur. İlk növbədə qeyd edək ki, Çin tarixində konfutsiçiliyin «harmonik dünya» ideyası Yaz-Payız (e.ə. 770-476-ci illərdə) və Döyüşən Çarlıqlar dövründə ( e.ə. 475-221-ci illər) kainat «harmoniyada olduğu üçün mövcuddur» tezisinə əsaslanaraq fəlsəfi fikirdə möhkəm mövqe tutmuşdu. Konfutsiya görə, ahəngdar birgəyaşayış özündə müxtəlifliyi də ehtiva etməlidir. Ətraf aləmdə hər bir şeyin bənzər, eyni olsması harmoniya demək deyildir. Monotonluq olan yerdə yeniliyin başlanğıcı yoxdur.Konfusiçiliyə görə, müxtəliflik və ziddiyyətlərin mübarizəsi daim mövcuddur. Lakin bu mübarizə harmoniyaya hələl yetirməməlidir. Bu gün «harmonik dünya» haqqında konsepsiya durmadan dəyişən müasir dünyanın inkişafını nəzərdə tutur. Çin mütəffəkirləri tarixən «harmonik cəmiyyət» ideyasını dünya səviyyəsində təbliğ edərkən Çin mədəniyyətini digər xalqların mədəniyyəti və dinlərinin yüksək zirvəsi kimi təqdim edirdilər.
Müasir dünyada kulturoloji ideya və konsepsiyalar mübadiləsini təmin edən mühüm vasitələrdən biri də kütləvi informasiya vasitələridir. Pekin Xarici Dillər Universitetinin Şərq-Qərb Münasibətləri Mərkəzinin direktoru Tyan Çenşan milli maraqların təmin edilməsində effektiv ideya mübadiləsini aparmaq üçün çin və qərb mədəniyyətlərinin müqayisəli təhlilini aparmaq, o cümlədən qərb dialektikasını öyrənməyə dəvət edir. O, hesab edir ki, Çin reallığı qərb terminologiyası çərçivəsində təqdim olunduğundan dünya ictimaiyyəti çin mədəniyyətini və çin dünyabaxışını düzgün prizmada dərk etmir. Tyan Çenşan çin kulturoloji baxışlarından danışarkən «byantun» terminindən istifadə etməyə təklif edir. Çin kulturoloji fikrinin mərkəzində duran «byantun» anlayışı ətraf aləmdə hər şeyin qarşılıqlı əlaqədə və vahid, lakin eyni zamanda daimi hərəkətdə və dəyişkən olduğunu bildirir.(4)
Konfusiçiliyin digər bir sosial-siyasi konsepsiyası – «Datun» - «Böyük bərabərlik», «Böyük birləşmə» nəzəri sistemidir. Cəmiyyətdə dövlət tərəfindən qəbul olunan qərarlarına yekdilliklə razılığı bildirən “datun” binomunun əsas komponenti «tun» (birləşmə, vahidlik, uyğunluq, oxşarlıq) anlayışıdır. Konfutsiya görə, datun cəmiyyətin ideal durumudur. Çin səmasının ideal durumu da harmonik iyerarxiya münasibətlərində öz əksini tapır. “Datuna” nail olmaq üçün “datun dövrü”nə keçidin prinsipləri, məyar və tələbləri müəyyən olunmalıdırlar. Cəmiyyət bunu dərk etməli və keçid dövrünün proseslərinə yönəlmiş qüvvəni təyin etməlidir.
XX əsrdə qərb sivilizasiyasının mədəni dəyərlərini yaxından öyrənməyə müvəffəq olmuş ilk çin mütəfəkkirlərdən biri Kan Yuvey (1858-1927) «Datun»u bəşəriyyətin birgəyaşayışının ən yüksək forması kimi təqdim edir. Qərb nəzəriyyəçilərinin sosial-utopiya adlandırdığı «Böyük birləşmə» ideyasının banisi Kan Yuvey, «bəşəriyyətin azadlığı və ali xoşbəxlik zirvəsi» dövlət, irqi, sinfi, təbəqə, ailə, cinsi və digər maneələrin aradan qaldırılmasında görürdü. Datun erasında bütün dünya birləşərək hökmdarların deyil xalqın hakimiyyətində olacaqdır. «Böyük birləşmə» vahid dünya hökümətinin təsis olunmasını, vahid beynəlxalq dilin tətbiqini, şəxsi mülkiyyətin ləğv olunmasını və ailə münasibətlərin müvəqqəti nigahla əvəz olunmasını ehtiva edir.
Yeni nəsl Çin liderlərinin mədəniyyətə baxışlarının təhlili
Mao Dzedundan sonra ənənəvi Çin mədəniyyətinin bilicisi Si Tsinpin sahib olduğu geniş dünyagörüşünün əsasında dünyaya açıq olaraq innovasiyaların cəsarətlə tətbiqi ideyası durur. Onun fikrincə, yalnız digər xalqlara açıq və tolerant münasibətlər fonunda dünyada Çin mədəniyyətinin yayılması mümkün ola bilər. Si Tsinpin hesab edir ki, ümumi bütün millətlərə və xalqlara anlaşıqlı olan ünsiyyət dili mədəni mübadilənin əsasını təşkil edir. Burada çin liderinin öz çıxışlarında klassiklərin əsərlərindən gətirdiyi sitatlar və dünya ictimaiyyətinin rəğbətini qazanmış futbol tematikası misal çəkilə bilər.
“Çin xalqı bütün səylərini səfərbər etməlidir” qənaətinə gələn Si Tsinpin «Böyük dirçəliş» nəzəriyyəsini inkişaf etdirir. Liderin fikrincə «çin hülyası»nın innovativ xarakteri konfusian modelindən fərqlənərək insanların xidmətinə yönəlməli və vesternləşmənin əleyhinə çıxış edərək hamının maraqlarına xidmət etməlidir. Si Tsinpinin mədəniyyətə dair fikirlərini təhlil obyektinə çevirən çin intellektuallara görə onun kulturoloji baxışlarının universal əhəmiyyət daşıyır.
Nəticə. Çin Xalq Respublikasında dövlət səviyyəsində həyata keçirilən mədəniyyət siyasəti kompleks və sistemli xarakter daşıyır. Bu gün Çinin rəsmi dairələri mədəniyyəti daha geniş sivilizasion anlamda istifadə edərək konseptual baxımdan mədəniyyət siyasətinin yeni strateqiyasını işləyib hazırlayır. Müasir Çinin iqtisadi qüvvəsi artsa da cəmiyyət daxilində ciddi sosial və siyasi problemlər üzə çıxıb. Belə ki, bu gün çin gəncliyi qərb və xüsusilə amerikan filmlərinin güclü təsiri altındadı. Çinin nəyinki inqilabdan sonrakı ənənələri həmçinində ənənəvi konfusian dəyərlərdə unudulmaqdadır. Internet, xüsusilə sosial şəbəkələrdə və saytlarda yayılan neqativ informasiya əhalinin, xüsusilə də gənclərin düşüncə tərzinə mənfi təsir göstərir. Çində bazar iqdisadiyyatının sürətli inkişafı cəmiyyətdə sosial qeyri-bərabərliyi gücləndirir. Partiya daxilində baş verən parçalanma əhalidə sosialist ideallarına inamsızlığı artırır. Belə bir şəraitdə, analitikləri maraqlandıran – “Çin Kommunist Partiyası hansı dəyərləri ölkə daxili və xaricdə təbliğ etməyə hazırlaşır?” əsas suallardan biridir.
Analitiklərin gəldikləri ümumi rəyə görə, Çinin özünəməxsus sosializm ideologiyası və modernləşdirilmiş konfusiçiliyi qlobal ideologiya qismində çıxış edə bilməz. Çinin “yumşaq güc” strategiyasının potensialı əsasən xarici ölkələrlə iqdisadi münasibətlərdə və diplomatiyada istifadə olunurdu. Bu gün əsas məqsəd çin xalqını, xüsusilə də gənc nəsli qərb ideologiyasının və qərb dəyərlərinin mənfi təsirindən qorumaqdan ibarətdir. Bununla yanaşı ənənəvi konfusian dəyərlərini populyarlaşdıraraq ölkənin birləşməsinə və çin millətinin dirçəlişinə nail olmaq gündəmdə olan prioritet məsələdir. Lakin proqnozlara görə bu iri miqyaslı məqsəd “arximürəkkəb” hesab olunur. Konfusian dəyərlər müasir günə adaptə olunsa da yalnız ölkədaxilində müəyyən problemlərin həllində yardımçı ola bilər. Konfusian dəyərlərə maraq dəb xarakteri daşıyır. Çünki istər Çin istərsə də Cənub-Şərqi Asiya regionundan kənarda konfusian ideologiyası özünü doğrultmağa acizdir.

Yeganə Əliyeva
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti