Apteklərdən dərmanlar yoxa çıxıb

sehiyye
27-08-2015, 10:04 618
Apteklərdən dərmanlar yoxa çıxıb Sadalanan səbəbdən apteklərdə tapılmayan dərmanlar daha bir məsələni açıq saxlayır.
Ölkə başçısının iradından sonra dərman bazarındakı xaotik vəziyyətin qaydaya salınması, daha 800-dən çox dərmanın qiymətinin ucuzlaşması barədə qərar açıqlandı.
Bu dəfəki siyahıda adları olan pereparatların təxminən dörddə biri 3 dəfə ucuzlaşıb. Bu, Tarif Şurasının ikinci qərarıdır. Yaxın 20 gündə qüvvəyə minəcək qiymət siyasətiylə bağlı artıq indidən apteklərdə vəziyyət dəyişib. Apteklərdə dərman qıtlığı müşahidə edilir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurası tərəfindən bundan əvvəl qiyməti endirilən 250-dən çox dərman vasitəsinin siyahısına daha 801 preparatın adı əlavə edilib.
Böyük sosial əhəmiyyət kəsb edən bu proses sentyabrın 15-nə qədər dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox dərman vasitəsinin hər birinə şamil ediləcək.
“Hazırda təsdiqlənən qiymətlər ümumilikdə qeydiyyat alınan dərman vasitələrinin təqribən 15 faizini təşkil edir. Bundan sonra da həmin tərkibdə dövlət qeydiyyatına alınan dərman vasitələri yalnız onlar üçün qiymətlər təsdiq edildikdən sonra satıla bilər”.
Artıq dərmanların siyahısının yer aldığı cədvəl bütün apteklərə göndərilib. Apteklərdə isə məsələ ilə bağlı bir qədər anlaşılmazlıq var.
Çünki qiyməti tənzimlənən preparatları rəflərdə tapmaq olmur. Artıq bir müddətdir ki, əlində resept olan xəstə nə aşağı, nə də yuxarı qiymətə adı siyahıda yer alan dərmanı ala bilmir. Bəs bunun səbəbi nədir?
“Cədvəldə yer alan bütün dərmanlar geri qaytarılıb, satışda yoxdur. Əvvəl siyahıda olan dərmanların sayı 200, 600 və daha sonra 800 olduğuna görə ola bisin ki, bunun sayı artsın. Bu səbəbdən Tarif Şurası bütün dərman siyahılarını təsdiqləyənədək biz bütün adları sadalanan dərmanları geri qaytarmışıq. Siyahı tam deyiləndən sonra sentyabrın 15-dən sonra yeni qiymətlərlə həmin dərmanı alıb yenidən ucuz satışa başlayacağıq”, – deyə əczaçı Xəyalə Behbudova bildirib.
Sadalanan səbəbdən apteklərdə tapılmayan dərmanlar daha bir məsələni açıq saxlayır. Sentyabrın 15-nə qədər bu və ya digər preparata ehtiyacı olan xəstə neyləməlidir?
Suala cavab olaraq Səhiyyə Nazirliyindən bildirdilər ki, Azərbaycanda dərman qıtlığından söhbət gedə bilməz. Sadəcə qiyməti tənzimlənən dərman vasitələrinin yeni qiymətlərinin qablaşdırmanın üzərində çap edilməsi üçün onlar geri yığılıb.
Bu müddət ərzində həkim məsləhətilə həmin preparatların əvəzləyicisi istifadə edilə bilər.