Türklərdə ailə və qohumluq sistemi

yazarlar
23-11-2016, 10:40 4448
Türklərdə ailə və qohumluq sistemiTürklərdə ailə və qohumluq sistemi


Ailə bütün cəmiyyətlər üçün ən universal institut hesab olunur. Nəsilartırmadan başqa o bir sıra funksiyaları yerinə yetirir ki, onlar arasında iqtisadi, birgə istehsal və istehlak, sosiallaşmanın funksiyaları, uşaqların müdafiəsi, tərbiyəsi və təhsili, sevgi, birgə vaxt keçirmə və s. var. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, ailəyə aşağıdakı tərifi verə bilərik: “Ailə - cəmiyyətin ilkin sosiallaşma prosesində yaranan, bəşəriyyətin davamını (nəsil artımını) təmin edən sosial birlikdir. Bu birliyin üzvlərinin qarşılıqlı münasibətləri xüsusi qaydalara söykənən bioloji, psixoloji, iqtisadi, sosial, hüquqi aspektlərə tabe olur və cəmiyyətdə toplanmış maddi və əxlaqi zənginlikləri nəsildən-nəslə ötürür” .
Türk xalqları Adriatik dənizi sahillərindən Çin səddinə qədər böyük bir ərazidə məskunlaşıblar. Nəsil və ailə qədim türkərin həyatında önəmli rol oynayırdı. Ənənəvi ailədə sıx qohumluq əlaqələri mövcuddur və əsas rolu ailəsinə cavabdehlik daşıyan kişi oynayır. Bu cür ailələrdə ana, ata, uşaqlar, nənələr, babalar, əmilər, dayılar, xalalar və bibilər hamısı birgə yaşayır və birgə təsərrüfatı bölüşürlər.
Türklərdə qohumluq əlaqələrinin dörd səviyyəsi mövcud idi: nəsil (boy), böyük ailə (soy), törkün (kiçik ata ailəsi) və yeni evlənmişlərin ailəsi (bərk). Hər bir türk tayfası bir neçə nəsil və qəbilələrdən ibarət boylara bölünürdü. Bu cür qüdrətli tayfalardan biri də azərbaycanlıların aid olduğu oğuzlar idi. Hər bir oğuz nəslinin özünün təmgəsi (damğa, işarə), onqon (totem, gerb) və bayrağı var idi və hər bir boy öz təmgəsilə onlara məxsus olan heyvanları, malı, silahları və s. damğalayırdı (işarələyirdi). Hər bir nəslin adı soyadın ekvivalenti kimi çıxış edirdi. Amma avropalılardan fərqli olaraq nəslin adı insanın adından əvvəl işlənirdi. Məsələn, türk xalqlarının ortaq eposu olan “Dədə Qorqud” dastanındakı qəhrəmanın adı Salur Qazan deyə çağrılırdı, Qazan Salur deyə yox. Bu da onun Salur nəslinə aid olduğunu ifadə edirdi. Yəni, Salur nəslindən olan Qazan. Türklər bu ənənə ilə nəslin nə qədər önəmli olduğunu göstərirdilər.
Qohumluq əlaqələrinə söykənən digər səviyyə böyük ailə (soy) adlanır ki, bura müasir ailələrdən fərqli olaraq təkcə ana, ata, uşaqlar, nənə və babalar deyil, eyni zamanda əmilər, dayılar, xalalar, bibilər və onların övladları da daxildir. Bu yolla soy özündə ata və ana tərəfdən bir-birinə ən yaxın qohumları birəşdirirdi. Anaya aid tərəf ana soyu, ataya aid isə ata soyu adlanırdı. Qədim türklərdə həm ana, həm də atanın ailələri bərabər statusa malik olduqları üçün, onların mənşəyi yalnız ataya görə təyin olunmurdu. İnsan yalnız o zaman türk hesab olunurdu ki, onun hər iki valideyni mənşəcə türk olsun. Qədim zamanlarda türk qızlar mənşəyi türk olmayan oğlanlarla ailə qurmamağa üstünlük verirdilər. Bu eyni zamanda hakimiyyətdə olan sülalələrə də aid edilirdi. Ata xətti ilə taxtın varisləri tekin, ana xətti ilə olan varislər isə inal (inanc) adlanırdılar. Taxta oturmaq üçün varis hər iki titulun daşıyıcısı olmalıydı, yəni həm ata, həm də ana mənşə etibarilə türk olmalı idilər. Ən çox bu qaydaya İranı idarə edən Qacar türk sülaləsi əməl edirdi. Osmanlı İmperiyasında isə sultanın yox, soyun böyük oğlu (şəhzadə) sultan təyin edilirdi. Yəni taxtın növbəti varisi təkcə sultanın oğlu deyil, eyni zamanda bacısı və ya qardaşı oğlu da ola bilərdi. Ortaçağın sonlarında soyad olaraq nəslin adı yox, ailənin adı istifadə edilirdi. Məsələn, Qazanoğulları, Çobanoğulları və s.
Digər səviyyə törkün (ata ailəsi) adlanırdı ki, ata, ana və övladların daxil olduğu bu “kiçik ailə” ayrı yurdda (ev) yaşayırdılar. Törkün demək olar ki, müasir şəhər ailələrini xatırladır. Türklər törkün sözüylə “ata ocaq”larını adlandırırdılar. Qədim inanclara görə ata yurdunda heç vaxt “ocaq” sönməməlidi, yəni əgər böyük və ortacıl oğul ailə qurub öz evinə köçərsə kiçik oğul ailə qurandan sonra da ata ocağında qalmalı və onu mühafizə etməlidir. Müəyyən vaxtlarda isə oğullar ata ocağına yığışıb öz valideynlərini, böyüklərini yad etməliydilər. Digər xalqlarda olduğu kimi, türk ailələrində də atanın vəfatından sonra ailənin bütün ağırlığı oğulun üzərinə düşür. Əgər ailədə subay qız var idisə, qardaş onu ailə qurana qədər mühafizə etməli, onu nəslin, ailənin adına layiq bir insanla ailə qurmağına vəsilə olmalıdı idi.
Ümumiyyətlə, türk ailəsi hələ tarixdən əvvəlki, türk dilinin yenicə formalaşdığı dövrdə patriarxal ənənələrə söykənirdi. Buna sübut kimi qohumluq əlaqələrini əks etdirən bir çox sözlərin köklərindəki məna göstərilə bilər. Hətta ailə anlayışını “ərkəgün” və “tərgün” kimi sözlərlə ifadə edirdilər. Əgər yer üzündə ailədə ana xəttinə (matriarxat) əsaslanmayan izləri olan millət varsa, o şübhəsiz ki, türklərdir. Türk dilində hər bir qohumluq əlaqəsini əks etdirən kəlmələr mövcud olduğu üçün, deyə bilərik ki, türklər ailəyə, ailə köklərinə bağlı millətdirlər. Qədim türk dilində çoxarvadlılığı iafə edən heç bir kəlməyə rast gəlinmədiyindən, alimlər iddia edirlər ki, türklər islama qədərki dövrə qədər monoqam ailəyə üstünlük vermişlər. Arxaik türk dilində “əxlaqsız”, “nikahdankənar” kimi mənaları ifadə edən sözlərə belə rast gəlinməmişdir. Bu mənaları ifadə edən sözlər türk dilində fars dilindən alınma sözlərlə ifadə olunmuşdur. Bütün bu məqamlar türk ailəsinin möhkəm, türk qadının isə sədaqətli və əxlaqlı olduğunu sübüt etmiş olur.


İlahə Sadıqova