Həsən bəy Zərdabinin Bakı Dumasında millilik prinsipiallığı

yazarlar
21-07-2016, 12:56 2516
H. B. Zərdabi publisistikanın müəyyən qismini Bakı Dumasında və komissiyalarında söylədiyi prinsipial və obyektiv nitqləri tutur. Həsən bəy on il Duma üzvü kimi yorulmadan çalışmış, məktəb, səhiyyə, təftiş, maliyyə, tikinti, bağçılıq və su təchizatı komissiyalarında ardıcıl və kəsərli çıxışları ilə şəhər idarəsini, Dumanın fəaliyyətini təhlil-tənqid etmişdir. Dumada xalqın xeyrinə çalışan üzvlərdən başqa H. Zərdabi olmaqla, A. Q. Ayazovu, N. Vəzirovu, Ə. Topçubaşovu, Nikitini, M. P. Vəkilovu, Hacıyevi və A. Ağayevi misal göstərmək olar.
Eyni zamanda M. A. Belevski, A. İ. Novikov kimi Duma sədrləri ilə yanaşı Antonov, Saparov, Unanov, Ambarsumov kimiləri də əhalinin əleyhinə, zərərinə ciddi-cəhdlə danışan “vəkillər”də az deyildi...
Həsən bəy Zərdabinin Bakı Dumasında millilik prinsipiallığı
Qeyd edək ki, Duma iclaslarının protokolları “Kaspi” qəzetində vaxtaşırı dərc olunurdu. 1898-ci il 18 fevral tarixli iclasda bir sıra məsələlərlə yanaşı, məktəblə bağlı təkliflər də irəli sürülür. Məktəb tələbələrinə 5, 310 manat həcmində təqaüd verilməsinə etiraz edən H. Zərdabi bildirir ki, gimnaziyada 600 nəfər erməni və 50 nəfər azərbaycanlı təhsil alır. H. Mahmudbəyov isə erməni Vaçyansın təklifinə tərəfdar çıxaraq deyir ki, təqaüdlər millətə görə bölünsün. Həsən bəy qəti şəkildə deyir: “Milli məsələni müzakirəyə çıxarmaq olmaz”.
Növbəti iclas başlananda Həsən bəy sədr M. A. Belevskidən soruşur: “Şəhər bağlarının və körpülərin tikintisi üçün vəsait və materiallar hardadır?” Duma sədri izahat verir ki, ayrılmış məbləğ və materiallar tikinti işlərinə sərf olunacaq. Həsən bəy yenidən söz almaq istədikdə Duma sədri: “Sizə icazə vermirəm” – deyir.
Həsən bəy deyir: Nə üçün? Ona görə ki, Siz düzgün məruzə etmirsiniz.
Ə. Topçubaşov (sədrə) : Başa düşürəm niyə belə edirsiniz. Duma üzvləri təklif edirlər ki, işi qaydaya salasınız. Siz isə etiraz edirsiniz.
Dumanın 4 dekabr 1902-ci il iclasında Həsən bəy doğum evinin şəhərdən kənar olmasına qarşı çıxaraq deyir ki, bu bina şəhərin mərkəzində tikilməlidir.
1 may 1909-cu ildə keçirilən yığıncaq görkəmli rus şairi A. S. Puşkinin anadan olmasının yüz illik yubileyinə həsr olunmuşdur. Məktəb komissiyası yubileyin qeyd edilməsi və şagirdlərə hədiyyələr alınması üçün şəhər idarəsindən 1700 manat ayrılmasını qərara almışdır. Duma üzvü Ə. Topçubaşov təklif edir ki, bu bayram şərəfinə Bakıda xalq evi inşa edilsin. Burada maarifçilik müəssisələri –kitabxana, oxu zalı, muzey, tamaşa zalı açılsın. Komissiya şəhərdə 100 kv. sahədə tikinti aparmaq məsələsinə baxsın və bu işin görülməsinə 50 min manat ayrılmasına sərəncam verilsin.
Duma üzvü Nikitin bu təkliflə əlaqədar deyir: “Görünür komissiya həddindən artıq sifarişlər verir. Puşkin məktəbini başa çatdırmaq kifayət edər”. H. Zərdabi onun çıxışına etiraz edir: “Xalq evində məktəblər olacaqdır. Əgər bunlar ayrılıqda tikilsə, xərclər sovrulub gedəcək. Onda kitabxana nə vaxt tikiləcək? Nikitin təklifini geri götürür. H. Zərdabi deyir: “Ayrılan bütün vəsaiti Puşkin fonduna keçirmək lazımdır. Onda bizim kitabxana və məktəblərimiz olacaq”.
Növbəti iclasların birində sədr şəhər idarəsi və polis telefonlarının xərclərinin smetaya daxil edilməsini təklif edir. 287 manat polis telefonlarına, 35 manat şəhər idarəsi telefonlarına ayrılsın. Həsən bəy deyir ki, şəhərin planında bulvar salınması, bu ilin payızında tinglik təsərrüfatının yaradılması qarşıda durur. Bunlar diqqətdən kənarda qala bilməz.
Qeyd edək ki, Zərdabinin faydalı nitqləri çox vaxt maneələrlə qarşılaşırdı. Çünki publisistin kəsərli, həqiqi sözlərim əyintilərə yol verənləri kökündən sirkələyirdi. Duma sədri Belevski salona müraciətlə dedi: “Son vaxtlar Həsən bəy Məlikov şəhər idarəsi əleyhinə iddiam irəli sürmüşdür. Bununla əlaqədar idarədə müşavirə keçirilmişdir. Şəhər idarəsi işi apara bilmirsə, mənəvi cəhətdən yaramırsa, onda xidmətini dayandıracaq. Duma üzvləri Unamov, Saparov, Antonov bildirdilər ki, təqqirlərə yol vermək olmaz. Sədr bildirdi ki, smetaya baxıldıqdan sonra H. Məlikovun hərəkəti müzakirə olunacaq.
Nikitin söz alıb deyir: - Siz istəyirsiniz biz danışmayaq, smetanı təsdiq edəsiniz?
Duma sədri Belevski: “Siz məni başa düşmədiniz?
Ə. Topçubaşov: “Müzakirə obyekti Həsən bəy yox onun təklifinin mahiyyəti olmalıdır”. Müzakirələrdən sonra Duma 23, 568 manat həcmində smetanı təsdiq etdi.
Duma üzvləri N. Vəzirovun və Ə. Topçubaçovun təklifləri ilə 258 manat başlıq üçün vəsait ayrıldı. Qubadan şəhərə su çəkilməsi məsələsi müzakirə olunarkən Həsən bəy bildirdi ki, bu suyun uzun illər ərzində azalmaq ehtimalı var. Samur çayından su çəkmək daha faydalı olardı.
Şəhər idarəsi sədri A. İ. Novikov nitqə başlayanda etirazlar eşidildi. H. Zərdabi: “Sizin bu məsələləri qoymağa ixtiyarınız yoxdur. Keçən iclasda qərara alındı ki, bu məsələyə təftiş komissiyası baxacaq”.
Duma üzvü Hacıyev: “Bilirik, siz öz agentlərinizin etimadını doğrutmaq istəyirsiniz.
Etirazlara baxmayaraq sədr sözündə israr etdikdə Duma üzvləri onun nitqini kəsirlər.
Zərdabi: “Sizdə çoxlu işlər var. Şəhər idarəsi dumanın icazəsi olmadan hansısa pulları xərcləyib. Bu işə təftiş komissiyasında baxılacaq.
20 yanvar 1903-cü ildə keçirilən duma iclasında 33 üzv iştirak edirdi. H. Zərdabi bəyanat verdi: Şəhər idarəsinə təklif edirəm ki, mövcud qanuna və praktikaya görə smetanın təsdiqi ləngidilə bilməz, pulların lüzumsuz yerə xərclənməsinə son qoyulmalıdır.
21 aprel 1903-cü ildə M. A. Belevskinin sədrliyi ilə keçirilən iclasda Həsən bəy bildirdi ki, smeta xərclərinə baxılarkən idarə hansı rəqəmi nəzərdə tutur. Sədr dedi ki, smeta 14. 030 manat müəyyən olunub.
S. Sultanov: “Hələ bu da çoxdur”. (Salonda gülüş) Sədr salona müraciətlə dedi: “Siz özünüzə gülürsünüz?”.
Həsən bəy: “Biz sizə gülürük”.
Ertəsi gün axşam iclasını giriş sözü ilə açan A. İ. Novikov “qəfil” xəstələndiyini bildirir. Onu M. A. Belevski əvəz edir. Həsən bəy sədrə deyir: “Siz salonu tərk edin, daha iclasda oturmaq vəziyyətində deyilsiniz”. Sədr natiqə iradını bildirdikdə duma üzvü A. Q. Ayvazov söz alır: Həsən bəy düz deyir, xəstə halda iclası idarə etmək olmaz. H. Məlikov işçilərin ixtisar məsələsini sədrin ört-basdır etdiyini, smetanı qəsdən sentyabradək gecikdirdiyini bildirərək deyir: Siz briqadir Puşenkoya maddi yardım verilməsi məsələsini qoymusunuz. Siz ki, onu işdən çıxarmısınız? Həsən bəyin təklifilə məsələ səsə qoyularaq Puşenkovun xeyrinə həll edilir.
1904-cü il 27 yanvar iclasında duma sədri bildirir ki, bu gün mühasibat işləri və ştat məsələsi müzakirəyə çıxarılır. Mühasibat işçiləri xahiş edirlər k, yalnız ştatlara baxılsın.
Həsən bəy: “Bu məsələ gündəlikdə yoxdur və mən bu müzakirədə iştirak etməyəcəyəm” – deyib gedir. Onun ardınca Payçenko və Sultanov zalı tərk edirlər.
Dörd aylıq fasilədən sonra 1904-cü il oktyabrın 4-də duma öz işinə başlayır. Gündəlik məsələ: 1905 və 1906-cı illər üçün smetaların təsdiqi barədə.
H. Məlikov: İş getmir, şəhər idarəsi yaxşı işləməlidir, onda şəhərdə vəziyyət yoluna düşər. Sədr deyir ki, bizdə pul yoxdur. Məktəblər bağlanır, pul ordunu saxlamağa sərf olunur. Şəhərə isə suda halında 22.000 pul verilməsi nəzərdə tutulur. Siz deyirsiniz ki, xərclər çoxalır, gəlir isə azalır. Həm də pul tələb edirsiniz. Belə şəraitdə sizə pul vermək dibsiz çəlləyi doldurmaq kimidir.
- İndi işə kömək etmək lazımdır, mübahisə vaxtı deyil: - Sədr dillənir.
H. Məlikov: Demək istəyirəm ki, əgər siz bu pulu alsanız, ola bilsin ki, öz işlərinizi düzəldəcəksiniz. Dəftərxana ştatları ixtisar olunmalıdır. Siz xəstəxanada, məktəblərdə ixtisar aparmaq istəyirsiniz, buna yol vermək olmaz.
1905-ci il yanvarın 20-də keçirilən duma iclasında sədr Moskva Universitetinin 150 illiyi münasibəti ilə öz adından təbrik teleqramı göndərdiyini bildirəndə bir neçə üzvlər əl çalır. Həsən bəy deyir: “Heç də sədrə təşəkkür etmək lazım deyil, ona görə ki, o, bu teleqramı dumanın adından deyil, öz adından vurub. Həm də iclasın gündəliyinə torpaq işlərindən başqa, adi məsələlər də daxil edilib. Halbuki keçən iclasda qərara alınmışdı ki, səhiyyə və məktəblərin ehtiyacı nəzərə alınmalıdır. Bir də ki sabiq şəhər idarəsi sədri A.İ. N ovikov “Obrazovanie” jurnalında dumanın üzvlərini, şəhər idarəsi üzvlərini ittiham edir. Bu, əsassızdır. Buna cavab verilməlidir. Şəhər idarəsi böhtana görə Novikovu məsuliyyətə cəlb etməlidir”. Natiq su və digər məsələlərlə bağlı şəhər təsərrüfatında dağıntılara yol verən duma sədrini kəskin tənqid edir. (Novikov bu ittihamlara dözməyib, cibindən dəsmal çıxarıb ağlayır). Bu kimi səbəblərdən idi ki, duma sədri gah xəstələnir, gah da ezamiyyət götürüb Peterburqa, Tiflisə səfərə çıxırdı.
1905-ci il oktyabrın 27-də növbədənkənar keçirilən iclasda K. B. Səfərəliyev duma üzvlərini və şəhər sakinlərini yeni həyatın gəlməsi münasibətilə təbrik etdi və çarın 17 oktyabr manifestini oxumağa başladı. Duma üzvləri manifesti ayaq üstə dinlədi və salonda “ura” səsləri ucaldı. Dədr duma üzvlərinə müraciətlə dedi: “Cənablar, sizi azad vətəndaşlar kimi salamlayıram. Çoxdan azadlıq uğrunda gərgin mübarizə gedir, nəhayət, böyük səylər və məhrumiyyətlərdən sonra biz onu almışıq. Azadlıq uğrunda çox qurban vermişlər. Onların xatirəsini ayağa durmaqla yad edək”. (Hamı ayağa qalxır). Yaşasın azadlıq! (Salondakıların əksəriyyəti başa düşmədilər ki, çar manifest verib öz qorxusundan, ölülərə azadlıq, dirilərə vicdan.).
Bakıya su gətirilməsi ilə əlaqədar iki dəfə təxirə salınan komissiya iclası 1904-cü ildə noyabrın 17-də işə başladı. H. Məlikovun, M. A. Unanovun, su təhcizatı mühəndisi Q. Q. Arutyunovun və Almaniyadan dəvət olunmuş mühəndis Lindleyin iştirakı ilə yeraltı suların axtarışı üzrə aparılan işlərin hesabatı dinlənildi. Mühəndis Arutyunovun məlumatından sonra Həsən bəy dedi: “ifrat xərclərə daha lüzum yoxdur və yenidən dumadan pul istəmək düzgün deyildir”.
Başda Q. Q. Arutuyunov olmaqla qeyri-azərbaycanlı vəkillər, xüsusən özümüzdən olan biganələr Zaqulbadan su çəkməyə üstünlük verdilər. Həsən bəyin qızı pedoqoq Qəribsultan xanım öz xatirələrində atasının şəhərə su çəkilməsinə böyük əmək sərf etdiyindən bəhs edərək yazır ki, atam Azaulba gölündən su çəkilməsi məsələsinə qəti etirazını bildirmişdi. Duma üzvü erməni Ambarsum və onun dəstəyi bu məsələdə Həsən bəyə qarşı çıxırdılar. Atam əsəbləşərək deyirdi ki, bu əclaf şəhər əhalisini malareyaya yoluxdurmaq istəyir.
Zərdabi ilə mübarizədə acizləşən Ambarsum onun yanına adam göndərib, böyük məbləğdə pul təklif edir. Həsən bəy duma iclasında onu ifşa edərək salonun qapısını çırpıb gedir...
Qəribsultan xanım yazır: “Ambarsum nəhayət ki, qara qüvvələrin köməyi sayəsində özünün məkrli məqsədinə çatanda atam çox məyus oldu, hətta xəstə kimi görünürdü: - O, şikayətlənərək anama dedi: - Mənim hər bir məğlubiyyətim mənafeyini müdafiə etdiyim adamlar arasında saysız-hesabsız qurbanlar deməkdir”.
Uzun fasilədən sonra məktəb komissiyasının iclası 31 avqust 1904-cü ildə duma sədri M. A. Belevskinin sədrliyilə keçirildi. O, təklif etdi ki, Aleksandrevski məktəbini 6-cı rus-tatar məktəbinin binasına köçürmək qərarlaşdırılıb. Bu məktəb isə Şamaxıdakı Mustafabəyovun binasına köçürüləcək. 5-ci rus-tatar məktəbi isə 6 №-li məktəblə birləşdiriləcək.
Bu təklif əslində rus-tatar məktəbinin ixtisarı demək idi. Həsən bəy belə zərərli təklifə qarşı çıxış etdi. Sonra sədr səhiyyə komissiyasında həkimlərin hesabatlarını və tibbi aktları dinləməyi təklif etdi. Həsən bəy dedi: bunları dinləmək çox vaxt aparar. Hesabatdakı təklifləri müzakirə etmək lazımdır. Çünki şəhər idarəsi həmin məsələləri tezliklə həll etməyəcək. Duma sədri təkid etdi: hesabatlar oxunsun.
Ə. Topçubaşov: Hesabatda qoyulan məsələni dinləmək faydalı olardı. Həm də məktəb komissiyasının icazəsi olmadan məktəbi bir binadan başqa yerə köçürməyə, məktəbləri birləşdirməyə məcbur etmək olmaz.
Gərgin müzakirələrdən sonra səsvermə nəticəsində 6 №-li məktəb öz yerində qalmaqla 5№-li məktəbin Mustafabəyovun binasına köçürülməsi qərara alındı.
21 may 1904-cü il duma iclasında smeta xərclərinə baxılarkən vəkil Kazımov şəhər başçısına müraciətlə dedi: Doğrudurmu siz vəzifənizdən getmək üçün ərizə vermişiniz?
A.İ. Novikov: Bəli, gedirəm.
A.Kazımov: Nə vaxt?
Sədr: Nə vaxt istefa versəm, onda.
H. Məlikov: Maliyə komissiyasının işi qutarıb? Smetaya baxılmasını ləngitməyin. Bu nədir belə, biri gəlir, biri gedir...
28 sentyabr 1904-cü ildə keçirilən duma iclası şəhər başçısının seçkisinə həsr olunmuşdu. Bütün duma üzvləri iştirak edirdi. Təklif edildi ki, oktyabrın 5-dək duma sədrinin seçkisi təxirə salınsın. Bu təklifə qarşı bir neçə duma üzvü iclas salonunu nümayişkaranə tərk etdi. Sonra su təchizatı komissiyasının məruzəsi dinlənildi.
Həsən bəy dedi: Camaata imkan vermək lazımdır ki, hələlik öyrəndikləri quyu suyundan istifadə etsinlər. Həm də dəniz suyunu şirinləşdirib əhalinin istifadəsinə vermək olar. Şəhərin küçələrinə mazutla qarışdırılmış qumun döşənməsindən artıq qalan xərclər bağların abadlaşdırılmasına sərf olunmalıdır.
Duma bağlar üçün 250 manat əlavə etdi.
N. B. Vəzirov növbəti iclasda yeni duma sədri Fon-Der-Nonneyə müraciətlə dedi: İndiyədək duma fəaliyyət göstərməyib. Heç bir iş görülməyib. Şəhər təsərrüfatı başlı-başına buraxılıb. Işləri qaydaya salmaq lazımdır...
Qeyd edək ki, H. B. Zərdabi Bakı dumasında və komissiyalarda fəal və səmərəli fəaliyyət göstərərək xalqın mənafeyi uğrunda çalışmış, əhalinin rifahı, təhsili və sağlamlığı qayğısına qalmış, Azərbaycan dilində hifzi-səhiyyəyə aid kitabçalar nəşr edib, camaat arasında yayılmışdır. Zərdabi xalqın mənafeyi naminə daim prinsipial mövqe tutmuş, bu yolda gərgin mübarizə aparmış, təzyiqlərə məruz qalmışdı. Hər bir təzyiq onu xalqına və vətəninə xidmət amalından döndərə bilməmiş, milli Azərbaycan tarixində öz mövqeyi və ictimai-siyasi fəaliyyəti ilə əbədilik qazanmışdır.

Adil Abdullayev
ADMİU-nun baş müəllimi,
Əməkdar mədəniyyət işçisi