"Uşaqlarda dəri problemləri əksər hallarda..."

sehiyye
17-06-2016, 13:06 1677
"Uşaqlarda dəri problemləri əksər hallarda..."
"Bir çox xəstəliklər kimi uşaqlarda dəri problemləri də son dövrlərdə geniş yayılıb. Uşaqlarda, xüsusən də körpələrdə dəri problemləri çox həssas bir məsələdir. Azyaşlıların dərisi böyüklərin dərisinə nisbətən daha zərifdir. Kiçik yaşlarda dərinin özünümüdafiə qabiliyyəti çox zəif olur. Ona görə də uşaqlarda dəri problemlərə daha həssas yanaşmaq lazımdır".
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında dermatoloq, uzman doktor Lalə Cahangirova deyib.

Mütəxəssis bildirib ki, uşağın dərisində olan istənilən problem araşdırılmalıdır: "Heç bir səpgi olmadan dəridə qaşınma varsa, buna əhəmiyyətsiz bir hal kimi yanaşmaq olmaz. Dəridə qaşınmanın səbəbi adi infeksion xəstəlikdən tutmuş onkoloji problemə qədər ola bilər. Yadda saxlamaq lazımdır ki, dəri xəstəlikləri əksər hallarda orqanizmdə olan digər xəstəliyin əlamətidir, hətta çürük diş belə xəstəliyin üzə çıxma səbəbi ola bilər.

Dərinin rəngi də bizə daxili orqanların problemlərindən xəbər verir. Hətta qan-damar xəstəlikləri zamanı ayaq dərisində göyərmiş ləkələr və ya səpkilər ola bilər. Ona görə də diqqətli olmaq lazımdır".

Uşaqların 90 faizində toza qarşı allergiyaların yarandığını deyən dermatoloq bildirib ki, ümumiyyətlə, allergiya diaqnozu qoyulan uşaqların ailələrinin həyat tərzlərini dəyişmələri zəruridir: "Uşaqlarda toza qarşı allergiyanın olduğu təsdiqlənərsə, bu zaman uşağı tozdan qorumaq lazımdır. Mümkün olduğu qədər toz yığan əşyaları evdən yığışdırmaq gərəkdir. Allergiyalı uşaqlar olan ev tez-tez havalandırılmalıdır. Uşaq otağında kitab olmamalı və bütün yataq və yastıqlar sintifon olmalıdır. Otaqların küləksiz havada tez-tez havası dəyişdirilməlidir. Küləkli havalarda isə hava kondensioner vasitəsilə dəyişilməlidir. Belə hallarda kondensionerlərin filtləri tez-tez açılıb təmizlənməlidir. Əgər uşağın valideyninin siqaret çəkmək kimi zərərli alışqanlığı varsa, yaxşı olar ki, bu vərdişdən uzaqlaşsın, ən azı uşağın yanında çəkməsin. Belə hal çox təhlükəlidir".

Körpələrdə dəridə baş verən dəyişikliklərin bir çox hallarda fizioloji proseslərlə bağlı olduğunu bildirən dermatoloq vurğulayıb ki, bu kimi hallarda həyəcanlanmağa əsas olmamalıdır: "Hər bir ailədə uşaq anadan olan kimi dəridə baş verən fizioloji dəyişikliklər çox həssaslıqla izlənilir. Məsələn, bəzi uşaqlar doğulanda dərisi tüklə örtülü olur. Ən çox da qız uşaqlarının anaları bundan narahat olurlar. Bu hal narahatlıq üçün əsas verməməlidir. Az sonra bu tüklər tökülür. Əksər hallarda yeni doğulan uşaqların burunlarının üzərində ağ sızanaqlar yaranır. Bəzən analar onları sıxırlar. Onları sıxmaq olmaz, çünki iki-üç gün ərzində öz-özünə gedəcək.

Dəridə soyulmalar da yarana bilər. Onlar heç bir tədbir görülməsə belə, 7-10 günə keçir. Üzdə yağlanmanın, sızanaqların əmələ gəlməsi mümkündür. Bunlar da maksimum iki ay ərzində hər hansı tədbir görülməsə də, öz-özünə itir. Amma əgər daha böyük yaşlarda, yeniyetmələrdə belə bir problem yaranarsa, buna qarşı tədbir görülməlidir".

L. Cahangirovanın sözlərinə görə, körpələrdə saçlı dəridə kəpəyin yaranması da normal hal sayıla bilər: "Belə hallarda körpələri çimizdirməzdən əvvəl həmin hissəyə bir saat əvvəl zeytun yağı çəkmək lazımdır. Bir saatdan sonra körpəni yuyunduranda yumşaq saç darağı ilə darayanda kəpək tökülür. Bunu bir neçə dəfə təkrarlayanda isə hər hansı iz qalmır.

Bəzən isə uşaqların dərisində mərmərə bənzər bir hal yaranır. Valideynlər bundan çox narahat olurlar. Bunu ürək, damar problemlərinin əlaməti kimi yozanlar da olur. Mən istərdim ki, valideynlər bu mövzuda da rahat olsunlar. Bu da fizioloji haldır. Buna heç əhəmiyyət vermək lazım deyil, bu hal da tədricən aradan qalxır".

Böyüklərə nisbətən uşaqların dərisinin daha quru olduğunu deyən L. Cahangirova uşaqların dərisini daim nəm saxlamağın zəruri olduğunu vurğulayıb: "Uşaq dərisi quru qalanda qıcıqlanmaya daha çox meylli olur. Çiməndən sonra dərini mütləq nəmləndirmək lazımdır. Bununla bir çox dəri xəstəliklərinin qarşısını almaq olar.

İsti aylarda uşaqlarda müxtəlif həşərat dişləmələri nəticəsində dəridə səpgilərə çox rast gəlinir. Bundan sonra allergik reaksiyaların da yaranması mümkündür. Bəzən belə səpgilər bədəninin əksər hissəsində yayıla bilir. Bu ciddi narahatlıq üçün əsas verməməlidir.

Bağçaya, məktəbə gedən, idmanla məşğul olan uşaqlarda yoluxucu virus mənşəli səpgilərin yaranması mümkündür. Əfsuslar olsun ki, bəzi poliklinikalarda valideynlərə bu halın öz-özünə keçib gedəcəyini deyirlər. Kiçik səpgilərin öz-özünə keçib getməsi mümkündür. Amma bəzən belə səpgilərin yayılması və çoxalması mümkündür. Bunlar böyük sahəni əhatə edəndə izləri qalır, hətta üzdə sonradan aradan qaldırılması çətin olan kosmetik defektlərə də gətirib çıxarması mümkündür. Səpgilər içi su ilə dolu qabarcıqlar şəklində olur. Belə səpgilərə, qabarcıqlara diqqətlə yanaşmaq lazımdır".

Uşaqlarda dermatitlər barədə danışan mütəxəssis dermatitlərin növündən asılı olaraq yandırıcı qaşınmalar yaratdığını deyib: "Uşaq dərini qaşıdıqca qaşımaq istəyir. Buna imkan vermək olmaz. Qaşınma zamanı dəri zədələnir və bu prosesə infeksiyanın qoşulması daha ağır fəsadlara səbəb ola bilər. Uşaqların əllərini təmiz saxlamaq, dırnaqları dibindən tutmaq lazımdır. Belə hallarda mütləq həkimə müraciət olunmalıdır.

Hər şeydən əvvəl dermatitin səbəbi aşkar olunmalıdır. Həmin səbəbdən uzaq qalanda problem aradan qalxır".

O, bu və bu kimi hallarda uşaqlara pambıq parçadan paltarlar geydirməyin vacib olduğunu vurğulayıb.

Əvvəllər yalnız yaşlılarda suçiçəyi xəstəliyinin ağırlaşması olan kəmərvari dəmrovun aşkarlandığını, artıq uşaqlarda da bu hala rast gəlindiyini deyən L. Cahangirova bunun müalicəsinin mümkün olduğunu açıqlayıb: "Təəssüf ki, bir çox hallarda dəmrovun müalicəsini yarımçıq qoyulur və havalar isinəndə problem yenə meydana çıxır".

Bəzi dəri xəstəliklərinin səbəbinin bəlli olmadığını deyən həkim onu da bildirib ki, səbəbi tam olaraq aşkarlanmayan dəri xəstəlikləri, məsələn, pullu dəmrov ömür boyu çəkə bilər.

Mütəxəssis əksər dəri xəstəliklərinin genetik olaraq keçdiyini deyib: "İnfeksion problemləri istisna etməklə, dəri problemlərinin irsiyyətlə birbaşa bağlılığı var. Atopik dermatitin özü də irsi olaraq keçir".

Dəridəki xallara da biganə yanaşmağın tərəfdarı olmayan mütəxəssis deyib ki, dəridəki xallar ən azı bir dəfə həkim müayinəsindən keçməlidir: "Xalq arasında xala bıçaq vurmaq olmaz deyirlər, lakin təhlükəli xallar kökü ilə birlikdə götürülməlidir".

Uşaqlarda Günəş qoruyucu kremlərdən istifadənin vacibliyi barədə danışan həkim qeyd edib ki, hər bir ananın çantasında mütləq Günəşdən qoruyucu krem olmalıdır və ondan hər iki saatdan bir istifadə olunmalıdır.