Yalnız xristianlar və ateistlər - müsəlmanlara olmaz

musahibe
21-08-2015, 12:33 994
Yalnız xristianlar və ateistlər - müsəlmanlara olmaz - Hamı tələsir. Burada böyük insan tələfatı təhlükəsi var. Şükürlər olsun ki, biz üzüb gələ bildik. Balıqlara, yırtıcılara yem olmadıq, boğulmadıq, itmədik. Şükür Allaha...
24 yaşlı əfqan Nəjim sahildə diz çöküb, ağlayır. Onun qardaşı Nəim isə namaz qılır, Allaha yalvarır.
Yalvarır ki, Əfqanıstanın Nənqərhar vilayətində başlamış əzablı, qorxulu yolu başa çatıb.
Amma yol bitməyib ki.
Yunan sahilində diz çökmüş qardaşlar Britaniyaya yollanmaq istəyirlər. Onlar Yunanıstandan Fransaya getməli, oradan da La-Manş boğazından keçərək İngiltərəyə yollanmağa çalışmalıdırlar.
Fransa polisi, çətin ki, onların rahat hərəkətinə imkan verə.
Britaniya polisinin də əfqan qardaşları ölkə ərazisinə buraxacağı inanılan işə bənzəmir.
Halbuki Nəjimlə Nəim inanırlar, ümid edirlər.
Onlar Əfqanıstana qayıda bilməzlər.
Qayıtsalar, öldürüləcəklər, öləcəklər.
Çünki qardaşlar Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasının tərkibindəki Britaniya kontingentinin yerli sakinlər arasında cəlb etdiyi tərcüməçilərdən olublar. Nəimlə Nəjim iki il əyinlərində kamuflyaj paltar britaniyalı hərbçilərin yanında olublar, onlar üçün tərcüməçilik ediblər.
"Taliban" onları axtarır və tapanda başlarının kəsiləcəyini deyir - "xəyanətkar, satqın, işğalçılara qulluq edən adamlar" olduqlarına görə.
"İngilislər bizə nə vədlər vermişdilər... Deyirdilər ki, əsla narahat olmayın, Britaniyada sizə siyasi sığınacaq veriləcək, təhlükəsizliyiniz tam təmin olunacaq, əsl Avropa həyatı yaşayacaqsınız. Bəs nə oldu? Biz gərək olanda yaxşı idik, indi buraya gələndə, vədinə əməl etməyənlərə sözlərini xatırlatmaq istəyəndə pis?! Britaniya bilmir ki, Əfqanıstanda heç cür qala bilmərik?! Axı onlara inananları niyə belə aldadır, əzablara düçar edirlər?" - Nəjim söyləyir.
O, indi Yunanıstana sığınmış minlərlə miqrantdan biridir.
Əfqanıstan, Suriya, Efiopiya, İraq, Əlcəzair, Yəmən, Liviya, Tunis... kimi ölkələrdən qaçan və ölümdən, gülləbaranlardan, edamlardan, bombardmanlardan qurtulmaq istəyən bu insanlar Avropaya pənah gətiriblər.
Yaşadıqları ölkələrin altını üstünə çevirən, "inqilab"lar və "demokratik hərəkat"lar yaradıb hakimiyyətləri devirən, devirdiyinin yerinə heç nə verə bilməyən, İŞİD-dən tutmuş, "Taliban" və "Cəbhət əl Nüsrə"yədək ən müxtəlif terror təşkilatlarının Qərb siyasətinin piyada qaldığı məkanlarda at oynatmalarına şərait yaradan geosiyasi mərkəzlərin məkanına.
Miqrantlar bacarsaydılar, ABŞ-a gedərdilər.
Amma ABŞ okeanın o tayıdır. Rezin qayıqla Aralıq dənizində Liviyadan İtaliya və Yunanıstan adalarına keçmək olar - amma Atlantikanın əks tərəfinə üzmək mümkün deyil.
Bərəlmiş gözlər və bərə gözləntisi
Yunanıstan hökuməti tərəfindən sifariş edilmiş bərə Afina yaxınlığındakı Pirey portuna Türkiyə sahillərinə yaxın adalardan toplanmış 2500 qaçqını gətirib.
Əksəriyyəti Suriyadan olan qaçqınlar "Eleftherios Venizelos" avtomobil bərəsinə son bir neçə gündə Kos, Kolimnos, Leros və Lesvos adalarında miniblər.
Yunanıstana gələn miqrant axını ötən ay ərzində dramatik şəkildə artaraq 50 min nəfərə çatıb.
Onların əksəriyyəti Makedoniyadan keçərək zəngin Avropa ölkələrinə daxil olmaq istəyir.
Almaniya çərşənbə günü bildirib ki, ölkəyə bu il ərzində 800 min qaçqının gələcəyini gözləyir. Bu, 2014-cü ildəki rəqəmdən dörd dəfə çoxdur.
Avropa İttifaqının Frontex sərhəd agentliyi bildirir ki, ötən ay ərzində Avropa sərhədlərinə rekord sayda - 107 min miqrant gəlib.
Son bir neçə ayda Yunanıstan Avropa İttifaqına axan miqrantlar üçün tranzit ölkəyə çevrilib.
BMT rəsmilərinin hesablamalarına görə, yanvar ayından bəri 160 min miqrant Yunanıstan sahillərinə çıxıb.
Bərə Kos adasındakı vəziyyətin kəskin pisləşməsindən sonra göndərilib. Oraya hər gün Türkiyə sahillərindən çox sayda xırda qayıqlar gəlirdi.
Kos adasının hakimiyyət orqanları miqrant axını ilə bağlı problemi həll etməkdə çətinlik çəkirdilər.
Bir epizodda 2000-dək miqrant ac-susuz stadionda saxlanırdı. Rəsmilər isə onları qeydiyyata almağa çalışırdılar.
Miqrantlardan 1300-ü bərəyə Kos adasında, 700 nəfəri isə Lesvos adasında mindirilib.
Bərə əvvəlcə Yunanıstanın şimalında yerləşən ikinci böyük şəhər Salonikiyə getməliydi, lakin sonradan Afinaya gəlib. Belə görünür ki, şimal şəhərindən bu qədər qaçqının qəbul edilə bilməyəcəyi barədə xəbərdarlıq alınıb.
Pirey portunda gəmidən düşdükdən sonra miqrantlar Afina dəmir yolu vağzalına gedən avtobuslara doluşublar. Burada bir neçə yüz qaçqını qəbul edə biləcək yeni miqrant qəbulu mərkəzinin yaradılmasına baxmayaraq adamların çoxunun şimal - Makedoniya ilə sərhədə axışacağı gözlənilir.
Yunanıstanın Makedoniya ilə sərhədində son günlər xaotik səhnələr yaşanır. Belə ki, miqrantlar Qərbi Avropaya gedən qatarlara doluşmağa çalışırlar. Skopye rəsmiləri də bildiriblər ki, miqrant axınının öhdəsindən gələ bilmirlər.
"İş o qədər ağır, miqrantlar o qədər çoxdur ki, gözlərimiz bərələ qalıb. Hamısı Almaniyaya, Fransaya can atırlar. Avropa rezindir ki, istədiyin qədər dartıb böyüdəsən?!" - yunan polislərdən biri deyir.
Yalnız xristianlar və ateistlər! Müsəlmanlara olmaz...
Slovakiya Avropa İttifaqının (Aİ) yerləşdirmə proqramı çərçivəsində Suriyadan yalnız xristian və ya ateist qaçqınları qəbul edə biləcəyini açıqlayıb.
Slovakiya DİN-in nümayəndəsi İvan Metikin dediyinə görə, rəsmi Bratislava müsəlman qaçqınları qəbul etməyəcək, çünki "onlar burada özlərini evlərindəki kimi hiss etməyəcəklər".
Avropa Birliyinin planlarına uyğun olaraq Avropaya yeni üz tutmuş yeni 40 min miqrantın 200 nəfərini Slovakiya qəbul etməlidir.
Həmin miqrantlar Türkiyə, İtaliya və Yunanıstandakı müvəqqəti düşərgələrdən gediblər.
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı miqrantların yerləşdirilməsi ilə bağlı proqramların həyata keçirilməsində hər hansı formada ayrı-seçkiliyə, diskriminasiyaya yol verməməyə çağırıb.
İvan Metik isə Slovakiyanın hakimiyyət dairələrinin qərarında diskriminasiya olmadığını (!) deyir: "Qərarımız ölkədə yaşayan müxtəlif icmalar arasında harmoniyanın pozulmamasına cəhddir. Miqrantlarla bağlı problemin həllində Avropaya yardım etmək istəyirik. Amma bu qaçqınlar üçün biz tranzit ölkəyik, onlar ölkəmizdə yaşamaq istəmirlər. 800 müsəlmanı qəbul edə bilərdik, amma ölkəmizdə bir məscid də yoxdur. Müsəlmanlar buranı xoşlamayacaqlarsa, yerli cəmiyyətə necə inteqrasiya olacaqlar?!"
Avropa Komissiyasının nümayəndəsi Annika Breysard Slovakiyanın hakimiyyət dairələrinin qərarını şərh etmək istəməyib. Amma o deyib ki, Avropa Birliyinin üzvü olan ölkələrə hər hansı formada diskriminasiya yasaqlanıb.
240 min miqrant bu il ərzində Aralıq dənizini keçib və digər ölkələrə getməzdən qabaq İtaliya və Yunanıstan sahillərinə çatıb.

Müsəlmanları donuz sayırlar

Çexiya paytaxtı Praqanın bir neçə yerində avqustun 12-də daşqalaq edilmiş hicablı qadın fiqurları peyda oldular. Karton fiqurların üzərində "Ərimə xəyanət etdim", "Zorlanandan sonra hamilə qaldım" və s. yazılmışdı. Performansı təşkil etmiş "Çexiyada islam istəmirik" ictimai hərəkatının mətbuat katibi Artur Fişerin deyib: "İslamın qadınlara qarşı tətbiq etdiyi zorakılıq və vəhşiliyi xatırlatmaq istədik. İslam çox böyük sürətlə cəmiyyətimizə sirayət edir. Bu təhlükəni insanlara anlatmalıyıq".
Avqustun 1-də isə Praqadakı futbol matçı zamanı "Yablonets" klubunun fanatları tribunada nəhəng banner asmışdılar. Bannerdə Avropa qalxan və nizə ilə silahlanmış döyüşçü qadın təki təsvir edilmişdi. Bu qadın xalatlı, çalmalı donuzu qovurdu. Donuzun ayaqlarının arasında Quran vardı.
Avropa ideyalarını, özünü dəfn edir
"Sərhədsiz, qapılarını hamının üzünə açan Avropa!"
Avstriyanın xarici işlər naziri Aloiz Mok və onun macar həmkarı Dyula Hornun 1989-cu ilin iyunun sonunda verdikləri bəyanatın əsas kəlmələri bu idi. Onlar Avstriya ilə Macarıstan arasındakı sərhəddə, nəzarət-buraxılış məntəqəsində tikanlı məftili kəsəndə belə demişdilər. Nazirlərin fotoları dünyanı dolaşdı. Sabiq Almaniya Demokratik Respublikasının vətəndaşları isə kütləvi şəkildə Macarıstana qaçdılar, oradan da Avstriyaya üz tutdular.
Aylar keçdi və bu proses Berlin divarının dağılması ilə nəticələndi.
İndisə budur, 26 il sonra Macarıstan sərhədlərində yenidən dəmir hasarlar çəkir, Slovakiya isə "yalnız xristianlar və ateistləri buraxırıq, müsəlmanlara olmaz" deyir.
Təxminən 10 gün sonra Macarıstanın Serbiya ilə sərhədində tikanlı məftildən hasar olacaq. Bunu Macarıstanda iqtidarda olan ifrat sağçı-populist koalisiyanın rəhbəri, baş nazir Viktor Orban deyib.
Macarıstan və Slovakiya rəhbərliyinin qərarı əslində hərəkət yox, simvoldur. Təbii, nə "müsəlmanlar buraxılmasın" qərarı, nə də hansısa hasarlar Suriya, İraq, Əfqanıstan, Əlcəzair, Liviya və ya Balkan ölkələrindən olan miqrantlar üçün keçilməz sədd deyil.
Onlar Almaniya, Fransa və Britaniyaya ya macar qaçaqmalçıların köməyi ilə yollanacaq, ya da Xorvatiya ərazisindən keçib gedəcəklər.
Halbuki onillər əvvəl Avstriya və Almaniya Federativ Respublikasına yollanan Almaniya Demokratik Respublikasının vətəndaşlarını sevinclə, səmimiyyətlə qarşılayırdılar.
İndi müsəlman miqrantları ən yaxşı halda laqeydlik, normalda isə nifrət, zorakılıq, kobudluq gözləyir.
İnsan haqları, demokratiya, tolerantlıqdan danışmağı çox sevən Avropanın acı gerçəyi budur.
Avropa Birliyi ölkələrində dini və irqi zəmində dözülməzlik, ayrı-seçkilik, ksenofobiya artıq ictimai konsensusa dönməyə başlayıb.
Macarıstan sərhədlərinə hasar çəkir, amma Budapeşt "unudur" ki, 1956-cı il üsyanından sonra 180 min macar qonşu Avstriyaya qaçıb sığınmışdı.
Slovakiya "müsəlmanlara olmaz" deyir, amma rəsmi Bratislava "ölkədə bir məscid də yoxdur" etirafının Avropa dövləti üçün nə qədər absurd, aşağılayıcı səsləndiyini anlamır.
Slovakiyada hələ də məscid yoxdursa, deməli, ölkə rəhbərliyi və məmurlar bu dövlətdə yaşayan müsəlmanları indiyədək insan saymayıblar, saymırlar da.
Avropa Birliyi ölkələri qaçqın və miqrantlarla belə davranışı ilə faktiki olaraq "sərhədsiz cəmiyyət" ideyasını dəfn edir.
Başlıca səbəb Avropanın miqrantlarla bağlı xaotik, faciəli və fəlakətli siyasətidir.
Avropa hasarlanır.
Macarıstan kimi ölkələrdə bu hasar aşkar görünürsə, Britaniya və ya Slovakiya qərarlar, qanunlar, yasaqlarla hasar çəkirlər.
İnsanlara qarşı dininiə, irqinə, dərisinin rənginə görə ayrı-seçkiliyin tətbiq olunması, qadağaların işə salınması demokratiyanın məhvər prinsiplərinin laxlamasıdır.
Avropa Birliyi ölkələri bundan sonra nə etsə də, nə desə də, səmimi təsir bağışlamayacaq.
İslamı təhqir edən, müsəlmanları ateistlərdən aşağı tutan cəmiyyət sağlam sayıla bilməz.
İllah da ki, həmin cəmiyyətin var olduğu dövlətlər onların siyasətinin qurbanlarına çevrilmiş insanları "natamam" hesab edirlərsə.
Faktlar çox tərs məsələdir.
Və o faktlar da deyir ki, indi müsəlman olduqları üçün "Olmaz!" eşidən insanlar Avropa Birliyinin Yaxın Şərqdəki maraqlarının təminatına yönəlmiş siyasətin, yəni bombardmanların, marionetka inqilabların, çevrilişlərin zərərini görənlərdir.
Avropa, sənin neçə üzün var?