Əkrəm Əylisli hava limanında saxlanıldı

yazarlar
30-03-2016, 12:06 1426
Əkrəm Əylisli hava limanında saxlanıldı Onun ölkədən çıxışına qadağa qoyulduğu deyilib.
Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.
Ə.Əylisli saat 05:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.
Həyat yoldaşı Qalina Əylislinin “Turan” agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.
Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əlyilsi ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 09:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.
Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib.